Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Avanqard.net tanınmış şair Vaqif Bayatlı Odərin müsahibəsini təqdim edir.
– Vaqif müəllim, mövcud ictimai-siyasi durumu necə xarakterizə edərdiz? – Nə durum?! Mən ancaq Yıxılım və qanadsız gözyaşları görürəm...
– Sizcə, nəhəng dövlətlərin gözaltı elədiyi qara neft kəmərini Qarabağın ortasına dolasaq, o torpaqlar bir də əynimizdən sürüşüb düşməz ki?
– Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar.
– “Biz torpaqlarımızın 80%-ni azad etdik, qaldı 20%-i”. Vaqif Bayatlı Önər, Bakı şəhəri, 1993-cü il. Sonra?! – O səksən faiz azad olunmuş torpağın o iyirmi faiz əsir torpağı sevməyini istəyirəm! O sevgi o iyirmi faizi də xilas edəcək.
– “Qafqaz evi” yaratmaq ideyası gerçəkləşsə, Ermənistanla bir damın altda dinc yola getməyimiz baş tutacaqmı? – Nəinki hər bir xalqın, hətta hər bir insanın özünün ayrıca damı olsa yaxşıdı və o damın altda sevgilisi olsa heç bir problem olmayacaq.
– Pərəstişkarları növbəti prezident seçkilərində V.B.Önərin namizədliyini irəli sürsə, geri durmazsız ki? – Mən çoxdan prezidentəm, öz-özümün prezidentiyəm, həm də qara fəhləsiyəm. Mənim ölkəmin qara fəhləliyi sizin dediyiniz prezidentlikdən çox-çox yuxarıdı. Görün indi prezidentliyi nə boydadı?!
– Siyasətdən umacağınız, siyasətçiyə məsləhətiniz... – Heç nə ummuram, məndən nəsə umanlara nəsə verməyə çalışıram. Məsləhət verməkdən də və məsləhətə qulaq asmaqdan da zəhləm gedir. Mənə elə gəlir ki, yer üzündə bir-birinə bizim kimi məsləhət vermək həvəsində olan ikinci xalq yoxdu.
– Bütün siyasətlə maraqlananlara sualınız? – Dünyanın ən gözəl çiçəyi olmaq istərdinizmi? İstərdinmi səni qoxlasınlar, səni də sevsinlər?.. “Yol” qəzeti, 1995-ci il.
|