Şəmşad Ağa - Kirayə evin qapısına yazılmış şeir
02.11.12
durub sərbəst şeirin sərhədlərində, baxdım ölkəsinə “heca” şeirinin… “şüşədə gizlənib divlərin canı” ayağı başından uca şeirinin… gül-bülbül əsiri əruzxanələr, hüzn içindədi, “ağı”, “bayatı…” “tuyuq” evdə xoruz, çöldə toyuqdu, … belə uydurublar ədəbiyyatı. örpəyi düşübdü “gözəlləmə”nin, “qafiyə” gəlin də duvağın açmış… içib məst olubdu, “qoşma”, “gəraylı”, “cığalı təcnis”in dodağı qaçmış… “rəməl” əyri-üyrü dəvəyə bənzər, “rəcəz” də inqilab havasındadı “xəfif” yüngülbeyin, “səri” fərari, “münsəri” dəlilər sırasındadı… söz də bir dünyadı, sakinlərinin, ruhu bir, canı bir, rübabı ayrı… deyəndə inciyir Məshəti xanım: “sənət ayrı şeydi, “rübai” ayrı…” “məsnəvi”, “qəsidə”, “təxmis” yalançı, aldadıb atıblar “dodaqdəyməzi”… cırıb tullayıblar xeyli zamandır, seçki qutusuna “müxəmməs”ləri… “satira” üstündə uyuyub çoxu, “təmsil”dən Zakirə heykəl qoyurlar. Sabirə iftira, böhtan atanlar, yazıq Nəsimini hər gün soyurlar… artır dəmir qollu “qaravəllilər”, çənli “bel” gəzirlər qoç Koroğluda, hələ bu harası, paslı beyinlər, kəbin kəsdirirlər Dədə Qorquda… millilik dəbini sırığlı kimi, saza geydirirlər təzanə üstə… Vahidin adına çıxıb birtəhər, ölü basdırırlar “meyxanə” üstə… soyunub əynini söz misra-misra, hamı sözü yeni dəbdə axtarır, Hadiyə şerini satdıran millət, Vazehin şeirini qərbdə axtarır… rüşvət ayaq açıb yeriyir burda, plana düşüb "Vaqifin bağçası". nişançı paşalar xaricdə gəzir, batıb Füzulinin “doqquz ağçası… çoxdur bu aləmin məlikməmmədi, div havası yatır ağıllarında… … hardansa gələcək “ağ atlı oğlan”, zir-zibili çıxıb nağılların da…
Avanqard.net
|