Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra

07.08.20

Məşhur italyan səyyah, aristokrat və ədib Pietro della Vallenin 1620-ci ildə qələmə aldığı "Türk dilinin qrammatikası" (Azərbaycan dilinin orijinal qrammatikası) əsəri bu günlərdə Azərbaycan dilində geniş şərhlərlə çap olunub. Bu, türkologiya, Azərbaycan dilçiliyi və dünya şərqşünaslığı baxımından xüsusi önəm daşıyır.

Azərbaycan dilinin orijinal qrammatikasını italyan dilindən Azərbaycan dilinə  professor İdris Abbasov və fəlsəfə doktoru Günel Bayramova çeviriblər.

Bu mühüm nəşrə akademik Nizami Cəfərovun yazdığı "Ön söz"ü təqdim edirik

İ.Ə.Abbasov və G.M.Bayramovanın "Pietro della Vallenin "Türk dilinin qrammatikası"nın (Azərbaycan dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və şərhi" kitabı Azərbaycan dilçiliyində tərcümə, tədqiq və şərhin sintezindən ibarət ikinci böyük əsərdir.

Xatırlatmaq yerinə düşər ki, İdris Abbasov 2014-2017-ci illərdə hələ Mirzə Kazımbəyin Azərbaycan dilinin ilk elmi qrammatikasının əks olunduğu "Türk-tatar dilinin ümumi qrammatikası"nın tərcümə, tədqiq və şərhi" monoqrafiyası üzərində işləyərkən M.Kazımbəydən əvvəl Türk-Azərbaycan dilinə dair yazılmış qrammatika əsərlərindən bəhs etmiş, tədqiqatın gedişində F.Arcenti (1533), P.Ferraquto (1611), G.Miqiza (1612), o cümlədən, Pietro della Valle (1620) və onlarla digər Qərb dilçilərinin adlarını sadalamış, onların bəzilərinin qrammatika kitablarının özəlliyi haqqında müxtəsər məlumatlar vermişdir.

Avropaya türk dilinin gəlişi türklərin Balkan yarımadasında yerləşməsi, Osmanlı imperiyasının qurulması və onun Qərbin ən yaxın sərhədlərinə qədər kök salması mərhələsinə təsadüf edir. Məhz tarixi hadisələrin belə inkişafı bu mərhələyə qədər bir növ diqqətdən kənarda qalan türk dilinin əhəmiyyətini xeyli dərəcədə artırırdı. Artıq Avropa türk dilinin hegemon olduğu yeni bir reallıqla  hesablaşmaq məcburiyyətində qalırdı. Əlbəttə, ilkin mərhələdə bu prosesin kütləvi şəkildə baş verdiyini demək olmaz. Çünki hələ səlcuqlardan başlayaraq Yaxın Şərqə doğru irəliləyən türk tayfaları (bunların içərisində oğuz qrupuna aid olan salurlar, bayatlar, bayandırlar, qaramanlar və s. var idi) özləri də müxtəlif ləhcələrdə danışırdı. A.N.Samoyloviç qeyd edirdi ki, günümüzə gəlib çatan türk ədəbi dilinə aid əsərləri XIII-XIV yüzilliklərə aid etmək olar. Öz mənafeyi naminə Osmanlıya xüsusi "diqqət" göstərən, Aralıq və Qara dəniz hövzəsində özünəməxsus mövqeyə malik Venesiya Respublikası bir-birinin ardınca öz elçilərini şərq kəşfiyyatlarına yönəltmişdir. Bu baxımdan bir tərəfdən Qafqaz sərhədlərində yaranan Ağqoyunlu dövləti və onun hökmdarı Uzun Həsənin sarayına, digər tərəfdən Konstantinopola "Top Qapı"ya göndərilən Venesiya elçilərinin orta əsr əlyazmalarında Türk-Azərbaycan, ərəb-fars mənşəli ifadələrin əks olunması maraq doğurur.

Yeri gəlmişkən, onu da qeyd edək ki, türklər ərəb dilini öyrənməyə üstünlük verirdilər. Bu, onlara təkcə heyrətamiz nəcib dildə yazılan Quranı oxumaq üçün deyil, həm də müxtəlif elmləri öyrənmək məqsədilə lazım idi. Ona görə də ərəb dili  müdriklərin yazdığı kitabların oxunması üçün latın dili qədər vacib idi.

Avropada Türk-Azərbaycan dilinin ilk qrammatikasını yazan şəxs messinalı italyan keşişi Pietro Ferraquto olmuşdur. Onun “Grammatica Turchesca” adlı əsəri Türk-Azərbaycan dilinin qrammatikasına dair Qərbdə nəşr olunan ilk kitab sayıla bilər. Lakin o əsər dünya miqyasında ilk deyildir. Çünki hələ XIII-XIV əsrlərdə qıpçaq türkcəsində sözlük qrammatikalar yazılmışdır. İtalyan P.Ferraqutonun bu kitabı Qərbdə Şərq dilləri qrammatikasına aid yazılan kitabların beşincisidir. Şərq dillərinə dair yazılan ilk dörd kitab bunlardır: 1505-ci ildə Ərəb dilinin Əndəlus ləhcəsi, 1506-cı ildə ibranicə, 1548-ci ildə qədim həbəşcə, 1554-cü ildə siryanicə. Sadaladığımız bu kitablar Türk-Azərbaycan dili qrammatikasının pionerləri sayılır və mətn baxımından çox önəmlidir. Xorvat əsilli Batolemeo Georgiyeviç adında bir macəraçı Qanuni Süleyman zamanında 1526-cı ildə Mohaç savaşında əsir götürülmüş, 13 il Anadolu və Suriyada qaldıqdan sonra öz yurduna qayıdaraq Böyük Varadin şəhərində Dərviş Çələbi adında bir şəxslə din haqqında diskussiyalar aparmış, sonra topladıqlarını 1522-ci ildə - türklərin adət və ənənələri haqqında latınca kitab şəklində ortaya qoymuşdur.

XVI-XVII əsr İtaliyasında yaşamış Pietro della Valle, dövrünün məşhur səyyahı, Şərq ölkələri üzrə ekspert, hüquqşünas, musiqiçi, ədib olmuş, ən müxtəlif elm sahələrindən baş çıxarmışdır. Bundan əlavə, Valle latın, yunan, ispan, fars, ərəb, qibti, gürcü və s. kimi bir çox dilləri səthi də olsa, bilmiş, müxtəlif ekspedisiyalarda iştirak etmişdir. Valle, dövründə elə şöhrət qazanmışdır ki, Roma Papası VIII Urban dini məsələlərdə ondan məsləhətlər alırdı. Ədibin müxtəlif mədəniyyətlərə yanaşması çox vaxt linqvistik müstəvidə ortaya çıxır. Bir xalqı tanımaq, təhlil etmək üçün Valle ilk növbədə bu xalqın dilindəki sözlərin etimologiyasını, onların tələffüz xüsusiyyətlərini, insanların kommunikativ bacarıqlarını öyrənməyi arzu edir və bunu mühüm şərt kimi irəli sürürdü.

Türk dilinin qrammatikası Pietro della Vallenin çoxcəhətli yaradıcılığında nakam, nəşrinə qovuşdurulmamış, "səsi boğulmuş" bir əsər kimi tarixin arxivində qalmışdır. Əsərin çapı italyan aristokratın əbədi arzusuna çevrilmişdir. Onu XX əsrin birinci yarısında italyan şərqşünas Ettori Rossi elm ictimaiyyətinə tanıtsa da, əlyazmanın çapına təşəbbüs etməmişdir. E.Rossiyə elə gəlirdi ki, əsərin məzmunu və strukturu lazımınca işlənməyib, yaxud Konstantinopol türkcəsi və Persiyada danışılan türk dili ilə fərqliliklərə az diqqət yetirilib və  nümunələr azdır. Fikrimizcə, kitab tarixi baxımdan dərin məzmuna və struktura malik olub həmin dövrdə türk dilinə dair qələmə alınan əsərlərlə müqayisədə təkmildir, burada praktiki nümunələrlə yanaşı, nəzəri müddəalarla da mövcuddur.

P.Bitenholz, Vallenin türk dilini, onun ləhcələrini və xüsusən də Səfəvilər dövlətinin saray dili olan Azərbaycan dilini səlis bilməsini qeyd edərək Qrammatika əsərinin hələ də işıq üzü görməməsinə təəssüf edir. Bəzi Avropa şərqşünasları Səfəvi İmperatorluğunda üstün mövqeyə malik Azərbaycan dilinin öyrənilməsi üçün Vallenin "Türk dilinin qrammatikası" kitabına ehtiyac olduğunu bildirirlər. Orta əsr Qafqaz ərazilərində və xüsusən, Azərbaycan ərazisində mövcud olan bu dil formasının öyrənilməsi baxımından Vallenin Qrammatika əsəri əvəzsiz mənbədir.

Təqribən bir il ərzində İstanbulda qalaraq türk dilini öyrənməyə başlayan italyan aristokrat Pietro della Valle bir neçə il sonra həmin dilin qrammatikası-nı qələmə almağa başlayır. O, Türk dilinin qrammatikası əsərini 1620-ci il sentyabrın 8-də İsfahanda yazıb başa çatdırmışdır. Della Vallenin səyahət etdiyi yerlərdə rastlaşdığı müxtəlif dünya dillərinə dair mülahizələri, xüsusən, yazdığı Türk dilinin qrammatikası əsəri ədibin dilçilik görüşlərini səciyyələndirir.

Araşdırmalar nəticəsində məlum olur ki, Pietro della Vallenin qələmə aldığı Türk dilinin qrammatikası əsəri Səfəvilər İmperatorluğunda, ələlxüsus, orduda xüsusi imtiyaza malik aborigen türk mənşəli qızılbaşların danışdığı dilin qrammatikasıdır. Valle qeyd edirdi ki,  sarayda və daha savadlılar arasında məhz bu dildə (qızılbaşların dilində - N.C.) danışılırdı.

Tədqiqatçı-müəlliflər tərcümə, tədqiq və şərh prosesində XII-XIII əsrlər İspaniyasında missioner fransisklər və dominikanlar mühitində ərəb dilindən latın dilinə tərcümə olunan əsərlərin linqvistik keyfiyyətini ətraflı araşdırmış, Kanon Papa sarayı nəzdində Paris, Oksford, Boloniya və Salamankanın ümumi elm sahələri ilə yanaşı, yunan, ərəb və siryani dili kafedralarının təsis olunması haqqında məlumatları dəqiqləşdirmişlər. Məlum olur ki, Florensiya Şurası zamanı şərq dilləri əlyazmalarının IV Papa Yevgeni Kondulmerə təqdim edilməsi Vatikan Kitabxanasının Şərq kolleksiyasının nüvəsinə çevrilmişdir.

Monoqrafiyada təsbit olunur ki, o dövrdə dilçilik baxımından şərqşünaslıq araşdırmalarının əsasında yəhudi və ərəb dili qrammatikalarının yazılması dayanırdı. Türk-Azərbaycan dilinə dair qrammatikalar ərəb və latın dillərinin qrammatik modellərinə əsaslanırdı.  Tərcümə, tədqiq və şərhdə Valleyə istinad olunaraq Türk-Azərbaycan dilinə dair qrammatika kitablarının yazılması üçün ərəb dilini bilməyin önəmini dəfələrlə vurğulanmış, hətta fonetikanın ərəb dili qrammatikası ilə sıx bağlı olduğu əyani surətdə göstərilmişdir. XIV əsrin başlanğıcında Əcurrum adı ilə tanınan mərakeşli dilçi Məhəmməd əs-Sanhacinin məşhur Müqəddimə əsəri ilk dəfə 1592-ci ildə Grammatica arabica in comppendium redacta, quoe vocatur Giarrumia adı altında Romada latın dilində nəşr olunmuşdur. Bundan başqa, T.Erpeniusun Ərəb dili dərsləri (1620) adlı kitabı kiçik həcmli olsa da, dövrünə görə çox aydın və səlis yazılmış, dəfələrlə alman, fransız və digər dillərə tərcümə olunmuşdur. Qərbdə şərq dillərinə dair ilk qrammatika əsərləri yazanlar sırasına  Pyer d'Alkala, Giyom Postel, Qavriel Sionita, Martellotto, Pyer Metossita, Qadaqnoli və digərlərinin adlarını daxil etmək olar. Pietro della Valleyə qədər, ayrıca qeyd etdiyimiz kimi, Türk-Azərbaycan dilinin qrammatikasına dair xeyli əsərlər qələmə alınmış, nəşr edilmiş və tədris olunmuşdur. Həmin əsərlər barəsində Tərcümə, tədqiq və şərhdə müvafiq surətdə bəhs olunmuşdur.

Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra » Kaspi ...

Əlbəttə, Della Vallenin XVII əsrin əvvəllərində italyan xalq danışıq dilində yazdığı əlyazmanın spesifik üslubu,  oxunmasındakı çətinliklər tədqiqatçıları bu işdən çəkindirməmiş və onlar bu işin öhdəsindən layiqincə gəlməyi bacarmışdırlar. Vallenin əlyazmasında  o dövr üçün xarakterik olan və  dünya dillərinin qrammatikalarından əxz olunaraq Azərbaycan dilinin qrammatikasına tətbiq edilən bir sıra orijinal və mürəkkəb terminlər mövcuddur. Məsələn, Vallenin dəfələrlə işlətdiyi quiescente, vocalazione, dimonstrativo,  yaxud feillərdən bəhs edən beşinci kitabda türk dilində sadə primitiv, sadə derivativ, mürəkkəb primitiv və mürəkkəb derivativ feil istilahları. Vallenin işlətdiyi terminlərin, konstruksiyaların mənasını dəqiqləşdirmək üçün tədqiqatçı-alimlər müxtəlif dillərdə olan mənbələrə baş vurmuş, onların bildirdiyi mənanı mükəmməl şəkildə izah etmişdirlər.

İtalyan aristokrat əlyazmada Cambattista Raymondonun adını tez-tez çəkərək fonetika və orfoqrafiya məsələlərində, demək olar ki, əsər boyunca  onun Ərəb əlifbası kitabına istinad edir. Ona görə də, tədqiqatçı-şərhçilər Raymondo haqqında daha ətraflı araşdırma aparmış və şərq dillərini dərindən bilən kremonalı missionerin dilçilik görüşləri haqqında geniş məlumat əldə etmişdirlər. Aydın olur ki, Qavriyel Sionita yazdığı qrammatikada Raymondo və Erpeniusun ardınca gedərək ərəb dilində fəthəni e kimi transliterasiya etmişdir.. Əlbəttə, türk dilini mükəmməl bilən Raymondo bu dilin leksika və qrammatikasından fars dilini öyrənmək üçün istifadə edirdi. O, həmçinin, İstanbuldan əsir alınaraq gətirilmiş Paolo Orsininin də köməyindən yararlanmışdır.

Təqdim olunan monoqrafiya türk dillərinin morfoloji modifikasiyalarını öyrənmək baxımdan da önəm daşıyır. Əlyazmada bəhs olunan feil növləri, şəkilləri, müxtəlif konstruksiyalar və s. tədqiqatçı-alimlər tərəfindən nəzəri və müqayisəli dilçilik baxımından araşdırılır, müəyyən qənaətlərə gəlinir.

Valle Türk və Azərbaycan dilləri arasındakı fərqlilikləri ortaya qoyur. Müqayisədə üstünlüyü ikinciyə verir.

XVII əsrin əvvəllərində labial saitlərin ahəngi təkamül edirdi.  Della Vallenin əsərini araşdırdıqda məlum olur ki, türk dilinin  şərq dialektində labial, qərb dialektində isə qeyri-labial formaya üstünlük verilmişdir. O,  bəzi tarixi-linqvistik məqamlara toxunaraq çox vaxt Azərbaycan dilinin tələffüz formasına öz şəxsi rəğbətini ifadə etmişdir. Müəllif yazır ki, türk dilində istər isim, istərsə də sifət formasında sonu [vav] ilə bitən sözlərə çox rast gəlinir. Valleyə görə, "Şərq türklərindən hesab olunan tatarlar, skiflər və fəth etdikləri Persiya imperiyasına aid ərazilərin ordusunda xidmət edən, uzun illərdən bəri bu ərazilərdə yaşayan və bu gün Qızılbaşlar adlanan türklər antik dövrdən sözlərin şəkli xüsusiyyətini saxlayaraq yazıldığı kimi oxuyurlar.  Lakin Konstantinopol və Aralıq dənizi sahillərində yaşayan Qərb türkləri hesab edirlər ki, bir çox cəhətdən onlar öz dillərini yeniləmiş və gözəlləşdirmişdirlər". Lakin Valle şərq türklərinin (azərbaycanlıların) tələffüz formasını daha təbii və orijinal sayır.

İstər Andre dü Ryenin 1633-cü ildə Parisdə latın dilində çap olunmuş "Rudimenta Grammatices Lingua Turcica" (Türk dili qrammatikasının əsasları) kitabçası, istərsə də Don Françesko Maria Maccionun 1643-cü ildə geniş və izahlı şəkildə latın dilində nəşr etdirdiyi türk dilinin qrammatikasına dair kitabı yüksək qiymətləndirən Vallenin özünün qələmə aldığı Qrammatika əsəri bir çox cəhətləri ilə hər iki müəllifin əsərindən üstündür. Bu barədə  araşdırmaçı  Ettori Rossinin fikirləri ilə tamamilə razılaşmaq olar. Təvazökar və səmimi bir elm adamı kimi Vallenin hər addımda özünə tənqidi yanaşmasının şahidi oluruq.

Vallenin əsərinin strukturuna gəlincə, o, yeddi kitabdan ibarətdir. "Müdrik oxucular" üçün türk dilinin faydalılığı haqda giriş hissədən sonra birinci kitab gəlir. Bu hissə hərflər, oxu qaydaları, üç əsas dilin əlifbası, məna, transliterasiya və tələffüzünə həsr olunub. Pietro della Valle bu haqda müfəssəl bəhs etmək niyyətində olmadığını, çünki fonetika və orfoqrafiya haqqında Covan Battista Raymondonun aydın və mükəmməl məlumatlar verdiyini söyləyir.

İkinci kitab qısa paraqraflardan ibarət nitq hissələri, adlar, cins, say və hallardan bəhs edir. Daha sonra adların və sifətlərin səs sonluğuna görə hallanma fərqləri verilir. Ayrıca bir başlıq müqayisə və üstünlük dərəcələrinə həsr olunub. Bu bölmədə tədqiqatçılar modistlərin nitq hissələri təlimindən ətraflı bəhs edərək bu barədə müəyyən təsəvvür yarada bilmişdirlər. Çünki Vallenin nitq hissələri bölgüsü müasir diliçilik baxımından bir qədər fərqlidir. Burada ədədlərə və saylara daha çox diqqət yetirilib, ərəb və yəhudi əlifbasından istifadə etməklə sayların ifadəsi, yəhudi numeralogiyası qeyd edilib. Bu hissədə astrologiyaya aid çoxlu məlumatlar, ezoterik rəqəmlər və tarixlər haqqında məlumatlar vardır.

Üçüncü kitab şəxs, işarə, yiyəlik əvəzlikləri və nisbi əvəzliklərdən bəhs edir. Valle əvvəlcə sadə və mürəkkəb əvəzliklərin üzərində dayanır. O, sadə dedikdə mən, sən, biz, siz və s., düzəltmə dedikdə mənim, sənin, bizim, sizin və s. kimi əvəzlikləri nəzərdə tutur. İşarə əvəzliklərinə və nisbi əvəzliklərə sadə əvəzliyin bir növü kimi baxır, yiyəlik əvəzliklərini (mənim, sənin, onun və s.) isə düzəltmə əvəzliklərə aid edir. Tədqiqatçı-alimlər Vallenin türk dilindəki yiyəlik əvəzliyinin adi hallanma qaydasına müvafiq dəyişməsi fikrini irəli sürməsini haqlı olaraq orijinal hesab edirlər.

Dördüncü kitabda feillərdən danışılır. Feillər sadə və ya mürəkkəb olmasından asılı olmayaraq, ya primitiv, ya da düzəltmə olurlar. Sadə primitiv feillər bir sadə sözdən ibarət olub bir təsdiq hərəkəti bildirir. Bu feillər ya aktiv, ya da neytral olur.

Beşinci kitab "Sadə derivativ feillər" adı altında feillərdən bəhs edir. Burada sadə primitiv feillər, sadə derivativ feillər, mürəkkəb primitiv feillər, mürəkkəb derivativ feillər kimi maraqlı qrammatik hadisələrin şahidi oluruq.

Altıncı kitab zərflər, sözönülər, nidalar, bağlayıcılardan bəhs edir. Zərflərdən sonra sözönülər başlığı gəlir. Sonra nidalar, bağlayıcılar gəlir. Bu hissədən başlayaraq Valle daha çox türk dilinin nidalarla zəngin olmasına diqqət yetirir.

Yeddincici və axırıncı kitab konstruksiyalar haqqında adlanır və söz birləşməsi və cümlə quruluşuna həsr edilib. Della Valle burada ad və əvəzlik, feil, feili sifət, zərf, nida və bağlayıcı kimi qrammatik kateqoriyaların hər birinə aid müəyyən sayda "qaydalar" təqdim edərək sintaksislə bağlı müəyyən izahlar verir. 

Tədqiq və şərh prosesində Vallenin sadaladığı dil faktlarına nəzəri və müqayisəli dilçilik müstəvisində yanaşma tərzi sonadək davam etdirilir. İstər fonetika və morfologiya, istərsə də sintaksis bölmələrinə verilən şərhlər Müasir Azərbaycan dilinin tarixi-müqayisəli aspektdə araşdırılması üçün mühüm dəlillər ortaya qoyur.

Pietro della Vallenin səyahətnamələrindən çıxış edərək XVII əsrin əvvəllərində Səfəvilər sarayında təmiz Azərbaycan dilində danışan Şah Abbasa dair, eyni zamanda Albaniya şəhəri Bakı, Xəzər dənizi, müalicəvi əhəmiyyəti olan Bakı nefti haqqında  maraqlı məlumatlar verilmiş, Azərbaycan tarixi haqqında mühüm məqamlara toxunulmuşdur.

"Pietro della Vallenin "Türk dilinin qrammatikası"nın (Azərbaycan dilinin orijinal qrammatikası) tərcümə, tədqiq və şərhi" kitabı türkologiya, Azərbaycan dilçiliyi, dünya şərqşünaslığı və ümumi dilçilik baxımından önəm daşıyır.

Oxuculara təqdim olunan kitab Türk-Azərbaycan dili tarixi mütəxəssisləri, şərqşünaslar, dilçi-filoloqlar, dil nəzəriyyəçiləri, türkoloqlar, hətta romanşünaslar üçün qiymətli mənbədir. Bu mənbədən ən müxtəlif profilli dilçi-tədqiqatçılar, tarixçilər və etnoqraflar faydalana bilərlər. Ana dilimizin orijinal qrammatikasına dair yazılmış bu nadir əlyazma tarixin arxivində az qala yaddan çıxacaqdı. Dörd yüz il sonra yenidən  canlandırılan bu əsər Azərbaycan dilinin tarixən beynəlxalq ünsiyyət vasitəsi olması faktını bir daha sübut edir. Biz də, öz növbəmizdə, milli-mədəni sərvətimizin tərkib hissəsi olan bu tarixi mənbəni yüksək səviyyədə araşdırıb elm ictimaiyyətinin istifadəsinə təqdim edən tədqiqatçı-alimlərə təşəkkürümüzü bildirir, onlara bol nailiyyətlər arzulayırıq.

Beləliklə, İ.Ə.Abbasov və G.M.Bayramovanın "Pietro della Valle. Türk dilinin qrammatikası (Azərbaycan dilinin orijinal qrammatikası): tərcümə, tədqiq və şərh" adlı monoqrafiyası Azərbaycan dilçiliyinə, dünya şərqşünaslığına və Azərbaycan-İtaliya dostluğuna dəyərli töhfədir. /525.az/

Yenililklər
02.12.20
İntiqam Yaşarın Təbrizdə kitabı çap olunub
02.12.20
Günel Natiqin "Ədəbi talelər” kitabı çapdan çıxıb
02.12.20
Küyülü Nəccari Səid - Ah, Pikasso!
27.11.20
Elnarə Qaragözova- Kamal Abdullanın postmodern nəsrində oxşar obrazı
27.11.20
Vilayət Quliyev - Kəndimizin erməniləri
27.11.20
Təranə Vahid - Qorxu çiçəkləri
27.11.20
Mərahim Nəsib - Səni də dəyişən noyabr oldu
24.11.20
Qulu Ağsəs - Ağ alınlı qızılı atların vətəni
24.11.20
“Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabı çap olunub
17.11.20
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
17.11.20
Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
17.11.20
Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub
17.11.20
Beynəlxalq və yerli ekspertlər Şuşaya səfər edəcəklər
17.11.20
Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub
17.11.20
Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib
16.11.20
Gülnar Səma -  Kəndimizin könüllü şəhidi
14.11.20
Türkiyədə mühacir yazıçı və jurnalist Məmməd Sadiq Aran haqqında kitab çap olunub
14.11.20
Nadir Əzhəri: “Uçan buludlar” hekayəsində modern baxışın izləri
14.11.20
Prezident təqaüdçüsü müharibə uşaqlarına kitab həsr etdi
14.11.20
Yohannes Keskinen: “O dönəmdə Moskva yönətimi "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi”
13.11.20
Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri
13.11.20
“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
13.11.20
“Nobel qardaşlarının ilk uğuru” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
13.11.20
Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir
13.11.20
TÜRKSOY-un Baş katibi: "Türk aləminin mədəniyyət xadimlərinin səsləri Şuşadan dünyaya yayılacaq"
13.11.20
Nailə Adilqızı - Ucalsın göylərə bu haqq səsimiz
12.11.20
Səadət Kərimi: “Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir”
12.11.20
Şuşanın Tarixi Mərkəzi dünya irsi elan edilməsinə layiqdir
12.11.20
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.