Üzeyir  Əlizadə - Literature   Medical  Centre

01.01.21

 
   Siftə  eləyib   bir-iki  müəllifin   yazılarına   fikir  bildirmişdim   ki,  digər   yazarlar  email, whatsapp,  messenger   ünvanlarımı   əsərləriylə  doldurdular:   şeirlər,  esselər,  hekayələr,   poemalar,   povestlər, romanlar... hamısı da xahiş  edir ki,  yazıları barədə  fikir bildirim. Sanki yazdıqlarını   həkim  müayinəsindən keçirmək   istəyirlər. Əlbəttə,  kim  canı  ağrıyanda  özünü  savadlı, çoxbilmiş  həkimə  göstərmək  istəməz?!  
      Müraciət  edənlərin   çoxluğunu  nəzərə  alıb  “Literature   Medical  Centre “ adlı  müalicəvi  diaqnostika   klinikası   açdım. Adını  da  ingiliscə  ona  görə  qoydum  ki,  dəbdən  geri  qalmayım.  Qoy  görsünlər ki,  bizim  də  ingilisdilli  obyektimiz  var.
   Günün  bu  günü  də  yazar  və  yazılar  əlindən  tərpənmək  olmur  klinikamızda.   Müəlliflər   xəstə  yazılarını  qəbula   gətirmək  üçün   iki-üç  həftə  öncədən  növbəyə  yazılırlar.  Vətən, millət   mövzusunda  yazılar   istisna  olmaqla,  qalanlarının  qəbulu  ödənişlidir.  Mərkəzdə  hər  bir  yazarın   imza  və  yazısının   gizliliyi   tərəfimizdən  elə  ciddi  şəkildə   qorunur ki,  heç  İsveçrə  bankı  öz  müştərilərinin   məlumatlarını  bele  qoruya  bilmir.   Hər  gün   fərqli  xəstəliklərlə  müraciət  edən  xəstələrin  çoxluğu  adamı  lap  gic  eləyir.  Bircə   günün  xəstəlik  vərəqələrini  sizinlə  tanış  etsəydim,  başınıza  hava  gələrdi.  Məsələn, elə   dünən  baş  verənləri  danışsam  bəsinizdir.
    Səhər  saat  doqquzda  qəbula  yazılanlardan   biri   qolunda  sarğı içəriyə  keçərək  başladı  dərdini  danışmağa.  Demək,  bir  neçə  müddət  öncə   kəndə   gedibmiş.  Kəndə  çatar-çatmaz  yolda   eşşək  görür  və  istəyir  onu  minsin . Eşşək  də   buna  necə  şıllaq  atırsa,  binəva  yıxılır,  qolu  sınır   və  qasıq  nahiyəsindən  çox  ağir  zədə  alır.  Sən   demə,  eşşəyi   minərkən   başında  şeir  olduğu  üçün  misralara da   xəsarət   toxunur.  Sınıqçı  onun  qolunu  bağlasa  da,  şeir   həkimi  olmadığından  misraların   müalicəsini   boynuna  çəkmir.   Bu  da  şeirini   klinikamıza  müalicəyə  gətirib.  Müayinə  edərkən   aydın  oldu  ki,  şeirin  ilk bəndinin  biləyi  və  sonuncu  misrasının  bazu  sümüyü  sınmaqla  yanaşı,  ikinci  bəndinin  də  dörd  qabırğası  çatlayıb.  Dedim,  yazıq  deyil  bunu  belə  hala  salmısan?  Bir  də  başında  şeir  eşşəyə   yaxınlaşma.  Və  əlavə  etdim ki, gec   gətirdiyin  üçün  sarğı  qoyulsa  da , əyri  birləşəcək. Dedi, eyb  etməz,  sarğı  qoy, sümükləri  əyri  birləşsə  də  oxucularıma   xoşdur.  Şeirin  şəfqət bacısına  tapşırdım ki,  travmataloji  sarğı  qoysun. Yazıq  şeir   zariya-zariya  getdi.
   Növbə  ikinci  xəstəyə  çatar- çatmaz    kitablarindakı  esselərlə   dalaşa - dalaşa  girdi  otağa.  Gördüm,   esselərin  cümlələri   bu  yazar  qadını dirəyiblər  divara  ki, sən  bizdən  yox, biz  səndən  şikayət  edəcəyik.  Plagiatlıq  edib   hərəmizi  bir   müəllifdən   oğurlamısan.   Onları  sakitləşdirib   şikayətlərini  dinlədim.  DNT  analizi  etdikdə   aydın  oldu   ki ,  cümlələr  haqlı  imiş . Sən  demə   cümlələr, fikirlər  essedə   səs-küy   edirlərmiş   ki,  burax  çıxıb  gedək .  Müəllif  də  bunları   həkimlə  qorxudub:  sakit  olmasanız,  aparacam  həkim  sizə  iynə  vursun - elə  bil  uşaq  qorxudur.  Dedim, ayıb  deyil , yekə  qadınsan - əslində,   boyu   balacaydı, özüm  qəsdən  elə  dedim   ki,  bəlkə  utana – heç  oğurluq  boyuna  yaraşırmı?   Məcburdumu  yazasan , yaza  bilmirsən  , yazma   da.  Adını  da yazıçı  qoymusan. Həftə  səkkiz  mən  doqquz   çap  planı  doldurursan   ele  bil...  Bunun  da  iynəsin  belə  vurdum  getdi.
  Elə bu gedər-getməz, qəbulda hay-həşir  düşdü. Birisi qəbula   növbədənkənar    keçmək  istəyirdi: sən  demə  şeirini  it  tutub, təcili kömək   lazımmış.  Sağ  olsun  növbədəkilər,   vəziyyətin  ağır  olduğun  görüb   onu  içəri  buraxdılar. Məlum  oldu  ki,  şeir  küçədə  qəzəllə   oynayanda   bir  küçə   iti  hücum  edib,  qəzəl  aradan  çıxsa  da,  şeir  qaçıb  canının  qurtara   bilməyib.  İt yuxarıdan   üç  misranı  dişləyib,  ortadakı    bəndi   it  yemiş   edib,  aşağıdan  da  bir  sətri  qoparıb.  Şeirin  şəfqət   bacisi  yaranı  üç   faizli  məhlulla  tələsik  yuyaraq, ətraf  misraları  da   yodla  təmizlədi  və   it  ağzından  çıxmış  şeirə  sarğı  qoydu.   
   Qəbuldakı  növbəti  müştəri  də  yazılarını  gətirib  ki,  boğazları  ağrıyır, yəqin  artıq  ət  var. Boğazlarına  baxanda  aydın  oldu  ki,  müəllif    ütülü   tiplərdən  olduğu  üçün   misralarını  da  ütüləyib   geyindirir  yazılarına.  Hələ  bu  cəhənnəm,  hər  birinin də  boynundan  qalstuk   asaraq  bərk - bərk   sıxır. Boğazları  da elə  bu  qalstuka  görə  ağrıyırmış.
    Digər  müəllif  də  şeirini  yanına  salıb gətirib.  Deyir,  qulağı  ağır  eşidir, dərman   yaz  qulağı  işləsin.  Dedim,  bu  yazığı   oxuculara   o qədər  ucadan  söydürmüsən  ki,  qulağı  kar  olub. Dərmanlıq  deyil  artıq.   Yazısını  qulaqlayıb   darta-darta  apardı.  
Birisi  də  yazısını   itələyə-itələyə  otağa   gətirdi,  başladı  dərdini  danışmağa  ki, ayağı  sürüşkəndir.   Deyirəm, o  nə  sözdür..?   Deyir, pis  yerə  yozmayın   e,  kim oxuyur,  deyir,  yadımda  qalmır. Yaddaşlardan   sürüşməyə   meyillidir.
Hələ  xərəkdə  gətiriləni   demirəm.  Yazısı  tərs  gəlib  deyə  hamiləliyi  sona  çatdıra  bilmir. Şeirin  şəfqət   bacısıyla  romanın  şəfqət  bacısı  nə  qədər  çalışsalar  da,  alınmadı.  Axırda  özüm  müdaxilə   edərək,   əməliyyat  yoluynan  - kesarla   prosesi  yekunlaşdırdım.  Amma  yazının  göbək  ciyəsi  olan  sözlər, cümlələr, fikirlər boğazına   dolaşdığı  üçün   hekayə   elə  bətndəcə   boğulub  ölmüşdü.   Xəstə  əməliyyat  stolundan  duran  kimi  deyir,  əsərimi  verin  aparım. Nə  qədər  başa  salmağa  çalışsaq  da,  faydası  olmadı.  Deyir,  əsər  mənimdir, ölüb  ölsün  də,  sizə  nə dəxli?  Oxucuma  onun  ölüsü  də  xoşdur, dirisi  də.
Nə  isə,  yazısını  verdik  apardı.
Bir  gün  öncə  isə   yanağında   qoşa  misra  olan  gözəl  bir  şeirin  dunyaya  gəlışınə   sevinmişdik.
Qəbula  boynubükük  qələm və  pərişan  hallı  vərəq   cütlüyü  də  gəlmişdi. Diqqətimi onların  ümid  dolu  baxışları  çəkdi. Utana-utana  övladlarının  olmamasından  şikayət  edərək,  çarə  axtarırdılar.    Bunlara  yalnız  təskinlik   verməyə  gücüm  çatdı:  əsərlər  kompüterdə  yazılmağa   başlayandan   qələm-kağaz  cütlüklərinin  demək  olar  hamısında    sonsuzluq   problemi  yaranıb.  Bu  təkcə   sizin  deyil,  bütün  qələm-kağaz   cütlüklərinin  dərdidir.  
Novbəti  pasyent  də  əsərlərini  gətirib  ki,  yatanda   yerlərinə   idrar  qaçırırlar.  Sən  demə,  yazıları  uzun  illərdir   Enurez  xəstəliyindən  əziyyət  çəkirmiş.  Başa  saldım ki,  oxucunu  aldatmaq  üçün  şirəsini  az,  suyunu   cox  elədiyindəndir.  Cümlələrin,  misraların   tərkibinə   mayeni  az  qat. Kəmiyyətə  deyil,  keyfiyyətə  fikir  ver .  Get , dediklərimə  əməl  et,  düzələcək.  
Başqası  da  yazısını  göstərərək  dedi ki, ağıl   cümləsi  ağrıyır,  çək   bunu.  Ağzını  açıb  baxıram: o  boyda  əsərin  içində  cəmi  bircə  dənə  ağıl  cümləsi  var,  onu  da    çəkdirmək  istəyir.  Başa  salıram  ki,  yazının  bütün  cümləsi  ağıl   cümləsi  olmalıdır. Əslində,  o  biri  cümlələrin  ağrılarıdır,   vurub  bunu da   incidir.   Ağrı  verən  cümlələri  çəkib   çıxartmağa   başlayanda  hay-həşir  saldı   ki,  dəymə,  çıxartsan,  yazının  ağzinda  bir  dənə  də   cümlə  qalmayacaq ,  mırıq  görünəcək.
  Yazıq  şeir,  sancı  qarnını  doğraya-doğraya  sahibi  ilə   girdi  içəriyə.  Sahibi  qafiyə  xətrinə  əlinə    keçən   nə   varsa,  yığıb  basıb  şeirə.  Onlar  da  gedib  yoğun  bəndlə  nazik  bəndin  arasında    keçilməzlik  yaradıb. Təcili  cərrahiyə   əməilyyatının   vacibliyini   bildirsəm  də,   əməliyyatdan  qorxduğu  üçün  razılıq  vermədi . Gücənə-gücənə   çıxıb  getdı.    
     Bir  yazar  da  vayına  oturulası  qalın   kitabını     gətirib  deyir,  profilaktik  baxış  istəyirəm  yazılarıma. Ədasından  hiss  etdim  ki,  deyəsən,  qadının  başı  biraz   o  məsələ...  Gözucu  bir-ikisinə  nəzər  salıb  dedim,  ay  xanım,  bunlar  orta  məktəb  şagirdinin  yazısından  da   aşağı    səviyyədədir,    bu  yazdıqlarının  ədəbiyyata  qəti  aidiyyatı   yoxdur.   Qayıdasan  ki,  siz  nə  danışırsız,  qəzetdə  çap  olunan  kimi  çoxlu  zəng  vurub  tərifləyirlər,    Fb-də   paylaşdığım  yazılarımın    altından   qəşəng  rəy  qoyurlar .  Anladım  ki,  birilərinin    bununla  ilişki  qurmaq  üçün yazdıqları  yalançı  rəylərə  inanıb ,  sonra  da  bədbəxtdə   özündən  razılıq,  başgicəllənməsi  yaranıb . Səsini qaldırıb  davam  edir:“Nobeli  Azərbaycana  mən  gətirəcəm.  Hippokrata  and  içmisiniz , baxmalısınız   bu  yazılara”.  “Hippokrat-zad  tanımıram  mən,  bura  gələnlər  mənim  başıma  and  içirlər,  get  başqa   işlə  məşğul   ol” -  deyirəm.   Qarğaya  bənzəyən   sifətini   turşudaraq    qapıdan  hirsli-hirsli   çıxanda  qayıdasan  ki,  sizdən  şikayət  edəcəyəm.  Mən də   dilimizə  hopmuş     ənənəvi  cumləni  işə  saldım: “hara  istəyirsən,  get  elə”.
    Ayağınınn  biri  uzun,  qolunun  biri  gödək,  başı  yekə, boynu  nazik, qüsurları saymaqla   qurtarmayan    bir  şeirini   gətirib  deyir:  
– Görürsünüz  də.   
Yorğun  halda   cavab  verirəm:
– Narahat  olma,   şeir  sərbəst   formada  doğulduğu  üçün  bu  hala  düşüb. Sərbəst   janrın  qəlibindən  çıxan  əksər  şeirlərin  sonu  belə  olur .
Ta demədim ki, qoşmanı, gəraylını, qəzəli,  hecanı,  rubaini,  qəsidəni, poemanı- hələ  dodaqdəyməzi  demirəm – qoyub,  nə  görmüsünüz   bu  sərbəstdə?    Heç  kim  bilməsə  də,  mən  yaxşı  bilirəm,  çoxlarınız   zibilinizi   ört-basdır  etmək   üçün    “bu  sərbəst  şeirdi,  sən  qanan  şey   deyil”   bəhanəsiylə  ozünüzə  boy  verməklə  məşğulsunuz.  Mal  təzəyini  divara  vurandan   sonra  ozünüz  üçün   fantaziya  uydurursunuz  ki,  guya  orda  nəsə  məna   var, oxucu  bilmir.
Birdən  də  görürsən,  təcili  yardım  maşınları  durmadan  gətirirlər. Əzilən  kim,  qolu–qılçası  sınan  kim,  yolda  ölən  kim.   Nə  olub  bunlara?  Sən  demə   oxucunun   kitab  rəfinin  ən  hündür  yerındəki  ünlü  dünya  yazarlarının   hansınınsa  kitablarından   birini  yuxu  basır   və   kitabdakı  yazılardan   biri    elə  yuxulu   halda   sürüşüb  düşür   aşağıdakı  kitabların  üstünə.   Aşağıdakı   kitabların  da  içərisində  olan  yazılar, cümlələr, fikirlər,  mənalar , obrazlar  qalır  bu  yazının  altında.  Qonşuları  köməyə  çağıraraq,   uçmuş  binanın  altından   adam  xilas  edirmişlər  kimi,  başlayırlar  altda  qalan  kitabları  çıxarmağa.
İmkan  daxilində  hamısına  təcili  yardım   göstərdikdən  sonra   yiyəsinə   dedim:   
- Səndə  ağıl  adında  bir şey  var?  Adam da o  boyda   şeyi  hündür  yere  qoyarmı  ki,  düşüb   bu  bədbəxtləri   şikəst  eləsin?
  İmza  sahiblərindən  birinin  yazısı  zəhərlənib.  Yazıdan  soruşuram  ki,  sənin  qarnının     dərdi  nədir,  nə  olub  sənə ?   Yazı  başını  aşağı  salaraq deyir:
  - Alıb oxuyan yox, oxuyanlar da bəyənmirlər bizi, bizim  çəkdiklərimizdən   müəllifin   nə  xəbəri? Sıcanlar   cümlələri  daşımasın  deyə  sican  dərmanı  ilə  bizi  əhatəyə  alıb. Düşündüm  ki,  belə  yaşamaqdansa,  ölmək şərəflidir.  Sican  dərmanını  götürüb  içdim  ki, ölüm,  canım  qurtarsın.
    Yazıq  cox   abırlı, həyalı,  həm də tərbiyəli   yaziydı...   
    Birisi  də  yazılarından  birini  gətirib  ki,  bax  gör  bunun  gözünə  nə  olub?  Sən  demə,  ağlına  nə  gəlib,  töküb  qəzələ. Duyuq  düşəndə  ki,  yararsız  fikirlər çoxdur, tez  qələmlə  yararsızların  üstündən  xətt  çəkərək,   qaralamağa  başlayıb.  Elə  bu  zaman  necə  olubsa,  qələmin  ucu  gedib  girib    MəfA‘İlün   gözünə.  Qaş  qayırdığı  yerdə  vurub  göz  çıxarıb.
    Hər  gün  olduğu  kimi   yorğun   halda   işdən  çıxıram.
    Bayır  pilləkənləri   enərkən   gördüm  ki, qolundan  tutub    qaldıranı  olmayan,  kimsəsiz,  qədim  bir   bayatı   başını  pilləyə  qoyaraq  canını  tapşırıb.
     Əynimdən  paltomu  çıxarıb,  üstünü   örtdüm ... Üşüməsin...

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.