Raqif Raufoğlu – Moskva qeydləri
26.10.12
DEYİRLƏR Kİ, BU ÖLKƏDƏ HƏR
GÜN ƏN AZI BIR AZƏRBAYCANLINI ÖLDÜRÜRLƏR. Olduqca təhlükəli və arzuolunmaz
ölkələrdən biridir. Oradan sağ-salamat qayıtmağı bacaran həmyerlilərimiz mütləq
nəzir verir, qurban kəsir, dualar edir. Həmyerlilərim bağışlasın, amma mən ora
ingilis kimi getmişdim. Ona görə də heç bir qorxu-hürkü bilmədən hara gəldi
çıxıb ingilis olmağın əsl ləzzətini yaşayırdım. Amma cibində Azərbaycan
pasportu ola-ola ingilis olmaq o qədər də asan gəlməsin sizə. Mən bunu elə
Moskvanın hava limanında hiss elədim. Gömrük nəzarətçisinin mənə bir xeyli
diqqətlə baxıb “dalımca gəlin” deməsindən sonra başa düşdüm ki, mən
azərbaycanlı deyiləm. Mənə bir xeyli suallar verib “sən rus dilində Azərbaycan
aksenti ilə yox, İngilis aksenti ilə danışırsan” deyəndə tam başa düşdüm ki,
qarşıda məni qafqazlı həyatı gözləmir. Düzdür, onlar mənim Moskvaya hansı
“xüsusi təyinatla” getdiyimi öyrənə bilməsələr də, dala qaytarmadılar.
Pasportumun arasına nəsə əlavə kağız qoyub buyurun dedilər. Daha bilmədilər ki,
o kağız heç bir işə yaramayacaq. Çünki məndə heç bir şübhəli Qafqaz əlaməti yox
idi ki, kimsə də saxlayıb pasportumu yoxlasın.
Ümumiyyətlə
azərbaycanlıları hər yerdə tez-tez öldürürlər. Bu xaric ki, var, çox təhlükəli
bir şeydir. Ora getmək xətalıdı. AZTV-nin göstərdiyinə görə hətta dünya
mədəniyyətinin əsas mərkəzlərindən biri sayılan Almaniyada da vəziyyət çox
pisdir. İnsanlar hər gün intihar edirlər. Azərbaycanda isə belə şeylər heç vaxt
olmur. Mən hələ bu gün öyrəndim ki, həyətdə çörək satan Çiçək xalanın nə
uzunluqda borc siyahısı var. İnsanlar pensiyasını alar-almaz aparıb onun
borcunu qaytarırlar. Bəli, mənim ölkəmin insanları qürurlu insanlardır. Onlar
çörək üçün də olsa yaşayacaqlar. Təki vətən sağ olsun!!!
Deyirlər ki, bir gün
peyinqurdu atasından soruşur:
-
Ata, biz almada yaşaya bilərik?
-
Hə, yaşaya bilərik.
-
Bəs armudda?
-
Armudda da
-
Bəs onda niyə bu peyinin içindən qırağa çıxmırıq?
-
Bala, unutma ki, bu dünyada vətən anlayışı da var.
... Bu şəkli isə qaldığım
mehmanxananın pəncərəsindən çəkmişəm. Bu təsadüfi şəkil deyil. Hər gün ən azı
bir azərbaycanlının öldürüldüyü ölkənin paytaxtı, öz də lap mərkəzi
küçələrindən biri mənə çox maraqlı idi. Küçədən keçən hər bir adam mənə qatil
təsiri bağışlayırdı. Ona görə də mən pəncərə qarşısında uzun müddət dayanıb
şəhərə və adamlara baxdım. Baxdım ki, görüm qatillər necə yaşayırlar. Düzdür,
Moskvada insanlar kifayət qədər soyuq baxışlıdır və bir-birilərinə qarşı
diqqətli deyillər. Amma bu laqeydlik deyil. Mənə çox qəribə gəldi ki, bu
qatillər yolda nə qədər də nəzakətli imişlər. Avtomobillər üçün texniki baxışın
olmadığı bir ölkənin əsas prospektində bir dənə də olsun VAZ 2107 markası
gözümə dəymədi. Mən qəsdən dayanıb oranın 07-lərinə baxmaq istəyirdim. Amma
hamısı şəkildə gördüyünüz modellərdən idi. 07-lər isə kənar yerlərdə, azərbaycanlıların
və asiyalalıran sıx yaşadığı tərəflərdə gözə çarpırdı. Əksəriyyətini də alver
edənlər istifadə edirdilər. Qatillərin ölkəsində öz “zebrasından” keçən heç bir
piyada sağa sola baxmırdı. Onlara mütləq yol verilirdi. Amma nə badə ki, sən
piyadaya aid olmayan yerdən keçəsən. Vuracaqlar, heç dönüb dala da
baxmayacaqlar. Bunun məsuliyyəti sənindir. Ona görə də yollarda sürücüləri
“gözlənilməz qonaq”lar gözləmir.
Qatillərin ölkəsində
hökumətin varlığı daha çox hiss olunurdu. Amerikada olduğu kimi. Yerli vətəndaş
hər addımda özünün sosial üstünlüyünü hiss edirdi. Metro kartı alanda da,
muzeylərə gedəndə də, ailəsini dolandıranda da. Sadə bir misal: Rusiyada
vətəndaş olaraq dünyaya gələn hər bir insan üçün ayrıca hesab açılır və
dövlətin ora köçürdüyü vəsait gəlcəkdə həmin uşağın ev alması üçün yığılır.
Mənim ölkəmdə isə hər bir azərbaycanlı dövlətə 300-400 manat arası borcla
dünyaya gəlir. Borcla yaşayır, borcla böyüyür, borcla evlənir, sonra da bu
ənənə nəsillərdən-nəsillərə ötürülür...
Qafqazlılara qarşı olan
mühafizəkar baxışların sirri haqqında heç nə yazmaq fikrim yoxdur. Bu çox uzun
və qəliz məsələdir. Yazsam da sizə darıxdırcı gələcək. Çünki bizdə mühafizəni
sadə insanlar yox, polislər edir. İctimai nəzarətə hazır olmayan insanlar isə
xaricdə dərhal sezilir. Ona görə də onları tez-tez şübhəlilər sırasına salıb
öldürürlər. Avanqard.net
|