Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?

11.01.23

    Taleyimizə elə bir zamanda yaşamaq düşüb ki, üzümüzün sağ yanı gülümsəmək istəyəndə sol yanı ögey ana, əzazil ata kimi çəp-çəp “qonşu”suna tərəf çönüb çəmkirir: “özünü yığışdır, nəyə sevinirsən, sevinməli, qürur duymalı nəyimiz varsa məhv eləmişik”. Həssas gözlər də anlayır ki, bizim “elit” bildiklərimiz quduzcasına yaşamağı üstün tuturlar, yaşatmaq sözünü lüğətimizdən silmişik. “Yaşamaq yanmaqdı”, bəs yaşatmaq nədir? Onu bilmirik.
    Tanınmış yazıçı, naşir, publisist Azad Qaradərəlinin “Özü bilir” hekayəsində “yaşatmaq nədir?” sualına cavab axtarmağı qarşıma məqsəd qoydum. 44 günlük ikinci Qarabağ müharibəsi bizə çox mənəvi dəyərlər öyrətdi – həmrəyliyi, birliyi, qəhrəmanlığı, hər qarış torpağımız uğrunda canı fəda etməyi, bir-birimizin dərdinə şərik olmağı. Və üstündən iki il keçməmiş bu mənəvi keyfiyyətləri heç nə olmamış kimi unutduq. Sanki bunlar heç olmayıbmış. Yenə başımız Vətənin varını yağmalamağa, hətta şəhidin, qazinin haqqını tapdalamağa, hünərinə ironiya ilə baxmağa qarışdı.
    “Özü bilir” hekayəsi yığcam müharibə salnaməsidir, həm də ülvi sevgi dastanı. Müharibə və sevgi kəlmələrində paradoks axtaranlar yanılırlar. Müharibə sevginin əsl sınaq meydanı olduğunu Azad müəllim bir daha sübut etdi. Bir də axı müharibələrdə zəfəri sevgi ilə qazanırlar – Vətənə, torpağa, elə-obaya, arxa cəbhədə qalan ata-anaya, həyat yoldaşına, körpə balalara, yolunu həsrətlə gözləyən sevgiliyə sevgi qələbənin rəhni deyildimi?
    Yazıçının “üzü-gözü sarıqlı olduğundan hospitalda televiziyaya müsahibə verən əsgər” – qəhrəmanını bir nəfərdən başqa heç kim tanımamışdı. Kim idi o bir nəfər?
    “Ölkənin ucqar kəndində yaşayan” Zeynəbin sinif yoldaşı Asimanın elçiləri gəlmək istəyəndə əvvəl gülüb, sonra hirslənib “camaata it hürər, maada çaqqal” rişxəndi və “anqırıb tayını tapsın” söyüşünü Asimangilə “sifariş” edən gündən xeyli vaxt keçmişdi. Bu kənddə hamının ləqəbi vardı. Azad müəllimin iki lirik qəhrəmanının ləqəbini hələlik oxuculara bildirməyəcəyəm. Bəlkə sonda bildiniz. Çünki bu kəndin “ən şaqqalı, boylu-buxunlu oğluna, və mərd, sevgisinə sadiq, incə qızına o ləqəblər yaraşmırdı”. Nə olsun ki, Asiman 14 yaşında atasının təklüləli tüfəngi ilə ov ovlamış, quş quşlamış, Zeynəb də doqquz yaşında iki qurdun dananı yemək istədiyini görüb atasının çomağı ilə dananı qurdların pəncəsindən xilas etmişdi.
    Zeynəbin Asimanın elçilərinə “yox” cavabı verməsində də qızın bir həqiqəti, yaxud arqumenti vardı: “Özünü qoruya bilməyən ailəsini necə qoruyacax?”. Axı Asiman sinfin ən sakit, dinməz-söyləməz, mağmın uşağıydı. Şaqqalı olsa da. Çünki atası öləndən sonra anasına söz vermişdi ki, heç kimin xətrinə dəyməyəcək. Zeynəb də dediyim “arqument”dən yapışıb atasının sözündən yan keçməyə bəhanə tapmışdı, “əfəl” Asimanı bəyənməmişdi.
    Insanlarin az-çox daha saf olduğu kənd yerlərində qardaşların ən etibarlı, sirr saxlayan “ilk məhəbbət köməkçisi” bacılar olub. Bacının Asimanın məktubunu Zeynəbə çatdırması qızı mum kimi yumşaldır. O məktubda nə yazılmışdı? Bu da hələlik bir sirr olaraq qalsın...
    Nəhayət toy oldu, sinif yoldaşları sərxoş vəziyyətdə rəqs elədilər, Asimanı və Zeynəbi də rəqsə dəvət etdilər, bəy və gəlin imtina edəndə “Donqa Əbil adlı qozbeltəhər oğlan” bəylə gəlini qucaqlamaq istədi”. Nəhayət Zeynəbin “sual dolu baxışları” Asimana dikildi: “Yəni məktubda yazdığın yadındadır?”. Bu nəzərlər və məktubda yazdıqları Asimanı oyatdı, cürətə gətirdi. “Şitlik eləyən, toya pərxaşlıq salan” sinif yoldaşlarını “doladı şillə-təpiyə, döyüb yığdı bir qırağa”. Donqa Əbilin iki qabırğasını sındırdı.
    “Uzun get-gəldən sonra yetim Asimana bir il məcburi əmək verdilər. Zeynəbin atası da daş atıb başını tutdu ki, mən öz toyunda dava salan adama qız vermərəm.
    Beləcə toy pozuldu, gənclərin həyatı da”...
    Vurğulamışdım ki, müharibə həm də əsl məhək daşıdır, bir çox nəsnələrin meyarıdır. Kimin kim olduğunu bilmək üçün həyatın bir anı - cəmi 44 gün bəs elədi. Papalarının gül balaları qorxaq tülkülər kimi bir günün içində  aradan çıxdılar. Soraqları əcnəbi diyarların otel, restoran və barlarından gəldi. Məmur papalar balalarını – dibçək güllərini müharibə adlı əjdahanın ağzından qopartmışdılar. Belələrinin Vətəni, torpağı, milləti olmur. Haram pul, sərvət onları kosmopolit, manqurt edib. Nə olsun ki, nərmənazik qollarında bir ailənin bir neçə illik dolanışığına bəs edəcək qiymətdə saat gəzdirirlər. Onlar vaxtın dəyərini keflə, əyləncə ilə ölçürlər, saata, vaxta baxmağa macalları var ki? Oğul, ər, sevgili gözləyən ata, ana, gəlin-qıza 44 gün bəlkə də 44 ilə bərabər olduğu halda, əslindən, kökündən, Vətənindən bixəbərlər üçün bir an idi, bəlkə də kədərlənirdilər ki, müharibə niyə tez qurtardı, buralarda kef çəkməyin ləzzəti ayrıdı...
    “Gizir Asimanın başçılıq etdiyi “Cüllüt” adlı xüsusi təyinatlı dəstə kanatlar vasitəsi ilə sərt dağlara dırmaşmış, düşmənin görmədiyi səmtdən gecə ikən onların üstünü alıb məhv etmişdi. Həmin döyüşdə Asiman iki yerdən yaralansa da, döyüşü axıracan davam etdirmişdi”.
    Hospitaldan çıxanda Asimanın saytın müxbirinə müsahibəsi hekayədə cərəyan edən hadisələrin düyün nöqtəsini açır. Atası vəfat edəndə anasının “bizim heç kimimiz yoxdu, heç kimlə dava eləmə” xahişinə Asiman iki dəfə əməl edə bilmir. Birincisi, “bir nəfərə yazdığı məktubda verdiyi sözə görə. Müxbirin “hansı sözə görə?” sualına “özü yaxşı bilir” cavabının arxasında böyük ləyaqət durur, kişi qüruru dayanır.
    Müəllif qeydi: “o məşum toy əhvalatından səkkiz il keçsə də, nə Asiman evlənmişdi, nə də Zeynəb ərə getmişdi. Oğlan məcburi əmək cəzasını Bakının daş karxanalarında çalışmaqla çəkmiş, sonra da qalıb elə orada işləməyə başlamışdı. Qız da kəndlərindəki məktəbdə dərs deyirdi”...
    “Müharibə bitmiş, bütün kənd qəhrəman oğlunu qarşılamağa çıxmışdı. Hətta içib toyunda dava salan sinif yoldaşları da. Təkcə Zeynəb yox idi. Qızdan soruşdular ki, bəs sən niyə qəhrəmanı qarşılamağa çıxmırsan?” Zeynəbin təbəssümlə “özü bilir” cavabındakı məsumluğu, yenilməz vüqarla yanaşı, saf sevgini hiss etmək üçün duyğulu ürək sahibi olmaq gərək. Bu qaziyə verilən ən qiymətli dəyərdir, həm də ulu Türk qızına xas həyalı və ağıllı cavab.
    44 günlük müqəddəs savaş insanları bütövləşdirdi, doğmalaşdırdı, kiçik umu-küsüləri silib-süpürdü, hamı qəhrəman oğullarla fəxr elədi. İnandıq ki, Vətən torpağına göz dikənlərin gözləri həmişə töküləcək ki, bir daha belə fikrə düşməsinlər.
    “Zeynəbin atası da qəhrəmanın görüşünə getmiş, onu bağrına basaraq üzündən öpmüş, evlərinə qonaq çağırmış, ayağının altında qurban kəsmişdi”.
    Hekayədə növbəti “özü bilir”. Qəhrəmanın şərəfinə kənddə düzənlənən qonaqlığın nişana çevrilməsi qədirbilən sadə xalqın igidlərini uca tutmasına daha bir örnəkdir. Asiman qonaqlıqda “kiçik bir qutunu qıza uzadıb yavaş səslə, “toyumuzdan sonra açarsan”, deməsi, kimlərsə Zeynəbdən qutudakını soruşanda “özü bilir” şifrəli cavabının arxasında bir bədii priyom durur. Cavabı tapmaq istəyənlər mütaliənin “ləzzət”ni dadmalıdırlar. Bəs o kiçik qutunun içindəki nə idi? Bunu da bilmək istəyirsinizsə...
    Hekayəni oxuduqca maraq məni də çox özünə çəkdi, az qalırdım sonundan əvvəlinə doğru oxuyam. Marağıma qalib gəlib elə etmədim, mütalıə “ləzzət”indən məhrum olmamaq üçün.
    Azad Qaradərəli yaşadığımız cəmiyyəti, zamanı çirkləndirən, bəd əməlləri və laqeydliyi ilə çirkaba bulaşdıran insanlara mühüm ismarış göndərir. Zamanmı, cəmiyyətmi günahkardı, yoxsa, buz biganəliyi əritməyə ürəyində od, atəş, işıq tapmayan Tanrı bəndələrimi?
    Hekayədə icra hakimiyyətindəkilərin - qanqrenaya görə bir qıçı kəsilən qazinin kiçik bir iş tapmaq ümidi ilə icra hakimiyyətinə müraciətini sinirə bilməyən dövlət məmurlarının münasibəti, hətta harın polisin bir ayağı protezli döyüşçüyə əzələ nümayiş etdirməsi, gözlənilməz zərbənin təsirindən qazinin yıxılması təkcə yazıçı təxəyyülü deyil, bu gün hər addımda rastlaşdığımız gerçək hadisələrdir.
    Zopasına güvənən cahil polisə Asimanın cavabındakı mənəvi bütövlüyə fikir verin:
    - Əəyə, mən bir dəfə söz vermişəm e... Mən qoluma güvənib... Məni heç kimin üstünə göndərə bilməzsiniz!..  Eeeeermənidən başqa!.. Dövlətin üstünə heş getmərəm!..  Əəəəəyə!”.
    Asimanın əsəbindən kəkələməsinə fikir verən kim idi? Şəhidinə, qazisinə dəyər verməyən, haqq-ədalət hayqıranları lağa qoyan millətin başına həmişə bəlalar gələr.
    Böyük rus ədəbi tənqidçisi V.Q.Belinskinin fikrindən faydalanıb desək, kökləri həyatdan su içməyən, həyatı izah etməyən, həyata işıq salmayan əsərlər həcmindən asılı olmayaraq, yadda qala, yaşaya, öyrədə bilməz. “Özi bilir” hekayəsi yığcam olsa da, yadda qalacaq, yaşayacaq, öyrədəcək, insan tərbiyə edəcək.   
    Ilk dəfədir hansısa əsərin məziyyətləri barədə mülahizələrimdə onun bütün həssas nöqtələrinə toxunmaqdan vaz keçə bilmirəm. Ancaq “Özü bilir”dəki bundan sonrakı məqamlara atüstü, bir az da üstüörtülü toxunacağam ki, mütaliəsevərlər üçün də  maraqlı nəsə qalsın.
    Əvvəla onu deyim ki, ay kresloya yayxanıb millətə yuxarıdan aşağı baxan, qaziyə, şəhid valideynlərinə, müəllimə, həkimə “get, daş at, balalarını yedirt”, “get, soğan ək, qazan”, “ayaqlarını yorğanına görə uzat”, “sənə kim demişdi çoxlu uşaq doğ” deyən, milləti “otxod” hesab edən saxta milli və ali məclislərdə varlananlar, qazilər zülm içindəmi yaşamalıdırlar? Yaxud özünəqəsdmi etməlidirlər ki, icra hakimiyyətindəkilər maskalı üzünə saxta kədər yapışdırıb yas yerinə, Şəhidlər Xiyabanına ayaq açsınlar? Gənc Zeynəblər də qəhrəman ərinin cənazəsini zərif çiyinlərinə götürüb qəbiristanlığa aparsınlar? Müstəntiq yaşamdan bezib özünü yandıran qaziyə ölüm ayağında “səni özünü yandırmağa nə vadar etdi?” sualıyla gülünc vəziyyətə düşsün (guya bilmir ki, qazi niyə intihar yolunu seçib). Qazi ölməlidirmi ki, iş adamı Asimanın qəbri üstündə abidə ucaltsın, gəmiyə “Gizir Asiman” adı verilsin? Yazıçı “Qartal Asiman” adlı əsər yazıb qorxusundan əsas məqamlara kölgə salsın, reallığı gizlətsin, vicdanlı redaktorun hadisələrin təhrif olunması iradına məhəl qoymasın, şəhidin adıyla alver, özünü reklam etsin? Yazıçı da, təqdimat keçirən icra hakimiyyəti, zavod direktoru da saxta tarixi olayları ictimaiyyətə sırısın. Belə beyin qırışları piylənmişlər haradan bilsinlər ki, həqiqəti əks etdirməyən nağıllara inanan vaxtlar artıq arxada qalıb.
    Sonda onu yazmıram ki, “özü bilir”lərin, “kiçik qutu”nun içində nələr vardı. Bircə onu bildirirəm ki, bu hekayə gerçək “Cüllüt Asiman və Erkək Zeynəb” məhəbbət dastanıydı...

Yanvar  2023.
 

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.