Habil Yaşar - “Qaranlığı” yazanın gecəsi...

07.02.22

Ax, o qədər yorulmuşam ki... Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam,bezmişəm, lap cana gəlmişəm. 
  Bir qədər köks ötürdükdən sonra:
İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki... Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində kompüteri yaratdıqları  üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik. Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki... Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kq-lıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterində saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah.
Ya Allah demişkən,bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə harda qalmışdım?... Ya Allah demişkən, görəsən ateistlər yazarkən və ya hər hansı bir işə başlayarkən “Ya Allah” yerinə hansı ifadəni işlədirlər. Yəqin ki, “başladıq” deyərək başlayırlar işə. Amma... Amma nə? Yenə ağlıma bir şey gəldi. Ax mən bu cızmaqaramı nə zaman yazacağam görəsən... İllər qabaq bir ateistlə avtomobilə əyləşərkən onun “Ya Allah” deyərək sükana əyləşdiyinin özüm şahidiyəm axı. O zaman nə qədər təəccüblənmişdimsə hal-hazırda da onun təsirindən çıxa bilmirəm. Bu necə ola bilər və yabu qədər ziddiyyət ola bilərmi? Bu dünyada hər hansı bir ateistdən “Ya Allah” sözünü eşitmək qədər qəribə nəsə ola bilərmi? Zənn etmirəm. Ax nə isə, digərlərinin nə düşünüb-düşünmədiyi nəyimə gərək. Mən öz yazımı yazmağa çalışmalıyam. Vaxt gedir, vədə gedir. Hələ istədiklərimə tam olaraq nail ola bilməmişəm. Hər saniyəmin qızıl dəyərində olduğunu bildiyim halda mümkünsüzləri mümkün etmək haqqında düşünməyimin mənə nə faydası. Onsuz dünya yaranan gündən yaxşı ya pis öz axarıyla getmirmi...Kim onu dəyişməyi bacarıb ki, mənmi onu dəyişə biləm... Əlbəttə, bu mənim başım üçün deyil. Onda nədən vaxtımın itirilməsinə yol verirəm. Ya Allah başladım. 
  Toparlanıb yazmağa başlayarkən:
  Ax bu Nazim. Zəng etməyə vaxt tapdın da. 
-Alo! 
...
-Hə bildim, necəsən? 
...
-Hal-hazırda yazmaqla məşğulam.
...
Yox, bu nə sözdü, xoşdu qardaş.
...
Hə, saat 5 üçün olacam “Aygün city” nin qarşısında.
...
Görüşərik, hələlik.
...
Ax, on dəqiqədir oturmuşam kompüterin qarşısında. Allahın bir cümləsini, nəinki cümləsini hətta bir sözünü də yaza bilməmişəm. Fikrim elə dağda, aranda. Üstəlik də bu zəng. Heç hənanın  yeri idi.Mərdimazara lənət. Əstafurullah. Öz yaxın dostuma gör nə deyirəm da. Şeytana lənət. Hə lənət olsun şeytana. Odur mənim düşüncələrimi dolaşıq salaraq yazmağa qoymayan. 
  Azacıq sükutdan sonra:
Şeytan demişkən. Görəsən, o hal-hazırda məni görürmü? Hərəkətlərimi izləyə bilirmi?. Bəlkə də görməyinə görür. Yaxşı bəs, düşüncələrimi oxuya bilirmi? Ax, deyəsən dəli oluram. Əşi şeytanın məni görüb-görməməyi nəyimə lazım. Adama deyərlər ki,a bala otur yazını yaz da, sənin şeytanla nə işin.Yoxsa şeytanla alış verişin var. Beynimi vurub dağıtmaq istəyirəm, olmayan beynimi. Amma yazmaq üçün beyin lazımdır axı. Axı yazmaq mənim ən böyük ehtirasımdır. Offf... Yenə qatıb-qarışdırdım. Gah beynimi dağıtmaq istəyirəm, gah da yazmaq. Yox, yox qoy yazım. Beynimi sonra da dağıda bilərəm. Bir də ki, beynimi dağıtmaqla nə düzələcək ki... Zaman yenə su kimi axacaq, dünya da öz ətrafında həmişəki kimi fırlanacaq. Ara yerdə özümü məhv edəcəyəm. Onsuz da məhv olmuş kimiyəm. Amma indi bu müzakirələrin yeri deyil. Şeytana lənət. Yazmağa davam.
   Bir qədər sükutdan sonra “Word” də ilk söz olaraq “Qaranlıqdayam” yazılmasına rəğmən...
  Qaranlıq demişkən... Bir az qaranlıqdan qorxuram axı, bəlkə də bir az yox, normadan  daha çox. Bəzən qışqıraraq yuxudanqan-tər içində oyanır və bəzən də yuxuyla-oyanıqlıq arasında iflic vəziyyətində qalıram. Hətta bir dəfə qapqara geyinmiş çarşablı qadın gecədən səhərə kimi qapının yanında dayanaraq düz gözlərimin içinə baxırdı. Qorxudan hərəkət etmək bir yana, heç səsimi də çıxara bilmədim ki, evdəkilər eşidərək məni bu gorbagordan xilas etsinlər. Çünki, işıqlar yandırılsa çox güman ki, bu zibildən qurtula bilərdim.Bu qarabasmalar məndən nə istəyir axı... Araşdırmalara görə, qarabasmalardan daha çox stress keçirən insanlar əziyyət çəkir. O ki, qaldı, mənim kimi biri ola. 
Bir neçə saniyə keçmiş:
-Eşitdiyimə görə cinlər gecələr daha fəal olurlar, xüsusən də 2-4 arası. Gecələr yatarkən ayaqlarımı yorğandan çölə çıxara bilmirəm, daha çox da evdə tək olduğum zamanlar.Hətta, bəzən bütün otaqların işığını yandırıb yatmağa çalışsam da qara fikirləri beynimdən çıxara bilmirəm. Elə bilirəm, cin və ya kabus, xülasə siz nə düşünürsünüz düşünün, hər hansı bir şey bu dəqiqə ayaqlarımdan tutub məni evboyu sürüyəcək-sürüyəcək, axırda da məni götürüb doqquzuncu mərtəbədən yerə vıyıldadacaq. Hər şey bununla bitsə mənim üçün daha da rahat olardı. Çünki, daha dəhşətli şeylərə beynim ssenarilər qurur. Özü də daha betərindən. Cin və ya kabus, və bəlkə də hər hansı bir bədniyyətli ruh, məni saçımdan sürükləyərək hamama gətirib ayağa qaldıraraq başımı güzgüyə çırpır. Güzgünün sınması cəhənnəm, üzüm-gözüm qan içində və azacıq sonra başımı vannanın içinə salmağa başlayır. Vanna ağzına kimi qan içində. Boğsaydı öldürüb canımı qurtarardı və mənə yaxşılıq etmiş olardı. Amma nə boğmaq. O hələ bu mənzərəni daha da dramatikləşdirərək zövq almaq niyyətindədir.Sonra məni hamamdan çıxarıb tualetə apararaq başımı unitaza soxmaqdadır. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpmaqdadır. Divarlara sıçramış qan qorxu filmlərindəki əcaib səhnələri xatırlatmaqdadır. Sanki, divarlarda qanla “ölüm” yazılmaqdadır. Səsi qonşular eşidə bilərdi, amma tərslikdən ən yaxın  qonşular bir neçə gün öncəevdən getmişdilər. Sanki, olacaqlardan xəbərdar imişcəsinə. Bəs niyə mənə deməmişdilər? Ax sizi xainlər. Düşünmək qabiliyyətimin tamamilə  itməməsindən bir anlıq haqsız yerə qonşuların günahını yumağımdan utandım. Axı onlar olacaqları haradan biləydilər və ya bilib nə edə biləcəkdilər ki... Kim bu ifritlə mübarizə aparmağa özündə güc tapa bilərdi... Əlbəttə, heç kim. Nə isə, harada qalmışdım. Bəlkə heç ardını davam etməyim və bəlkə davam edim. İki od arasında qalmışam vallah. Axı mən yazı yazmalıyam. Bu nə qaranlıq düşüncələrdir yenidən yaxaladı məni. Yox heç nəyə baxmayaraq davam edəcəyəm. Hə burda qalmışdım axı. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpdıqdan sonra məni sürüyərək mətbəxə aparıb başımı yanmaqda olan qazın üzərinə yaxınlaşdırdı. Dərim əriyərək ətrafa süzülməkdə idi.Amma son nəfəsimi verməyənə kimi bu əzabları yaşamalı, baş verənləri müşahidəetməli idim.  Çünki, Əzrayıl adlandırdığımız ölüm mələyi hələ gəlib çıxmamışdı. Deyəsən onun da bu mənzərəyə tamaşa etməkdən xoşu gəlirdi, özü də adını mələk qoyub. Həm də onu niyə qınayım ki, zatən adı üstündə “ölüm mələyi” deyilmi?Bu mənzərəyə şahid olan bir Əzrayıl olacaqdı. Yox unutdum, əstafurullah, bir də ki, Allah.Ax Allah, bu bəlanı sən mənə necə qıydın? Offffff deyəsən dindən-imandan çıxıram. Yavaş-yavaş mürtədə çevrilirəm. Allah bağışla məni! Bağışla məni Allah! Məni bağışla ki, mən də səni bağışlayım. Çəkdiyim bu əzabları taleyimə sən yazmamısanmı? Cinləri, şeytanları, ruhları, kabusları sən yaratmamısanmı? Yaratdıqlarından daha çox səndən inciyirəm Allah. Offff, gör mən nələr danışıram, nələr düşünürəm Allah. Xətasız qul olmaz. Allah bağışla məni! Bağışla məni Allah! İllər öncə yazdığım bir şeirdən bu misralar indi necə də yerinə düşür:
Nədir bu qaranlıq? nədir bu zülmət?
Varmı bu dəhşətin sonu ilahi?
Canı sən vermisən, sənə əmanət,
Qoru qaranlıqdan onu ilahi!
Ax,  qaranlığı yazmaqdaykən haradan gəldi beynimə bu yarı sərsəm, yarı həqiqətin özü olan fikirlər.  Bəlkə heç bu haqda yazmayım. Başqa maraqlı bir mövzu daha gözəl olmazmı... Yox. Elə əsas qorxduğum şeylərdən yazmaq arzusunda deyildimmi... Bu yaxşı mövzu ola bilər. Elə isə mövzunu əsla dəyişməyim. 
  Kompüterin enerjisi də bitmək üzrədir. 3 faiz qalıb. Görəsən adaptrı hara qoymuşam.  Ax, bayaqdan hər şeyi fikirləşirəm, xəyallarımla kainatı fəth edirəm amma gözümün qarşısındakı adaptrı görməyəcək qədər kor olduğumundan xəbərsizəm.
Adaptr sayğaca qoşulduqdan bir az sonra “facebooka” ismarıc gəlir:
-“Qardaş hələ yatmamısan? Saat dördə işləyir”
-Bir buna deyən lazımdır ki, a zalım balası bəs özün neyçün yatmamısan...Deyən lazımdır deyəndə ki, niyə də özüm yazmayım ki...
O, da eyni sualla ismarıc yazaraq göndərir. Unutmayaq ki, o yazanda da, yazmayanda da həmişə facebook səhifəsi “online” olur.
-Nə isə yenə də mərdimazara... Bir az fikirləşdikdən sonra:
Dörd saatdan çoxdur ki, sadəcə bir söz yazmışam-“Qaranlıqdayam”. Belə getsə deyəsən heç nə yaza bilməyəcəyəm. Səhər açılmamış soruşacaqlar ki, nə oldu bir şey yaza bildin? “Hə” desəm onsuz da oxumayacaqlar. “Yox” desəm bəs niyə gecədən səhərə kimi dəli kimi otururdun? Heç olmasa başqa bir iş görəydin”-deyəcəklər. Daha nə bilsinlər yazmağın necə mürəkkəb bir proses olduğunu. Bir cümləni yazmaq  üçün bir gecənin nə qədər qısa və bəlkə də, məsələn, bir romanı  yazmağın bir ömrü yaşamaqdan daha çətin olduğunu, hardan bilsinlər. Onsuz da bilməyəcəklər. Bilməyəcəkləri, anlamayacaqları bir şeyi sübut etməyə çalışmağın nə faydası.Bohemada (1) yaşamağı o qədər arzulamışam ki... Şairlərin, rəssamların ümumiyyətlə sənət adamlarının məskunlaşdığı bir məkanda yaşamaq. Onlar da səni anlamasa o zaman kimlər anlayacaq ki... Bəlkə də ətrafımda məni anlayacaq biriləri vardır, amma o birilərini kəşf etmək üçün bəlkə də bir ömür kifayət etməyə bilər. Bu səbəbdəndir ki,Bohema arzularım arzu olaraq qalmaqdadır. Çox təəssüf... Amma saatlar gəlib keçməkdədir. Qarışıq düşüncələrin əlindən “Qaranlıqdayam” sözündən başqa heç nə yazılmamaqdadır. Amma nəzərə alsaq ki, bir tək “qaranlıqdayam” sözünün özü belə böyük bir məna kəsb edir. O zaman heç nə yaza bilməmişəm sözünün özü belə haqsızlıq sayılmazmı. Doğru olmağına doğrudur. Amma söhbət hansı qaranlıqdan gedir onu oxuculara əsaslandırmalı, bir səhifə də olsun nəsə bir şey yazmalıyam. Əks halda, “qaranlıqdayam” sözünəinki oxuculara, hətta özümə belə həmişə  qaranlıqda qalacaq. Bu qaranlığı yarmaq üçün kiçik bir hekayə belə yetər. Kiçik şeylərin çox zaman böyük iztirablardan doğduğunun fərqindəsinizmi?
Düşüncələrlə keçən bir saatdan sonra bayırdan sübh azanı eşidilməkdədir. O, da:
  -Bəli, Allah böyükdür. Bizim dərk edə bilməyəcəyimiz qədər böyük. Elə isə nədən  ikinci cümləni “Allah böyükdür” olaraq yazmayım. Bundan gözəl söz varmı... O zaman bu sözü mütləq yazmalıyam. Bax bu da  iki cümlə...”Qaranlıqdayam. Allah böyükdür”. Bəs növbəti cümlə necə yazılmalıdır? Ah mən necə də səfehəm. Səfehin ta yekəsiyəm. Bax bu danövbəti, üçüncü cümlə: “Qaranlıqdan Allahın böyüklüyünə sığınıram”.
   Və beləcə “Qaranlıqdan Allaha sığınanlar” adlı altı səhifəlik bir hekayə günəş doğmaqda olarkən tamamlanmış oldu.

05:50/26.01.2022
                              
(1). Bohema-Nyu-Yorkda yerləşir

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.