Asif Hacılı - “Yetmişi aşırdın, yüzə nə qaldı”

22.01.21

Türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının Turançılıq idelogiyasının sütunlarından olan məşhur formulu bu günümüzdə xüsusilə aktualdır: “Dildə, Fikirdə, Əməldə Birlik!”.

Qloballaşan dünyamızda bu vəhdət milli amal olmaqla bərabər, hər bir fərdin də düşüncə və fəaliyyətində aşkarlanmalıdır. Lakin bu meyar türk insanlarını birləşdirdiyi qədər də, onları bəşəri dəyərlərdən ayırmır, bəşərin ali ideallarına bağlayır. İsmayıl Bəyin təqdim etdiyi türkçülük formulunun bu milli-bəşəri siqləti digər milli-ideoloji konsepsyalarla müqayisədə aşkarlanır. Rus ideoloqu qraf S.S. Uvarov ölkəsinin mahiyyətini “mütləqiyyət (çarizm) – xəlqilik – pravoslavlıq” məfhumlarının, İlya Çavçavadze Gürcüstanın qurtuluşunu “din – dil – yurd” anlayışlarının vəhdətində görürdü. Bunlardan fərqli olaraq, İsmayıl Qaspıralının Turançılıq formulu ölkə, məkan, din, hakimiyyətlə qapanmayaraq, qədim türklərin söylədiyi kimi, türk insanını ulus və kainatın ortaq məhvərinə çıxarır, ümumən insanlığın vəhdətini ifadə edir.

Türklüyün bu milli və bəşəri mahiyyəti çağdaş dövrümüzdə Ahıska türklərinin taleyində sözün tam mənasında aşkarlanır. 1944-cü ildən bəri sürgün həyatında yaşadıqları acılara, iztirablarına, vətənsizlik dərdinə baxmayaraq, Ahıska türkləri öz türk kimliklərini, islam inanclarını, ana dillərini və ən əsası – Ana Yurd sevgisini, Ahıskaya dönüş əzmini qoruyub saxlamışlar. Eyni zamanda yaşadıqları müxtəlif ölkələrin insanlarına, doğma Gürcüstana sevgi və hörmətlə yanaşmışlar, bu ölkələrin inkişafına xidmət etmişlər. Sürgün dövründə, Vətəndən uzaqlarda Ahıska türklərinin milli ruhu və mədəniyyəti yaşamış, yeni sənət, musiqi, ədəbiyyat nümunələri yaranmış, istedadlı şairlər, nasirlər, milli ruhu yaradan şəxsiyyətlər meydana çıxmışdır.

Hazırda dünyanın 10-dan çox ölkəsində məskunlaşmış, böyük bir hissəsi hələ 1958-ci ildən Azərbaycanda yaşayan Ahıska türkləri bu gün vətən eşqi ilə yaşayır, milli varlıqlqrını, türklük şüurunu və etnik mədəniyyətlərini qoruyub inkişaf etdirilər. Bu prosesdə Ahıska türklərinin xalq yaradıcılığı və xüsusən də çağdaş ədəbiyyatının böyük rolu var.

Ahıska türklüyünün, ümumən müasir türklüyün ülvi dəyərlərini, milli ideallarını, xarakterini ifadə edən belə böyük şəxsiyyətlərdən biri ünlü şair, alim, pedaqoq, vətəndaş, Vətən mücahidi olan Cabir Xaliddir. Cabiri mən keçən əsrin səksəninci illərindən tanıyıram. Həmin dövrdə dəyərli dostum və istedadlı həmkarım Mübariz Məmmədli vasitəsilə, əsli Azqurdan olan, Bakıda doğulub yaşayan istedadlı musiqiçi Faiq Azqurlu ilə tanış oldum və onun bələdçiliyi ilə Saatlı-Sabirabad bölgəsinə folklor toplamağa getdikdə tanış olduğum ahıskalı ziyalılardan biri Cabir müəllim oldu. Həmin dövrdən dostluğumuz, əməkdaşlığımız, məsləkdaşlığımız yarandı və bu günə qədər də davam edir.

Cabir müəllimlə ilk görüşümüzdən onu ədəbiyyat və folklor bilicisi kimi tanıdım, ancaq tədricən şairliyinə bələd oldum və geniş qəlbli, dərin düşüncəli, öz üslubu və yüksək sənətkarlığı olan sənətkarla qarşılaşdığımı anladım. Cabir müəllim ağır təbiətli, zəki, təvazökar, ciddi bir insandır və ilk baxışda bizim alışdığımız mənada həlim şair simasını xatırlatmır. Onunla ünsiyyətim, əsərləri ilə tanışlığım artdıqca, anladım ki, Cabir Xalid üçün şeir əyləncə deyil, şeir yalnız zövq və vəzndən də yaranmır. Onun üçün şeir milli ruhun ifadəçisi, sürgündə olan xalqının milli kimlik şüurunun qoruyucusu, xalqı Vətənə səsləyən amildir.

Onun şeirinin qaynağı da xalqın ruhundan gələn şifahi və yazılı türk ədəbi ənənəsi və həm də müasir Azərbaycan ədəbi mühitidir.  Söz sənətinin gözəl bilicisi olan Cabir öz yaradıcılığında folklordan və klassik poeziyamızdan bəhrələnir. Bakı Dövlət Universitetinin gözəl vaxtlarında, 1969-1974-cü illərdə filologiya fakültəsində Mir Cəlal, Bəxtiyar Vahabzadə, Əkbər Ağayev, Muxtar Hüseynzadə, Firudin Hüseynov, Ağamusa Axundov, Fərhad Zeynalov, Pənah Xəlilov, Şamil Qurbanov kimi ustadlardan dərs almış Cabir Xalidin şairliyə münasibəti, şeir anlayışı klassik ənənələrə əsaslanır. Buna görə də şairliyin, şeirin Cabir üçün nə olduğunu anlamaq üçün bu ənənəni bir daha gözdən keçirməyə gərək var.

Türklüyün Ana Kitabı “Dədə Qorqud”da ozanın qaibdən dürlü xəbər söylədiyi deyilir, qutlu söz qeybdən, göylərdən gəlir. Müqəddəs Kitabımız “Quran-i-Kərim”də şairlərə “sapmışların, pərəstişkar adamların tabe olduğu”, ancaq bunlardan olmayan başqa şairlərin də olduğu deyilir: “O şairlər ki, iman gətiriblər, saleh işlər görüblər, Allahı tez-tez anıblar, zülm çəkəndən sonra uğur qazanıblar” (Şuara, 224, 227).

Böyük Füzuli şair sözünü yalan sayır: “Gər dersə Füzuli ki: “Gözəllərdə vəfa var” / Aldanma ki, şair sözü, əlbəttə, yalandır”; eyni zamanda şeirdə elmin əhəmiyyətini vurğulayır.

“Cahan mülkündə mütləq, dоğru halət... aşinalar ixtilatında sədaqət... biətü iqrarü imanü dəyanət... bivəfadan təhsili-hacət görmədim” deyən Molla Pənah Vaqif canı bahasına da olsa  öz əqidəsindən dönmür, özünə və sözünə sadiq qalır, haqqa tapınır.

Mirzə Ələkbər Sabir özünü dəryada duran, dalğaların həmləsinə tab gətirən “qocaman dağa” bənzədir və özü gedərsə də, məramının dünyada duracağını, hər cür təzyiqə rəğmən həqiqəti söyləyəcəyini deyir.

Ahıskanın ünlü şairi, sovet rejimi tərəfindən 1937-ci ildə qətl edilmiş Molla Məhəmməd Səfili şairlik taleyinə düşən acıları heç kimə arzulamır:   “Beyçarə Səfili, fani dünyada, // Artar oldi dərdim hədən ziyada, // Sən ki bənə verdin ol bari, xuda, // Vermə bəndən özgə qula dərdimi”; əsərlərini isə sonrakı nəsillərə yadigar adlandırır: “Der Səfili, bir yadigər də səndən, Toymax olmaz paldan tatli lisandan...”

Səməd Vurğun sovet ideolojisinə rəğmən, ondan nədir “Saçlarına düşən bu dən? Şair, nə tez qocaldın sən!” deyə soranlara – “Nemətsə də gözəl şeir, / Şair olan qəm də yeyir. / Ömrü keçir bu adətlə, / Uğurlu bir səadətlə” deyə cavab verir, qəm adətini şair üçün səadət adlandırır.

Cabir Xalid bu fəlsəfi-poetik ənənənin davamçısıdır, bu idrak yolunun yolçusudur. Türk folklor ənənəsi və klassik poeziyası, Azərbaycan ədəbi mühiti ilə sıx əlaqədə formalaşmış mahir ədəbiyyat və folklor bilicisi, sürgün dövrünün vətənpərvər nəğməkarı olan Cabir Xalid üçün şeir ilk növbədə milli ruhun ifadəsi, yurddaşlarını Vətənə səsləyən amildir. Bu baxımdan onun “Bu    şairlux    ki  var” adlı yığcam və zahirən sadə bir şeirini bütün yaradıcığılığının leytmotivi hesab etmək olar. Cabir bu əsərdə şairliyin onun üçün mühüm olan əsas məram və prinsiplərini ustalıqla şərh edir:

Bu şairlux nə hekmətdür
Xəyalda seyran ediyer.
Hər diləgi xoş muratdur
Tuyani heyran ediyer.

Bu şairlux düzi söylər,
Hallandura, hallandura.
Bir bəzəkli sözi söylər,
Pallandura, pallandura.

Hər sözümüz ibrət üçün
Bir ilhamdan hədiyyədür.
Gəl, sən də düz millət üçün,
Gör süslü söz, seir nədür?

Çox dərinə getdin isə,
Qumi gəvhər yapacaxsın.
Çox yüksəgə yetdin isə,
Bir ölməzlux tapacaxsın.

Buna görə də, Cabir Xalid üçün şairlik ilk növbədə “xoş dilək”dir, səadət gətirən hikmətdir, qutlu bilikdir, fikir və əməl vəhdətidir. Eyni zamanda, həqiqətdir, ibrətdir, öyüddür. Nəhayət, mənalar dəryasına varan gövhər, ülvi səmalarda, haqq dərgahında aşkarlanan əbədiyyətdir.

“Forma, məzmun” adlı digər bir şeirində isə ədəbiyyatın bədii-estetik mahiyyətini, forma və məzmun vəhdəti kimi elmi məsələni şeir dili ilə orijinal şəkildə ifadə edir:

Gərəksiz bircə səs, bir yersiz kəlmə,
Əzir dil-dodağı, deşir qulağı.
Fikir doğulanda yad, göydən gəlmə
İncidir qəlb adlı coşqun bulağı.

Cabir Xalidin poetik varlığı bu kimi şeirlərində aşkarlanır, ancaq o, şair olmaqdan öncə xalq adamıdır, ictimai xadimdir, sürgün həyatı yaşayan xalqın öndər şəxsiyyətlərindəndir, milli taleyi öz şəxsi qədərində yaşayan vətənpərvərdir. Buna görə də onun şairliyi, poeziyası ancaq təhsili, biliyi, mühiti, maraq dairəsi ilə müəyyənləşməmişdir. Cabirin poeziyası onun öz şəxsi taleyinin bədii ifadəsidir, ancaq bundan daha dərində doğma xalqının acı taleyinin, istək və arzularının, inanc və etiqadının təcəssümüdür. Tərcümeyi halına baxsaq, Cabirin öz həmyaş soydaşlarının qərib taleyini yaşadığını görərik. Atası Derselli Xalid İsgəndər oğlu Qurdoğulları adlanan qədim türk soyundandır. Anası Adıgünlü Tütər Rəhim qızı Çobanoğulları nəslindəndir.

1944-cü ildə valideynləri soydaşları ilə birlikdə Orta Asiyaya sürgün edilib. Cabir 1951-ci ildə sürgündə, Səmərqənddə anadan olub, 1959-cu ildə ailəsiylə Azərbaycana köçüb, Saatlı rayonunun Şirinbek kəndində məskunlaşıb. 1969-74-cü illərdə ADU-nun filologiya fakültəsində təhsil alıb.   1974-1985-ci illərdə Saatlı rayon Şirinbek kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatından dərs deyib. 1985-ci ildən kənd Mədəniyyət Evinin rəhbəri olub. Kənddə təşkil etdiyi türk-folklor ansamblı 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub. 1989-cu ildə ona “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib. Azərbaycan Yazarlar Birliyinin üzvü, Azərbaycanda yaşayan Ahıska Türkləri Yazarlar Birliyinin qurucularındandır.



Məktəbdə oxuduğu dövrdən bədii yaradıcılıqla məşğul olub. Şairin şeirləri qəzet və jurnallarda, ədəbi almanaxlarda dərc olunub. İstanbulda “Yurda dua etmədikcə”, “Axısxa nəğmələri” kitabları çıxıb. İstedadlı şair, vətənpərvər ziyalı olan Cabir müəllim bu gün gənc şair və nasirlərin məsləhətçisi, yol göstərəni, el ağsaqqalıdır.

Lakin bütün bunlar Cabirin həyatının zahiri tərəfidir. Onun yurddaşları artıq 75 il olur ki, sürgün həyatı yaşayır, dünyanın hər bucağına səpələnib, artıq yurdsuzluq dövrünün neçə nəsli dünyaya gəlib. Milli sürgün Cabirin bütün varlığını saran, taleyini yönəldən, qəlbində qövr edən faciədir. Və onun yuxarıda sadaladığımız bütün çoxcəhətli ictimai, pedaqoji, mədəni-maarif, ədəbi fəaliyyətiin başlıca qayəsini və məzmununu Vətən eşqi, yurd həsrəti və milli mücadilə təşkil edir. Cabir müəllim hələ gəncliyindən Vətən hərəkatının fəal iştirakçısı və liderlərindən biridir. O, Azərbaycanda yaşayan Ahıska Türkləri Vətən Cəmiyyətinin öndərlərindən olmuş, Ahıska türkləri “Vətən” cəmiyyətinin orqanı olan “Vətən eşqi” qəzetinin məsul katibi, baş redaktoru kimi fəaliyyət göstərmişdir. Ahıska türklərinin vətənə dönüş məsələsi ilə əlaqədar dəfələrlə Moskvada, Tbilisidə, Bakıda, Nalçikdə, Ankarada çıxışlar etmişdir.

Cabir müəllimin bədii yaradıcılığında da Ana Yurd əsas mövzu, Vətənə dönüş ali milli ideya kimi tərənnüm olunur. Şairin əsərlərində əsas mətləb, əsas ideya və surət Vətəndir, Ana Yurddur.  Vətən Cabir Xalidin şeirlərində kimsəsiz qalmış Anadır, ocaqları sönmüş Dədə yurdudur, “bizim dərə”dir, “Bir gözəlin yanağında / Bər qaraca xaldur!”, “Bin yillux xas paldur”, “havam, suyum, toprağım, taşım, yüzüm,  gözüm,  ucalan    başım, Yürəgim,  bögrəgim, cigərim, canım”, “Şəkərim,  şərbətim,  həm   tuzum,  tadım”, “Hürmətim,  pənahım,  arxam,  yetənim...”dir.

Cabir Xalid oxucularına da bu ülvi Vətən sevgisini, yurd duyğusunu, yurddaş hissini aşılayır, soydaşlarını poetik şəkildə vətənə səsləyir. Vətənin adının çəkilməsi yasaq olan 1978-ci ildə yazılmış “Vətən” şeirindən parçalar:

Cabir diyer, Qaxsanaya,
Gül ədrəfən baxsanaya,
Alıp da göskən taxsanaya.
Bir solmiyan güldür Vətən!..

***

Həm haxıldur, həm də dildür,
Tatli-tatli gün, ay, yildür,
Sən mərəmin ona bildür,
Gör hali nə haldur Vətən.

***

Həm anadur, həm də əvlət,
Tükənmiyan bir var dəvlət,
Sən   zəhmət   çek, həlbət,həlbət,
İpəkdür, həm şaldur Vətən!

Klassik poeziyanın gözəl bilicisi olan Cabir Xalid bəzən yazılı ənənəyə xas poetik vasitə və üslubdan ustalıqla istifadə edir, bununla da əsərlərinin təsir gücünü artırır. Onun “Vətənimdür, vətənimdür, vətənüm” şeirində Abbas Səhhətin məşhur əsərinin üslubunu canlandırması bu baxımdan bədii təbdilin uğurlu nümunəsi hesab edilə bilər:

Şəkərim,  şərbətim,  həm   tuzum,  tadım
Fərəhim,   tınçluğum, yardım-imdadım
Sayğım,  sayılmağım,  izzətim,  adım
Hürmətim,  pənahım,  arxam,  yetənim
Vətənimdür,  vətənimdür,  vətənim!

Bəzən şairin təxəyyülündə Vətən bir tablo, canlı təbiət mənzərəsi kimi canlanır, poetik detallar, cizgilər, təbiət mənzərələri canlı bir aləm yaradır. 1978-ci ildə Vətənə ilk səfərindəki təəssüratlarını müəllif belə təqdim edir:

Bu yurtda yüzmidür kövlərin sayi
Burdan ayax açar bizim Kür çayi
Yayılur nənnisi, hayi-harayi
Bir qaya bir çaya baş əgmişdür, baş
Bir əglət maşini, əglət, a qardaş
Bir şəkil çekem.  

Tağlar əlvan urbay geyər, sarınur,
Duman foşisidür, yerdən sürünür,
Hər yanda şikiyat-şübhə görünür,
Nəyçündür günorta gül gözündə yaş,
Bir əglət maşini, əglət, a qardaş
Bir şəkil çekem.

Bu kimi şeirlərdə Vətənin təbiəti, yurdun dağları, çeşmələri, buludları, çayları mifopoetik duyumla canlandırılır, insaniləşdirilir, lirik qəhrəman və vəsf olunan mühit arasında psixoloji paralellik yaranır, şairin daxili aləmi, yaşantıları kənara sirayət edir, dağların çəməni, otu-çucəyi “urbaya”, buludları “foşiya” bənzədilir. Beləliklə təbiət lirik “mən”in tərəf müqabilinə, müsahibinə çevrilir, yurd sevgisi əsərin bütün detallarında aşkarlanır.

Bir daha vurğulayım ki, Cabir Xalid sözün dərin anlamında türk insanıdır və onun üçün Vətən yalnız Ahıska deyil, bütövlükdə türk dünyası və xüsusi olaraq da Azərbaycan və Türkiyədir. Onun Azərbaycan və Türkiyənin tarixi, şəxsiyyətləri haqqında bir çox dəyərli əsərləri var. Özünü haqlı və haqqı olaraq bu ölkələrin tam hüquqlu vətəndaşı hesab edən, bunun şərəf və məsuliyyətini duyan Cabir Xalidin üçrəngli bayrağımıza həsr etdiyi “Yaşıl, mavi, qırmızı” şeiri dərin məzmunlu sənət nümunəsidir:

Bayrağımın rəngidir
Yaşıl, mavi, qırmızı.
Nəbzimin ahəngidir
Yaşıl, mavi, qırmızı.

Haqq işığı yandırır
Türklüyümü andırır
Yatma der, oyandırır
Yaşıl, mavi, qırmızı.

Əqidəm, amalımdır
Arzumdur, əməlimdir
Tərcümeyi – halımdır
Yaşıl, mavi, qırmızı.

Cabirin doğmalaşıb yurd sevgisiylə bağlandığı Muğan düzü də şeirinin füsunkar tərənnüm obyektlərindəndir. O, Muğanı da şair təxəyyülü ilə canlandırır, antropomorf qavrayışla buranın təbətinə insani keyfiyyətlər aşılayır, füsunkar bir mənzərə yaradır:

Muğan – Odlar yurdu Azərbaycanın
Hələ yetkinləşən dəcəl qızıdır.
Dünən bəhrəsizdi – utanır, canım,
Lalələr üzünün qızartısıdır.

Azərbaycan ümumən Ahıska türklərinin şairlərinin yaradıcılığında doğma yurd kimi övlad məhəbbətilə sevilən, süslənən, tərənnüm olunan məhrəm məkandır. Ahıska tarix boyu Azərbaycanla sıx bağlı olmuş, Ahıska türklərinin görkəmli ziyalıları Ömər Faiq Nemanzadə, Əhməd Bəy Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev, Fuad Əfəndiyev, Mövlud və Rasim Bayraqdarovlar Azərbaycanın tarixində iz qoymuşlar. Ahıska türkləri bu gün də Azərbaycanın tərəqqisi yolunda çalışır, Birinci Qarabağ savaşında 81 ahıskalı şəhid olmuş, İsgəndər Aznavur Milli Qəhrəman adını almışdır. Bu ilin sentyabrın 27-dən başlayaraq 44 gün davam etmiş müzəffər Vətən müharibəsində Ahıska türklərinin yüzlərlə nümayəndəsi şəhidlik zirvəsinə ucalmış, qazilərin şücaəti dillərdə dastan olmuş və dövlət tərəfindən mükafatlandırılmışdır.

Cabir Xalid sözün dərin anlamında türk insanıdır və onun üçün Vətən yalnız Ahıska deyil, bütövlükdə türk dünyası və xüsusi olaraq da Azərbaycan və Türkiyədir. Onun Azərbaycan və Türkiyənin tarixi, şəxsiyyətləri haqqında bir çox dəyərli əsərləri var. Özünü haqlı və haqqı olaraq bu ölkələrin tam hüquqlu vətəndaşı hesab edən, bunun şərəf və məsuliyyətini duyan Cabir Xalidin üçrəngli bayrağımıza həsr etdiyi “Yaşıl, mavi, qırmızı” şeiri dərin məzmunlu sənət nümunəsidir:

Bayrağımın rəngidir
Yaşıl, mavi, qırmızı.
Nəbzimin ahəngidir
Yaşıl, mavi, qırmızı.

Haqq işığı yandırır
Türklüyümü andırır
Yatma der, oyandırır
Yaşıl, mavi, qırmızı.

Əqidəm, amalımdır
Arzumdur, əməlimdir
Tərcümeyi – halımdır
Yaşıl, mavi, qırmızı.

Cabirin doğmalaşıb yurd sevgisiylə bağlandığı Muğan düzü də şeirinin füsunkar tərənnüm obyektlərindəndir. O, Muğanı da şair təxəyyülü ilə canlandırır, antropomorf qavrayışla buranın təbətinə insani keyfiyyətlər aşılayır, füsunkar bir mənzərə yaradır:

Muğan – Odlar yurdu Azərbaycanın
Hələ yetkinləşən dəcəl qızıdır.
Dünən bəhrəsizdi – utanır, canım,
Lalələr üzünün qızartısıdır.

Cabir müəllimin bir çox şeirlərində Türkiyənin şanlı tarixi, türk dünyası üçün dəyər və əhəmiyyəti, keçmişi, bugünü, sabahı dərin sevgiylə ifadə olunur. “Türkiyəm” adlı şeir bunlara nümunədir:

Hey, hey bənim ulu Türkiyəm.
Adı, özü umut dolu, Türkiyəm...

Öz adını öz diliynən süsliyan
Övladını öz əliynən bəsliyan
Dünyamızı xoş sabağa səsliyan
Gönüllərin umut yolu Türkiyəm...

Lakin Cabir Xalid yaradıcılığının məna özəyi, sakral bədii aləmi, şair qəlbinin qara sevdası ilk növbədə doğma yurdu Ahıskadır. Ana Yurd hələ də əlçatmazdır, vətən uzaqlarda, yurddaşlar qürbətdədir. Şair üçün Ana Vətən ali dəyərdir, milli ideyadır, uca məqsəddir, vətən yolunda çalışmaq övliyalığa bərabər qutsallıqdır: “Vətən işi ən yuca bir işimiz... Qolaymidür xalq işinə alışmax / Əvliyalux, xıdırluxdur çalışmax...”

Yurdu yurd edən də vətəndaşın milli ruhudur, vətən sevgisidir. Cabir üçün də Yurd yalnız təbiət, dağlar, obalar deyil, ilk növbədə xalqın milli mənəviyyatıdır, mədəniyyətidir, ana dilidir. Uzaq diyarlarda, xüsusən sovetlər dövründə yasaq olunmuş türk adını yaşadıb bəyan etmək özü də cəsarət və qətiyyət tələb edirdi və Cabir o dövrlərdən yurddaşlarına türklük şüuru, dil sevgisi təlqin edirdi:

Türk dilidür sənin adın
Var ol, yaşa, ana dilim.
Pal kimidür sənin tadın
Var ol, yaşa, ana dilim.

Şairin türk soyunun Vətən eşqinə, müdrikliyinə, xalqın gücünə, qüdrətinə, xoş sabahına inamı böyükdür:

Hərəsi bir biçimdədi,
Belə baxma bu millətə.
Vulkan gücü, içindədi,
Belə baxma bu millətə...
Qəzəbi var, amanı var.
Xoş sabaha gümanı var,
Belə baxma bu millətə...

Şair üçün Vətən – ilk növbədə mənəvi borcdur, yurd borcu, el borcu isə müqəddəs anlamlardır və o bütün varlığı ilə bu borcu ödəməyə çalışır, soydaşlarını da buna səsləyir:

Cabir, gücüm yolumdakı nurdadı,
Harda olsam qiblə səmtim yurdadı,
Köküm burda, qol qanadım burdadı,
Bu torpağa, mən bu elə borcluyam.

Bu nurlu yol – Vətən yolu, yurd yolu fədakarlıq, igidlik, müdriklik tələb edir, bunu yaxşı anlayan şair soydaşlarını mübarizəyə səsləyir:

Şan – şöhrətən dünya matdur.
Sən Koroğli, at Qıratdur.
Vətən sənə amanatdur,
Var olduğun, sübut eylə.

Lakin şairlik başqa, fəlsəfi bir anlamdır, digər insanlardan fərqlilik, seçilmişlik deməkdir, seçilmiş insan isə tənhalıq, yalqızdır. Bu tənhalığı ağırlaşdıran odur ki, Ahıskalı şair kimi, Vətən də yalqızdır, kimsəsizdir, övladlarından iraq düşmüşdür. Ancaq bu tənhalıq həm də düşüncədir, özünüdərkdir, dünyanın dərkidir, mənəvi sınaqdır:

Haniya bayaxki eş-əhbəp, şadlux,
Genə dərdiminən yalağuz qaldım.
Sanki ədrəfimdür yabanlux, yadlux,
Genə dərdiminən yalağuz qaldım.

Yalağuz bir olan Allahi derlər.
Yalğuzdur məhbəsdə ən yigit ərlər.
Yalğuzdur can Vətən – səvduğum yerlər,
Genə dərdiminən yalağuz qaldım.

Yalğuzlux bir az ğəm, bir az fərəhdür.
Şirin xəyallardur, güldür, cəh-cəhdür.
Yalğuzlux daha çox mərəqdür, ahdur,
Genə dərdiminən yalağuz qaldım.

Çətinimdə çox şükür ki, yetdilər.
Dərdə şərik olub ədə etdilər.
Soun qalxıb əvlərinə getdilər,
Genə dərdiminən yalağuz qaldım.

Cabir, qoyma səni dərd süzə, əmə,
Uyup kor şeytana belə ğəm yemə.
Allah kimi adil dost ki var, demə,
Genə dərdiminən yalağuz qaldım.

Cabirin şeirlərində ara-sıra izlənən bu kədərli notlar xalq deyimlərinə, ağılara, Ahıska türklərində geniş yayılmış Vətən ağıtlarının fəci ruhuna, yanğılı ovqatına yaxınlaşır və belə məqamlarda milli faciə ilə şəxsi kədər qovuşur, poetik ritm xalq deyimlərinin intonasiyasına bənzəyir. Bu xüsusiyyət müəllifin “yüz bin türkün söyləduği” qeydi ilə başlayan və bununla xalq ənənəsinə bağlanan “Ağlama   gözlərim, ağlama!” adlı dastanında yüksək sənətkarlıq və duyğusallıqla aşkarlanır. Şairin “deyiş” adlandırdığı, müxtəlif hissələrdən ibarət olan bu lirik-epik dastanından aşağıdakı parçalar əsər haqqında təsəvvür yaradır:

Niya belə bəxtsiz oldux,
Ağlama gözlərim, ağlama!
Açıldux, saraldux, soldux
Ağlama gözlərim, ağlama!

44-də Vətəndən ayrıldux
Ağlama gözlərim, ağlama!
Saman olup da savruldux
Ağlama gözlərim, ağlama!

Bir ayinən yol getdux biz         
Ağlama gözlərim, ağlama!
Vaqonlar oldi əvimiz
Ağlama gözlərim, ağlama!

Çoğusi yolda can verdi
Ağlama  gözlərim, ağlama!
Özbəklər bizə nan verdi
Ağlama gözlərim, ağlama!

Cabir Xalid yaradıcılığının mühüm bir mövzusu dini-fəlsəfi və didaktik mətləblərdən ibarətdir. Uca Tanrıya sığınmaq, əməlisalehlik, imana sədaqət, inancın qorunması, taleyin mənası, insan və toplum, həyat və ölüm,  maarif, təhsil kimi mətləblər bu şeirlərin qayəsidir. İnsanlıq, çocuqluq və qocalıq, ədəb və mərifət, təlim və tərbiyə, ailə, xalq, millət, cəmiyyət, sevgi, mərhəmət, rəhm kimi anlayışlar şairin əsərlərində sənətkarlıqla tərənnüm olunur.

Cabir Xalid hadisələrin, olayların mahiyyətinə varan və məğzini qavramağa çalışan mütəfəkkir şairdir. Təbii müdrikliyinə, şəxsi taleyinə yazılmış acılara qarşı dəyanətinə görə yaradıcılığında da dünyaya, həyata, tarixə bədbin baxış yoxdur. Allahın inayətinə, haqqın təntənəsinə, ədalətin zəfərinə sarsılmaz inam var, daxili aləmə, ətraf mühitə, insanlığa pozitiv münasibət var və şair bu ruhu ətrafındakılara da aşılayır, insanları “pəncərələri açmağa”, “baharı qarşılamağa” çağırır.

Cabir Xalid öz şəxsi həyatında və əsərlərində acılara əyilməyən, taleyinin amansız zərbələrindən sarsılmayan, qürurunu sındırmayan, daxili gücü ilə bədliklərə və şərə qalib gələn  örnək şəxsiyyət olduğunu təsdiqləyir.

Bu mənəvi gücü ona Allaha inamı, xalqına sevgisi, vətən eşqi və türklük qüruru verir. Cabir Xalid haqq yolunun yolçusudur və bu yolda Uca Allaha pənah gətirir, özünə, soydaşlarına, insanlığa rəhm diləyir, özünün, dostlarının, elinin, insanlığın Tanrı imtahanından üzüağ çıxmağını arzulayır:

Gözəl Allah dizimizi bükməz olsun,
Gah o yana, gah bu yana çəkməz olsun.
Aclıq ilə imtahana çəkməz olsun.
Gül açmalı bağrımızın başı yandı,
Gözəl insan, bu gün yaman imtahandı.
İmtahandan üzü ağ çıx.

Əziz dostumuz, qardaşımız, məsləkdaşımız, qasırğalı dəryada qocaman dağa bənzər Şair Cabir Xalid ömrünün şanlı 70 illiyinə insanlıq, türklük və vətəndaşlıq imtahanından üzüağ çıxıb, onun dönmədən addımladığı Haqq yoluna nur arzulayıram!
/525.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.