***
Çökən zülmət qaranlıqdan vəslin nurun alın dərhal,
Hicran dəmi gecədirsə, bir səhərdir onda vüsal.
Səbahəddin Yəhya Sührəverdi Akademik sehirbaz idi.
Uşaqlıqda əmisi həm kəndirbazlıq edərdi, həm pəhlivandı, həm də sehirbazlıqla məşqul olardı. Atası erkən öldüyündən onu da yanına almış, öz peşəsini qardaşı oğluna da öyrətmişdi ki, evə çörəkpulu gətirsin. O çağacan ki, uşaq dərsdən soyumağa başladı. Onda anası (o kitabxanaçı idi) əmisi ilə dalaşmış, oğlunun qulağından tutub evə gətirmiş, hədələmişdi:
-Mən özüm çörəyimizi pis-yaxş qazana bilirəm hələ ki! Sən, məktəbə get, oxu, adam ol!
O da anasının sözündən çıxmamış, oxuyub alim olmuşdu.
Amma bu illər ərzində sehrbazlığı canından çıxarda bilmədi. Yeri gələndə elmin gözünə də qatdı bu peşəni. Əslində, onun canında varmış sehrbazlıq. Əmisinin yüz əziyyətlə hazırladığı nömrəni – məsələn, papağın altına yumurta qoyub cücəyə döndərməyi, həmin cücəni təkrar yumurtaya çevirib onu orta sırada oturanlardan birinin cibindən çıxartmağı – bircə anda göstərə bilirdi… Məşhur bir ailənin övladı olan aspirant qızı hipnozla pişiyə “çevirmiş”, sonra da başını sığallaya-sığallaya özünə aşiq etmişdi. Çox-çox sonralar o qız and içirmiş ki, mən hələ indi də hərdən çaşıb özümü pişik hesab edirəm. Elə ki bu hipnozdan ayıldım, həmin illüzionist alimlə bərabər, ömürlük pişik olmağın daşını atdım...
Hə, onun bir fobiyası vardı - ən çox istədiyi adamların onu tərk edəcəyindən qorxardı. Ona görə onları pişiyə… Amma bu barədə az sonra…
(Bir dəfə aspirant olanda akademiyada yen il axşamı o bir nömrə göstərdi. 500 səhifəlik qalın kitabın içərisindən salondakı hər hansı bir adamın oxuduğu cümləni dərhal tapdı. Onda akademiyanın prezidentinə maraq güc gəldi: o da bu kitabdan bir cümlə işarələdi. Bir göz qırpımında düzgün cavab hazır oldu! Bundan sonra prezident pələng cəsarəti ilə səhnəyə atılan oğlanı yanına çağırmış, başını tumarlayaraq demişdi: “Yaxşıdır, əladır! Yeni il şənlikləri bitən kimi yanıma gələrsən…”
Elə o nömrədən sonra başına çəkilən tumar oğlanın taleyini dəyişdi. Prezident onu özünə köməkçi təyin etdi.
Akademiya ovcunun içində idi. Gənc yaşlarında elmlər namizədi, elmlər doktoru oldu, adı SSRİ-nin hörmətli alimləri ilə yanaşı çəkildi… Amma o tumar daha bir iş gördü: pələng cüssəli, pələng cəsarətli bu oğlan pişik kimi müti, pişik kimi qorxaq birinə çevrildi. Yaxşı ki, əmisinin öyrətdiyi sehrbazlığı onu tərk etmədi. Həm müti, həm sehrbaz olmaq onun işinə yaradı əslində.)
Akademik olanacan yüz kitabı vərəqləyib içindən bir kitab çıxartmağı, bir kitabı dartıb uzadıb üç kitab eləməyi, son dönəmlərdə isə elmi rəhbəri olduğu bir istedadsız aspirantı, yaxud indiki dillə desək magistri püfləyib fəlsəfə doktoruna çevirməyi, yaxud tərsinə, bir istedadlı fəlsəfə doktorunu pisikdirib plagiatçı damğası vurmağı an məsələsi idi. Sehr onun əlindəydi. Əlini bircə dəfə birinin üstünə çəkdimi? Məsələ bitirdi…
Hətta söz gəzirdi ki, təzəlikcən Akademikin kabinetində saxladığı Ala pişik (bu çağacan yüzlərlə belə pişiyi yemləyib işlətmiş, sonra qovmuşdu) vaxtilə telli-birçəkli bir şairmiş. Daha dəqiqi, şair-magistr. Və bir gün Akademikin bığının altından necə keçirsə, kişi çox istədiyindən əlinin qüdrətini unudub, çəkib telli gədənin başına. O, bu! Gədə dönüb pişiyə… Özü də Ala pişik!
İndi ha çalışır, vuruşur, onu əvvəliki halına döndərə bilmir. Hətta iş o yerə gəlib çatır ki, gədə-pişik gənc arvadıyla yatıb-duranda onun istəyini lazımınca ödəyə bilmir (iraq olsun, pişiyin qadınla yatmasını heç təsəvvür edə bilmirəm?!), axırda gənc qadın boşanır ondan.
Söz gəzirdi ki, gədə pişik o qədər çox içirmiş ki, böyrəkləri sıradan çıxıbmış, bir saatdan bir tualetə qaçırmış. Arvadı, əslində ona görə boşanıb – sidiyini saxlaya bilmirmiş… Hətta gecələr yerini də isladırmış… İraq olsun...
Həəə, orda qaldıq ki, akademik əlini çəkmişdi telli gədənin üstünə - peyqəmbər pişiyin üstünə çəkən kimi (yenə iraq olsun) – gədə olmuşdu pişik...
(Mən onun pişik olmayan çağlarını görmüşdüm. And olsun o müqəddəs pişiyə toxunan ələ ki, onun gözləri pişik gözü kimi parıldayırdı! Üzü eyzən pişik üzü idi ki, durmuşdu. Bığı… Yox bığı yox idi, amma pişik kimi cırmaq atmağı, bəzən yazıq-yazıq miyoldasa da, birdən hovuru qalxan dişi pişik kimi bağırmağı vardı. Bu misalı elə bil onunçün demişdilər: pişiyi də qayıranda gərək elə qayırasan ki, adamın üzünü çırmaqlamaya…)
Akademik üçün telli gədə - Ala pişik həm də bir daş idi – soyuq silah timsalı. Əlinə götür, at düşməninə, boya al-qanına. Amma yooox, o həm də bir sehrbaz idi axı. O bu kəpirli qaya parçasını (tumara yatan, çay daşı kimi sürüşkən olsa da, daxilən bu pişik-gədə kəpirli bir qaya parçasıydı, dəydimi qan çıxartmalıydı) özü atmazdı. Məsələn, bir dosentin əli ilə ağzına qan alan professora atardı, elə həmin o başı çapılan professorun əli ilə akademiyanın öndəgedən müxbir üzvünə tullayardı, ortabab bir yazıçının əlinə verib Akademikə baş əyməyən xalq yazıçısına çırpardı...
(Akademik pişiklərin dünya tarixindəki yerinin təkcə Peyqəmbərlə məhdudlaşmadığını bilirdi. O bilirdi ki, orta əsrlərdə Avropada yanlış olaraq pişikləri qırıblar. Papa xristian dünyasında baş verən pisliklərə səbəb kimi sehrbazları, ovsunçuları və pişikləri günahkar bilib. Hətta pişikləri öldürənlərə mükafat da təyin edib.
İtaliyadan Fransaya, oradan Ukranyaya, Norveçədək böyük bir ərazidə papanın fətvası ilə pişiklərin və sehrbazların qətliamı başlayır.
Fəlakətin acı nəticəsi özünü çox gözlətmədi: pişiklərin qırıldığı Avropanı tezliklə siçan və siçovullar basdı. Körpə uşaqları belə bələkdə yeyən siçovullar evlərə hücum çəkirdilər. Bu azmış kimi, qara ölüm adlanan cuma, yaxud cüzam xəstəliyi tüğyan eləməyə başladı. Adamlar milçək kimi qırılırdılar. 1347-ci il hesablamalarına görə Avropada bir ildə əhalinin 51 faizi, başqa sözlə 58 milyon adam məhv oldu.
Bu fəlakətin qarşısını isə bir Təbriz türkü aldı. Təbriz sarayının həkim-filosofu Elxanilərdən Əmir əl-Umara Çobanın oğlu, Ənuşirəvanın zamanında Təbriz sarayının və dövrünün dahi həkim -filosofu Səhabəddin Yəhya Sührəvərdi Papaya məktub yazaraq fəlakətin səbəbini açıqladı. Cuma xəstəliyinin yayılmasının baisi kimi siçan və siçovulların artmasını misal göstərdi. M.F.Zaxarov “Kardinallar döyüşə gedir” kitabında yazır:”Yaxşı ki, papa bu ağıllı fikrə qulaq asaraq fətvanı geri götürdü.”
Azərbaycanlı alimin təklifi ilə Osmanlı dövləti Avropanın köməyinə gəldi: bu ölkədən milyonlarla pişik və pişik balası Avropaya göndərildi. Az sonra artmağa başlayan pişiklər siçan və siçovulları məhv etdi. Uğurlu nəticəni görən papa sehrbazlara aid fətvanı da ləğv etdi. Bir Şərq aliminin və milyonlarla Şərq pişiyinin köməyi ilə Avropa qurtuldu.
Akademik bu tarixi yaxşı bilirdi. Özünü sehrbaz və pişiklərin himayədarı kimi böyük Sührəverdiyə tay tutmaqdan belə çəkinmirdi... Bir əl işarəsi ilə o hər şeyi dəyişə bilirdi... Hər şeyi... Təsadüfi deyil ki, başının üstündə prezidentin şəkli olsa da, masasındakı kompüterin profilində Sührəverdinin şəkli vardı....)