Seyid Ramin - Balzak məsləhəti
06.11.12
Günlərin bir günü gənc
yazıçılardan biri yeni yazdığı əsərini götürüb Balzakın
yanına məsləhətə gəlir. Balzak əsərlə tanış olduqdan sonra ona deyir ki, sən bu
əsəri çap etdirməyə tələsmə. Onu məşhurlaşandan sonra çap etdirərsən. Yoxsa bu əsər
sənin məşhurlaşmağına mane olacaq.
Görəsən, Balzak bununla
gənc yazıçıya nə demək istəyirdi? Şübhəsiz, Balzakın məqsədi onu məşhurluğa həvəsləndirmək
deyildi. Dahi yazıçının bu sözləri gəncə deməkdə əsas məqsədi bu idi ki, ədəbiyyat
aləminə qədəm qoyan istənilən gənc yazıçı ortaya tutarlı bir yaradıcı işi ilə (yəni
kitabla) gəlməlidir. Çünki yazıçının ilk kitabı ədəbiyyat aləmində, belə demək
mümkünsə, onun vizit vərəqi hesab edilir. Yazıçı bəzən ilk kitabı ilə
yaddaşlarda qalır. Əgər ilk kitab uğursuz olsa (təbii ki, söhbət yaradıcılıq
keyfiyyətindən gedir), sonradan uğurlu kitab çıxartsa belə, ilk uğursuzluq uzun
müddət çoxlarının yaddaşından silinmir.
Balzakın verdiyi məsləhətin
alt qatında, şübhəsiz, başqa bir önəmli mətləb də yatır. Həmin o mətləb də
bundan ibarətdir ki, yazıçının yaradıcılığı onun məşhurlaşmasına deyil, əksinə,
məşhurlaşması yaradıcılığına xidmət etməlidir. Yəni yazıçı ilk kitabı ilə özünün
yüksəkkeyfiyyətli qələm məhsulunu ortaya qoyduqdan və ədəbi brendə çevrildikdən
sonra o, keyfiyyət cəhətdən zəif olan kitabı da (ümumiyyətlə, bir yazıçının
bütün kitabları keyfiyyət cəhətdən yüksək sənət nümunəsi də olmaya bilər) ilk
kitabının qazandığı uğurun köməyi ilə öz oxucularına oxutdura biləcək. Dünya ədəbiyyatında
buna misal olacaq çox hadisələrin şahidi olmuşuq; məsələn, dünyanın dahi
yazıçılarından olan Dostoyevski 1846-cı ildə ilk kitabını “Yoxsul insanlar” adı
ilə çap etdirir. Kitabı oxuduqdan sonra bu əsər haqqında öz təəssüratlarını
bölüşmək üçün dövrünün tanınmış tənqidçilərindən biri Dostoyevskiyə yazdığı məktubda
bunları qeyd edir: "Siz problemin dərinliklərinə enmiş və bir neçə xətt
boyu böyük bir həqiqəti ortaya qoymusunuz. Sizdən xahiş edirəm, qabiliyyətinizi
qiymətləndirin və ona qarşı həmişə dürüst olun. Beləcə, böyük bir yazıçı ola
bilərsiniz".
Bu kitab oxucu kütləsinin
rəğbətini qazanmaqla yanaşı, tənqidçilərin də rəğbətini qazanır. Tanınmış rus tənqidçisi
Belinski “Yoxsul insanlar” romanını oxuduqdan sonra Dostoyevskinin gələcəkdə
böyük bir yazıçı olacağına şübhə etməyərək roman haqqında xeyli müsbət fikirlər
söyləyir. Məşhur rus şairi Nikolay Nekrasov isə Dostoyevski haqqında öz məşhur
fikrini deyir: “Yeni bir Qoqol doğuldu"...
Göründüyü kimi, ilk
kitabın uğuru Dostoyevskini qısa bir müddətdə məşhurlaşdırır. Baxmayaraq ki
dahi yazıçı bu romandan az müddət sonra “Oxşar” romanını çap etdirsə də, bu
kitab onun ilk kitabının uğurunu təkrarlaya bilmir. Hətta əsəri Belinski də bəyənmir.
Dostoyevski bundan sonra da daha bir neçə kitab yazıb çap etdirsə də (“Ev sahibəsi”,
“Bəyaz gecələr” və s.), heç cür ilk
kitabının uğurunu üstələyə bilmir. Bundan çox məyus olan Dostoyevski hətta
yazıçılıqdan ümidini belə üzür. O, yazıçılığı bir kənara qoyub siyasətlə
maraqlanmağa başlayır.
Hazırda dünya oxucusu
üçün Dostoyevski adı, şübhəsiz, ədəbi brendə çevrilib. Yazıçının “Cinayət və cəza”,
“Karamazov qardaşları”, “İdiot”, “Şeytanlar”, “Ölülər evindən qeydlər” kimi
sonradan yazdığı yüksək keyfiyyətə malik dünya şöhrətli romanlarına xatir
oxucular onun uğursuz əsərlərini belə sevə-sevə oxuyurlar. Çünki o əsərləri
Dostoyevski yazıb. Belə misallar dünya ədəbiyyatında yetərincədir.
Bəs bizim müasir ədəbi
mühitdə vəziyyət necədir? Söhbət gənc nəsildən gedirsə, burada vəziyyət çox
acınacaqlıdır. Bir sıra gənc yazıçılar öz yaradıcılıqlarından daha çox, şəxsi həyat
tərzləri ilə məşhurdurlar; məsələn, elə yazıçı var ki, adı dillər əzbəri olsa da,
oxucu onun bircə kitabının adını belə bilmir. Şühbəsiz, belə müəlliflər də ədəbiyyatın
şou-biznes nümayəndələridir. Elə yazıçı da var ki, onun hansısa jurnalda çap
etdirdiyi əsər oxucular arasında əl-əl gəzir.
Təəssüf ki, əksər gənc
yazıçılarımız (burada istisnalar da var) əsərlərindən daha çox öz imzalarını
tanıtmağa meyillidir. Şou-biznesin “soyuqdəyməsi ilə xəstələnən” belə yazıçılar
otraya uğurlu kitab qoya bilmədiklərinə görə hansısa qeyri-adi davranışları ilə
gündəmdə qalmaq istəyirlər. Bu tip yazıçıların öz piarlarını aparmaları və sadə
oxucu kütləsi toplamaları hələ bir yana qalsın, bunlar heç dünya ədəbiyyatında
gedən prosesləri belə doğru-düzgün izləmirlər. İnanmıram ki, heç bu tiplər müasir
dünya yazıçılarının yaradıcılıqlarını da ciddi şəkildə izləsinlər. Bu onların
dünya ədəbiyyatı haqqında olan bəsit məlumatlarından da bəlli olur. Bununla bərabər,
onlar ortaya uğurlu bir əsər də qoya bilmirlər. Amma unudurlar ki, insan məşhurluqla
deyil, çətin zəhmət, ədəbi təcrübə, intellektual səviyyə və istedad hesabına əsl
yazıçı ola bilər. Yoxsa necə deyərlər,
utanmasan, Koelyo olmağa nə var ki...
P.S. Görəsən, yazının əvvəlində barəsində söz açdığım o gənc yazıçı kim
idi? Maraqlıdır, o, Balzakın məsləhətinə qulaq asıb məşhur yazıçı ola bildimi? Yəqin,
məşhurlaşa bilməsə belə, naməlum əsgər məzarı kimi yaddaşlarda qala bildi... Avanqard.net
|