Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
08.08.20
Şimali Amerika kino sənayesindəki qarmaqarışıqlıq Avropa kino tarixindəki ən yaradıcı dövrlə üst-üstə düşdü. 1950-ci illərin sonundan yetişməyə başlayan və sonradan “Nouvelle vague” (Yeni dalğa) kimi tanıyacağımız bu cərəyanın kökü məhz Fransaya gedib çıxır. Bu cərəyan əsasən tənqidi kino dünyasından gələn yeni kinoşünaslar dalğasının kinoya olan təcavüzü kimi başa düşülür. Nüfuzlu “Cahires du cinéma” jurnalının səhifələrində gedən materiallardan da görmək olar ki, onların çoxu zəncirvari istehsala görə “Hollywood” tərəfindən senzuraya məruz qalmışdılar və buna görə də müəllif kinosu konsepsiyasını tələb edərək iddia edirdilər ki, rejissor baxışı ilə kadra alınmış film məhz rejissora məxsus olmalıdır. Bu cərəyanın tanınmış nümayəndələri Fransua Truffaut, Klod Çabrol, Erik Rohmer və Jan-Luk Qodard sayılır. “Les quatre cents coups” (“400 zərbə”) filmi ilə tammetrajlı kino sahəsində debüt edən Fransua Truffaut özünü yüksək hissiyyata malik olan bir şəxs kimi təsdiq etdi. Yetkinlik, dostluq, sevgi, aqibət, tənhalıq və çətin əldə olunan xoşbəxtliyə qovuşmaq ideyasının ötəri bir xarakter daşıması rejissorun “Jules et Jim”, “La Peau douce”, “Les deux anglaises et le continent”, “La Nuit américaine” ekran əsərlərində məharətlə təsvir olunub. Klod Çabrol isə öz növbəsində xronika çəkən rejissor kimi tanındı. Hadisələri satirik və bədbin şəkildə nəql etməsi onu tez-tez dedektiv janra yaxınlaşdırırdı. Onun ilk filmləri o qədər də uğur qazanmadığı üçün rejissor digər kompaniyalarla müştərək macəra filmləri çəkməyə məcbur oldu. “Marie-Chantal contre le docteur Kha” və “Le Tigre se parfume à la dynamite” əsərləri bu sıradandır. Amma sonradan onun tək müəllifi olduğu filmlər – “Le scandale”, “Les Biches” və “Le boucher” kino lentləri rejissora şöhrət qazandırdı. Erik Rohmer də bir müddət tanınmırdı. “Cahires du cinéma”nın səhifələrinə görə o, cərəyanın nəzəriyyəçisi, insan davranışlarını müşahidə edə bilən bir rejissor kimi yadda qaldı. O, “Ma nuit chez Maud”, “Le Genou de Claire” filmlərində olduğu kimi sadə və aydın üslubu ilə tamaşaçının diqqətini cəlb etdi. Jan-Luk Qodard yeni dalğa cərəyanının ən riskli və qəliz rejissoru oldu. Onun ekranlaşdırdığı anlaşılmaz olan “A bout de souffle”, “Pierrot le fou” əsərlərindən sonra “La Chinoise” və “Le Week-End” kimi aydın olmayan və dolaşıq filmləri meydana çıxdı. Ancaq rejissor bununla heç kimə laqeyd qalmadığını göstərdi. Çoxları onu sevir və dövrün ən kreativ rejissoru sayırdı. Jan-Luk Qodardın kinosunu başa düşmək tamaşaçı üçün asan deyildi. Buna baxmayaraq etiraf etmək lazımdır ki, onun kino dilindən məharətlə istifadə etməsi Qodardı nəinki yenilikçi bir rejissor etmiş, eyni zamanda, dövrün digər kinoşünaslarına təsir edə bilən bir sənətkara çevirmişdi.
İngiltərə kinosu da ötən əsrin 60-cı illərdə öz inqilabını yaşayıb. Hələ Cek Kleytonun “Room at the Top” filmindən əvvəl başlamış “Free cinema” (Azad kino) adı altında Britaniyanın qaynayan kino sənayesinə yeni nəfəs vermək üçün çəkiliş qrupu əllərinə kamera alıb sənaye məhəllələrinə gedərək cəmiyyətdə olan təbəqələşməni və ölkənin daxilində hökm sürən səfaləti göstərmək üçün belə bir cərəyanın əsasını qoydular. Fransanın Nouvelle vague” (Yeni dalğa) cərəyanı kimi burada da hansısa bir hadisə lentə alınarkən mövzu seçimində, həmçinin bu hadisənin nəql edilməsi baxımından novatorluq gözə çarpırdı. Cərəyanın əsas oyunçuları Kerl Rayz – çexiyalı bir intelektual, “Saturday Night and Sunday Morning” filmi ilə göstərdi ki, kino cəmiyyətdə baş verən dəyişikliklərə qarşı həssas olmalıdır. Digər nümayəndə “The Loneliness of the Long Distance Runner” ecazkar filminin müəllifi Toni Riçardson və “İf…” lentinə görə böyük uğur qazanan Lindsi Anderson olub.
Bu cərəyanlar davam etdikcə paralel olaraq 60-cı illər boyu bütün Avropada kinematoqrafiya işinin dahi yaradıcıları sayılan rejissorların yerini möhkəmlədən tammetrajlı filmlər çəkilirdi. Bu ekran əsərlərinin Hollivudla əlaqəsi demək olar ki, yox dərəcəsində idi. Yəni bunlar böyük studiyaların gözəl dövrlərində çəkilən klassik filmlərə aid deyildilər. Bəlkə də bu filmlərin vahid bir janrda cəmləşdirilməməsi səbəbindən ona “Sənət və esse” adını vermək təklifi irəli sürülmüşdü. Kino mühitinin bədii imkanlarından istifadə etmək üçün kommersiya diktatorlarından tamamilə uzaqlaşan bu kino fərqli, yaradıcı və bəzən də təcrübə məqsədilə yaradılan bir janr kimi tanınmağa başlandı. Bəzən bu cür ekran əsərləri kinonun əksinə gedən başqa bir cərəyan ilə oxşar idi. Digər liderlərlə bərabər Jan-Luk Qodard kinonu əyləncə növlərindən biri olduğu üçün tənqid edir və təsvirin gücünü təhlil edərək incəsənətlə gerçəkliyin arasında bir mərhələ olduğunu göstərməyə çalışırdı.
“Yeni dalğa” cərəyanından başqa, Fransada “Hiroshima mon amour” və “Marienbadda ötən il” filmlərinin müəllifi Alan Renenin timsalında müəllif kinosu mövcud idi. O, fərqli bir rejissor kimi tanınır, zamanın problemlərindən narahat qalan bir kinoşünas sayılırdı. Robert Bresson isə “Proces de Jeanne d'Arc” və “Lancelot du Lac” filmlərilə tamaşaçıları heyran edən bir rejissor idi. Fransada məskunlaşan yunan əsilli Konstantin Kosta-Qavras da “L'Aveu” və “Z” filmlərilə siyasi mövzuda çəkilən filmlərə təkan verən rejissorlardan biri sayılırdı.
Hansısa bir kino cərəyanına qoşulmayan İtaliya kinematoqrafiyası müəllif kinosu pərəstişkarları üçün istinad nöqtəsinə çevrildi. Belə ki, dövrün bir çox tanınmış rejissorları milliyyəti italyan idi. “Otto e mezzo”, “Roma” və “Amarcord” lentləri Federiko Fellinini beynəlxalq aləmdə bir nömrəli rejissora çevirdi. Onun 60-cı illərdəki şöhrəti yalnız “La notte”, “The Eclipse” və “Blow-Up” filmlərini çəkən Mikelancelo Antonioni ilə müqayisə oluna bilərdi. Daha çox araqızışdıran, cəsarətli və birmənalı qarşılanmayan Pier Paolo Pazolini isə “Il Vangelo secondo Matteo”, “Teorema” və “Il Decameron” ekran əsərlər ilə şöhrət qazanmışdı. Adı çəkilən filmlər kifayət qədər qalmaqal yaratdı. Daha fərqli və incələnmiş üslubuna görə isə “Rocco e i suoi fratelli”, “Il gattopardo”, “La caduta degli Dei” və “Morte a Venezia” filmlərinin müəllifi Lukino Viskontinin adını çəkmək olar.
Sözügedən dövrdə Şərqi Avropada azadlıq havası udanlar və köklü dəyişikliklərlə üzləşənlər olub. Stalin dövrü artıq geridə qalmış, yeni kino haqqında düşünmək üçün keçmişin sərt rejimini qırmaq zamanı yetişmişdi. Sovetlər Birliyində “Солярис”, “Андрей Рублёв” filmlərinin yaradıcısı Andey Tarkovski və “История Аси Клячиной, которая любила, да не вышла замуж” ekran əsərini lentə alan Andrey Konçalovski ölkənin əsas rejissorları kimi tanındılar. Polyak kinosu da çoxsaylı peşəkarlar və maraqlı kinofilmlərlə zəngin idi. Roman Polanskinin “Knife in the Water”, Yeji Skolimovskinin “Walkower”, Andjey Vaydanın “Krajobraz po bitwie” polyak kinematoqrafiyasının ən uğurlu və sevilən filmləridir. Macarıstan kino sənayesi də Balaszs studiyalarının sayəsində böyük sıçrayış edərək perspektivli rejissorlarını dünyaya tanıtdı. Mikloş Yanço macar rejissoru kimi “My Way Home” və “The Round-Up” lentləri ilə dünyada tanınmağa başlandı. Özünəməxsus üslubu ilə İstvan Qaal isə “The Falcons”, “The Dead Country” ekran əsərlərilə böyük tamaşaçı alqışı qazanan rejissorlardan oldu. Ancaq kinoda dinamika daha çox Çexoslovakiyada müşahidə olunurdu. Burada Jan Kadar və Elmar Klosun birgə ekranlaşdırdıqları “The Shop on Main Street”, Yan Nemetsin “A Report on the Party and Guests”, Vera Çitilovanın “Daisies”, Milos Formanın “The Firemen's Ball” filmlərini xatırlamaq yerinə düşər. Ancaq Şərqi Avropanı bürüyən azadlıq mühiti bir ilğım kimi insanların gözü qarşısında yox oldu. Çünki onilliyin ortalarından başlayaraq azadlıq yenidən siyasi repressiyaların qurbanına çevrildi.
İspaniyada, həmçinin söz azadlığını nəzarət altında saxlayan Franko rejiminin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq ötən əsrin 60-cı illərində kinonu inkişaf etdirmək üçün yeni yollar axtarmaq istəyənlər oldu. İlk qığılcımlar Miqel Pikaso, Basilio Martin Patino və Xaime Kamino kimi novatorların yaradıcılığında hiss olundu. Bu şəxslər kinoda təcrübə apara-apara “Escuela de Barcelona” məktəbinin komponentlərindən istifadə etdilər. Ancaq yüksək istedada malik olan yalnız iki rejissor ispan kinosunda böyük bir hadisənin qəhrəmanlarına çevrildi. Meksikaya sürgün olunmuş Luis Bunuel İspaniyaya qayıdandan sonra “Viridiana” filmini ekranlaşdırdı. Film Kann festivalında “Qızıl palma” mükafatı alsa da ölkədə elə bir qalmaqal yaratdı ki, Franko göstəriş verdi ki, rejissora vətəndaşlıq verilməsin. Bunuel yenidən Meksikaya, sonradan isə Fransaya qayıtmalı oldu. Onun Fransada çəkdiyi “Bella de dia” və “El discreto encanto de la burguesía” filmləri isə “Ən yaxşı əcnəbi filmi” nominasiyası üzrə Oskar mükafatı qazandı. Luis Bunuellə yanaşı, onun qohumu, rejissor Karlos Sauranın da adını çəkmək lazımdır. O, “La caza”, “Peppermint frappee”, “El jardin de las delicias”, “La prima Angélica” və “Cría cuervos” kimi möhtəşəm filmlərin müəllifidir.
Alman kinosu Avropada baş verən dəyişikliklərə bir az gec cavab verdi. 70-ci illərin əvvəllərindən etibarən, sonradan əvəzolunmaz rejissorlar görünməyə başladı. Cəmiyyətdə birmənalı qarşılanmayan Rainer Verner Fassbinder “The Bitter Tears of Petra von Kant”, “Angst essen Seele auf” və “Fox and His Friends” filmlər ilə kino tənqidçilərini heyran etməyi bacardı. Populyarlıqda ondan heç də geri qalmayan “Der junge Törless” filminin müəllifi Folker Şlündorf, “Aguirre, the Wrath of God” ekran əsərinə görə böyük tamaşaçı alqışı qazanan Verner Herzog və “The American Friend” kinolenti ilə diqqəti çəkən Vim Vendersi misal çəkmək olar. /Azərtac/
|