Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
17.01.22

Tanınmış yazıçı Azad Qaradərəlinin Avanqard.net-ə müsahibəsi.

- Azad bəy ədəbi cameədə müstəqil yazıçı imiciniz var. Müstəqil yazıçı neçə olmalıdır? Hazırki bizim real vəziyyətimizdə müstəqil yazıçı necə yaşamalıdır?

- Deyim ki, müstəqil yazıçı olmaq asan məsələ deyil. Yanlış anlamayın, məsələnin məğzini deyirəm. Bizdə yazıçılar həmişə harasa bağlı olublar. Əvvəllər hamı AYB-çı idi, sonra AYB-ın özündə sağ cinah, sol cinah yarandı ki, bu da oranın da zibilini çıxartdı. Sağçılar, solçular (şərti adlandırsaq) bir-birini qırarkən qələm adamları onların badına getdi. Kimini xaric etdilər, kiminə töhmət verdilər, kimi də AYB-dan sadəcə qalxan kimi istifadə etdi...
Kimilər də yeni qurum yaratmağı düşünüb, bir yerdə birləşərək məlum qurumu yaratdılar. İnsafən desək, onlar (AYO-çular) tez dağılsalar da, ədəbi arenada çox şeyə nail oldular.
Və mənim kimisi də heç birinin üzvü olmamağı, müstəqil yazıb-yaratmağın yolunu tutdu. Əvvəllər tam tək idim, amma indi deyəsən mənim kimilər artıb, qalır bir yerə yığışıb müstəqilliyimizi rəsmən elan etmək... Əlbəttə, bu bir zarafatdır. Amma elə sözün düzünü də zarafatda deyərlər...

- Müstəqil olmayan yazıçılar içində ciddi ədəbi yükü olan sənətkarlar da var. Müstəqillik yazıçıya nə verir? Yazmaq azadlığı yoxsa iqtisadi çətinlik?

- Bilirsən, həmişə vurğuladığım fikir var: kimlərlə bir yerə yığışıb nələrsə danışsan da, kimlərlə bir yerə yığışıb müəyyən manifest-filan elan etsən də, kimlərlə bir yerə yığışıb araq içsən də, sonunda öz dörd divarının arasına gəlib yazılarını yazacaqsan. Deməli, hər mənada yazıçılıq fərdi prosesdir, ona görə də yazıçı hər mənada müstəqil olmalıdır. Heç bir təşkilat, heç bir qurum onun üzərində təsir dairəsi yarada bilməz – təbii söhbət tam mənasında müstəqil olan yazıçıdan gedir. Hətta ailədə də müstəqil olmalıdır əsl yazıçı... Bu sonuncu mühüm amildir. Oğluna, qızına, hətta xanım qohumlarına görə yazdıqlarını senzura edən yazıçılar görmüşəm... Daha ağırı da var: yazıçı öləndən sonra ailəsi onun yazılarını “təmir” edir, ailənin mənafeyinə toxunan yerləri təmizləyir... (Bunu havadan demirəm. Vəfat etmiş bir yazıçının əsərini mənə vermişdilər. Bildiyim yerlər vardı ki, həmin yerlərin “təmir” olunduğunu gördüm... Ad çəkməyəcəyəm, ona görə ki, mənimçün bu, çox ağrılı məsələdir və o rəhmətliyin də ruhunu incitmək istəmirəm...)
O ki qaldı dediyin “müstəqil olmayan yazıçılar içərisində ciddi ədəbi yükü olan”ların olmağına, buna mən o qədər də inanmıram. Niyə? Çünki o “ciddi ədəbi yükü” olanların o “yükünə” baxsan, görərsən ki, onlar həmin “yükləri” nisbətən burunlarının dik vaxtında yazıblar. Zaman-zaman yüyəni əldən verdikdən sonra xorda oxumağa başlayıblar və nəticədə onlara qalan elə o “yüklər” olub.
Mən müstəqillik deyəndə təkcə AYB və ya hansısa təşkilat üzvü olmağı nəzərdə tutmuram. Hətta faşizmi müdafiə edən yazıçılar da olub ki, elə gözəl əsərlər yazıblar ki, Nobel də alıblar. Yəni, yazıçı müstəqilliyi, əslində yazıçı fanatizmidir – öz inandığı ideallara sədaqətdən başlayır yazıçı müstəqilliyi.

- Artıq 70 yaşa doğru gedirsiniz. Allah can sağlığı versin. Bəlkə bu yaşdan sonra AYB ilə barışasınız? AYB-dən uzaqda qalmaq nə verdi sizə?

- Mən AYB-dan küsməmişəm ki, barışam da. Yalan nə lazım? Hətta ilk kitabım çıxanda  (1987) üzvülük üçün sənədlərimi də hazırlayıb vermişdim. Amma kənddə yaşayan biri kimi hər dəm Bakıya gələ bilmirdim, bir il sonra gəldim ki, qovluq yoxdur. Və o gedən getdim. Başa düşdüm ki, mənim bu təşkilatla yaylayıb-qışlamağım qiyamətə qaldı. O qiyamət düz 35 ilə yaxındır ki, davam edir.
AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə. Kitab çapı, müsabiqələrdə iştirak, əsərlərimin xarici dillərə tərcüməsi və çapı... (Yeri gəldi yazım, bu yaxınlarda gərək ki, Tərcümə Mərkəzi müasir Azərbaycan yazıçılarının hekayələrindən ibarət antalogiya buraxmışdı. Təsəvvür edirsən, mən orada yox idim. Ona görə yox ki, mən istəməmişdim, ona görə  ki, onlar bunu istəməmişdilər. Amma özüm özümə toxtaqlıq verdim: “Qəmin kəm” dedim. Azərbaycan oxucusu kimin kim olduğunu yaxşı bilir...)
Amma həm də motivasiya verib. “Yazı” dərgisini yaratmışam (dostların iştirakı ilə), kitablarımın çapı üçün müxtəlif mənbələr axtarmışam və əksər hallarda tapmışam, hekayə və romanlarımın xarici dillərə çevrisində də o cümlədən...
Və Türkiyədə olanda mənə demişdilər ki, eyni adamların kitablarını basmaqdan yorulduq. Zatən satılmır da. Sizin meydana çıxmağınız, dostlarınızın və özünüzün əsərlərinizi Türkiyə türkcəsində çap etdirməyiniz bizdə də yaxş mənada dəyişimə səbəb oldu.
(Burada bir haşiyə çıxım: bizim rayonda Laçından gəlmiş bir kürd katib vardı. Raykomda vəzifəyə pəltək, kar, mayıf və ən ümdəsi savadsız  adamları qoyurmuş. MK-dan gələnlərə deyirmiş ki, baxın, bunlar rayonun qaymaqlarıdır. Mən bunlarla nə edə bilərəm ki?.. İndi AYB da Türkiyədə yalnız Anarın, Elçinin, onların atalarının, daha başqa AYB funkosenerlərinin kitablarını çap etdirirmişlər. Soruşanda da deyirmişlər ki, olanımız budur...)

- Ədəbi məclislərdə sizdən söhbət düşəndə, sizin zəhmətkeş və yazmaqla xoşbəxt görünən adam kimi xarakterizə edirlər? Bu fikir doğrudurmu?

- Uzaqdan baxanda necə göründüyümü bilmirəm, amma açığı düzgün müşahidədir. Həm yazıçı kimi, həm insan kimi mən təslim olan birisi deyiləm. Böyük ailə ilə bir gündə hər şeyimi itirib, boş əllə məcburi köçkün kimi Bakıya gəldim və 3-4 il ərzində qəddimi düzəldə bildim. Həm sevimli peşəm müəllimliyim, həm də qələmim əlimdən tutdu. İnanın ki, o çağlarda mənim yazmağım it əzabı idi. Ev yox, pul-para yox, uşalar yemək və oxumaq istəyirlər... Mən isə 5 yerdə çalışa-çalışa gecələr qaldığımız təkotaqlı evdə paltar vannasını çevirib üstündə hekayə, yaxud məqalə yazırdım. Hər həftə “Ədəbiyyat və incəsənət”ə məqalə, yaxud hekayə verirdim ki, qonarar ala bilim. Eləcə də digər qəzetlərə. Birinci kitabımdan düz 11 il sonra ikinci, bir il sonra isə üçüncü kitabım çıxdı. Və Eldar Baxışın köməyi ilə radioda işə düzəlməyim həyatımı dəyişdi. Radio məni arzuladığım müstəqilliyi verdi. Bura elə yer idi ki, efirin arxasında gizlənib sözünü hər mənada deyə bilirdin. Mən burada nağıl adıyla efirə çoxlu hekayələr verdim ki, həm maddi vəziyyətim düzəldi, həm də yazıçılığım yolunda getdi. Elə o illərdə mənimlə yaşıd olan bir çox tanınmış qələm adamları dövrün ağır təbəddülatlarına davam gətirə bilməyib, yazmağın daşını sadəcə atdılar... Sizə uzun bir siyahı göstərə bilərəm ki, onlar çox istedadlı olduqları halda yazmadılar və ya yaza bilmədilər...
Bir daha təkrar edirəm: yazmamaqçün bir çox səbəblər vardır ki, səni yazmamağa vadar edə bilər. Amma onların ən amansızı sənin içindəki qorxaqlıq və məğlubluq sindromudur. Yazıçılıq hər şeydən əvvəl mübarizlikdir. Yazıçı vuruşmağı bacarmalıdır. Kiminlə? Hər şeydən əvvəl özü ilə! İçindəki o təslimçi ikinci məni ilə. Sonra onu zəlil etmək istəyən cəmiyyətlə. Sonra onu əyməyə çalışan mühitlə. Sonra ondan robot düzəltməyə çalışan ailə ilə...
Xoşbəxtlikdən mənim ailə sarıdan bəxtim gətirib. Həyat yoldaşım da, övladlarım da məndə lazım olandan artıq şey tələb etməyiblər.
Və “yazmaqla xoşbəxt görünən adam” məsələsi...
Bir televiziya verilişində də demişəm bunu: əgər rayonumuz, kəndimiz, eləcə də Qarabağ işğal olunmasaydı, bəlkə də mən indi Bakıda və Bakıdan kənarda 40-a yaxın kitabı çıxan bir yazıçı deyildim. Ola bilsin ki, mən nisbətən tanınmış yazıçı olacaqdım, amma daha bu qədər hekayə və roman yazmayacağım dəqiqdir...
Bakıya köçkün kimi gələn günün axşamı səhərəcən yata bilmədim. Zatən yatmağa sən deyən yer də yox idi... Olub-bitənlər gözümün önündən gəlib keçdi, çöllü-biyabana səpələnmiş həmyerlilərim, Muğanda, Mildə, Şirvanda və Bakı küçələrində sərkərdan olmuş həmyerlilərim gözüm önünə gəldi, dağılan qəbirlərimiz, talan edilən yurdumuz, yıxılan abidələrimiz, yağmalanan ruhumuz mənə yaz deyirdi! Bu dərdləri yazmasan, kəmfürsətsən! Bu əzabları yazmasan, bizdən deyilsən! Bu talanı yazmasan heç kişi deyilsən...
Və mən yazmalı oldum... Hələ də yazıram...

- Sirr deyilsə, necə yazırsınız, xüsusi yazı rejiminiz varmı? Gündə neçə saat yazırsınız?

- Hə, qabaqlar rejim-zad bilməzdim. Harda gəldi yazardım. Evdə, işdə, avtobusda, metroda, çayxanada, kef məclisində, hətta yasda da... Pis çıxmasın: yazıçı susanda da yazır, ağlayanda da, güləndə də. Mən də belə yazırdım.
Amma sonralar xüsusi rejimlə yazmağa başladım. Səhərlər 6-dan 9-a qədər. Axşamlarsa 9-dan bəzən 3-ə, 4-ə qədər...
Son zamanlar isə ancaq səhərlər yazıram. Yəni yaş işini görüb... Həm də daha işə getmədiyim üçün səhər 8-dən 12-yə qədr işləyirəm. Sonra bir az dincəlib mütaliə edirəm. Sonra gəzməyə çıxıram və gəzəndə də yazdıqlarımı beynimdə saf-çürük edirəm...
Əvvəllər mütləq ilham deyilən şeyi gözləyirdim. İçdən tərpədiləndə, elektrik vurmasına bənzər hal baş verəndə yazırdım, indi isə daha buna ehtiyac yoxdur. Bəzən peşəkarlıq elə o elektriki özü gətirir...
Axşamlar isə dincəlirəm, futbola baxıram, yaxşı film olanda izləyirəm, nəvələrimlə telefonda danışıram və sair...

- 40-a yaxın kitab müəllifisiniz. Sizin haqqınızda bəzən deyirlər ki, Azad Qaradərəli çox yazır. Özünüz necə düşünürsünüz? Ümumiyyətlə yazıçı nə qədər yazmalıdır? 

- Yazıçının az və ya çox yazması deyil, necə yazması əsasdır. Məsələn, mən hansı əsərimdə çiy yerlərin olduğunu bilirəm, həmin əsərin kitab halında çapı, üstəlik növbəti əsəri yazmaq ehtirası o çiy yerə qayıdıb nələrisə düzəltməyimə imkan vermir. (Bu fikirdəyəm ki, yazını hələ kitab kimi çap etdirməmisənsə, ona qayıda bilər, dəyişiklik edərsən. Amma elə ki, kitab halında çıxdı, bitdi hər şey. Oxucunun hissləri ilə oynamaq olmaz.) Yəni yazıçı da təbiət kimidir. Bir ili bol məhsullu olar, bir ili zəif bar verər, bir ili isə heç bar verməz... Əsl yazıçı o bar verməyən zamanda da nələrsə etməlidir... O ki qaldı çox yazmağa, mən bir şey bilirəm: gələcəkdə o çox yazılar qalacaq. Az yazılar, yaxud yazılmayan yazılar isə işə yaramayacaq... Heç bir iddia-filan barədə düşünmədən, kimin nə danışmasına fikir vermədən, başını aşağı salıb yazmaq lazımdır! Zaman hər şeyi yerbəyer edəcək.

- Yazdığınız romanlar müxtəlif dövrləri və fərqli istiqamətləri əks elətdirir. Tarixi şəxsiyyətlərin həyatına da müraciət etmişiniz. Eyni zamanda gündəmdə olan hadisələrə də mövzu kimi yanaşa bilirsiniz? 70-i haqlayan sənətkarın yazı üslubunu və ədəbi yönünü tez-tez dəyişməsinə vadar edən nədir?

- Məncə, yazıçı birxətli yazmamalıdır. Onu bütün mövzular cəlb edə bilər. Sadəcə, yazıçı yaxşı bildiyi şeydən yazmalıdır. Məsələn, mən “Şəhərcik” romanını yazanda çoxları onun adını belə çəkməyə ehtiyat edirdi. Tək bir qələm dostumu çıxmaq şərti ilə; yerdə qalan tənqidçilər həmin əsər haqqında yazmağa cəsarət etmədilər. Amma həyat sübut elədi ki, mən haqlıymışam...
44 günlük müharibədən iki kitab – bir hekayələr kitabı, bir də bir roman yazdım. Necə yazdım, bu başqa sualdır. Amma iş ondadır ki, az vaxtda bunları yazıb çap etdirdim və oxuculara da para qarşılığı olmadan hədiyyə etdim. Təbii, kitabın çapına yardım edən dostlar da sağ olsun ki, bunu etməyimə vəsilə oldular. Yəni, mən açıq deyirəm, o torpaqlardan yavaş-yavaş əlimi üzməyə başlamışdım ki, birdən... İndi gəl yazma görüm necə yazmırsan?! Və beləcə, o yazıları suya təşnə insan kimi, azadlığa təşnə məhbus kimi yazdım...
Yəni, yazıçı bir az da plastikaya meyilli olmalıdır. Mühit, həyat, cəmiyyət onu hara aparırsa, ora getməli, ordan yazmağı bacarmalıdır... Təbii, bunu ucuz dəb kimi anlamasınlar lütfən...

- Zəngilan işğaldan azad olunub. Hansı hissləri yaşadığınız məlumdur. Yazıçı kimi necə düşünürsünüz, Qarabağ haqqında əsər yazmaq, zəfərə adekvat olmaq, yəni bu gün yazmaq, yoxsa zaman keçəndən sonra Qarabağ mövzusunu müraciət etmək lazımdır?

- Zəngilanın azad olması bir fövqəladə hadisə kimi dəydi mənə. Prometeyin od gətirməsi, Yeri su basanda Nuhun bəşəriyyəti xilas etməsi, insanın yazını kəşf etməsi... kimi inqilabi iş təki gəldi mənə. Bilməmiş olmazsan, mənim “Renessans həsrəti” adlı iki cildlik esselər, müsahibələr kitabım çıxıb, 3-cüsü də çapa hazırdır. Bax, mən həyatımın ağlım kəsən 50 ilini renessans həsrəti ilə yaşamışam və özümçün özümün uydurduğum və elə məni yaşamağa və yazmağa sövq edən o uydurma renessansın havasında var olmuşam. İnanın ki, Qarabağın azad olması, həm də bir renessans havası gətirdi mənə. Təəssüf ki, mən o renessansı davada görsəm də, ölkəmin həyatında görə bilmədim. Amma bütün bunlara rəğmən mən yenə də yazdım və yazdım...
O ki qaldı davadan sonra, yaxud əvvəl yazmağa... Əfəndim, mənim o “sonra”nı gözləməyə zamanım yoxdur, ona görə indi yazdım. İnşallah gənclər o “sonra”nı yazarlar.

- Azad bəy, indiki ədəbi durumu necə dəyərləndirirsiniz?

- Heç nə dəyişməyib. Dəyişən yazıçılara çoxlu pul verən və həm də yazmağa sifariş verən Sovet hökümətinin yerinə yazıçılara pul verməyən və sifariş də verməyən müstəqil dövlətimizin olmağıdır.
“Ulduz”da işləyən bir qələm adamı vardı, rəhmətlik 5-6 hekayə yazdı və qalan hekayələrini içki məclislərində danışa-danışa vəfat etdi. Bir başqası daha məşhur bir yazıçının kuryeri oldu, öz yazılarına fatihə oxudu, daha bir başqası yaxşı yazıçı ola-ola Sovet vaxtı yazdığı əsərlərin üstündən xətt çəkib, məşhur bir nazir üçün mahnı mətnləri yazıb, ədəbiyyata kəf gəldi...
Və cavanların bir çoxunun pessimizmini başa düşürəm, amma həm də başa düşmürəm. Qardaşım, sən yazıçı olmaq istəyirsən, istəmirsən? İstəyirsənsə, çörəyini qazan, başını sal aşağı yaz. Vallah, billah yaxşı əsərə yiyə duran tapılacaq. Məsələn, ən azı “Yazı” adlı dərgi var axı, orada çap etdirərsən...
O ki qaldı əsərə qonarar verilməsi məsələsinə, bu heç dünyanın düz yerlərində də sən deyən səviyyədə olmayıb. Olub e, mində bir yazıçıya yazxşı qonarar veriblər, qalanları elə zülümlə dolanıblar. Birdəfəlik bilmək lazımdır: ədəbiyyat kef meydanı deyil! Burada səni dörd divar arasında miskin bir yazıçı ömrü gözləyir... Təbii o miskin yazıçı ömrünün bir anda çiçəkləməsi də baş verir: qəhrəmanın vərəqlərin içindən sıyrılıb çıxır, səndən qabaqda, səndən çox-çox irəlidə həyata qədəm basır. Hətta elə olur ki, sən bunu görməyə də bilirsən – sənin ölümündən sonra qəhrəmanlarının həyatı başlayır! Bax, budur yazıçı həzzi...

- Çox zaman deyirlər ki, Azərbaycan yazıçıları dünyaya çıxa bilmir. Azərbaycan ədəbiyyatı dünyaya lazımdırmı, kimlərin dünya üçün maraqlı olacağını düşünürsünüz?

- Dünyaya çıxmaq üçün dünya səni görməlidir. Bu, qız bəyənmək deyil ki, çağıraq görücüləri, deyək bax, qızımızın bu, bu keyfiyyətləri var... Bu, ədəbiyyatdır. Əvvəla, onu yazmaq lazımdır. Bir gənc və istedadlı yazar var, məqalə yazır, geleylənir, gileylənir, ağlayır-sızlayır ki, “o yoxdu, bu yoxdu, kitabı nəynən çıxardım, nə edim, necə edim”, axırda da deyir ki, “ortada yalnız Azad Qaradərəlinin kitablarıdır”. Deyən gərək, ay bala, ay oğul, Azad Qaradərəli, əslində sənin kimisinə nümunə göstərir ki, heç nəyə, heç kimə baxmadan yazmaq lazımdır. İndi bunun necə olmasını qoyaq bir kənara. Sən axı, tutalım onun “Əllidən bir kəm”, yaxud “Şəhərcik”, yaxud “Kuma-Manıç çökəkliyi” romanlarını oxudunmu? Bax, bunlardan yaz, təhlil elə, yıx, sürü. Bir kəlmə söz desəm, ən pis adamam... Bunları niyə yazıram? Dünyaya çıxmaq üçün yazmaq lazımdır. Yoxsa sən kefin duranda bir hekayə yaz, dəmi gələndə bir roman yaz, sonra da get kefə bax illərlə və gileylən ki, dünyaya çıxa bilmirik...
Ortada məhsul olmalıdır, məhsul. O qədər bol məhsul olmalıdır ki, seçim olsun. Sənin əsərlərinin sayını itirsinlər... Və nəhayət, içindən ən yararlılarını siçib mükafata təqdim etsinlər. Bunun ən gözəl nümunəsi var axı bizim ədəbiyyatda. Sabir Əhmədli! Adam 20-dən çox roman yazıb!!!
Bir də Muğannaya qədərki İsa Hüseynov. Və “Daş yuxular”a qədərki Əkrəm Əylisli... Düzdür, Əkrəm Əylisli o ikisi qədər məhsuldar deyildi, amma Əkrəm Əylisli idi...
O ki qaldı müasir yazıçılara... Vallah istedadlı adam o qədərdir ki, saymaqla qurtaran deyil. Amma üç nəfərin adını ürəklə çəkə bilərəm: Aqşin Yenisey, Şərif Ağayar və Qismət. Bu üç qələm adamı o dediyim giley-güzara bulaşmadan başlarını aşağı salıb yazırlar və inanıram ki, əgər belə getsə, son on ilin dünyaya çıxa biləsi ən yaxşı yazıçısı, şairi olacaqlar... Bura bir nəfərin adını yazardım, amma o qədər tənbəldir ki, acığnan yazmadım. Doğru sözümdür, yazıçının birinci düşməni tənbəllikdir... (O həmin adam özü biləcək ki, söhbət ondan gedir. Səxavət, elə sən də biləcəksən, adam gözəl yazıçıdır zatən, amma həm də vasvası və şah tənbəlidir.)
Bir məsələ də var: yazıçı oturub gözləməməlidir ki, hansısa səfeh ingilis (hərçənd dünyada səfeh ingilis yoxdur)  gəlib sənin əsərini bizim türkcədə oxuyub “bıh-bəh” deyəcək, sonra da aparıb Londonda, Vaşinqtonda çap etdirəcək... Deməyim odur ki, yazıçı əsərlərinin ən azı üç dildə tərcümə olunmasına (ingilis, türk, qismən də rus) nail olmalı, onların Türkiyədə, Rusiyada, Avropada, Amerikada çapına nail olmalıdır. Sonrası bəxt və bir az da yazdığının saflığına dəlalət edəcək. Saf toxum uzun zaman torpaqda çürümədiyi kimi yaxşı əsər də O tayda nə vaxtsa birinin diqqətini çəkəcək. Məsələn, Vazeh kimi... Yəqin ki, Vazeh- Bodenştedt məsələsini bilirsən. Vazeh uzun zaman Avropanın və Rusiyanın ağlını başından çıxartmadımı?!
Yazmaq, yazmaq və yazmaq lazımdır...

- Özünüzə vermək istədiyiniz hansısa bir sual varmı?

- Bilirsən, Səxavət, özümə hərdən verirəm bu sualı: səni niyə az adam istəyir? Niyə çoxları səni sevmir? Niyə məmurdan tutmuş yazıçıya, suçuya qədər səni görməzliyə vururlar?
Bir cavabım var bu suallara: roman və hekayələrimdə, bir də üç cildlik, min səhifəlik “Renessans həsrəti” kitablarımdadır o sualın bir cavabı. İkinci cavab isə bir qohumumuzun sözündə gizlənib: “Sən sən olsaydın, keçərdin YAP-a, olardın bir rayonun icra başçısı, ya deputat, bizi də yığardın qanadının altına...”
Amma mən onlar istəyəni və o qohumum deyəni edə bilmədim...
Elə yazdım, yazdım, yazdım...

Müsahibəni hazırladı Səxavət Sahil

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.