Kənan Hacı - “2087-ci il”dən görünən həqiqət
05.11.12
XXI əsrin ilk çərəyində
yaşayırıq. Dünyanın siyası xəritəsində hissediləcək dərəcədə sürüşmələr
müşahidə olunur. “Ərəb baharı”nın tüstülü yelləri hələ də müsəlman dünyasının
başı üzərində var-gəl etməkdədir. Günbəgün, saatbasaat qloballaşan dünyanı həm
də təbii fəlakətlər hədələyir. Azərbaycanda isə gənc bir xanım yazar 2087-ci
ili hədəfləyir. Söhbət Şəbnəm Karslının “2087-ci il” romanından gedir.
Adətən, yazıçılar adi
insanlardan daha fəhmli, daha uzaqgörən olurlar, dünən və bu gündən çıxış
edərək gələcəyin kontularını cızmaq onlar üçün heç də çətin olmur. Əksər
hallarda yazıçıların illüziyası, güman və fərziyyələri özünü doğruldur. Amma bu
romanı oxuduqca düşünürdüm ki, kaş biz 75 il sonra – 2087-ci ildə tarix
səhnəsinə bütöv Azərbaycan şəklində çıxa bilək!
Romanda yazıçının
modelləşdirdiyi gerçəklik bizə yad görünür. Oxucu bu coğrafi məkanda özünü yad
kimi hiss edir, Çin Xalq İmperiyasının tərkibindəki Azərbaycanı təsəvvürünə
gətirə bilmir. Amma ilk baxışda belədir. Bu yadlığın, ekzotikanın içində qlobal
faciələr boy göstərir. Üç imperiyanın (Amerika Demokratik İmperiyası, Böyük
Osmanlı İslam imperiyası, Böyük Çin Xalq İmperiyası) hakimiyyəti altında idarə olunan dünya Böyük
Xaos Dövrünü və Üçüncü Dünya Müharibəsini geridə qoysa da proseslər bu dünyanı
növbəti Xaos dövrünə sürükləyir, daha böyük və qanlı müharibələrdən xəbər
verir.
Müəllifin niyə məhz 2087-ci
ili seçməsi məni çox düşündürdü. Hadisələrin miqyası, dünya xəritəsində baş
verən dəyişikliklər müəllifi zamanı 75 il qabağa çəkməyə vadar edir, axı bu
qədər imperiyaların gəlib-getməsi üçün ən azı, 50 il zaman lazım gəlir.
Hadisələrin bolluğu və masştabı 2087-nin əsərin adı kimi seçilməsinə müəyyən
məntiqi zəmin yaradır.
Romanda hadisələrin baş verdiyi
Azərbaycanın cənubu Osmanlı İmperiyasının, şimalı isə Çin Xalq İmperiyasının
tərkibindədir. Bu fərqli coğrafi tərkibdə yaşayan insanların bir-birlərini
anlamaqda çətinlik çəkməsi labüddür. Onlar parçalanmış millətin faciəsini öz
talelərində yaşayırlar. Mirasla Eleninin şəxsi həyatlarındakı uğursuzluqların
kökündə onların fərqli dəyərlərə sahib olması dayanır. Onları birləşdirən bir
hiss var. Sevgi. Məhz sevgi aradakı uçuruma bir körpü atır.
Eleni Amerikadan gəlib öz
ailələrinin bu torpaqlardan köç etməsinin səbəblərini araşdırmaq istəyir. Onlar
Böyük Xaos Dövrünün qurbanlarıdır. Eleni ilə Miras Azərbaycanın bölünməsinə
səbəb olmuş Kiyev Sülh Müqaviləsinin müddəalarını maddə-maddə oxuyub təhlil
edirlər və bu müqavilənin niyə məhz Azərbaycanın siyasi xəritəsini
dəyişdirdiyinin səbəblərini araşdırmaq istəyirlər. Ortaya saysız suallar çıxır,
Miras bu sualları Eleni üçün cavablandırmağa çalışır.
“2087-ci il” intellektual
romandır, konsepsiyalı əsərdir, oxucudan hazırlıq tələb edir. Əsərdə baş verən
hadisələrin mahiyyətini dərk etmək üçün mütləq tarixi, diplomatiya tarixini,
dünən və bu gün dünyada baş vermiş siyasi prosesləri dərindən bilmək gərəkir. Toxunulan
mövzü bizim ədəbiyyatımızda yenidir. Dəyərli dostum Cəlil Cavanşir romanı milli
antiutopiya olaraq düzgün yöndən təhlil edir:
“Romanda xəyal gücü ilə
qurulan cəmiyyətə müəllif yaşadığı cəmiyyətdə barışmadığı cəhətləri proeksiya
edir”.
Bu günün mənzərəsi də romanda
aydın görünür, Əkbər Şamilov detalı da müəllif tərəfindən uğurlu tapıntıdır.
Əsərdə ən maraqlı obrazlardan
biri də Nakşərdir. Hər halda, mənim diqqətimi cəlb etdi...
Müəllifə yeganə iradım ondan
ibarətdir ki, romanda həddən çox informasiya bolluğu oxucunu yorur, bəzi
səhifələrdə tarix dərsliyini oxuduğunu zənn edirsən. Çox istərdim ki, Şəbnəm
xanım gələcək əsərlərində bunu nəzərə alsın.
Bir şeyə təəssüf edirəm ki,
ədəbi tənqid dəyərli əsərlər haqqında susmaq andını hələ də pozmayıb. Ədəbiyyatımızda
son dövrdə yaranan ciddi əsərlər qəribə bir susqunluqla qarşılanır. Bunun
səbəbini heç anlaya bilmirəm. Şəbnəm Karslının romanı da hələ ki, bu taleyi
yaşayır...
Şəbnəm xanım son vaxtlar
dünyada qadağan olunmuş əsərlər haqqında silsilə yazılar yazır. Hərdən
düşünürəm ki, “2087-ci il” romanı da nə vaxtsa hardasa qadağan oluna bilər.
Çünki əsərin ideya və məzmunu təkcə Azərbaycanın taleyini ehtiva etmir, Amerika
və Osmanlı İmperiyalarını da qapsayır. Amma bunu heç istəməzdim, baxmayaraq ki,
qadağan olunmuş əsər həm də müəllifinə şöhrət qazandırır.
Düşünürəm ki, “2087-ci il” müəllifin
ilk romanı olaraq uğurlu əsərdir, bu əsəri çağdaş dövrümüzdə çox maraqlı hadisə
hesab edirəm. Avanqard.net
|