Tərlan Əbilov - “Nakolka”
31.10.12

Avanqard.net Tərlan Əbilovun hekayəsini təqdim edi.

Həyatımın adi, belə demək olarsa, çox adi günlərindən biriydi. Hər fikrimi bölüşdüyüm dostuma zəng elədim. Neçə vaxt idi ki, onunla öyürüb çöyürəsi bir ideya əməlli-başlı içimdən oynadırdı məni. Dostumun hələ şəhərə gəlib çatacağı 20-25 dəqiqə vaxtda... siqaret yandırdım, bir-iki dəfə dərindən sümürəndən sonra, həyətdə çöməldim. Buludlar qoyun sürüsü kimi səmanı “otlayırdılar”. Siqaretimi hasarın üstündən qonşu həyətə tullayıb “qiyam” etdim. Əynimi dəyişmək üçün evə qalxdım. Qızımın məni mağmıncasına süzməsini görüb soruşdum:

- Nəyin var?

Sıxıla-sıxıla cavab verdi:

- Üç gündən sonra məktəbdə bayram tədbirimiz olacaq, pul lazımdı...

- Belə de də, deyirəm axı, qızımın gəmiləri niyə batıb!? Darıxma, bir iş dalıyca gedirəm, inşallah alınar, səni xəcalətli saxlamaram! Indi isə Sadiq əmiylə görüşməliyəm, mən gedim.

- Yaxşı yol.

- Sağ ol, qızım.

Aşağı endim. Küçə qapısına çataçatda, adətim üzrə, əyilib şalvarımın balaqlarını bir neçə dəfə çırpıb küçəyə çıxdım.

Məhkəmənin ikimərtəbəli binasına çatmağıma az qalmış mobil telefonuma yenidən zəng gəldi. Sadiq idi.

- Eşidirəm...

- Hardasan, məkandayam - məhkəmənin yanında.

- Yenə ev yıxmağa getmisən ora? Üç dəqiqəyə oradayam. Müəllimlə danışmısanmı?

- Gələcək.

Sadiqlə “məkanımızda” – çayxanada görüşdüm. Salamlaşdıq. Oturdum.

- Abi, necəsən, yaxşılıqdırmı, - deyə soruşdu.

- Şükür olsun allaha.

- Kişi necədi?

- Üzübəridir.

Elə bu vaxt “müəllim” yaxınlaşıb salamlaşdı. Stul çəkib böyrümdə oturdu. Hal-əhval tutduqdan sonra dedi:

- Mən cəmi iki saatlıq boşam.

- Bəs eləyər, - deyə söhbətə başladım. - Çoxdandı beynimdə bir mövzu var...

- Nə mövzudu elə, - Sadiq soyuqqanlılıqla soruşdu.

- Bunun əlindən şeir yazmaqdan başqa bir iş gəlirmi? - müəllim gülümsədi.

Sadiq:

- Nə mövzudu elə?

- Bilirsiniz, - deyən kimi Sadiq sözümü kəsdi:

- Hələ deməmisən, deyərsən, bilərik.

- Abi, zarafata salma. Sən həmişə belə eləyirsən, istəyirsən ancaq özün danışasan. Dil belə gəldi, dil elə getdi, kimə lazımdı sənin linqivistikan?! Imkan vermirsən ki, adam sözünü tamamlasın!

- Yaxşı, bu dəfə sözünü kəsməyəcəm, nə ideyadı elə?

Hirslə dilləndim:

- Hekayə mövzusudu, ancaq bölüşməyə ehtiyacım var.

- Daha niyə hirslənirsən ki, abi... - deyə Sadiq gülə-gülə hirsimi soyutmağa çalışdı.

Müəllim:

- Sən mövzunu danış, yaxşı ya pis olduğunu müəyyən edərik.

- Onda gərək sizə öncə Rüstəmdən danışam ki, sonra yazmaq istədiyim hekayə barədə danışanda deməyə bir sözünüz olsun. Qonşumuzda Rüstəm adlı biri var - oğrudu. Bu yaxınlarda çıxıb. Sonuncu dəfə 2005-də parlament seçkiləri ərəfəsində bir namizədin evini aparanda yaxalanıb. Məhkəmə zalında hakim ondan soruşanda ki, qapı açıq ola-ola, niyə sən məhz kiçik bağlı nəfəslikdən keçməyi seçdin, deyir ki, apardığım evin sahibi o əşyaları və pulları illərin hesabına zəhmət çəkərək yığıb. Mən də zəhmət çəkib nəfəslikdən keçdim ki, aramızdakı ədalət pozulmasın. Axı siz də ədalət keşikçisisiniz.

Zaldakılar qəhqəhə çəkib gülür...

Sonradan bağlı qapıları açmaqda “as” olduğuna görə içəridə ona “Zal” ləqəbi verirlər. Metodika baxımından adi olmadığı üçün axırıncı işini hekayə kimi yazmaq istəyirəm. Ancaq mənim qurmaq istədiyim mətndə onun tutulmasını istəmirəm.

Müəllim hələlik susurdu...

Sadiq:

- Bəs sən necə eləmək istəyirsən?

- Deməli, belə, iki qadın qapı ağzında - küçədə söhbət edir. Söhbətləri öz qonşuları, namizədliyini irəli sürən Rəhim müəllimin ailəsiylə başlayırlar.

Biri deyir:

- Xəbərin var, qonşu Rəhim müəllim millət vəkili olmaq üçün namizədliyini verib?

Təzə xəbər olmadığından sakitcə “hə”, - deyə başını tərpədir ikinci qadın.

Birinci qadın dözməyir:

- Bacı, bəs arvadı danışanda yeddi dəsmal götürüb ağlıyır, acından ölürük, çörək tapmırıq yeməyə, nə xeyirə gedə bilirik, nə şərə...

Ikinci qadın yenə sakitcə:

- Bilmirsən bəyəm, deptatdara yaxşı pul verirlər axı.

- Bu necə olur - birinci qadın soruşur.

Ikinci:

- Sən lap avam imişsən ki, - deyə davam eləyir. Əvvəlcə namizədliklərini irəli sürürlər, sonra seçilə bilməyəcəklərini annayıb yığdıqları tikə-para səsdəri satıllar seçilmək şansdarı olanlara, ya da xeyli pul alıb namizədliklərini geri götürürlər. Bir də ki, yuxarıdan da onlara pul ayrılır axı, indi başa düşdün?

Bu vaxt Rüstəm onların yanından ötdüyündən söhbəti eşidir. Onlardan azca aralandıqdan sonra, eşitdikləri onu “tərpədir”: “Bəlkə, doğrudan kişinin evinə baxmağa dəyər?” – deyə özünə sual verir. Sonra özünü inandırmağa çalışır, “axı, bu, sadəcə, iki qadının qeybətindən başqa bir şey deyil. Bəs işsizlik, boş-bekar gəzmək? Onsuz da sənə heç kim bir işi qızmayacaq. Odur ki, başına çarə qıl, gedib baxsan, nə itirəcəksən ki?”... və bu kimi şeylər.

Sadiq sözümü kəsir:

- Abi, bildiyim qədərincə, oğrular işarəsi dəqiq verilməyən yerlərə girmirlər, özü də, “nakolka”nı düzgün verməyən adamları hətta bunun üstündə nəyi var cəzalandırırlar.

Mən dərhal:

- Məsələ burasındadır ki, bu adam buna qədər nə qədər iş olubsa, tək görüb. Mən ona sual verəndə ki, Rüstəm, sənə tək çətin deyilmi, o “çətin olsa belə, yananda başqasını günahlandırmalı olmursan”, - deyərdi. Bir də ki, qadınlar iştirakçı deyil axı, Rüstəm bu söhbəti təsadüfən eşidir. Rüstəm söhbəti eşidib, eşitdiyi söhbəti götür-qoy elədikdən sonra qərara alır ki, axşamtərəfi gedib bir evə baxsın.

... Hava qaralırdı. Bu rayonda hamı bir-birini tanıdığından, Rüstəm Rəhim müəllimin evini tapmaqda çətinlik çəkmədi. Bu tərəflərdə ancaq həyət evləriydi. Ətrafa göz gəzdirdi, məhəllədə sakitlik idi. Amma həmişəki kimi, tində bir taksi və üç-dörd nəfər tanıdığı uşaqlar durmuşdu. Deyəsən, futbolu müzakirə edirdilər. Onlarla salamlaşdı. Hal-əhval tutdu. Rəhim müəllimgilin evindən iki ev aşağıda yaşayan “Vitka”nı soruşdu. Uşaqlar onu görmədiklərini bildirdilər. Rüstəmin adı “vayqanlı” olduğundan, bir qədər sonra hərə bir bəhanəylə evə getdi. Bu vaxt Rəhim müəllim öz ailəsi ilə geyimli-gecimli küçəyə çıxdı. Bu küçədən gediş-gəliş az olduğundan, taksiyə oturmaq üçün bir az əvvəl Rüstəmin durduğu tinə tərəf gəldilər. Yolun yarısında Rüstəmlə qarşılaşanda, Rüstəm onun yanında xanımı və uşaqları var deyə, onlara tərəf gözucu belə baxmadan ötür. Bir qədər sonra maşının işə düşüb yerindən tərpəndiyini eşidib, “Vitka”gilin pələtindən geri qayıtdı. Küçə qapısının bir qədər aralı olduğu onu ehtiyatlandırdı. Bir daha hasarın üstündən evə tərəf boylandı. Işıqlar söndürülmüşdü. Qapının açıq olmasına baxmayaraq, əlini hasara qoyub bir təkanla həyətə tullanır.

Müəllim qəhqəhə çəkir:

- Bu ki lap fantastik filmlərə bənzədi. Köpəyoğlu atlet-zaddı bəyəm?

Sadiq:

- Məllim, sabah neçə saat dərsin var?

- Bunun məsələyə nə dəxli var, - müəllim soruşdu.

Sadiq:

- Sənin sualının məsələyə nə qədər aidiyyatı varsa, bir o qədər. Hər kiçik detalı xırdalasan, yazı hekayə mətnindən uzaqlaşacaq. Söhbət dörd-beş dəfə oğurluq üstə yatandan gedir. Üstə gəl, bunun tutulmadığı işləri. Məncə, o, əlini divara qoymadan da hasarı keçə bilər.

Mən:

- Gəlin, müzakirəni mübahisəyə çevirməyək, bizə lazım olanı tapaq. Sizcə, evə girişin tək qapı olması necədi? Qapını açıq saxlayaq, pəncərələri də dəmir barmaqlıqlarla bəzəyək.

Sadiq:

- Axı açıq qapıdan keçmək onun kimi oğrular üçün söyüşdən də betərdi.

Müəllim:

- Onda gərək o, içəri mütləq qapıdan keçsin. Və birinci dəfə nə etməlidirsə, edib geri qayıtsın.

Sadiq:

- Yaxşı olar ki, içəri keçsin, göz gəzdirsin, lap elə axtarsın, ona lazım olan şeyləri görsün, amma prinsiplərinə yad olduğu üçün, şansı belə olsa, evi aparmasın. Bir də bu Rəhim müəllimin namizədliyinin verildiyini müxalifət tərəfdən göstərəsən. Belə olan halda, onun hər gün evdən çıxmasının səbəbi açılmış olar. Məsələn, Rəhim müəllim evinin qapısını ona görə açıq saxlasın ki, onun evi hər hansı lazımlı bir sənədə görə iqtidar adamları tərəfindən axtarılsın. Buna görə hətta onu, evini izləmək mümkün olsun. Bircə xanımını bundan xəbərdar eləməyək ki, sonrakı hadisələrdə hay-həşir qoparanda təbii alınsın.

Mən:

- Bura bax, onda biz istəsək də, istəməsək də o, tutulacaq, həm də məsələ siyasiləşəcək.

Sadiq:

- Onsuz da, istəsələr yazıda bəs qədər siyasi ştrix tapa bilərlər. O ki qaldı “Zal”ın yaxalanmasına, hər şeyin bir çarəsi bulunur.

Müəllim mənimlə razılaşdığını bildirir.

Sadiq:

- Əgər bu variant sizi qane eləmirsə, qayıdaq bir az əvvələ, Rüstəmin hasardan həyətə tullanmasına.

Mən:

- Məncə, bu dəfə Rüstəm evin qapısı açıq olduğuna görə, sadəcə, həyət-bacaya göz gəzdirməli, qayıdıb növbəti gəlişini planlaşdırmalıdır.

Müəllim:

- Birdən ikinci dəfə də eyni hadisənin şahidi oldu, bəs onda onu içəri hansı bəhanəylə salacaqsan? Bir də ki, Rəhim müəllim dəli-zad deyil axı, hər dəfə qapını açıq saxlayıb harasa qonaq getsin!?

- Razıyam, - deyə başımı tərpətdim.

Sadiq:

- Rəhim müəllimin hər gün eyni vaxtda harasa getməsi problem deyil. Xanımının yaxınlarından birini rəhmətə göndərək, bu konu bitsin. Bizdə yaxın adamı ölənləri bir müddət tək buraxmamaq adətdi onsuz da.

Müəllim:

- Tutaq ki, bu yeridi, qapını açıq saxlamaq üçün də nəsə bir şey tapmaq lazımdı.

Mən:

- Məncə, bu da problem deyil, əgər “Zal” açıq qapıdan içəri girməyən tipdirsə, niyə də Rəhim müəllim onun əksi olmasın. Mənim mətnimdəki namizəd, bildiyimə görə, çox təmiz adamdı. Onun ümumiyyətlə çöldən qapı bağlamaqla arası yoxdur...

... - Qayıdaq Rüstəmin geri qayıtmasına. O, hər şeyi olduğu kimi buraxıb geri dönür. Düşünür, qapını bağlamaq, sadəcə, ev yiyəsinin yadından çıxıb. Tələskənlikdən bu hamımızla baş verə bilər. Növbəti gün bir də gəlməyi qərara alır. Ikinci gəlişində təkrarçılıq olmasın deyə, namizədimiz evdə yoxdur artıq. Amma evin qapısının bu dəfə də açıq qalması onu təəccübləndirir. Sükutu dinlədikdən sonra “bəlkə, duyuq düşüblər, olsun”, - deyə içəri keçir, bir də evə göz gəzdirir.

Sadiq:

- Bu andan Rüstəm özünə hörmət əlaməti olaraq, bir gediş də eləməlidir ki, bu həm də bir mesaj kimi, heç olmasa, Rəhim müəllimin xanımını özündən çıxarsın və o, ərini növbəti dəfə qapını kilidləməyə məcbur eləsin.

Mən:

- Tapdım, - deyə onun sözünü kəsdim. Gəlin, hadisəyə namizədimin kiçik qızını qoşaq. O, şirniyyata olan məhəbbətiylə valideynlərini bezdirsin. Evin hər hansı küncündən çıxan konfet kağızlarına görə danlansın. Axı, uşaqlar şirniyyata daha çox həvəsli olurlar.

Müəllim:

- Tutaq ki, bu belədir, bunu sujetə necə otuzduracaqsan?

Mən:

- Rüstəm evdəki əşyaları bir daha gözdən keçirərkən, stolun üstündəki qənddanda beş eyni konfetin durduğunu görən kimi, birini götürüb yeyir, kağızını isə büküb mizin üstünə qoyub bu dəfə də geri dönür.

Sadiq:

- Bəlkə, heç qızcığazı bu işə qatmayaq, ümumiyyətlə, bunlar konfet yeyən olmasınlar. Konfet, sadəcə, görüntü xətrinə stola qoyulsun və Rüstəm ikinci gəlişində də konfet qabındakı konfetləri birinci dəfə necəydisə, eynən görsün. Əslində, sən bunu azca əvvəl verməliydin, amma burda da yeri var.

Mən:

- Konfet məsələsində səninlə razıyam. Qızcığazı hadisəyə qoşmağımızla həm də bizim uşaqlarla necə davranmamız aydın olur.

Müəllim:

- Bəs sonra?

Mən:

- Rüstəm bu dəfə də geri qayıdır. Az sonra, Rəhim müəllim ailəsiylə evə dönür. Müəllimin xanımı stolun böyründən keçəndə qənddandakı boş bükülü kağızı görüb tez yoldaşını səsləyir:

- Ay Rəhim, bir bura gəl!

Rəhim müəllim yaxınlaşır:

- Nə var, nə olub yenə?

Xanımı:

- Rəhim, evimizdə kimsə olub, demişdim axı, sənin bu pis xasiyyətin üzündən bir dəfə evimizi aparacaqlar, - deyə pörtür.

Rəhim müəllim:

- Ay qız, bir nəfəsini dər, anlat görüm, nə olub.

Xanımı:

- Biz evdən çıxanda mən stolun üstünü səliqəyə salıb ardınızca endim. Stolun üstündəki konfet qabında beş dənə “moskviçka” vardı, indi isə dördü yerindədir, birinin özünü yeyiblər, kağızını buraxıblar bura. Sənə demişdim axı, qapı bağlamamağının bir müsibəti olacaq!

Rəhim müəllim:

- Bəlkə, balaca qız yeyib!? Azmı olub xalçanın, nə bilim, nəyin altından konfet kağızlarının çıxması?

Xanımı:

- A kişi, sənə deyirəm evdən axırıncı mən çıxmışam, sənsə özünü elə aparırsan, guya heç nə baş verməyib.

Rəhim müəllim səsinə azca ton verərək uşaqları səsləyir. Uşaqlar həmən peyda olurlar.

- Qızlar, evdən çıxanda sizdən hansınızsa konfet yeyibmi?

- Yox, ata, - böyük qız başını bulayır.

Kiçik qız cavab verməmiş anası dillənir:

- Bilirəm, indi yapışacaqsan uşağa ki, sən yemisən. Əgər uşaq yesəydi, heç olmasa, qorxusundan kağızı gizlədərdi...

Sadiq:

- Niyə də Rəhim müəllimin, yaxud xanımının ağlına gəlməsin ki, bəlkə bizimlə qonşulardan kimsə məzələnir. Hətta bu fikrin üstündə dayanmasalar belə, bir neçə fikrin eyni anda ağıla gəlməsi baxımından uğurludur.

Müəllim başını tərpətməklə əlavə edir:

- Necədir o misal, hə, yadıma düşdü: “malı itənin imanı da itir”.

Mən:

- Və sonra Rəhim müəllim xanımına deyir: - Hay-küy salma, bax, gör, dediyin oğru daha nəyimizi aparıb?

Xanımı hər şeyin yerində olduğunu görüb, özünə gəlir, amma əvvəlki gərginliyini gözə soxaraq:

- Tutaq ki, heç nəyi, kənar adam bizim evimizdə nə qələt eləyir axı!?

Rəhim müəllim:

- Çığır-bağır salmağa dəyməz, oğru ona lazım olan şeyi aparır.

- Bəs konfet? - deyə xanımı dözməyir.

- Deməli, ona konfet lazım olub, onu da yeyib, - deyə Rəhim müəllim əvvəlki soyuqqanlılıqla...

Sadıq:

- Gəl, elə eləyək ki, “Zal”ın üçüncü gəlişi gəldiyi günlərin ardıcıllığını pozsun. Bu dəfə iki gün sonra gəlsin. Buraxılan günlərdə qapı yenə açıq saxlanılsın. Və həmin gün evdə heç nəyin dəyişmədiyindən namizədimizin öz xanımı yanında dili uzansın.

Müəllim “olur”, - deyə, başıyla təsdiqləyir: - Razılaşıram.

Sadiq:

- Soruşmaq eyib olmasın, finala çoxmu qalıb? Əgər çox qalmayıbsa, onu da de bitirək, çayxanada boş stol olmadığından, camaat bayaqdan bayırda durub gözləyir.

- Saat neçədi? - deyə soruşuram.

Sadiq:

- Üçə iyirmi dəqiqə qalıb...

- Bilirəm nə deyəcəyini, hələ 20 dəqiqəmiz var - ... müəllim məni qabaqlayır.

Razılıqla davam eləməyə başlayıram:

- İki gün sonra “Zal” üçüncü dəfə hasardan həyətə tullanır. Evin qapısını yenə açıq görüb öz evinə gələn adamlar kimi içəri keçir. Qonşu evlərdən düşən işıqda əziyyətsiz-filansız, evə bir də göz gəzdirir.

Sadiq:

- Super, bu dəfə qonşu evlərindən düşən işığın təsviri əvvəlki iki dəfəki gəlişin qaranlığını günəş altında əriyən buza döndərdi. Bəlkə, üçüncü gəlişində Rüstəm konfet qabındakı dörd konfeti və yediyi beşinci “moskviçka”nın kağızını eynən görsün?

- Indi artıq kağızın orda olub-olmaması bir o qədər də fərq eləmir. Bircə, həmin dörd “moskviçka”nın orda olması bəs eləyir, burasını mənə burax, - deyə, davam eləyirəm. Sonra Rüstəm hər iki variantda gülümsəyib bayıra çıxır. Daha sonra zir-zibil, filan... və bu evə ən yaxın olan dükanların birindən kağız baxımından tam fərqli və həm də bir kiloqram bahalı konfet alıb qayıdır oğurluq etmək istədiyi yerə. Konfeti stolun üstünə buraxıb pillələrlə həyətə enir, küçəyə isə qapıdan çıxır.

Müəllim:

- İki saat bitdi, - deyə ayağa qalxdı.

Sadiq:

- Elə hekayə də tamamlandı.

Mən:

- Elə isə mən gedib hekayəni yazım, siz də gedib evə baxın...


Avanqard.net

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.