“Azərbaycan dilinin Neftçala rayon şivələri” kitabı nəşr olunub
23.12.20
Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qüdsiyyə Qəmbərovanın “Azərbaycan dilinin Neftçala rayon şivələri” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, monoqrafiya Azərbaycan dilinin Muğan qrupu şivələrinə daxil olan Neftçala rayon şivələrinin səciyyəvi xüsusiyyətlərinə həsr olunub. Kitabın “Ön söz”ündə Neftçala rayonunun fiziki və iqtisadi coğrafiyası elmi-publisistik üslubda təqdim olunur. Girişdə Neftçala rayon şivələrinin Azərbaycan dialekt sistemində yeri və tədqiqat tarixindən müfəssəl şəkildə bəhs edilir.
Birinci fəsildə Neftçala rayon şivələrinin fonetik, morfoloji, sintaktik və leksik səciyyəviliyini əks etdirən konkret məsələlər işıqlandırılır. İkinci fəsildə rayon şivələrinin təxminən 4500 sözdən ibarət lüğəti verilib. Mətnlər bölməsində informatorların söylədiyi şivəyə məxsus spesifik mövzular və səciyyəvi şivə əlamətlərinin əks olunması təqdim edilib.
Monoqrafiya tədqiqatçı alimlər, doktorantlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
|