Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası “Digitalart-lab” adlı yeni layihəyə start verir.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. Qeyd etmək lazımdır ki, “Digitalart-lab” Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.
Dünyada və Azərbaycanda dördüncü sənaye inqilabı dövründə gedən sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi, incəsənət sahəsində də aktuallaşıb.
“Digitalart-lab” adlı layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi daşıyır. Layihənin Mədəniyyət Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
“Digitalart-lab” layihəsinin bir neçə mərhələdə reallaşması planlaşdırılır. İlkin mərhələdə bu sahədə fəaliyyət göstərən rəssamların əsərlərinə baxış keçiriləcək: Sonrakı mərhələdə ekspertlər tərəfindən seçilən iştirakçılara Azərbaycanı böyük layihələrdə təmsil edən digital sahədə çalışan rəssam Natiq Kamal və digər mütəxəssislər tərəfindən onlayn treninq və seminarlar təşkil olunacaqdır. Növbəti mərhələdə sənət mübadiləsinin və layihənin nəticəsi olaraq virtual sərgi, iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur. Sizləri yaradıcı potensialınızı bizimlə kəşf etməyə dəvət edirik!
Layihədə iştirak etmək istəyənlər portfoliolarınızı “Digitalart-lab” başlığı ilə qalereyanın mail adresinə [
[email protected]] göndərə bilərlər.
Portfoliolar sentyabrın 30-dək göndərilməlidir. (
[email protected] e-mail ünvanına müraciət edilməlidir).
Seçilmiş namizədlərin adları oktyabr ayının əvvəlində elan olunacaq. /Azərtac/