Mübariz Örən - Qum adası
23.06.22
Avanqard.net yazıçı Mübariz Örənin yeni yazdığı “Qum adası” hekayəsini təqdim edir.
Köhnə vaxtlardakı kimi Səməd Vurğun bağında görüşdülər, – heykəlin qabağında. Yusifin iliydi, Hövsana qəbir üstünə getməliydilər. Beş il universiteti bir oxumuşdular, filologiyada. Dördü bir otaqda qalmışdı. Sonra həyat hərəsini bir tərəfə atdı.
– Bəlkə taksiylə gedək? – Aralarında nisbətən yaxşı geyinəni dedi.
– Taksini neynirsən? Avtobus düz yanına gedir, – boz dekabr ayına uyğun gəlməyən yüngül ağ kepkada olan dedi.
Üçüncü də nəsə demək istəyirdi, “Hövsan bir manat”, Hövsana bir manat” – deyib müştəri çağıran sürücü başlarının üstünü aldı: “Bir nəfərim var, ağsaqqal, siz də oturun, çıxaq”.
Arxada oturdular. Maşın yerindən tərpənən kimi meyxana səsi salonu başına götürdü: “Adam var ki, küləylə dostluq eliyir, başqa arzu-diləylə dostluq eliyir…”. “Səs mane olmur ki, ağsaqqal?” – müştərisini yığıb kefi kökələn sürücünün gözləri güzgüdə gülürdü. Qabaqda oturan gənc sərnişin də qanrılıb onlara baxdı. Ortadakı başıyla “kefinizdə olun” işarəsi verdi. Sonra qolu ilə yanındakını tərpətdi: “Gərək gül də alaydıq…”. “Oralarda olmamış olmaz” – güclə eşidiləcək səslə yanındakı dedi. “Qəbrəstanlığın içində var” – üçüncü dedi, söhbəti necəsə qulağı çalan sürücü maqnitafonun səsini tamam aldı: “Narahat olmayın e, ağsaqqal, sizi düz qəbirəstanlığın qapısına aparacam”.
Qəbirəstanlığın girişində gül satılırdı…
Yusifin qəbrini çətinliklə tapdılar. Tələbəlik vaxtı atasının dəfnində iştirak etsələr də, keçən illər qəbirəstanlığı xeyli dəyişmişdi. “Səndən heç gözləməzdim, – başdaşıdan sakit-sakit baxan Yusifi görəndə ağ kepkalı ağlamsındı. – Burda sənin nə işin var?”. Susdular… İçlərinin ən yaraşıqlısı, dilli-dilavəri Yusif idi. Şəhərdə qızlarla tanış olmaq istəyəndə həmişə onu qabağa verərdilər; şirin dili ilanı yuvasından çıxarardı. İndi lal daşdan baxır. Həyatın heçliyindən, etibarsızlığından hərə bir söz dedi, başlarıyla bir-birlərinin sözünü təsdiqlədilər. Bir az aralıda, qəbirlərin arasında molla var-gəl eləyirdi, dodaqaltı özləri pis-yaxşı fatihə oxudular, salavat çevirdilər.
Hava soyuq idi. Şəhərə qayıdıb hərəyə yaxşı bir cızbız yemək olardı. Köhnə vaxtlardakı kimi. Amma hardaydı indi o cızbız. O vaxtkı Lenin sarayından düşəndə, sol tərəfdə əla bir “cızbıznaya” vardı, “padvalda”, bax, əsl cızbızı orda verirdilər. Manat yarıma. Bığından nur daman, otuz-otuz beş yaşlarında bakılı oğlan idi cızbızçı, kəfkiri sacın dərin yerindən vurardı, – sac da sac idi ha; yalan olmasın, burdan ora! – qalaqlama…
– Əh, indi orda Hindistan yeməkləri verirlər, – ağ kepkalı həvəssiz dedi.
– Hövsanda yaxşı xəngəl yeri bilirəm, – üçüncü dedi.
Asfalta qədər xeyli piyada getməliydilər. Bir az getmiş, döngədə balaca ərzaq dükanı var idi, yanında da kafefason bir yer.
– Gəlin elə burda oturaq, – nisbətən yaxşı geyinən dedi, – yaxşı da adı var.
Arağı dükandan götürdülər.
İçəri od kimiydi. Zalın ortasında gurhagur “ceyran peçi” yanırdı. Pəncərənin yanındakı masada dörd cavan oğlan şirin-şirin yeyib içirdi. İstiyə yaxın əyləşdilər. Boydan kəsik, bədəndən dolu kişi yaxınlaşdı:
– Əntiğə küftə-bozbaşım var, – dedi, – təzə bişib, məsləhətdü.
– Gətür, – dedilər.
Küftə-bozbaş doğrudan da əlaydı; hər şeyi yerli-yerində. İlk qədəhi səssiz içdilər: “Yusifin yoxluğuna”. Sonra iş-güclərindən danışdılar. Hərə öz sahəsindən narazı idi… Biri filologiya üzrə gedib alim olmuşdu: Dilçi. O biri zooparkda işləyirdi: Filçi. (Filə-filana baxmırdı, yox, kassir idi, amma zooparkda). Biri isə Məişət Tullantıları Parkında texnik işləyirdi. Gör hardan hara! Filçi, Dilçi, Zibilçi – öz aralarında özlərinə qəribə adlar qoymuşdular. Həm zarafatla, həm də elə acığa! Yaxşı-pis tələbəlik illəri bir yerdə keçmişdi. Gələcəyə ümidləri böyük idi! Sovet dağıldı, ümid getdi öz işinə. Diplom heç kimə lazım olmadı. Kim harda iş tapdı, orda da işlədi…
Biri az içdi: arada qədəhi dodağına vurub yerə qoydu.
Biri, belə: “Qaraciyər icazə vermir”.
Biri yaxşı içdi. Yaxşı içən çox da danışdı. Amma sonra onun da söhbəti elə bil maraqsız oldu; aradakı illər təkcə yollarını deyil, baxışlarını da dəyişmişdi. Bir-birlərinə baxıb gülümsündülər ki, niyə danışmağa sözləri yoxdu.
Pəncərənin yanında yeyib-içən dörd cavan qızğın “dost” söhbətinə girişmişdi. Biri təxminən belə deyirdi: “Əsl dost bilirsən kimdi?! Əsl dost odu ki, bax, tutaq ki, ayağın sürüşür, hündürmərtəbəli binanın başından düşürsən… O anda… yerə çırpılanacan… göydə… yadına ilk düşən kimdisə, bil ki, dostun odu…”. Biri hamı deyəni deyirdi: “Yaxşı dost pis gündə tanınar, pis gündə…”. Biri asan şeyi çətin deyirdi: “Əsl dost… əsl dost qardaşdan irəlidi, bilirsən?.. Qardaşdan irəlidi…”. Biri isə öz aləmində dostluğun ən dolğun izahını verirdi: “Sənin əsl dostun bilirsən kimdi?! Bilmək istəyirsən?! Bax tutaq ki, uzun müddətə harasa gedirsən… fərqi yoxdu hara… sənin evinin içində… qulağ as e… evinin içində deyirəm… arvad-uşağını… etibar edib gedə biləcəyin adamın varsa, demək dostun da odu!..”
“Bəs onlar necə? Əsl dost idilərmi?” – nə vaxtsa onlar da belə qızğın söhbətlər edirdilər. Dostluqdan, sədaqətdən, etibardan qətiyyətlə danışırdılar. Sonra o qətiyyət pendir kimi ovxalandı töküldü. Yusif öləndən sonra ailə-uşağına bircə kərə baş çəkə bilməmişdilər. Gah vaxtları olmamışdı, gah da nə bilim nə… Özləri də neçə ilin dostları. Hamı kimi “üç”də, “yeddi”də getdikləriydi, vəssalam. O çıxan – bu çıxan. Bir dəfə kişinin qapısını açmamışdılar ki, bəlkə uşaqlarına nəsə lazımdı. “Belə çıxır ki, onlar yalançı dostlardı?! Saxta dostlardı?! Yaxşı günün dostlarıdı?!” – başlarını qaldırıb bir-birlərinin üzünə baxmağa utanırdılar.
Divardakı saat qapını göstərirdi. Hava çoxdan qaralmış olardı. Qab-qazanı yuyub-yığışdıran işçi qadının saldığı danqıltı da “yeyib-içdiniz, durun cəhənnəm olun, biz də gedək rahat xarabamıza” deyirdi. Bayaqdan masaya dirsəklənib xumarlanan kafeçi də deyəsən söhbətin nə ilə qurtaracağını gözləyirdi.
– Bilirsən nə var, qədeş, – nəhayət o da dilləndi. – Vaxtikən mənim də atamın yaxçı dostları olub. Bir yerdə oturublar, durublar, ala, yeyiblər, içiblər… Maskva, Soçi, Kislavodski… yaxçı günnəri çox olub. Amma kişi ölənnən soraa… o dostlardan heç birini qapımızda görmədim. Başqaları gəldi, getdi… qohum, qonşu… olar gəlmədi… İndi mənim də az yaşım yoxdu ha, bacoğlu. Bu yaşımda oturub fikirləşəndə ki, kimdi atamın dostları, gənə həmin o adamlar gəlir gözümün qabağına. Sağ vaxtı bir yerdə oturub-durduğu, bir yerdə yeyib-içdiyi, yaxçı günnərini bir yerdə keçirtdiyi adamlar…
Gecəyə doğru hava kəskin soyusa da, səma təmiz, ulduzlu idi.
Buludsuz səmada adama elə gəlirdi ki, göy genişlənib.
– Yaxşı ki gəldik…
– Elə bil çiynimdən ağır yük götürüldü.
– Amma gərək gül də alaydıq…
/Sim-sim.az/
|