Sənədli kinoya aid unikal materiallar əldə olunub
11.02.21
Dövlət Film Fondunun əməkdaşlarının səyi nəticəsində Əməkdar mədəniyyət işçisi, kino veteranı Lidiya Şarkovkinanın vəfatının 40-cı günündə onun və həyat yoldaşı, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar mədəniyyət işçisi, kinooperator Vladimir Konyaginin şəxsi arxiv sənədləri ailəsi tərəfindən Belarusun Vitebsk şəhərindən Dövlət Film Fonduna göndərilib.
Film Fondundan AZƏRTAC-a bildirilib ki, təhvil verilmiş arxiv sənədləri hər iki kino xadiminə aid sənədlər, əlyazmalar, diplom, medal və ordenlərdən, sənədli kinoya aid unikal fotoşəkillərdən ibarətdir və bu materiallar əsasında Dövlət Film Fondunda şəxsi arxiv fondu yaradılacaq.
Qeyd edək ki, V.Konyagin Azərbaycan kinosunda 1936-cı ildən fəaliyyət göstərirdi. O, 100-dən artıq sənədli filmin, kinoxronikaların operatoru və rejissoru kimi çalışıb. Onun operatoru olduğu “Dostluq məşəli”, “Çiçəklənən Abşeron”, “Sovet Azərbaycanının 50 illiyi”, “Dirçəldilmiş torpaq” , “Respublikamız haqqında həqiqət”, “Ürək yaddaşı” (K.Məmmədovla birgə), rejissor-operator kimi “Şirvanneft”, “Dənizdə möcüzə”, “Muğanın dastanı”, “Tayqa qəhrəmanı”, “Tələbə avtoqrafları”, “Vahid bayraq altında” (M.Dadaşovla birgə), “Həyat naminə” və s. onlarla filmlərin müəllifidir.
|