Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Azərbaycanlı rejissor Hilal Baydarovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmi Venesiya beynəlxalq film festivalının “Qızıl şir” mükafatına iddialıdır.
Festival sentyabrın 2-dən 12-dək keçiriləcək.
“Səpələnmiş ölümlər arasında” filminin ərsəyə gəlməsində həm azərbaycanlı, həm də əcnəbi kinematoqrafların əməyi var. Müstəqil kino tariximizdə ilk dəfədir ki, dünyanın ən böyük və nüfuzlu üç film festivalından biri olan (Digərləri: Kann Film Festivalı və Berlin Film Festivalı) Venesiya Film Festivalında Azərbaycan filmi əsas müsabiqəyə seçilib. Daha əvvəl sözügedən festivallara seçilən filmlər olsa da, heç biri əsas yarışmada mübarizə aparmaq şansına sahib olmayıb.
Filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı isə Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov, Pərviz İshaqov, Gülnaz İsmayılova və Gülarə Hüseynova çəkiliblər.
Bu il festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib. Münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib.
“Qızıl şir” – Venesiya Film Festivalının əsas mükafatıdır. 1949-cu ildə təsis edilib. /Azərtac/
|