Alik Əlioğlu: "Bu, yəqin ki, kimlərəsə məqsədli şəkildə lazımdır".
- Necəsən Alik? Layihəmizdən yəqin ki, xəbərin var. Kitabından danışacağıq? "Kamakura" nə deməkdir?
- Yaxşıyam. Layihənizdən xəbərim var. Danışaq. Kamakura yaponiyada o yerin adıdır ki, orada adamlar Allaha ibadət edirlər. Kitabın adını anam seçib. O, Allaha bağlı insandır. Mənim üçünsə kitabın adı o qədər əhəmiyyətli deyil, buna çox önəm vermirəm.
- "Kamakura" ilk kitabın olsa da, mətbuatda imzan tanınmışdı artıq. Kitabın idayesı hardan yarandı?
- Əslində kitab çap etmək kimi bir fikrim yox idi. "Vektor" nəşrlər evinin təsis etdiyi Şahmar Əkbərzadə adına mükafatın keçən ilki laureatlarından biri mən oldum. Mükafatın şərtlərinə görə də bu mükafata layiq görülən müəlliflərin kitabı "Vektor" nəşriyyatı tərəfindən çap olunur. Onunçün də onlar mənim kitabımı çap etdilər. Sağ olsunlar.
- "Kamakura" "Kamasutra" ilə dəyişik düşməz ki?
- Dəyişik düşməz. Əslində Kamasutra da yaradıcılıqdır. O, yaradıcılığın bir başqa növüdür. Amma qız tanışlarımın çoxuna kamasutra adı ilə hədiyyə elədim öz kitabımı (gülür).
- Kitabın ədəbi aləmdə əks-sədası səni qane etdimi?
- Mən böyük heç nə gözləmirdim. Azərbaycanda ədəbi aləm 200-300 adamdan ibarətdir. Onların bir qisminə də payladım kitabımı. Normal münasibət var. Fikir bildirənlər də oldu. Kitabda yeni heç nə yox idi. Yazdıqlarımın hamısını dostlarım daha əvvəllər oxuyub, münasibət bildirmişdi. Həm də kitabda elə bir xüsusi ajiotaj yaradacaq heç nə yoxdur, adi yaradıcılıq nümunəsidir. Sevənlər sevdi, sevməyənlər ən yaxşı variantda atdı kitab rəfinə.
- Satışı necə gedir. Nə qədər satmısan?
- Satışa verməmişəm. Dediyim kimi, tanıdıqlarıma paylamışam. Tanımadıqlarım da mənim kitabımı almayacaq, buna əminəm, çünki kütləvi bir şey deyil. Ona görə də həvəsim olmayıb satışa verməyə.
- Öz kitabını oxuculara necə təqdim edərsən?
- Şeirlər və esselərdən ibarətdir. Tez-tələsik seçilmiş yazılardır. Dinləmək üçün deyil, oxumaq lazımdır. Hətta bəzən mən öz şeirimi kiminsə dilindən eşidəndə tam anlaya, daha doğrusu, fikrimi cəmləyib dəqiqliklə dinləyə bilmirəm.
- Alik, sən necə fikirləşirsən, əlavə piyar gərəkdirmi yazara?
- Əgər yazıçı öz kitabı hesabına yaşayırsa, onun əlavə gəlir yeri yoxdursa, ona piyar mütləq lazımdır. Yox əgər bu onun üçün sadəcə yaradıcılıqdırsa, o zaman piyara ehtiyac yoxdur. Yaxşı yazı nə vaxtsa üzə çıxacaq, məşhurlaşacaq.
- Kitab bazarını canlandırmaq üçün nə etmək lazımdır?
- Bu barədə mən sizə məsləhət verə bilmərəm, çünki iqtisadi siyasətdən heç başım çıxmır. Bununla nəşriyyatlar məşğul olmalıdır. Yəqin ki, başlıca təkan reklamlar sayəsində ola bilər.
- İndi nə yazırsan?
- Ara-sıra hekayələr yazıram, çoxu yarımçıqdır, bitirməliyəm.
- Oxuduğun hansı əsərləri yaxınlarına məsləhət görürsən? (Gənc və yerli müəlliflər)
- Nəyi bəyənirlərsə onu. Dostlarımın çoxunu oxumaq lazımdır. Çağdaş ədəbi proses barədə təsəvvürləri olmaq üçün Zərdüştü, Qisməti, Nahidi, Rəbiqəni, Feyziyyəni, Mövludu, Fərid Hüseyni, səni oxumalıdırlar.
- Alik Əlioğlu nə qədər populyardır?
- Dostlarının, qohumlarının və qonşularının tanıdığı qədər. Ədəbi mühitdə də azdan-çoxdan tanıyırlar.
- Tanınmaq üçün hər hansı bir xanımla seksual fotossesya edərdinmi?
- Mənim tanınmaq kimi xüsusi bir istəyim yoxdur.
- Son günlər ədəbi qalmaqallar zəlzələlər kimi fəallaşıb? Bundan kim qazanır?
- Qalmaqalı kim qızışdırırsa, o qazanır. Yəqin kimlərəsə məqsədli şəkildə lazımdır, bilmirəm, heç maraqlanmıram da.
- Bu ədəbi didişmələrdə sən kimin yanındasan?
- Ailəmin yanındayam (gülür). /nota.az/