Azad Qaradərəli - Xalq şairinin ölümü

03.11.22

Hekayə

Millət və Vətən mövzusu yeməli mövzudur...

                (Yazıçının cib dəftərindən)

Qulağı batsa da, sərf eləyən söz olanda eşidirdi. Dili topuq çalırdı, amma kürsüyə çıxdımı, saxlamaq olmurdu. Gözü pis görürdü, di gəl ki, yetmişində əməliyyat olandan sonra gözlüyü atmışdı. Azı üç ayda bir dəfə həkim nəzarətindən keçirdi... Arvadı zarafatla deyirdi ki, oğlumuz maşınını təzədən yığdıran kimi kişi özünü iynədən sapacan təzələdib.
İri qulaqları, yalnız ayağının altını görən fındıq boyda gözləri, həmişə önə əyilməyə hazır yastı başı, bu yastı başın tükü tökülmüş yerlərinə və sifətinə səpələnmiş qəribə xalları... qarnına qoyduğu qısa dili adamı həmişə bütün qovğalardan sağ çıxartmış, uzunömürlü etmiş, əvvəlində doğulduğu əsrin sonlarınacan gətirib çıxartmışdı – düz 88 yaşı vardı. Yaşı yadına düşəndə gülümsünərdi: ”Uşaqlarla bağda loto oynayanda 88-ə qoşa barama deyərdik. İndi mən də qoşa barama yaşamışam...” Sonra da öz dediyi sözdən qorxubmuş kimi iri qulağını dartıb it muşqururmuş kimi dodaqaltı muşqurar, əlini stola döyəcləyib arvadlar kimi "iraq olsun” deyərdi. "Bu nə barama-qurd söhbətidir mən edirəm? Mən, inşallah bütün qovğalardan sağ çıxmışam. İndinin özündə belə ən yüksək vəzifələrdə, deputat kürsüsündəyəm... Barama ha... Qurd ha... Mənim baramayla, qurdla nə işim var?! Maşallah, hər işim qaydasında, pulum-param, xidməti və şəxsi maşınım, neçə yerdə evim-eşiyim... İndi Vətən də Vətəndir də... Nə edə billəm bundan artıq? Nə qədər kitablar yazdım, öydüm xalqımı... Amma mən kommunistəm axı.

Mən Lenin yoluna əbədi sadiqəm, mən kommunizmin iyini, qoxusunu duymuş adamam! Zasluqalarım var axı! Geroy Sostrud, Ali Sovetin deputatı, Mərkəzi Komitənin Plenumunun üzvü, Yazıçılar İttifaqının katibi...Vətən, O tay, Bu tay... Bunlar elə mənəmi qalıb? Oxəntənə şeir yazdım Təbrizə, roman həsr elədim... İndi mən o 44-45-də orada, Təbrizdə baş verənləri olduğu kimi yaza bilməzdim axı... Məni yaşatmazdılar, canım!.. Hələ övladlarımı?! İraq olsun... Mən həm şair kimi, həm nasir kimi, həm dramaturq kimi xalqıma qulluq etdim, o cür əsərlər yazdım... İndi bir burnu fırtılıqlı gəlib deyir ki, biz müstəqil olmaq istəyirik... Ədə, bəs mənim o boyda cildlərim nə olsun?! Düz iyirmi beş cilddir e! Hamısı da Sovet İttifaqını, Kommunist partiyasını, kommunizmi vəsf edən əsərlər... Yoxsa diri-diri məni gömmək istəyirsiniz?!

Lazım gəlsə, əlimə silah alıb, bu yaşımda sizinlə vuruşaram! Olmaz, e olmaz! Biz kiçik ölkəyik, bizi yaşatmazlar... Xəlqimizi qırğına verməyin... Nə?! O tay? Ədə, O tayı İran buraxmaz e, buraxmaz! Onların dili də dəyişib, imanı, etiqadı da. Siz onlara bel bağlamayın... Hindi şeir-şüyür yazdıq, Təbrizi-zadı vəsf elədik, o qədər...  Daha ordan o yanası yoxdur... Bu Maskvanın da lap axırı itib, özüm ölüm! Ədə, götür qoşunuvu, İgirmi yanvardakı kimin sox Bakıya, dağıt bu xəlq cəbhəsini!.. Qır hamısını!.. Köpək uşağı... Müstəqil olublar mənimçün...”

Qəzəbli halda balkondan aşağı baxır, uşaqların bağırtısını eşidirdi:
- Azadlıq! Azadlıq! Şəhidlər ölməz, Vətən bölünməz!..

Öz uşaqlığı yadına düşdü. Amma o uşaqlığını heç xatırlamaq istəmirdi. "Uşaqlıq deməzdim... Tam bir əzab maşını... Əsrin sonunda o taydan – Təbrizdən bura – Bakıya gələn atam muzdurluqdan tutmuş hamballığacan hər işə əl qoyur ki, acınnan ölməsin. Sonra neft buruğunda işə düzəlir, burdan bir kasıb kişinin qızı ilə evlənir və yeni bir kasıb ailənin təməli qoyulur... 1903-mcü ilin bir payız axşamı mən doğuluram...”

Ev telefonu zəng çaldı. Güclə qalxıb dəstəyi götürdü və dərz döyən vəlin xırçıltısına bənzər səs çıxdı ağzından:
- Allo... Eşidirəm... Kim? Əmim oğlu? Mənim əmi oğlum yoxdur axı? İrannan? Təbrizdən gəlmisən?! Hə... Dayan... Sən sabah bizə təzədən zəng vur, mən də onacan yoldaşlarla danışım, görüm necə baxırlar sənin gəlməyivə?! Nə!? Sovet höküməti yıxılıb?! Ay kişi, əyibdir, KKB səni tutar bilirsən negnəyər... Yaxşı, yaxşı, mən adboy verirəm, sən sabah bir də zəng vurarsan...

 Arvadı əlində qəzet girdi içəri. Qəzeti atdı stola, əli ilə başını tutdu.
 - Nə olub, nöşün elənçiksən? Başun ağrayır?
- Eeeeee... Xoş halıva, xəbərin yox xəbərdən! Bakı qeyneyir e, qeyneyir! Küçələrdə adamlar sel kimün axışırlar Domsovetə... Diyillər kin, Sovet höküməti yıxılıb... Vay, bəs görən nə olacaey? Bizi qıraceylər... Başuma xeyir... Gör nə günnərə qaldux?..

 - Ağzuva gələni danışma, ay arvad! Sover hökumətinə heç Allahın da gücü çatmaz!..
 - Əh, sənin dünyadan xəbərin yox ki, ay aqibetixeyir! Dünya dağılır e, dağılır!..
 İstədi götürüb ...zadəyə zəng edə, məsələni o yaxşı bilərdi, amma vaz keçdi. "O əclafın yekəsüdür. Üzdə mənnən xoş danışsa da, daldada ipimi kəsər! Vətən, ana dili deyə-deyə qalmışdı... Hindi ona zəng vurmaq oğrunun yadına daş salmağ olar... Lazım dögül...”

"...yev də ni myasa, ni rıbadır. İngilis bayrağı fason...”

- Xəbərin var, üçrəngli bayraq qaldırıblar şəhərdə?! Sovetin bayrağını endiriblər...” – Arvadı həyəcanla mətbəxdə telefonla kiminləsə danışır... – Ağəz, Məmmədəmin Rəsulzadənin portretlərini vurublar e Domsovetin yuxarı başına! Həri!..

 "Mənim dərimə saman təpərlər ki, bunlar. Üçrəngli bayrağa, Məmmədəminə nəxantana şeir yazdım, biyabır elədüm... Hindi bunnar...”

Girəcəkdəki divardan asılmış iri çərçivəli bahalı daş saat düz üç dəfə vurdu, yəni saat üç tamamdır. Bu vaxtlar onun, adətən, gündüz yuxusu olardı, amma indi yuxusu qaçmışdı.

***

Əmisi oğlu ilə, daha doğrusu, əmisi nəvəsi ilə kəsə danışdı. Dedi ki, indi Bakıda vəziyyət qarışıqdır. Kimin nəyi kimin harasındadır, bilinmir. Onu da əlavə etdi ki, qoy bu hadisələr durulsun, danışarıq, görüşərik...

Əminəvəsi, hərçənd narazı qalmışdı – səsindən duyulurdu, amma onun başqa çarəsi yoxdu.  Axşama yaxın oğlu gəldi. Qanı bərk qara idi. İşlədiyi nazirliyin bütün otaqlarından Leninin şəkillərini çıxardıb küçəyə atıbmışlar. Yerinə Məmməd Əmin Rəsulzadənin şəklini vurublar. Hələ o üçrəngili bayraq!..

Oğlu atasına baxa-baxa qışqırdı:

- Mənə açıqca deyirlər ki, sən Vətən xaininin oğlusan, bizi müstəmləkəçiliyə çəkən xalq şairinin oğıusan!.. Bilmirəm, başıma haranın daşını salım!?. Yəqin ki, işdən qovacaqlar bir azdan... İndi hamı onların tərəfindədir...

- Sən də keç onların tərəfinə! Aydını görmürsən? Nöşün dayanmısan?! – Anası idi. Oğlunun həyəcanına dözməyib belə reaksiya verdi.
- Qəbul etməzlər... Onlar artıq məni çıxdaş ediblər... Atamın vaxtiykən yazdığı antimilli şeirləri...
- Nə antimilli, alə?! Onlar antisovet adamlara qarşı yazılıb! Mən... Mən...
- Sən, Sən! – Oğlu ilk dəfə idi ki, atası ilə söz güləşdirirdi.
 Az sonra oğlu qapını çırparaq çıxıb getdi.
 Elə o gedən kimi "Bakı” axşam qəzetinin hələ mətbəə qoxusu getməyən nömrəsini gətirdilər. Qəzetdə yenidənqurma, Xalq cəbhəsi, Azərbaycanın müstəqilliyi ilə bağlı yazılar vardı. Dördüncü səhifədə isə onunla həmişə mübahisə edən bacısı nəvəsi  cəbhəçi Aydının  "Azadlığın təntənəsi” adlı yazısı verilmişdi. Yazının tez gözdən keçirdi və mat qaldı. Adını çəkməsə də, dayısını və onun həmfikri olan kommunistləri yıxıb-sürümüş, son günlərini yaşayan Sovet hökümətinin müstəmləkəçilik siyasətini aşağılamışdı. Məqalə bu sözlərlə bitirdi:

"...Onlar öz doğma babalarını danaraq Leninə baba deyir, millətimizi ayqalar altına atırdılar:

Günəş şimaldan doğmaz deyir təbiət elmi,
Lenin şimaldan doğdu, Lenin günəş deyilmi?!

Bizim günəşimiz öz Şərqimizdən doğacaq. O günəş doğmuş belə.”
Kişi son cümlələri oxuyanda artıq gözləri hərfləri görmürdü...

***

Gecənin bir aləmi yuxunun şirin vaxtı qəribə yuxu görürdü. Gördü ki, Fəxri Xiyabanda bir qrup adam buldozerlərlə, ekskovatorlarla bəzi qəbirləri sökürlər.
"Bunu təcili çıxardın burdan! Gör üstündə nə yazılıb: Müsavat cəlladları tərəfindən güllələnmişdir! Cəllad da, satqın da bunun özüdür! Qazın, yığın samalsvata!”
Sonra başqa bir qəbirə yanaşdılar: "Bunu da qazın! Gorbagor həmişə bizi Rusiyanın ayağına verib!” Söz ağzından çıxan kimi ekskovatorun iri ələ oxşayan amansız qovuşu  qəbiri "hop” eləyib yerdən çıxardı, iri maşına tökdü. "Bu oğraş isə 37-ci ilin qanlı vaxtlarında Müşfiqin, Cavidin ölümünə bais olub. Çıxardın bunu da!” Onun qəbirini də qazdılar.

Aşağı tərəfdə isə miskin görünüşlü fağır bir qəbir vardı. Onu göstərdi:”Bunun isə üstünü təzədən götürün. Bu xalqımızın O taydakı inqilabının rəhbəri olub. Burada yatan bəzi alçaqların əli ilə şərlənib, qəzaya salınaraq öldürülüb!”

"Bu xalq şairi də şərəfsizin biri olub! Sökün bunun da məzarını!” Dostu olan şairin qəbirini ekskovator dağıdanda sümüyü sızıldadı. Yalnız indi bildi ki, o özü də ölübmüş və elə burada, Fəxri Xiyabanda dəgn edilibmiş. İstədi qışıra ki, mən axı hələ ölməmişəm, diriyəm, baxın, bu yuxunu mən görürəm! Amma bayaqdan əmr verən gənc gəlib onun qəbirinin başında durdu və çığırdı:”Bu alçaq mənim dayım sayılır, daha doğrusu, anamın dayısı! Amma şərəfsizlikdə tayı olmayıb! Satqının, alçağın təki idi! Şeirləri, hekayələri, romanları Rusiya, Moskva, Qızıl meydan, kommunizm kimi çürük mətləblərlə doludur. Bunu da rədd edin burdan!”

Yalnız indi gördü ki, bu əmr verən bacısı nəvəsi Aydındır. İstədi qışıqra, səsi çıxmadı... Ekskovatorun qovuşu onun düz sinəsinə çökmüşdü... Nə qədər çalışsa da, oyana bilmədi. Deyəsən, sinəsinə dəyən zərbəni həqiqi bilərək, doğrudan ölmüşdü...
***
Şairin ölümü şəhərdə elə də səs-küy yaratmadı. Köhnə adamların sözü olmasın, sanki köçdən bir toxmaq düşmüşdü. Xalqın qəzəbindən qorxan rəhbərlik şairin nəşini Fəxri xiyabanda axşamdan qazılmış qəbirdə səssiz-küysüz dəfn etdi. Arvadı isə yana-yana ağı deyir, ağlayırmış kişisini: "Nöş buxəntənə yaşadın, ay kişi?..
Nöş ikicə il qabax ölmədün, nöş?!
Vaşşş! Öyüm yıxıldı, vaşşşş?!”

***
Şairin Təbrizdən gələn əminəvəsi məsələni biləndən sonra deyibmiş: "Yox, baba, mən səhv salmışam. Bizim nəsildən olan adam o cür ola bilməz. İnsafən, özü də belə düşünürdü...”

***

Yalan-doğru, danışırdılar ki, xalq şairinin nəvəsi babasının Sosialist Əməyi Qəhrəmanı döş nişanını məşhur bakılı zərgərə antikvar kimi satmaq istəsə də, o bunu "lom” kimi almışdı.
 
       23.10.2022

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.