Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram Teatrı 52-ci teatr mövsümünü açıq elan etdi.
Açıq havada, səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.
Canlı dekorasiyadan istifadə edilərək açıq səma altında oynanılan bu tamaşa teatr tarixində ilk idi.
Tamaşanın qurluşundan tutmuş nümayişinə qədər Nazirlər Kabineti Yanında Operativ Qərargahın bütün şərt və tələblərinə əməl edilmişdi. Mizanlardan başlayaraq premyera öncəsinə kimi Operativ Qərargahın tövsiyələri, tələbləri nəzərə alınıb. Tamaşadan öncə tibbi personalın iştirakı ilə yaradıcı heyət yoxlanışlardan keçib və premyeraya icazə verilib.
Tamaşada respublikanın xalq artisti Ella Yaqubova, əməkdar artist Şıxı Yaqubov, tərəqqi medallı Aydın Quliyev və teatrın gənc aktyorları rol alıblar.
Çəkilişlər AzTV-nin “Mədəniyyət” kanalında yayımlanacaq.
|