Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23

Göylər xəbərsizdir ki, Humay pəncərənin ağzında dayanıb qüssələnir. Xəbərsiz olmasaydı, indi yağış yağardı: əvvəl çiskin, sonra gurşad. Yağardı ki, bu nisgilli adamın ürəyinə sərinlik, canına toxtaqlıq gəlsin.

Hər il belə olmazdı. Noyabr küləyi əsib-coşanda evlərin damında, ağacların başında oynayan külək əvvəl çiskin, sonra gurşad yağışdan islanıb toxtayardı. Göylər qoymazdı nə pişiklər üşüsün, nə ağaclar. Nə də yarpaqlar ortalıqda boş-boşuna yorğun düşsünlər. Bakının bu balaca küçəsində də nə çoxdur pişiklər, nə çoxdur ağaclar, nə çoxdur ər-arvad qanqaraçılığı.

Elə götürək, bu qanqaraçılığı. Əri yenə zəng vuracaq. Humayın həmişəki yarımcan kəlmələri o tərəfdə pis eşidiləcək. Həmişəki heysiz sözlər dilində burxulacaq.
- Salam. Nə var, nə yox?

Allah, sən öz cah-cəlalınla şahidsən ki, bu "nə var, nə yox?"a necə nifrət eləyir, necə çimçəşir, necə ürpəşir! Neçə dəfə ürəyində demişdi ki, ay meşə odunu, kişi öz qadınından candərdi "nə var, nə yox?" soruşmaz. "Birdənəm" deyər, "ömrüm-günüm" çağırar, "gözəlliyim" səsləyər. Deyər ki, əllərin üçün, hənirin üçün darıxmışam; bu qəmli noyabr axşamçağısına səsində fərəh gətirər, sevinc göndərər.

- Alo...

- Eşidirəm...

- Nolub, yenə ölə-ölə danışırsan. Çörək var?

- Yox.

- Başqa nə alım?

- Pişik üçün...

- Pişik p..x yeyir, qoy ac qalsın. Murada de, yüz on yeddiyə qədər ürəyində saysın, evə çatacam. Vaxt getdi.

- ...

- Eşitmirsən?

- Murad yoxdu.

-Yenə qonşuda sülənir? Yaxşı, onda sən say.

- Off...

Hə, Humayın yaxşı yadındadır ki, ərinin hər şeyi ürəyində saymaq xəstəliyi nə vaxtdan başladı. Onda hələ mehriban idilər. Bir-biri üçün darıxa bilirdilər, göz yumub uzun-uzun öpüşə bilirdilər. Həmin işıqlı günlərdən birində ərinin iş yoldaşı Şamaxıdan çaxır gətirmişdi. Adı da yadındadır: Meysəri. Görəsən, nə demək idi? Soruşmağa utanmışdı. Sonra öyrənmişdi ki, Səfəvi ordusunda sol cinaha meysərə deyiblər.

Həmin axşam içib xumar olmuşdular, bir-birinə uşaqlıq xatirələrini danışmışdılar. Xatirələr seyrələndə sağollaşıb bir-birinə qısıla-qısıla evə gəlmişdilər. Elə nə olmuşdusa, həmin axşam olmuşdu. Hiss eləmişdi ki, İsmayıl əvvəlki adam deyil - dağınıqdır, fikirlidir. Belə adamlara "dəvəsi ölmüş ərəb" də deyirlər. Həniri soyuq, istəyi öləzimiş..! Hara qeyb olmuşdu o qaynarlıq, o ehtiras? Harda yox olmuşdu o coşub-daşan həyəcan? Hər şey tezbazar, tələsik olmuşdu.

- Bir, iki, üç...

Nə ötən gecələrdəki həzz vardı, nə o şirin xumarlıq.

Elə həmin gündən çevrilib oldu arxiv siçovulu. Qalaq-qalaq sənədləri əvvəl evə gətirməyə icazə verirdilər, sonra təzə müdir qadağan elədi. Bağışlayan və gözəl Allah, öz mərhəmətini təzə müdirdən əsirgəmə! Onu şəri-şeytandan, quru böhtandan, məkri-zənəndən, bəylər qəzəbindən, gor əzabından uzaq elə! Gəlin, üç dəfə deyək: İlahi, amin! İlahi, amin! İlahi, amin! Yoxsa, kim dözərdi, gecədən səhərə qədər tükənməyən rəqəmlərin təkrarına?! Altı yüz qırx beş, altı yüz qırx altı, altı yüz qırx yeddi... Gündüzlər ürəyində, gecələr dilində; bərkdən, ucadan, az qala çığıra-çığıra...

- Üç min doqquz yüz yetmiş beş... Əhsən, mənə! Bitdi! Bu sənədi də təzədən işlədim. 1926-ci ildə Azərbaycan SSRİ-də əhalinin ilk siyahıya alınması aparılmışdı. Bilirdin?

- ...

- Karsan, ay qız?

- Sözünü de.

- Öyrən, goruma aparmayacam. O vaxt Azərbaycanda 2 milyon 314 min 571 nəfər əhali yaşayırdı. 1 milyon 212 min 859 nəfəri kişilər, 1 milyon 101 712 nəfəri qadınlar idi. 649 min 557 nəfər əhali şəhərlərdə, 1 milyon 665 14 nəfəri kəndlərdə yaşayırdı.

- Bunu bilməyib gör, nələri itirmişəm.

- Sən nə qanırsan, bu nə deməkdir?! Mənim ulu babam da əhalini sayan adamlardan olub. Oxumuş adam olub e, Tiflisdə seminariya qurtarıb.

- Hə, Tiflisdə Botanika bağının yanında bir ay kirayə də yaşayıb.

- Ay sağ ol. Yəni ki, balaca adam olmayıb.

- Bir dəfə də Sabirə salam verib.

- Sabir kimdir?

- Mirzə Ələkbər Sabir.

- Hə-hə... Amma Sabirə yox, Mirzə Cəlilə salam verib. O da salamını alıb.

- Yəni deyib ki, əleyküm salam?!

- Bəli, deyib ki, əleyküm salam, beş də artıq!

- Özü də, ikisi bir yerdə Botanika bağında gəzirmiş, rəhmətlik baban hər ikisi ilə salamlaşıb.

- Humay, bunu sənə demişəm?

- Yüz dəfə.

- Deyə bilərsən ki, Sabir Tiflisə niyə getmişdi?

- Ciyəri vərəmləmişdi.

- Əhsən! Ədəbiyyat müəlliminə yağlı beş.

- Ciyərim vərəmlədi, ay Allah. Ciyərim vərəmlədi!

- Qulaq as! Az çərənlə. Babamı Astarxanbazarda vurub öldürüblər ki, bizi sayıb-sayıb axırımıza çıxacaqsan. Yəni, güllələtdirmək üçün sayımızı hökumətə verirsən. Meyitini də çaya atıblar. Astarxanbazar bilirsən, indi hansı rayondur?

- Bilmirəm.

- Elə bilməsən, yaxşıdır.

- Ay, nə maraqlı...

- Çox maraqlı. Ulu nənəm deyirmiş ki, həftənin tək günləri balamın ruhu bizə qonaq gəlir.

- ...

- Çox sağ ol, Allah sənin də ölənlərinə rəhmət eləsin.

- İsmayıl, bir az da dirilərin dərdini çək e. Öz həyatını yaşa, qayğımıza qal, diqqət göstər.

***

İndi yavaş-yavaş öyrəşib. Getsin o günlər, gəlməsin. Təzə-təzə qalmışdı mal-məlul, mat-məəttəl. Əri pəncərənin ağzında dayanır, üzbəüzdəki yataqxananın həyətinə gözünü zilləyirdi. Lap düzü, yataqxananın həyətində eşələnən toyuq-cücəyə. Bir dəfə Humayı da çağırmışdı ki, toyuqları altına basmarlayan xoruza bir yerdə baxsınlar.

Humay həkim tapıb axşam zəng eləmişdi. Sonrası komediya. Həkimi gülmək tutmuşdu. Belə, deyiləsi deyil: biabırçılıq, yenə biabırçılıq, dönə-dönə biabırçılıq...

- Ha-ha-ha... Hi-hi-hi... Hoo-ho-hooo...

Belə həkim olar? İt oğlu! Necə ləzzətlə gülürdü, necə ürəkdən şaqqanaq çəkirdi. Humay da ona qoşulub əvvəl pıqqıldamışdı, sonra ar eləyib telefonu söndürmüşdü. Pilləkəndə yatan pişik qapını cırmaqlayanda Allahın bu ac heyvanını əzizləyib-oxşamışdı, bığlarına sığal çəkmişdi, bir tikə balıqla qarnını doyuzdurub, bit-birə üçün qulağının dibinə püskürtmə dərman vurmuşdu. Pişiklər qulaqlarının ardını yalaya bilmir, ona görə bit-birə yığışır.

Yox, düzünə qalsa, o mehriban-işıqlı günlərdən sonra ortalığa düşən ögeyliyin günahkarı, həm də Humay özü olmuşdu.

- İsmayıl, sənə neçə dəfə demişəm ki, almanı yeyib, kötüyünü balışın altına qoyma.

- Qoyanda nolur ki?

- Necə nolur? Bilmirsən? Düşür künc-bucağa, çürüyür. Neçə dəfə demişəm ki, corabı çıxarıb ortalığa atma. Balkonun işığı yanmır, onu düzəltdir.

- Başqa nə olmaz, məllimə?

- Sən məni ələ sal. Dünən narı yeyib suyunu uşağın kitabının üstünə tökmüsən. Axırıncı dəfə olsun, çiməndə qışqıra-qışqıra saymaq. Yüz otuza qədər sayıb adam çimər?!

- Aaa... Düz tapdın, düz tapdın. Deməli, sən də başlamısan saymağa.

- Allah eləməsin. Mənim ağlım hələ başımdadır.

- Bunu Allah eləmir ki. Keçən dəfə 143-ə qədər sayıb çimmişdim. Yavaş-yavaş azaldıram.

- Bəsdir, sən Allah. Bəs-dii-r! Hamamı it gününə qoyursan. Elə bil içəridə müharibə gedir. Dırnağını da evin ortasında tutma. Evdə dörd dənə bıçaq var, hamısı da küt. Kəsmir. Bezmişəm. Başa düşürsən?! Bezmişəm! Apar itilətdir. Evdə yüyə vardı, harasa düşüb. Tapa bilmirəm, yoxsa, özüm itiləyərdim.

- Yüyə yox, yeyə. Yeyədir onun adı. Ye-yə... De görüm: yeyə.

Sonra başlayırdı müsibət. Boğazdan keçməyən sözlər, barmağa tikan kimi batan kəlmələr, qışqırıq, ağlaşma, qanqaraçılıq, köhnə palan içi tökmək... Həmişə də bu köhnə palanın içindən Muradın qızaran gözləri, titrəyən hıçqırığı çıxardı.

***

Günə gün calandı, həftə oldu. Həftə keçdi, ay oldu, ay dolandı, il gəldi. Söz vaxtına çəkər, elə onda da Bakıya qar yağmışdı. Yağıb tez də kəsmişdi. Humaygilin binasının qabağındakı Şaxta baba əriyib-əriyib lap xırdalaşmışdı. Uşaqlar gərək, Şaxta babaya belə hörmətsizliyi rəva bilməsinlər. Bir babanın ki sifətindən yerkökü sallana, ondan nə gözləyəsən, nə umasan? Hələ üstəlik, bir avara qarğa da gəlib o sallaq yerkökünü dimdikləyə, bəyənməyib uçub gedə. Sərçələr də ağaclarda şən-şən civildəşə.

Qar əridi, havanın şaxtası sındı. Sonra yanvarın günəşli günləri başladı. Həmin ilıq günlərdə Murad dedi ki, həyətdə velosiped sürmək istəyir. Ata-bala qoşuldular bir-birinə, apardılar velosipedin təkərinə hava vurdurmağa. Gedəndə sifariş də verdilər: balıq qızartmasının yanında kartof soyutması olsun.

Humay, əvvəlcə, xudmani qazanı suyla doldurub kartofu qoydu qazın üstünə. Sonra günəbaxan yağını töküb balığı düzdü tavaya, pəncərəni də açdı ki, tüstü evə yayılmasın. Aşağı boylandı, gördü, oğlu velosiped sürür, əri yenə siqaret yandırıb toyuğun dalıyca qaçan xoruza baxır. Köks ötürüb balığı çevirmək üçün içəri keçmək istəyəndə ərinin səsini eşitdi:

- Murad, gəl, oynayaq.

- Nə oynayaq, ata?

- Deməli, belə... O maşını görürsən?

- Hansı, o ağ maşını?!

- Yox, qırmızı "Niva"nı.

- Hə...

- Mən uşaq olanda bu oyunu atamla oynayırdım. Qırx beşə qədər sayacam, görüm, o maşına əlini vurub, qaçıb gələ biləcəksən? Sonra sən sayacaqsan, mən qaçacam. Əgər vaxtında çatsan, səni boynumda gəzdirəcəm. Çatmasan, məni yüz dəfə öpəcəksən.

- Dayan, anam çağırır. Görüm, nə deyir. Hə, ana...

- Murad... Murad... gəl evə, dərslərin qalıb.

- Ana...

- Dedim, evə gəl. Tez ol. Eşitmədin?!

***

Çox olmazdı, elə üç ay olardı: ayağı yaralı pişik dadanmışdı onların qapısına. Qapının ağzında elə yatırdı, elə bil evin keşiyini çəkir.

Humay marketdən qutu istəmişdi. İçinə köhnə yun paltar sərib tumar çəkə-çəkə Allahın bu çarəsiz heyvanını yatırtmışdı içində. Su da qoymuşdu, yemək də. Elə bilmişdi, ərinin deyinməyi çox çəkməyəcək, üç-dörd günə ötüşüb gedəcək. Amma yox, çox çəkdi. Və bir gün həmin pişik nə ac olub qapını cırmaqladı, nə soyuqdan qaçıb qutuya sığındı.

Yox oldu.

Qeybə çəkildi.

Humay şübhələnməyinə ərindən şübhələndi, amma dilinə gətirə bilmədi, qorxdu. Fikir çəkdi, qəm elədi, evdə ruh kimi dolaşdı, xısın-xısın ağladı. Boş qutuya baxanda elə bildi Murad itib, Murad ölüb, Muradın yeri boş qalıb. Əl-üzünə su vurub güzgünün qarşısına keçəndə özündən qorxdu: bu nə ölü gözlər, bu nə ələmli bət-bəniz idi? Qorxdu ki, başına hava gələ. Bəlkə başını qarışdırmaq üçün salat hazırlasın, yemək bişirsin, paltar ütüləsin?

Səhəri gün dişini yuyanda diksindi:

- Ay Allah, qurban olum sənə, - dedi, - məni öldür, amma ağlımı əlimdən alma.

Hə, o da ürəyində saymağa başlamışdı. Elə o gündən özü də ilim-ilim itdi. Heç kim bilmədi hara gedib, niyə gedib.

İsmayıl yer qalmadı onu soraqlamasın, axtarmasın. Mətbəxdəki qab-qaşığı da yumamışdı Humay. Heç olmasa, uşağın pal-paltarını sərib gedərdi. Nəm-nəm ortalıqda qalmışdı.

Muradın başını aldadıb qardaşıgilə göndərdi. Yer-göy başına uçulurdu, nigaranlıqdan canını qoymağa yer tapmırdı. Ağlına min cür fikir gəlirdi: özünü asıb, dənizə atıb, zəhər içib... Əlacı zəhər içmək idisə, evi qoyub başqa yerə niyə gedirdi? Bəlkə küsüb, inciyib, onu qorxutmaq üçün hardasa gizlənir? Keçən ay Memar Əcəmidəki mağazadan aldığı palto asılqanda idi. Bəs nə geyinmişdi, köhnəni? Çantası da güzgünün qabağında qalmışdı.

Humay gedəndən sayı-hesabı da itirmişdi. Tükənməyən rəqəmlərin təkrarını yığıb-yığışdıra bilmirdi. Başı zoqquldayırdı. Murad da zəng edirdi: ata, anama nolub, niyə zəng çatmır, məni nə vaxt evə aparacaqsan?

Başını pəncərəyə söykəyib ağladı. Çox şey yada düşdü. İlk görüş, ilk öpüş, park skamyasında oturub dənizin üstündə ulduz saymaq... yox, belə yüngüllük olmamışdı; park skamyasında tum çırtlamaq, metro vaqonlarında, avtobus dayanacaqlarında bir-birinə qısılmağın xoş həniri... Harda qeyb oldu o bəxtəvər gecələrin işığı? Hansı dumanda itkin düşdü?

Sonra toxtayıb siqaret yandırdı İsmayıl. Gedib Muradı da gətirdi. Qab-qaşığı çoxdan yumuşdu, evi süpürmüşdü, pal-paltarı ütüləmişdi. Humaydan qalan hər şey ürəyinin başını göynədirdi: şəkillər, pal-paltar, gürcü larisi, boş ətir qabları, diş fırçası, rus dili lüğəti, kompot bankaları, dibçək güllər, uzunboğaz qış çəkmələri... Kaş pişik də qayıdıb gələrdi.

Gedib Humayı axtarmalı idi. Hardan? Necə yəni, hardan? Keşlə bazarından. Bəlkə getmişdi balıq almağa? Humay çay farelini sevir. Qəbələdən gətirirlər. Keşlədə olmasa, deməli, Murada əyin-baş almağa gedib. Ya da əmisi qızının yanına ağlamağa.

Möcüzə. Qapı döyüldü. Yox, bu döymək deyildi, bu dəmirə zərif toxunuş idi.

- Mən deyiləm ki, qəpiyi bərk-bərk sıxıb döyəcləyim. Taqqa-taq, taqqa-taq...

Kaş Humay ola.

Kaş Humay ola.

Kaş Humay ola.

Murad cumdu qapıya. Hə, Humay idi. Elə bil bir topa çiçək idi, düzü-dünyanın bəxtəvərliyi idi - gəlib dayanmışdı qapıda.

- Ana - Murad ağladı.

- Sən harda idin, Humay?

- Apardım bıçağı, itilədilər. Usta da tapdım, sabah işığı düzəltməyə gələcək.

- Sən nə danışırsan? Bir həftədir hardasan?

- Nə bir həftə? Ay All-ah... Bu nədir, divarları niyə yazmısan? Sənnənəm? Divarlar niyə bu gündədir, İsmayıl?

- He-sabı itirirdim. Yadımda qalmırdı... ona görə yazdım.

İsmayıl bunu deyib yıxıldı. Humay qışqırdı, Murad lap bərkdən ağladı.

- Ata... Ona qədər sayıram, qalx. Ay ata...
/Kulis.az/

Yenililklər
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.