Ülviyyə Tahir: "O zaman dərk etdim ki, Şükriyyə elə mənəm" - MÜSAHİBƏ
16.08.21

Yazıçı Ülviyyət Tahir 1980-ci ildə Göyçay şəhərində dünyaya gəlib. Orta təhsilini bitirəndən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. İllər sonra isə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Daha sonra Amerikada şüuraltı, altşüur nəzəriyyəsi ilə bağlı təhsilini distant şəkildə davam etdirib.
Onun "Şeytanın missiyası”, "Üzü cəhənnəmə”, "Buqələmun”, "Ortaq şəhər”, "ALJİR”  adlı nəsr əsərləri işıq üzü görüb.  Ü.Tahirin son iki əsəri - "ALJİR” və "Şükriyyə taleyim” nəfis tərtibatda çap olunub və oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Oxucu marağını nəzərə alaraq Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma həsr etdiyi "Şükriyyə taleyim” adlı əsəri barədə Ü.Tahir ilə ətraflı söhbət etdik:
 

 
– "Şükriyyə taleyim” əsərində bir neçə zaman eyni süjet məcrasında kəsişir. Sizcə, çoxsaylı hadisələr, tarixi reallıqlar, fərqli obrazlar qalereyası olan bu əsərdə zamanın çoxvariantlılığı oxucunun süjeti izləməsi, hadisələri qavraması üçün müəyyən çətinliklər yaratmırmı?
– Son illərdə texnologiyanın inkişafı insanların diqqətini həddindən artıq azaldıb. Pandemiyadan öncə TRT-nin ölkəmizdə keçirdiyi təlimdə iştirak edirdim. Orada mütəxəssislər bildirdilər ki, bütün işlərimizi insan diqqəti üzərindən reallaşdırırıq. Məhz orda müasir insanın diqqətinin 8 saniyəyə qədər azaldığını öyrəndim. Yəni siz müasir insanın diqqətini 8 saniyəyə cəlb etdinizsə, loru dildə desək, o adam sizindir, əks halda, deməli, məqsədinizə çata bilmədiniz. Müasir romançılıq, yəni proza köhnə ləngər yerişindən asta-asta sıyrılaraq daha lakonik, daha "texnoloji” hal almağa başlayıb. Bu baxımdan olmayan yazı masamda, daha doğrusu, xəyali məkanımda oturarkən oxucunun "mən səni niyə oxumalıyam?” sualına cavab verərək yazıram. Bu an etiraz edə bilərsiniz, deyə bilərsiniz ki, ədəbiyyat fövqəl incəsənətdir, yazıçı oxucunu düşünərkən zəif əsər yazmaq ehtimalı artır. Bəli, biz illərdir ədəbiyyatda hakim olan müqəddəslər və əjdahalar fenomeninin dağıldığını görürük. Mən müqəddəsləşdirməyin və ali səviyyəyə daşımağın əleyhdarıyam. Bu baxımdan, iddia etmirəm ki, hamı Borxesi oxuyub anlamalı, ya da "Aeneas”ı mütaliə etməlidir. Sadəcə olaraq yazı, mətn hər kəs üçün anlaşıqlı olmalıdır. Daha bu mətndən hər kəs hansı nəticəni çıxardır, bu, ayrı bir məsələdir. Bu baxımdan, bütün yazılarımda epizodları, zamanları tez-tez dəyişməklə oxucunu əsərə bağlamaq cəhdim, deyəsən, boşa getmir. Oxucu oxuyur, saysız rəylər, təəssüratlar var. Artıq illərdir elə gün yoxdur ki, əsərlərim barədə oxucu rəyi almayım. Düşünürəm ki, biz yazıçıların illərdir məhz buna ehtiyacımız vardı. Azərbaycan ədəbiyyatı, nəsri adına buna ciddi ehtiyacımız var. Öz milli koloritində yazmağa, öz qəhrəmanı ilə öyünməyə, öz kədərinə üzülməyə bu millətin haqqı var.  Bu baxımdan, çoxvariantlılıq və süjet xəttini tez-tez dəyişməyim, deyə bildiyim və deyə bilmədiyim bütün üsullar əsəri oxucuya oxutdurmağa hesablanan metodlardır.
 


– Romanda zamanların qarışıq olması oxucuda elə təəssürat yaradır ki, Əhməd Cavad həm ölüb, həm də sağdır, Şükriyyə həm dustaq, həm də azaddır...
– Bəli. Elə istəyim bu idi. Dalğalanan zaman və o zamanda həm azad, həm dustaq, həm sağ, həm də dünyasını dəyişmiş Cavad olsun. Çünki Cavad Şükriyyə üçün heç vaxt həyatdan köçmədi. Onun yanında oldu. O,  heç vaxt buna inanmadı. Onun sağ olmasına  inam Şükriyyəni yaşatdı, diri tutdu. Hətta onun paltarlarını yığışdıranda belə inanırdı ki, o, gələcək, deyilənlər hamısı yalandı. Çünki Şükriyyə inana bilmirdi, inana bilmirdi ki, heç bir cinayət törətməmiş bir insanı necə öldürmək olar.
 
 

– Xanım olduğunuzu nəzərə alaraq bilmək istərdim, bu əsəri yazarkən baş qəhrəmanın – Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın keçirdiyi hansı hisslər sizə müəllif kimi daha doğma, yaxud təsirli gəlirdi?
– Məhəbbətin ülviliyinə inanıram. Mənim üçün məhəbbətin ilk baxışdan yaranmasından daha çox, illərin sınağından çıxmasının daha böyük əhəmiyyət(əhəmiyyəti) var. Məhəbbət məişət zəminində ərimirsə, məişət o məhəbbəti siçan kimi gəmirmirsə, deməli, o ali bir hiss kimi ucalığını qoruyub saxlayıb. Şükriyyə və Cavad eşqində məni ən çox təsirləndirən bu oldu. Meşşanlaşmamış, adiləşməmiş hisslər qərinələr ötsə də, Şükriyyənin dilindən yanğı ilə "O elə bir insan idi ki...” deyə ifadə olunanda, qəlbim titrədi. O zaman anladım ki, bu, mənim ifadə etmək istədiyim, yazmaq istədiyim əsərdir. Bu, illərin küləyinin yonub, öz formasına sala bilmədiyi möhtəşəm bir dastandır. O zaman dərk elədim ki, Şükriyyə elə mənəm. Bu doğmalıq o qədər əziz gəldi ki, sanki biz hər zaman birlikdə olmuşuq. Qəribə də olsa, bir faktı deyəcəyəm. Yazıçılıq həyat tərzim olmazdan öncə "qızım olsa, adını Şükriyyə qoyacağam” deyirdim. Bu, nəsib olmadı. Amma roman olaraq, kitab olaraq Şükriyyə yarandı. Mənim qızım: "Şükriyyə taleyim”. Bununla sanki bu romanla daha bir mənəvi bağım da oldu.
 


– Şükriyyə xanım haqqında faktlara əsaslanan materiallar azdır. Necə oldu ki, bu qədər az materialdan bu qədər informasiyalı roman yaza bildiniz və ən əsası, ömrü boyu susmuş, yaşadıqlarını taleyi kimi qəbul edərək danışmamış bir qadının dilini necə aça bildiniz?
– Keçən il bütün materialları götürüb Bakıdan ayrıldım. Yol boyu və getdiyim məkanda günlərlə materiallara baxaraq fikrə qərq oldum. Bu yazı necə yazılmalı idi? Axı kifayət qədər yazılıb-pozulmuş, oxunmuş və deyilmiş bir mövzuda əsər yazmaq həddindən artıq risklidir. Bir gün noutbuk və materiallar qarşımda dağınıq halda Şükriyyəni çağırdım. Ondan icazə istədim. Tanrının izni ilə, deyəsən, bu ritualım işə yaradı. Hər halda, iki ay sonra roman artıq hazır idi. Şükriyyə mənimlə danışdı, hər şeyi söylədi, bəlkə də, mənə elə gəldi.
 


– Romanda Şükriyyə xanımla bağlı hadisələr çoxaldıqca, genişləndikcə, sanki Əhməd Cavadın obrazı arxa plana keçir, qismən zəifləyir. Bu, baş qəhrəmanın obrazını daha qabarıq canlandırmaq üçün seçdiyiniz üsuldur, yoxsa əsərin təbii axarı?
– Əvvəl yalnız Şükriyyə barədə yazmağı düşünürdüm. Tamamilə qadın romanı olacaqdı. Sonra düşündüm ki, bu bir vəhdətdir, komanda oyunudur. Kişi yaxşı olmalıdır ki, qadın yaxşı olsun və ya əksinə. Yəni bu, tərəzidir. Cavadın şəxsiyyəti elə açılmalı idi ki, onunla ailə həyatı quran knyaz qızını oxucu ona layiq bilməli idi. Təbii ki, bu, həyatda belə olmuşdu. Romanda da ifadə edilməli idi. Ona görə, romanı Cavadla  başladım. Sonra Cavadın yaratdığı Şükriyyə ilə "qarşılaşdıq”. Bu, həm onlar arasında tarazlıq naminə, həm də Cavadın ruhu qarşısında mənəvi borcum idi. Knyaz qızı şairə aşiq oldu, amma hansı şairə? Roman boyunca Cavadın şəxsiyyətini bu yöndə açmağa çalışmışam. Buna nə qədər nail olmuşam, artıq oxucu deyə bilər.
 


– Siz həm də şüuraltı, altşüur nəzəriyyəsi ilə bağlı distant təhsil alıbsınız. İxtisas bilikləriniz bu romanın hansı məqamında köməyinizə gəldi?
– Təhsilin sonsuzluğuna inanıram. Yəni nə qədər təhsil alsaq, mütaliə etsək, yenə yarımçıq nələrsə var. Şüuraltı ilə bağlı təhsilim mənə insanın o biri üzünü göstərdi. Cəmiyyətdə olan sosial "mən” və görünməyən əsl "mən”. İnsanlar aramızda, əsasən birinci ilədir. Sosial "mən” sərhəd anlarında iflas edir və əsl "mən” üzə çıxır. Bunu daha çox insanın qəzəb və kəskin dəyişiklik dönəmlərində müşahidə etmək olur. Məsələn, deyirlər bir insanın əsl siması qəzəblənəndə açılır. Ya da belə deyək, uçuruma düşəndə bizə kimlər əl uzadır? Sosial "mən” olaraq yanımızda olanlar yoxa çıxırlar, əsl "mən” sahibləri isə qalır. Düşünürəm ki, bu, yəni şüuraltı ilə bağlı bildiklərim mənə Şükriyyəni kəşf və hiss etməyimə kömək etdi. Mən onların cəmiyyətə görünən simaları ilə gizlin qalmışlarını müqayisə  etdirməli idim. Bu da təbii olaraq öz nəticəsini verdi. Şükriyyə ən kritik anda seçim etdi. Bu seçimlə, sosial "mən”i cəmiyyətlə hesablaşmadı. Uçurumdakına əl uzatdı.
 


– Əhməd Cavad obrazını həddən artıq çəkingən yaradıbsınız. Bunun səbəbi nədir, şeirlərindən "qan iyi gələn” birinin real obrazı ilə sizin qəhrəmanınız nə dərəcədə uzlaşır?
– Əhməd Cavadın Yazıçılar İttifaqında söylədiyi nitqlərinin stenoqramı ilə tanış olanda heyrətləndim. Bu stenoqramlarda onun necə lətif bir ruha sahib olduğunu aşkarladım. Onu təhqir edirdilər, hədələyirdilər, o isə onlara çox yumşaq cavab verirdi, sanki böyüklük edirdi. Ətrafında səs-küy salan uşaq-muşaq idi və o, onlara baş qoşmurdu. Onu çilədən çıxarmaq çətin olub. Siz bunu çəkingənlik olaraq qiymətləndirirsiniz, amma mən belə baxmıram. Bu, alilik idi.
 


– Romanda Əhməd Cavadın həyatının daha çox hansısa məclislərdə, iclaslarda, görüşlərdə təsvir edilməsi, dönə-dönə bu metoddan istifadə nə ilə bağlıdır, məgər onun şəxsi həyatı yoxdur?
– Bu məsələ ilə Məhəmməd Əmin Rəsulzadənin həyatı haqqında yazanda da üzləşdim. Bu insanlar fasiləsiz olaraq işləyiblər. Zamanın qədrini biliblər. Üzeyir bəylərin, Əhməd Cavadların, Rəsulzadələrin çox bərəkətli ömürləri olub. Onların şəxsi həyatı da, ictimai həyatı da bir olub. Əgər belə olmasaydı, gürcü dilini 8 aya öyrənib  və paralel olaraq Şota Rustaveli kimi bir dahini tərcümə etmək iddiasına heç kəs düşə bilməzdi. Romanda onların bağ mövsümündə Rəsul Rza, Mikayıl Müşfiqlə görüşlərini, Şükriyyə ilə eşq səhnələrini də yazmışam. Düşünürəm ki, hər romanda onun həyatı tərəfli əks olunub. Bir daha qeyd edim ki, obyekt Əhməd Cavad deyildi, roman Şükriyyə haqqında yazılıb.
 


– Romanın sonunda Niyazi bir sıra sual doğuran məsələləri Şükriyyədən soruşur. Amma Şükriyyə xanım, demək olar ki, ancaq ümumi sözlərlə danışır...
– Bu suala elə romandan bir parça ilə cavab verim: "Oğluna insan ömrünü nəhəng bir yer  təsəvvür etdiyini deyə bilmədi. Düzənliyində qollarını açıb yüyürə bildiyini, meşələrinin qaranlığında azdığını, quyularında cadugərlərə, divlərə rast gəldiyini, cəngəlliklərində övladlarını itirdiyini, buzlu çöllərində dişlərinin şaqqıldadığını, nəcasət qoxusu verən soyuq hücrələrində yatdığını, gecələr səhərə qədər zəif lampa işıqlarında barmaqlarını yara edən millərlə toxuculuq etdiyini və bu məkanların hərəsində bir az itirdiyi qadınlığından danışa bilmədi”.  Romanda başqa bir yerdə sanki bu suala birbaşa cavab verilib: "Ona yaşadıqlarımı necə danışa bilərdim?! Təcavüz olunmuş qadınlar, təcavüzdən doğulmuş uşağına sahib çıxan qadınlar, ya da elə körpəni o anda öldürmüş qadınlar, dəli olmuş qadınlar, şaxta vurmuş qadınlar, düşərgədən qaçmaq istəyərkən öldürülmüş qadınlar, intihar etmiş qadınlar, qadınlar, qadınlar, qadınlar...”
 


– Əsərdə repressiya dönəmi ilə bağlı NKVD-dəki dindirilmələr prosesi, sadəcə stenoqramı xatırladır. Bu cəhət sizin yazıçı kimi dindirilməni, sadəcə protokol kimi dərk etmənizdən irəli gəlir, yoxsa başqa səbəbdən dərinə getmək istəməyibsiniz?
– Repressiya qurbanları haqqında araşdırmalar edib, bu haqda ilk romanımı - "ALJİR”i yazanda dəhşətli faktlarla üzləşdim. Kütləvi zorlamalar, əcaib işgəncə metodları. Dəhşətləri yazmağa gücüm çatmadı. Yaza bilməzdim. Hələ yaza bildiklərim bu qədər dəhşət doğurdu. İnsanlar bu dəhşətləri oxudular və xəbər tutdular ki, nələr və necə baş verib. O ki qaldı protokol məsələsinə, Sovet quruluşu elə protokoldan ibarət idi. Protokoldan azca kənara sızanları nə gözləyirdi, hər kəs bilirdi.

– Əsərin, bir zamanlar Əhməd Cavadın tərcümə etdiyi "Pələng dərisi geyinmiş qəhrəman”ın qonorarının illər sonra onun oğlunun toy tədarükü kimi xərclənməsi detalı ilə tamamlanması hər kəsin öz haqqının həm maddi, həm də mənəvi formada bərpa olunacağına işarədir, yoxsa bu, sadəcə real bir detaldır?
–  Real faktdır. Ümumiyyətlə, roman real faktlara əsasən yazılıb. Bu real faktların zamanla hesablaşması isə məsələnin metafizik tərəfidir. Yəni insanı fiziki şəkildə yox edə bilərlər, amma insan bundan heç nə itirmir.
 
Söhbətləşdi: Fərid Hüseyn
 
/Kaspi.az/

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.