"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
Müsahibimiz "Çapar" tarix dərgisinin baş redaktoru, yazıçı, araşdırmaçı, kolleksiyaçı Dilqəm Əhməddir. "Türkiyə kitabxanaları, arxivləri əvəzsiz qaynaqlardır" - Dilqəm, karantin zamanından başlayaq söhbətimizə. Nələr edirsən, kolleksiyanla, araşdırmalarınla bağlı yeniliklər varmı? - Karantin gündəlik həyat tərzimizə nə qədər mənfi təsir göstərsə də, yaradıcılıq baxımından çox müsbət tərəfləri də oldu. İlk vaxtlar bütün günü ev şəraitində olduğum üçün xeyli tədqiqat aparmaq, yeni kitablar üzərində çalışmaq imkanı qazandım. Azərbaycan legionunun önəmli simalarından Əbdürrəhman Fətəlibəyli-Düdənginski ilə bağlı bir kitab hazırladım. Bu kitabda Fətəlibəylinin şəxsi həyatı ilə bağlı xeyli yeniliklər var. Hazırda kitab redaktə prosesindədir, çox güman, sentyabrın sonunadək çap edəcəyik. Eləcə də Cümhuriyyət nazirlərindən mühacirət həyatı yaşamış iki şəxsiyyətlə bağlı da kitab layihəmiz var. Onları da il sonunadək yetişdirməyi düşünürük. Kolleksiyamızda da yeniliklər var. Xeyli nadir kitablar, müxtəlif materiallar əldə etmişəm. Onları da növbəti kitablarımızda istifadə edəcəyik. Yeri gəlmişkən, bu il mənim üçün çox məhsuldar oldu. Professor Ədalət Tahirzadə ilə birlikdə yazdığımız "Azərbaycan Cümhuriyyəti" kitabı ana dilimizdə çap olundu. Bu kitab eyni zamanda, İsveç-Azərbaycan Federasiyası tərəfindən həmin ölkənin "Sivart Förlag" nəşriyyatında İsveç dilində nəşr edildi. Kitabı İsveç dilinə Səadət Kərimi çevirib. Həmçinin, "Mühacirlərin mirası" və rus dilində "İzbrannıe" kitablarım çap edildi. - 4 ildir Türkiyədə təhsil alırsan. Türkiyə mühitində nələri kəşf etmisən? - İstanbulda yaşamaq mənim üçün çox uğurlu oldu. Son 4 kitabımı bu şəhərdə yazmışam. Mühacirət tarixilə məşğul olduğum üçün Türkiyədəki qaynaqlar çox önəmliydi. Bu müddətdə bir çox mühacir ailələrlə görüşdüm, kitabxanalardan Azərbaycanla bağlı nadir materiallar topladım, eyni zamanda, mühüm sənədlər əldə etdim. Xoyskilərdən Leyla Xoyxan, Kərim Mehmedzadə ilə, professor Əhməd Cəfəroğlunun qızı Nazan Ölçerlə, Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsarla, Əhməd bəy Ağaoğlunun nəvəsi Tektaş Ağaoğlu ilə, Almas İldırımın oğlu Azər Almasla, İsmayıl Saryalın oğlu Nuri Saryal və nəvəsi Nilgün xanımla, eləcə də legioner ailələri ilə görüşdüm. Çox xoşbəxtəm ki, Əhməd bəyin nəvəsi mühüm bir arxivi etimad göstərərək mənə hədiyyə etdi. Bu arxivdə Əhməd bəyin Malta adasında yazdığı gündəlik, qeyd dəftəri və fotoalbom da var. İnşallah, növbəti illərdə bu materialları da dəyərləndirəcəyik. Türkiyə kitabxanaları, arxivləri əvəzsiz qaynaqlardır. Mühacirlərimiz Türkiyədə çox aktiv olublar. Bəzi mühacirlərin yazdıqları məqalələri bir araya yığsaq, on cildliklər ərsəyə gələ bilər. Onlar təkcə öz çap etdikləri jurnal və qəzetlərə deyil, Türkiyənin "Cümhuriyyət", "Milliyyət" kimi qəzetlərinə və onlarla jurnala da yazı yazıblar. Türkiyədə mühüm ictimai-siyasi və mədəni yönümlü dərnəklər qurublar. Hazırda bu dərnəklərin də fəaliyyətini araşdırıram. Mühacirətdə hətta Azərbaycanın musiqi heyəti də fəaliyyət göstərib. Bu heyətlə bağlı hörmətli Gülhüseyn Kazımovun rəhbərliyi ilə həmkarım Hafiz Əhmədovla birlikdə tədqiqatlarımızı davam etdiririk. Türkiyə bitməz-tükənməz bir xəzinədir. Demək olar ki, orada hər həftə bir yeniliklə tanış olurdum. İstanbul kitabxanalarından o qədər material yığmışam ki, 5 il çölə çıxmasam, istifadə edə biləcəyim materiallara sahibəm. - İndi araşdırmalarını necə davam etdirirsən? - İstanbulda mühüm bir layihə üzərində çalışıram. Layihəmiz bu şəhərdə dəfn edilmiş məşhur azərbaycanlıların məzar yerlərinin tapılması, araşdırılması və mümkün qədər təmiri istiqamətindədir. Hazırda 50-dən çox məzar yerini müəyyən etmişəm və şəxslərin həyat hekayəsini yazmışam. Axtarışlara İstanbula qayıtdıqdan sonra davam edəcəyik. 2018-ci ildə jurnalist həmkarım Vüsalə Abbasova ilə birlikdə İstanbul Baş Konsulluğuna layihə ilə müraciət etmişdik. O zamankı Baş konsulumuz hörmətli Məsim Hacıyevin sayəsində Feriköy İslam məzarlığında dəfn edilən Cümhuriyyət xadimlərinə xatirə lövhəsi qoyuldu, bəzi məzarlar təmir edildi. Bu məzarlıq İstanbuldakı Fəxri xiyabanımızdır. Əhməd bəy Ağaoğlu, Xosrov bəy Sultanzadə, Şəfi bəy Rüstəmbəyli, Əbdüləli bəy Əmircan, Nağı bəy Şeyxzamanlı, Məhəmmədsadıq Aran və başqa mühüm dövlət xadimləri burada dəfn olunublar. Onu da qeyd edim ki, tədqiqatlarıma konsulluğumuzla yanaşı, İstanbul Azərbaycan Kültür Evi və onun sədri Hikmət bəy Elp də mütəmadi dəstək verir. "İndiyədək tariximizə yüzə yaxın mühüm material qazandırmışam" - İlk sərgini harada, necə keçirmişdin? - İlk sərgim nadir kitablarla bağlı idi, "Kitabevim" mağazasında keçirmişdim. Arxivimdəki 1920-1930-cu illərə aid latın qrafikası ilə çap olunmuş kitabların sərgisi idi. İlk Cümhuriyyət sərgimi isə bir gənclər təşkilatı balaca ofislərində təşkil etmişdi. Həmin vaxt həm materiallarım az idi, həm də az tanınırdım. Həmin sərgidən 4 il sonra ADA Universitetində yüzdən çox tələbənin iştirakı ilə ən böyük sərgimi keçirdim. - Bu fəaliyyətində ən böyük uğurun hansını hesab edirsən? - Təvazökarlıqdan uzaq olsa da, indiyədək tarixşünaslığımıza yüzə yaxın mühüm material qazandırmışam. Cümhuriyyət dövrünə aid şəkillər, mühacirət dövrünə aid sənədlər, məktublar, nadir kitablar və s. bura daxildir. Buna görədir ki, "Fərqlilər" və "Mühacirlərin dönüşü" kitablarım ikinci dəfə nəşr olundu. Ən böyük uğurum Azərbaycan Cümhuriyyətinin gerbinin rəssam tərəfindən çəkilən orijinalını Vətənə gətirməyim oldu. Bundan əlavə, 1918-ci ilin iyun ayında İstanbul Konfransına gedən nümayəndə heyətimizin Osmanlı təmsilçiləri ilə birgə çəkdirdikləri olduqca unikal fotoşəkli tapmağımı da uğur hesab edirəm. Yeri gəlmişkən, həmin fotoşəkli ilk dəfə sizin qəzetdə dərc etmişdik. - Kolleksiyanda ən bahalı nümunə hansıdır? - Kolleksiyamın ən bahalı nümunəsi Məhəmməd Əmin Rəsulzadənin dəfn albomudur. 34 fotoşəkildən ibarət bu albomu 1200 dollara almışam. Həmin ərəfələrdə kampaniya keçirmişdim, vətəndaşlarımız mənə mühüm dəstək göstərmişdilər. Yığılan pullar sayəsində ala bildim. Rəsulzadənin bir fotoşəklinə 600 dollar ödəmişəm. Bu materialların ikinci nüsxəsi olmadığı üçün həddindən artıq qiymətlidir. "Məndə Məhəmməd Əmin Rəsulzadənin imzalı iki kitabı var" - Arxivə marağın, kolleksiya toplamaq ehtirasın şəxsi həyatında da özünü göstərirmi? - Şəxsi həyatımda xüsusi ehtirasa malik adam deyiləm. Sakit, problemsiz həyatı sevirəm. Böyük iddialara sahib deyiləm. Dərgi, kitab çap etməkdən başqa böyük arzularım yoxdur. Bu sahədə ölkəmizdə mühüm işlər görmək istəyərəm. - Bu yolda çatmaq istədiyin son nöqtə nədir? - Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır. 70 il ruslara qarşı mühacirətdə azadlıq mücadiləsi aparan şəxslərlə bağlı muzeyin qurulması vacibdir. Muzeyin kitabxana bölməsini də düşünürəm. Çünki şəxsi arxivimdə mühacirətdə çap olunan jurnal və kitabların 80 faizi mövcuddur. Bunların bəziləri muzeyə, bəziləri kitabxanaya qoyulacaq. Məsələn, Məndə Məhəmməd Əmin Rəsulzadənin imzalı iki kitabı var. Eləcə də digər mühacirlərin - Mirzəbala Məhəmmədzadənin, Sadıq Aranın, Nağı Keykurunun və başqalarının imzalı nadir kitabları var. Bu kitabların muzeydə sərgilənməsi çox əla olardı. İş adamlarımızdan bu arzuma dəstək olmalarını rica edirəm. Əlbəttə, ölkəmizdə mühüm muzeylər var. Milli Azərbaycan Tarixi Muzeyi və İstiqlal Muzeyi ilə əməkdaşlığımız var. Tarix muzeyində sərgim də olub. Təbii ki, arxivimi bu iki muzeydən birinə hədiyyə edə də bilərəm və ya dövlət səviyyəsində Cümhuriyyət Muzeyi qurularsa, oraya verərəm. Sənəd arxivimi də müvafiq arxivə bağışlaya bilərəm. Sadəcə, mənim arzum praktik muzey qurmaqdır. Həm də bir örnək yaratmaq istəyirəm, qoy insanlar görsünlər ki, bir şəxs muzey qura biləcək qədər material toplamaq imkanına sahib ola bilər. Bu, sabah başqalarının da mənim kimi bu işə qoşulmasına stimul yaradar. Açığı, bu işin əziyyətini çəkdiyim üçün muzeyin müstəqil olmasını daha çox istəyirəm. Muzey qurmaq üçün dövlətimiz mənə yer bağışlayarsa, həddindən artıq xoşbəxt olardım. Məncə, dövlətimiz vətəndaşının muzey arzusunu həyata keçirmək gücünə sahibdir və fürsətdən istifadə edib səsimin eşidiləcəyinə inanıram. "Cümhuriyyətin yüzüncü ildönümündə 23 sərgi keçirdim" - Universitetlərdə sərgilərin olub, tələbələrin marağı necə idi? - İndiyədək, demək olar ki, Bakıdakı ən önəmli universitetlərdə sərgilərim olub: ADPU, Xəzər, Qərb, ADA, Turizm, Ali Neft Akademiyası və s. Ən yaddaqalanı isə ADA-dakı sərgim olmuşdu. Tələbələrin sərgiyə marağı çox yüksəkdir. Onların materiallara toxunarkən keçirdikləri hisslər mənə o qədər zövq verirdi ki... Təsəvvür edin, tələbə yüz yaşlı fotoşəkli əlində həyəcanla tutur və bu tarixi anı yaşamaq istəyir. Məhz bu sevincli anlara görə Cümhuriyyətin yüzüncü ildönümündə 23 sərgi keçirdim. - Məktəblərdə də sərgi keçirmisənmi? - Zərifə Əliyeva və Atatürk adına liseylərdə sərgim baş tutub. Məktəblilərdə Cümhuriyyətə böyük sevgi vardı. Açığı, onlar tələbələrdən daha çox sual verirdilər. Amma sərgilərdən artıq yorulmuşam. Materialları müxtəlif məkanlara daşımaq zərərlidir. Bu baxımdan muzeyin təşkili fəaliyyətimdə mənə olduqca rahatlıq bəxş edəcəkdir. - Bəs ümumən gənclərin Cümhuriyyətimizə, eləcə də tariximizə münasibəti haqda nə düşünürsən? - Gənclərimizin Azərbaycan Xalq Cümhuriyyətinə marağı olduqca yüksəkdir. Mənə, demək olar ki, hər gün müraciətlər olur. Kimisi elmi işi üçün, kimisi sadəcə maraq xatirinə suallar verir. Sosial mediada Cümhuriyyətlə bağlı özəl günlərdə göstərilən aktivlik də buna sübutdur. "Çapar" dərgisini çap etməkdə məqsədimiz tarixə sevgi aşılamaqdır" - Səncə, tarixə, milli-mənəvi dəyərlərə sevgi necə aşılanmalıdır? - Tarixə sevgini tarixi doğru öyrətməklə başlamaq lazımdır. Azərbaycan tarixində fəxr ediləsi mühüm dönəmlər var. Həmin dönəmi vətəndaşlara çatdırmaq üçün təkcə kitablar kifayət etmir. Məsələn, Türkiyədə tarixi mövzularda mütəmadi bədii və sənədli filmlər, eləcə də uşaqlar üçün cizgi filmləri çəkilir. Bu nümunələrdən istifadə etmək olar. Son dövrlərdə televiziyalarımızda tarixlə bağlı verilişlərin, sənədli filmlərin sayı artıb. Mən özüm Düdənginski və Xoyski ilə bağlı bu yaxınlarda sənədli filmlərdə iştirak etmişəm. Bu proqramlar sosial mediada da çox maraqla qarşılanıb. "Çapar" dərgisini çap etməkdə də məqsədimiz məhz bu sevgini aşılamaq olub. Jurnalımızın hər sayının qapağında bir tarixi şəxsiyyətimizin təsviri verilib. İndiyədək bir çox Cümhuriyyət xadimlərinə yer vermişik. Eləcə də Həmidə xanım Cavanşir, Cəlil Məhəmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyevlə bağlı dosyelər təqdim etmişik. Jurnalımızın fəxri əməkdaşları da var: Ramiz Abutalıbov, Vilayət Quliyev, Ədalət Tahirzadə kimi görkəmli alimlərlə əməkdaşlıq edirik. İndiyədək "Çapar" nəşrlərində 9 kitab nəşr etmişik. Məhəmməd Əmin Rəsulzadənin 1930-cu ildə fransız dilində çıxan kitabını ilk dəfə dilimizdə çap etdik. Tural Mehbaliyevin tərcüməsi o qədər uğurlu oldu ki, "Azərbaycan mübarizə yolunda" adlanan kitabın 2-ci nəşrini çapa hazırlayırıq. Tarixçi Əkbər Nəcəfin çap etdiyimiz "Azərbaycan Səlcuqları. Yaqutilər" kitabı dünya tarixində bir ilkdir. Hazırda üç tarixçimizin kitabını nəşrə hazırlayırıq, karantin müddəti bitdikdən sonra çap edəcəyik. Bu ilin fevral ayında bir yaşımızı qeyd etdik. Bir tarix dərgisinin bir yaş yubileyinə 300 nəfərin gəlməsi, məncə, möcüzə idi. Dostum, jurnalımızın təsisçisi Yusif İlhamoğlu ilə birgə bunu bacara bildiyimiz üçün çox xoşbəxtik. - Uzun illərin Sovet hökmranlığı tariximizə münasibətdə də özünü göstərir. Sən bu təsiri necə müşahidə edirsən? - Azərbaycan tarixi konsepsiyası mütləq şəkildə dəyişdirilməlidir. Tariximiz ümumtürk tarixi çərçivəsində tədris edilməlidir. Sovet yanaşmaları bizdə hələ də hakimdir. Bu baxımdan, dərsliklərdə də mütəmadi problemlər ortaya çıxır. /Şahanə MÜŞFİQ, 525.az/
|