Avanqard

İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo

18/12/2023

Mahir N.Qarayev (1958)


PAYIZDA ÖLƏCƏM MƏN


Payızda öləcəm mən – leysan yağışlar altda. 

Leysan yağışlar altda basdıracaqlar məni.

Payızda öləcəm mən – göz açdığım o kənddə.

Dil açdığım o kənddə susduracaqlar məni.


Çəkiləcəm su kimi bircə qarış torpağa,

Dikələcək başdaşım düz başımın tuşundan.

Xəbərim olmayacaq o doğma kəndin daha

Yerdə hürən itindən, göydə uçan quşundan.


Nə yaxşı, nə pisindən; nə qara, nə ağından –

Xəbərim olmayacaq dünyanın heç nəyindən;

O yağışın sübhəcən aramsız yağmağından, 

O yağışın sübh çağı qəfildən kəsməyindən...


Vəssalam. 

Kar olub da daha heç nə eşitməm.

Kor olub da heç nəyi görməm daha. 

Vəssalam. 


Vəssalam. 

Lal olub da mən daha kəlmə kəsməm. 

Susdum, ilahi, susdum. Əbsəm, əbsəm.

Vəssalam. 


Sesar Valyexo (1892-1938) 


AĞ DAŞ ÜSTDƏ QARA DAŞ 


Parisdə öləcəm mən – leysan yağışın altda, 

o yağışda olmuşam. Xatırladım da hətta. 

Parisdə öləcəm mən – bir əsir kimi tənha, 

son payızın upuzun bir cümə axşamında. 


Payızda öləcəm mən. Bu cümə axşamında 

indi şeir yazıram. Qamçılayır yağış da 

pəncərəmi. Dikəlir çiyinlərim güc-bəla, 

tənhalıq da qanrılır əzabla, iztirabla. 


Valyexo ölmüş artıq. Valyexo yoxdur daha.  

Bir kəsə dəyməsə də, ona hər kəs dəyirdi. 

Və heç nəyi də yoxdu özünü qorumağa. 


Dəyənəklər, qamçılar onu döyürdü ancaq. 

Yağış, cümə axşamı, tənhalıq, qançır çiyin 

və bir də bu sətirlər şahid kimi qalacaq... 


Çevirəni Mahir N. Qarayev

Digər Məqalələr