Ermənilərin İranın siyasi həyatında oynadığı rol
30.06.20

Əlyar Təbrizli (Kanada)

    İranın idarəsi altında olmuş ölkələrin (Məmalek-e məhruse-ye İran)  təlatümlü siyasi tarixi ən azı son 150 il ərzində işğal, müharibə, bir çox siyasi oyunlar və fitnələrlə  dolu eniş və yoxuşlarla müşayiət olunmuşdur. Bu baxımdan həmin tarixin müxtəlif bucaqlar altında dəqiq araşdırılmasına ehtiyac vardır. İranın müasir siyasi tarixinin öyrənilməsində qarşılaşdığımız və bu sahəyə kifayət qədər diqqət yetirilməməsindən və həmçinin ilk növbədə ilkin mənbələrin azlığından irəli gələn problem, heç şübhəsiz, müxtəlif tarixi hadisələrdən qaynaqlanan bir amildən - bu tarixə etinasız yanaşma və onun kifayət qədər dəqiqliklə araşdırılmamasından ibarətdir. Bu üzdən də biz İrandakı, xüsusən Cənubi Azərbaycandakı milli hərəkatlarda faydalı təcrübənin əldə edilmədiyinin şahidiyik. Bu məqalədə oxucularımız üçün şərh etmək istədiyimiz baxış bucağı bəlkə də müasir tarixin ən mühüm baxış bucaqlarından biri olmaqla Azərbaycan milli hərəkatlarına, həmçinin dünyadakı Türk milli hərəkatlarına təsir göstərməsi baxımından kifayət qədər dərin əhəmiyyətə malikdir.

Elyar Təbrizlinin bu  yazısında İranda bir qrup  erməninin  casusluq fəaliyyətindən  bəhs  olunur. Əyani bir sübut kimi SSRİ yə casusluq edən və  1943-cü ildə İranın paytaxtında keçirilən Tehran konfransının gedişində həyata  keçiilənb əməliyya işıqlandırılır.Bu əməliyyat bir sirr kimi uzun müddət məxfi saxlnılırdı. Son illərdə isə natamam və səthi də olsa, ictimaiyyətə açıqlandı. Verilən məhdud məlumata görə, bu casus şəbəkəsinə  rəhbərlik Georgi Vartanyan adlı bir nəfərə həvalə olunmuşdu. Onun özü kimi Gövhər Vartanyan adlı həyat yoldaşı da bu qrupun üzvü idi. Görünür, bu cütlük keçmiş sovet casusluq aparatında o qədər böyük əhəmiyyətə malik idi ki, onlar ömrünün ahıl çağlarında hazırkı Rusiyada xidmətə görə ən ali ordenə layiq görülüblər.Müəlifin başqa  bir  yazısında  digər bir  erməni  əsillinin  İranda Məşrutə inqilabından öncə ölkənin müasir inkişafına qatqı göstərib maarifçilik  hərəkatının  önündə gedən  ziyalılardan biri Mirzə Melkumun siyası fəaliyyəti və düşüncəsi araşdırılır. Eləcə də Mirzə  Melkumun İngilis təmayüllü olması və bir fiqur  kimi siyasi hadisələrdə oynadığı rolundan bəhs  olunur. Nəticədə məlum  olur  ki, Melkum xan London və Tehran arasında siyasi və bəzi hallarda iqtisadi bir dəllal idi. Bu üzdən onu İngiltərənin maraqlarını qoruyan bir cəsus hesab etmək olar.Onun üstəlik Mirzə  ağa  Təbrizinin əsərlərini  öz  adına çıxmsı  isə onu “ədəbi oğru” olmasına  da dəlalət  edir. (Bax: Elyar Təbrizli - Mirzə Melkumun siyasi fəaliyyəti və düşüncəsi https://www.avanqard.net/index.php?action=static_detail&static_id=59463)  

Pərvanə  Məmmədli


Hazırkı dövrdə İrandakı siyasət səhnəsi, heç şübhəsiz, dünyanın, xüsusilə də Yaxın Şərqin ən təlatümlü siyasət səhnələrindən biridir. Siyasi təsir mexanizmlərinin meydana gəlməsi və süqutu və onunla yanaşı xarici müdaxilələr və xarici idarə  olunan  daxili çevrilişlər Məşrutə inqilabından bu günədək İranda siyasi tarixin gedişinin normal məcradan kənara çıxmasına səbəb olmaqdan əlavə, mədəni baxımdan da adı çəkilən ölkələrin coğrafiyasında mövcud olan xalqların və mədəniyyətlərin, xüsusilə də Azərbaycan türk siyasət və mədəniyyətinə bərpası mümkün olmayan ağır zərbələr vurmuşdur.
Ən azı son 100 il ərzində İranın siyasi coğrafiyasında şahidi olduğumuz çevrilişlər, inqilablar və qiyamlar burulğanında, bu günə qədər də davam etməkdə olan gərginliyin ən güclü faktorlarından biri xarici ölkələrin, əsasən də onların xüsusi xidmət orqanları və qüvvələrinin ölkə daxilində İranın və regionun siyasi taleyinə etdiyi müdaxilələrdən ibarətdir.
Bu casusluq fəaliyyətinə əyani bir sübut kimi bir qrup SSRİ casusunun 1943-cü ildə İranın paytaxtında keçirilən Tehran konfransının gedişində həyata  keçirdiyi əməliyyatı qeyd etmək olar. Bu əməliyyat bir sirr kimi uzun müddət məxfi saxlandıqdan sonra nəhayət ki, son illərdə natamam və səthi də olsa, ictimaiyyətə açıqlandı. Verilən məhdud məlumata görə, bu casuslar qrupuna rəhbərlik Georgi Vartanyan adlı bir nəfərə həvalə olunmuşdu. Onun özü kimi Gövhər Vartanyan adlı həyat yoldaşı da bu qrupun üzvü idi. Görünür, bu cütlük keçmiş sovet casusluq aparatında o qədər böyük əhəmiyyətə malik idi ki, onlar ömrünün ahıl çağlarında hazırkı Rusiyada xidmətə görə ən ali ordenə layiq görülmüşlər.
Lakin bu tədqiqatın mövzusu həmin cütlüyün həyat və fəaliyyətini araşdırmaq deyil, hamısı mənşəcə erməni olan və 3 tarixi dövrdə Məmalek-e məhruse-ye İran ərazisində  yaşamış və siyasət aləmində özünəməxsus təsir gücünə malik olmuş bir neçə nəfərin fəaliyyətinə nəzər  salmaqla bu azsaylı dini və etnik icmaya qısa bir baxışdan ibarət olan tədqiqatın aparılmasıdır.      

Ermənilər İranda

Bildiyimiz  kimi  Iran  dünyada çoxmillətli ölkələrdən biri  sayılır. İrandakı erməni icması dini azlıq kimi tanınmaqla yanaşı, eyni  zamanda etnik azlıq kimi də hesab olunur. Ermənilər XVI əsrdən başlayaraq pərakəndə köçlər və mühacirətlər formasında İranın mərkəzi hissəsinə gəlmişlər. İlk vaxtlar süryani kilsəsinə aid idilər. Lakin sonralar etiqad baxımından ortodoksal kilsə ilə birləşdilər. Ermənilərin  bir hissəsinin katolik və protestant təriqətlərini qəbul etməsindən sonra erməni icması katolik və protestant kilsələri yaratmağa başladı.
İrandakı erməni kilsəsi iki böyük mərkəzi kilsəyə tabe və bağlıdır. Bu iki kilsədən biri Ermənistan Respublikasında yerləşən Eçmiədzin  - Üçkilsə, o biri isə Livanda yerləşən Antelis kilsəsidir. İrandakı erməni icmasının ölkənin 3 şəhərində - Tehran, İsfahan və Təbriz şəhərlərində üç böyük kilsəsi vardır. Bundan başqa bu icma İranda mədəni, idman və ictimai sahələrdə çox geniş imtiyaz və imkanlara da malikdir və bütün bu imtiyaz və imkanlar İslam Respublikası dövləti tərəfindən onlar üçün ayrılmışdır.
İranda ümumən 250-yə yaxın kilsə vardır ki, bunlardan 200-ü ermənilərə məxsusdur. Yalnız Tehranda erməni millətinə mənsub 50 kilsə vardır. Qeyd etmək lazımdır  ki, İrandakı erməni əhalisinin ümumi sayı 90 minlə 100 min arasındadır.
İslam Respublikası dövlətinin himayəsi altında İranın erməni icması öz mədəniyyətinə uyğun və öz dilində jurnal, qəzet və s. nəşr etdirir. Bu icma tərəfindən Tehran şəhərində nəşr olunan ən qədim jurnalın 160 yaşı vardır.
Azsaylı olduqlarına baxmayaraq ermənilər ölkə Konstitusiyasının 64-cü maddəsinə uyğun olaraq parlamentdə - İslam Şurası Məclisində 2 nümayəndəyə malikdirlər.  Bunlardan biri ölkənin cənubunda, digəri isə şimalında və qərbində yaşayan ermənilərin nümayəndəsidir. Bu qayda inqilabdan sonrakı dövrdən başlayaraq bu günədək davam etməkdədir..
İranda ermənilərin 50 məktəbi vardır. Bu məktəblər İran dövlətinin büdcəsindən ayrılan birbaşa vəsait hesabına erməni dili və mədəniyyətinin tədrisi və öyrədilməsi məqsədilə fəaliyyət göstərir. İran erməniləri bu məktəblərdə ibtidai sinifdən başlayaraq öz dillərində, dini təlim və etiqadlarına münasib olaraq təhsil alırlar. Bu məktəblərdə təhsil almaq cəmiyyətin başqa təbəqələri üçün qadağandır, halbuki ermənilər öz məktəblərindən əlavə başqa məktəblərdə də təhsil ala bilərlər, bu baxımdan onlar üçün heç bir məhdudiyyət yoxdur. Həmçinin erməni dili və ədəbiyyatı fənni demək olar ölkənin bütün ali təhsil müəssisələrində tədris olunur.
İrandakı təqribən 90-100 min nəfərlik erməni icması 50-ə yaxın mədəni- idman mərkəzi və cəmiyyətinə sahibdir. Bu cəmiyyətlər İslam Respublikasının büdcəsindən ayrılan birbaşa vəsait hesabına yaradılmışdır və erməni icmasına xidmət göstərir. Həmçinin İran ermənilərinin özlərinə məxsus qəbristanlıqları və qocalar evi vardır.

“Daşnaksütyun” terrorçu təşkilatının Məşrutə inqilabında təsir faktoru

Qacar səltənətinin axırlarında baş vermiş Məşrutə inqilabının səbəbləri, bu inqilabın baş verməsinə təsir göstərmiş amillər və o tarixi dövrdə konstitusiya tərəfdarlarının mübarizəsinin gedişi indiyədək bir çox tarixçilər və şərhçilər tərəfindən tədqiqat obyekti olmuş və əlbəttə, cəmiyyətin hər bir təbəqəsinin daxilində gedən mübarizələrin istiqamətləri araşdırılmış, tədqiq olunmuş və tarixi mənbələrdə qeyd edilmişdir. Lakin heç şübhəsiz, İrandakı Məşrutə hadisələrinin gedişində mübahisə mövzusu olan və fikir ixtilaflarına səbəb olmuş və hətta bu günə qədər də mübahisə mövzusu olaraq qalan məsələlərdən biri milliyyətcə erməni olan Yefrem xan və ya Yeprem xan adlı bir şəxsdir. Erməni Yefrem xan Məşrutə dövrü şəxsiyyətlərinin arasında fərqli bir sima idi, çünki o bəziləri tərəfindən bir qəhrəman kimi təqdir olunur, lakin mütləq əksəriyyətin nəzərincə , o bir xain, təsir faktoru və bugünkü mənada bir terrorçu hesab edilir.  
İranın müasir tarixinin səhifələrini vərəqləməkdə iki məqsədimiz var: biri, Yeprem adlı erməninin necə və niyə Məşrutə hərəkatına daxil olduğunu qısaca da olsa araşdırmaq və ikincisi, onun bu hərəkatın gedişinə və nəticələrinə təsirini aydınlaşdırmaqdır.
Bundan əvvəl qeyd etdiyimiz kimi, İranda bir qrup insan onu bir qəhrəman kimi görür və İrandakı Məşrutə qiyamının onun sayəsində qələbə çaldığını düşünürlər. Əlbəttə, qeyd etmək lazımdır ki, bu qrup iki dəstəyə bölünür: Arya tarixinin yaradıcısının tərəfdarları olan birinci qrup əlbəttə, tarixi saxtalaşdırmaqdan və tarixi hadisələri yanlış şərh etməkdən başqa bir iş görməmişlər. İrandakı azsayı ermənilərin ikinci qrupu rəsmi KİV-lər və habelə media və universitetlər vasitəsilə daşürəkli və rəhmsiz bir təsir amilinin qəhrəmanlaşdırılması üçün dəridən- qabıqdan çıxırlar.  İkinci dərəcəli ədəbiyyatda ona “Qafqazdan olan azadlıq aşiqi” , “şücaətli döyüşçü”, “sərhəd tanımayan inqilabçı”, “insanın çətinliklər qarşısında müqavimətinin simvolu”... kimi ləqəblərin verildiyinin şahidiyik. (Dadgər, 1393)
Sonradan erməni Yeprem xan kimi tanınan Yeprem Davidyan Gəncinski əksər tarixçilərin yazdığı kimi, Gəncə şəhərinin yaxınlığında bir kimsəyə məlum olmayan ata və anadan dünyaya gəlmişdir. Onun valideynləri haqda heç bir sənəd və ya tarixi məlumat mövcud deyildir. Təhsil və tərbiyə almaması ona qiyamçı və ipə-sapa yatmaz bir insan xarakteri bəxş eləmişdi. İsmayıl Rayin Yepremi qısaca təsvir edərək yazır: “Uşaqlıqda nadinc xarakteri və üsyançı ruhiyyəsi onun çox tezliklə məktəbdən və dərsdən ayrılmasına gətirib çıxardı. O, Osmanlı dövləti ilə mübarizə aparmaq və həmin ölkədə yaşayan erməniləri gücləndirmək məqsədilə Türkiyəyə getdi. Lakin Rusiya dövləti tərəfindən həbs və mühakimə olunaraq 24 il azadlıqdan məhrum edildi və  Rusiyanın Sibir diyarının ən uzaq bir yerində həbsxanaya salındı. Ancaq bir müddətdən sonra həbsdən qaçmağa müvəffəq oldu və tale onu İrana gətirdi. Əvvəlcə bu ölkənin şimalında yol inşaatı sahəsində işləməyə başladı. Lakin Məhəmmədəli şah tərəfindən Məclis topa tutulduqdan sonra Məşrutə tərəfdarlarının sıralarına qoşuldu”.
Göründüyü kimi, başlanğıcda,Yepremin ilk addımı Osmanlı dövlətinin ərazisinə gələrək Türkiyənin qərbində qiyama və əhalini qarət etməyə başlamış  erməni silahlı dəstələrinə qoşulmaq oldu. Erməni Yeprem rəsmi olaraq “Daşnaksütyun” partiyasının üzvü idi və böyük ehtimalla “Daşnaksütyun” partiyası sıralarında Osmanlı dövləti əleyhinə çıxış etmək niyyətində idi.
Qanlı “Daşnaksütyun” qruplaşmasının yaradılmasının məqsədlərindən biri heç şübhəsiz, Osmanlı dövləti əleyhinə geniş qiyam hazırlamaqdan ibarət idi. (Çalık, 2009) Lakin bu qruplaşma və ona aid olanlar bütün Qafqaz regionunda, Türkiyənin qərbində və Cənubi Azərbaycanın qərb rayonlarında Urmiyə, Xoy, Səlmas, Dilmuğan və sair qonşu ərazilərin şəhər və kəndlərində saysız-hesabsız cinayətlər törətmişlər ki, bu cinayətlər “Ciluluq faciələri” kimi də tanınır.Yeprem xan rus qüvvələri tərəfindən saxlanıldıqdan sonra Sibirə sürgün edildi, lakin bir neçə gündən sonra oradan qaçaraq Yaponiyaya getdi, oradan da İrana və Rəşt şəhərinə yola düşdü.
Erməni tarixçiləri və xüsusilə onların bu məsələdə tərəfdarı olanlar Yepremi və  “Daşnaksütyun” qruplaşmasının üzvlərini “sərhədsiz mübarizlər və ya inqilabçılar” adlandırılması üzərində təkid edirlər. Bəlkə də buna görə ki, bu daşnak “sərhədsiz mübarizlər”in qarşısına regionun hər hansı rayonunda, xüsusilə də Azərbaycanda özlərinin partiya və ya qrup mənafelərini və “Böyük Ermənistan” xülyalarını həyata keçirmək vəzifəsi qoyulmuşdu və onlar bu yolda heç bir cinayətdən çəkinmirdilər.  Erməni Yeprem də istisna deyildi. O, Rəştdə Məşrutə tərəfdarları tərəfindən hərəkata cəlb olunur, lakin Məşrutiyyət tarixinin qaranlıq səhifələrində çoxlarının diqqətindən kənarda qalan bir məqam var ki, bu da Yepremin rəhmsiz bir adam olması və onun törətdiyi cinayətlərdir. O, Rəştdə çoxlu sayda insan öldürdüyünü və Qəzvindəki döyüşlərdə çoxlu sayda günahsız qadın və uşaqları qətlə yetirdiyini özü etiraf etmişdi. 95 yaşlı zəncanlı Ayətulla Axund Qurbanəli Zəncaninin tərəfdarlarından bir çoxunu vəhşicəsinə qətlə yetirmiş, lakin Zəncaninin özünü Tehrandan ona göstərilən təzyiqlərə görə məhv edə bilməmiş və paytaxta sürgün etmişdi. Yeprem Zəncanın ardınca Səraba, Əhərə və Qərçedağ rayonlarına hücum etdi. Oranı tutandan sonra o zonanın başçılarının və üzdə olan adamlarının evlərini rəhmsizcəsinə qarət elədi. Tehrana gedəndən sonra polis rəisi vəzifəsinə təyin olundu. Lakin burada da o dəfələrlə qanunları tapdalayaraq özbaşınalıqlar törətmişdi.
Amma Məşrutə hərəkatının tarixində daha çox diqqət yetirilməli və daha dəqiqliklə araşdırılmalı olan məqam Azərbaycanın bu hərəkatdakı rolu və Məşrutə hərəkatına xəyanət etmiş bir qrup insanın hərəkatın əsas dayağına, yəni igid və rəşadətli Azərbaycan fədailəri olan Səttar xan və Bağır xana namərdcəsinə vurduğu ağır zərbələrdir.   
Məşrutə hərəkatının tarixində, tarixi sapmalar səbəbindən, bu hərəkatın üzvlərindən və hətta rəhbərlərindən biri kimi qələmə verilən  erməni Yeprem İranda və Azərbaycanda baş vermiş bu hərəkata və Azərbaycanın azadlığı uğrunda mübarizlərə çox ağır zərbələr vurmuşdur. Tehrandakı Atabəy parkı nda baş vermiş hadisədə Səttar xan və Bağır xanın başçılığı altında çıxış edən həqiqi Azərbaycan fədailərinə polis adı ilə vəhşicəsinə hücum edərək, həqiqi fədailərin və Məşrutə hərəkatının ali rəhbərlərinin tərksilah edilməsi bəhanəsilə Atabəy parkını mühasirəyə alaraq atəşə tutmuş, Səttar xan,  Bağır xan və onların silahdaşlarının ağ rəngli sülh bayrağı qaldırmalarına baxmayaraq həqiqi məşrutəçilərin bir çoxunu öldürmüş və Səttar xanı da yaralamışdı.
Bu hadisə Məşrutə hərəkatının gedişinə çox böyük mənfi təsir göstərdi və tam ciddiliyi ilə etiraf etmək olar ki, azadlıqsevərlik və azad düşüncəlilik uğrunda başlamış bir hərəkat axırda satqın və müstəbid amillərin əli ilə özünün əsas istiqamətindən kənara çıxarıldı, xaos və bir çox qiyamlardan sonra diktaturaya və mərkəzçiliyə gətirib çıxardı.

İranda erməni casusları

2000-ci ildə Rusiya Federasiyasının Xarici Kəşfiyyat İdarəsi özünün yüksək rütbəli casusları olan bir erməni cütlüyünün adlarını açıqlamağı qərara aldı və ardınca da bununla bağlı özünün xeyrinə təbliğat kompaniyasına başladı.
Məlum oldu ki, bu erməni cütlüyünün adları Gevorq və Gövhər Vartanyandır.  Bundan sonra da 2004-cü ildə Rusiyanın prezidenti Vladimir Putin polkovnik Gevorq Vartanyana fəxri kəşfiyyat əməkdaşı kimi 4-cü dərəcəli dövlət ordeni təqdim etdi. (iki həftədən bir nəşr olunan “Həvis” jurnalı, 1389), (“Azq”qəzeti, 2010)
Ancaq bundan əvvəl də ona Rostov Don şəhərinin fəxri vətəndaşı adı verilmişdi. Ermənistanda da o bu ölkənin fəxri ordeni ilə təltif edilmişdi. (həmin mənbə). Elə bu mövzuda, yəni  üzə çıxarılmış bu cütlüyün, xüsusilə də Gevorqun fəaliyyətinə həsr olunmuş bir kitab da Qurgen Xajakyan tərəfindən rus dilində yazılmışdır.  Xajakyan Vartanyanın özündən sitat gətirərək yazır ki, bu cütlüyün 46 illik casusluq fəaliyyətinin yalnız 15 %-i açıqlanmışdır.
Qeyd etmək lazımdır ki, “Əfsanəvi təhlükəsizlik əməkdaşları Gevorq və Gövhər Vartanyanla üz-üzə” adlı həmin kitabın müəllifi Qurgen Xajakyan “Azq” qəzetinin təsisçisidir və sonradan diplomat olmuşdur. Xajakyan bu kitabı ikinci dünya müharibəsində Sovet İttifaqının qələbəsinin 65 illik yubileyi və çox mənalı şəkildə Şuşa şəhərinin “azad edilməsinin” (əslində işğalının) 15-ci ildönümü münasibətilə təqdim etmişdi.
Kitabda müəllif Vartanyanın dediyini sitat gətirərək yazır ki, onun casusluq fəaliyyətinin başlanğıcı 1940-cı illərə təsadüf edir.O zaman onun cəmi 16 yaşı var idi və İranda idi. Orada qeyd edildiyi kimi, 16 yaşlı  Vartanyanın Sovet İttifaqının kəşfiyyat sisteminə daxil olması və casusluq fəaliyyətinə başlaması Sovet İttifaqının İrandakı yüksək rütbəli kəşfiyyat məmuru erməni İvan Ağayants ilə tanışlıqdan sonra baş vermişdi.
Vartanyan müsahibələrindən birində atası haqda və özünün ailəsi barədə belə deyir: “O mənim üçün həyatda ən gözəl bir nümunə idi. O Səlmasda çox kasıb bir ailədə dünyaya göz açmışdı. Yetim böyüdü. Anası onu pal-paltar yumaqla qazandığı pullarla böyütdü. Anası 8 yaşında onu qohumları ilə birlikdə Rostov şəhərinə göndərir ki, orada adam olsun. Atam illər sonra varlı ailədən olan anamla tanış olur və onunla ailə qurur. Daha sonralar iri sərmayə sahibi və casus kimi İrana qayıdır. Onun cəmiyyətdə yaxşı mövqeyi və müxtəlif əlaqələri var idi. Bütün bu əlaqələr ona casusluq fəaliyyətində kömək edirdi. Mən qazandığım uğurlara görə atama və bir də Hovanes Ağayants adlı gözəl bir insana borcluyam. O həmin dövrdə SSRİ-nin İrandakı casusluq şəbəkəsinin başçısı idi. Mən onu ilk dəfə görəndə 30 yaşı olmasına baxmayaraq daha yaşlı göründü. Sonradan bildim ki, o, əfsanəvi bir casusdur. Məni də o, casus elədi”.
Yəqinliklə etiraf etmək olar ki, casusluq peşəsi Vartanyanın ailəsində bir ata(xətti) peşəsi sayılırdı. Vartanyanın atası da özünün digər məsləkdaşları kimi başqa adlar altında işləməklə casusluq fəaliyyəti  ilə məşğul idi. O, Ermənistanda bir yağ istehsalı zavodunun müdiri idi və sonradan İranda bir qənd zavodu təsis etmişdi. Bununla belə, onun əsas işi sovet kəşfiyyat təşkilatı üçün məlumat toplamaqdan ibarət idi. Bu arada bir neçə dəfə casusluqda şübhəli bilinərək həbs olunmuşdu. Gevorqun atası bəzi məlumatları toplamaqda oğlundan istifadə etmiş və onu sadə əməliyyatlarda iştiraka cəlb eləmişdi. Ancaq deyildiyi kimi, Gevorqun rəsmi fəaliyyəti Ağayants ilə tanışlıqdan sonra başlamışdı.
Bu casus cütlük müəyyən bir dövrdə Anita və Hanri kimi məxfi adlar ilə də tanınırdılar. Lakin bir qədər əvvəl qeyd edildiyi kimi, Rusiyanın təbliğat maşınının bu erməni cütlükdən istifadə etməsi fikrimizcə, özünün kəşfiyyat sahəsində gücünü şişirtmək məqsədi daşıyır. Gevorq Vartanyanın və onun həyat yoldaşı Gövhərin və ya elə həmin Anitanın çox sayda müsahibələrində etiraf etdikləri kimi, onların 50 illik fəaliyyətinin yalnız kiçik bir hissəsi açıqlanmışdır və onun qalan hissəsi əvvəlki kimi məxfi saxlanılır. Açıqlanmış və bununla bağlı geniş təbliğat aparılmış məlumatlar bu cütlüyün 1943-cü ildə müttəfiq ölkələrin başçıları Stalin, Ruzvelt və Çörçilin iştirakı ilə Tehran şəhərində konfransın keçirildiyi zamana aiddir. Belə deyirlər ki, bundan əvvəl 16 yaşlı  Gevorqa Sovet İttifaqının xüsusi xidmət orqanının Yaxın Şərqdəki yüksək rütbəli məmuru Ağayantsın tərəfindən qeyri-rəsmi olaraq ” Yüngül atlı”  adlanan bir kəşfiyyat və casusluq qrupu yaratmaq vəzifəsi tapşırılmışdı. Bu qrupun digər üzvləri də erməni, assuri və gürcü idilər. Yeri gəlmişkən, Gövhər Pəhləvaniyanın Gevorq tərəfindən bu qrupun işinə cəlb olunması və bundan sonra onların evlənməsi də elə həmin illərdə baş vermişdi.
Tehran konfransı və SSRİ rəhbərinin, ABŞ prezidentinin və Britaniya Baş nazirinin müttəfiq cəbhənin liderləri kimi Tehrana toplaşması əlbəttə, İranın yeni və gənc şahı Məhəmməd Pza Pəhləvinin xəbəri olmadan təşkil olumuşdu və Gevorq Vartanyanın ömrünün 19-cu ili ilə bir vaxta düşürdü. Bu 19 yaşlı adamın konkret olaraq Tehran konfransı gedişində kəşfiyyat-informasiya sahəsindəki rolu barədə hadisədən illər sonra bir əfsanə kimi danışılanlar, o zamankı nasist Almaniyası ilə Sovet İttifaqı və bir qədər zəif şəkildə olsa da ABŞ və Britaniya arasında kəşfiyyat-informasiya sahəsindəki silsilə rəqabətlərdən xəbər verir.
Vartanyan bir müsahibəsində bildirir ki, “Mənim həyatımın ən böyük hadisələrindən biri 43-cü il Tehran hadisəsidir. Ondan sonra da mühüm hadisələr olub, lakin bunlar haqda indi danışmaq olmaz”. Vartanyanın və onun həyat yoldaşının və əlbəttə, onun başçılıq etdiyi qrupun həm İrandakı, həm də başqa ölkələrdəki casusluq fəaliyyəti hələ öz məxfiliyini saxlamaqdadır və onun yalnız kiçik bir hissəsi təbliğat məqsədilə açıqlanmışdır.
Belə deyilir ki, Tehran konfransı gedişində Almaniya “Yüksək uçuş” şərti adı bir əməliyyat planlaşdırmışdı və Tehranda onu həyata keçirmək niyyətində idi. Bu əməliyyatda məqsəd SS polkovniki Eto Skortseninin rəhbərliyi altında Stalini, Çörçilli və Ruzvelti eyni bir anda terror etmək idi. Müttəfiqlərin rəhbərlərini terror etmək üçün plan qurmuş bu alman qrupu Qum gölünün 70 kilometrliyində  paltarlarını dəyişərək və xüsusi avadanlıq və rabitə vasitələri ilə birlikdə 10 gün ərzində özlərini Tehrana çatdırmış və Tehran küçələrindən birində Britaniya və sovet səfirliklərinin yaxınlığında qrup şəklində bir evdə yerləşmişdilər. Onlar əməliyyata hazırlaşmışdılar və Skortseninin komandanlığı altındakı əsas terror qrupunun gəlişini gözləyirdilər. Rusiya kəşfiyyat mənbələrinin bildirdiyinə görə, adı şəkilən əməliyyatdan qabaq o zamankı Sovet İttifaqının kəşfiyyat orqanı bu plandan xəbər tutmuş və əsas terror qrupunun İrana gəlişindən əvvəl özünün Tehrandakı Gevorq Vartanyanın rəhbərliyi altında olan kəşfiyyat qrupuna almanların ilkin terror qrupunu həbs etmək tapşırığı vermişdi.  Vartanyan da Britaniyanın Mİ-6 təşkilatı ilə əməkdaşlıq şəraitində həmin alman qrupunun bütün üzvlərini həbs etmiş və beləliklə də Sovet İttifaqının kəşfiyyat qəhrəmanı elan edilmişdi.
Lakin tarixçi və yazıçı Aleksandr Vasilyev bu fikirdədir ki, müttəfiq ölkələrin başçılarına Tehranda sui-qəsd hazırlanması barədə xəbər doğru deyildir. Onun dediyinə görə, “Bu, KQB-nin bir uydurması olub, müharibə başa çatandan sonra ortaya atılmışdır. İran müharibənin ilk vaxtlarından Sovet İttifaqı və Britaniya tərəfindən işğal edilmişdi. Odur ki, Almaniyanın İrandakı casusluq strukturları 1943-cü ilədək dağılmişdı. İndiyədək nasistlər tərəfindən Tehranda terror əməliyyatına hazırlıq görülməsini sübut edən heç bir sənəd əldə edilməmişdir. Yalnız Musolininin azad edilməsi əməliyyatını uğurla həyata keçirmiş “Vafen SS” polkovniki Eto Skortseninin bu barədəki bir yazısı qalmışdır ki, orada deyilir: Müttəfiq ölkələrin başçılarına qarşı terror barədə təşəbbüs olub, ancaq bu ideya elə həmin gün bir kənara atılıb”. SS polkovniki belə bir əməliyyatın mövcud olmadığını tam aydın şəkildə bildirir və bunu müttəfiq ölkələrin başçılarına qarşı terror hazırlanması məsələsini yalnız tərəflərin barəsində razılıq əldə olunmayan bir günlük təklif  adlandırır.
Lakin Vasilyevin toxunduğu daha maraqlı və doğru olaraq bütün bu macəranı sual altına alan bir məqam da var ki, bu da Vartanyanın bu məsələdə nə kimi bir rol oynaması məsələsidir.  Qeyd edildiyi kimi, Gevorq Vartanyanın o zaman, yəni 1943-cü ildə cəmi 19 yaşı vardı və o, qrupun rəhbəri təyin olunur. Əlbəttə, bu sadəcə bir iddiadır.  Vasilyev bu barədə deyir: “Tarixçilərin bir çoxunun fikrincə, Stalin Tehranda terrora hazırlıq görülməsi barədə şayiəni Ruzveltə daha da yaxınlaşmaq və Çörçillin nüfuzunu azaltmaq məqsədilə yaymış və indiki halda bundan təbliğat məqsədilə istifadə etmişlər. Tehran konfransı keçirilən zaman cəmi 19 yaşı olan Vartanyan dünyanın ən mühüm ölkələrinin başçılarına qarşı hazırlanan terrorun qarşısını almalı olan bir əməliyyata başçı təyin oluna bilməzdi. Vartanyan və həyat yoldaşı sonralar KQB üçün mühüm işlər görmüş və buna görə orden və medallara layiq görülmüşlər. Lakin onların fəaliyyətlərinin bu hissəsinin İrana heç bir aidiyyəti yoxdur”.   
Göründüyü kimi, bu erməni cütlüyün ikinci dünya müharibəsi illərində İranda göstərdiyi fəaliyyət və yerinə yetirdiyi digər tapşırıqlar, o cümlədən Sovet İttifaqının qərb dövlətləri əleyhinə Yaxın Şərqdəki casusluq əməliyyatları barədə çoxlu sayda hesabatlar məxfi saxlanılır və yəqin ki, heç zaman açıqlanmayacaq. Gevorq Vartanyanın özü müsahibələrinin birində bu barədə danışaraq onun və arvadının casusluq fəaliyyətlərinin yalnız 2 ya 3 faizinin açıqlandığını bildirir.
İranın, Şimali və Cənubi Qafqazın, bir qədər də geniş götürsək, Yaxın Şərqin müasir tarixini araşdıranda, erməni millətindən olan casusların iki müxtəlif dövrdə - Sovet İttifaqının mövcud olduğu dövrdə və bu ölkənin dağılmasından sonrakı dövrdə çox geniş fəaliyyətlərinin şahidi oluruq. Müxtəlif səbəblərdən erməni əsilli insanlar arasından seçilmiş bu casuslar, formaca və strukturuna görə bir-birindən fərqli olduqlarına baxmayaraq mahiyyətcə bir-birindən o qədər də fərqlənməyən iki hakimiyyət sistemi tərəfindən müxtəlif şəkillərdə və formalarda istifadə olunmuşlar. Lakin çox az sayda olan şəxsiyyətləri açıqlanmış simalara ötəri bir nəzər salsaq və ideologiya baxımından müqayisə etsək, onların arasında bir neçə oxşar cəhətlər olduğunu görərik. Birincisi, bütün bu şəxslər Böyük Ermənistan xülyaları ilə bağlı şovinist ruhiyyəyə malikdirlər və özlərinin ən mühüm məqsədlərindən birini və bəlkə də ən mühümünü Böyük Ermənistan yaradılmasında görürlər. Onların ikinci oxşar cəhəti isə demokratik və sivil Türkiyə Respublikasına qarşı qatı düşmənçilik hissi bəsləmələridir. Belə ki, onlar hər plarformada – istər açıq istərsə də məxfi şəkildə bu düşmənçilikdən geri çəkilmirlər.
XX əsrə qədər Ermənilər İsfahanda və Azərbaycanda yerləşmiş və iki arxiyepiskopun – biri şimaldakı erməni cəmiyyətlərinin və digəri mərkəzi və cənub rayonlarındakı erməni cəmiyyətlərinin şəxsində Eçmiədzin yepiskopluğunun dini nüfuzu altında idilər.
Ermənilərin ilk məktəbləri 1833-cü ildən sonra təsis edilib. Bunda avropalı tacirlərin, saray məmurlarıın və Təbrizdəki “Humayun” məktəbinin müdiri Mirzə Cavad xan kimi şəxsiyyətləri bizə məlum olmayan təsir agentlərinin və Təbrizin dini müctəhidlərindən birinin rolunu misal göstərmək olar.  Bundan başqa, Nəsrəddin şah Qacarın və onun oğlu qacarların 5-ci şahı Müzəffərəddinin hərtərəfli maddi və mənəvi dəstəyi və lütfkarlığı sayəsində ermənilərin elmi tədris müəssisələrinin fəaliyyətə başlaması prosesi getmişdir. Sonradan onun atası (Nəsrəddin şah) 40 ilə yaxın müddətdə Məmalek-e məhruse-ye İrana daxil olan ölkələrdə şahlıq etdi. Maraqlıdır ki, Nəsrəddin şah Mirzə Rza Kirmani adlı şiə axundu və fars ekstremisti tərəfindən terror edildi, erməni fəalları da türk olan qacar şahına qarşı inadlı müqavimət göstərir və ona qarşı düşmənçilik hissi bəsləyirdilər.
Daşnakların nəşr etdirdiyi “Druşak” (Bayraq) adlı qəzetin mövqeyinə nəzər salsaq, görərik ki, onların  fikrincə, kimsə İran üçün 1907-ci ildə Məşrutiyyət verən Müzəffərəddin şahın əvəzinə taxta çıxmış Məhəmmədəli şahdan daha böyük düşmən tapa bilməz.  Rostom-un (Keri Arshak Gavafian) nüfuzunu və onun inqilabi fəaliyyətinin miqyasını təsəvvür etmək üçün bunu bilmək yaxşı olardı ki, Keri Rostom bir çox silahdaşları kimi təkcə bir ziyalı rəhbər və müəllim deyildi, həm də hərbi komandir idi və fədailərin Qafqazda və İrandakı vəzifələrinin yerinə yetirilməsinin təşkili ilə məşğul olurdu. Onların hər ikisi Azərbaycanın milli sərkərdəsi Səttar xanla yaxından əməkdaşlıq edirdi və Marağa hökmdarı Səməd Şücaüddövləyə qarşı Təbrizin mübarizəsində faktiki olaraq iştirak etdilər. Onlar Rafi kimi müəllimlərin və yazıçıların, Heraçya Açaryan kimi alimlərin,  Nikol Ağbalyan (sonradan Ermənistan Respublikasının Maarif Naziri oldu və N. Hanquyts ləqəbi ilə də tanınırdı)  kimi dilçi, nəzəriyyəçı və müəllimlərin və daşnak Stepan Zoryan və Hnçakçı Rafael Movsisyan kimi inqilabçıların və rəhbərlərin arasında idilər. Başqa müəllimlər, məsələn, Yervand Frangiyan və Hayrapet Paniryan və Xeçu “Erməni İnqilabi Federasiyası”nın üzvləri idilər. Onlar erməni milli azadlıq hərəkatında, Van müqavimətində (1896), İrandakı Məşrutə hərəkatında və birinci dünya müharibəsində iştirak etdilər. Hər bir halda, bu azlığın dövlət orqanlarına nüfuzuna və onların, hətta Səfəvilər dövründən indiyədək dövlət siyasətlərinin hazırlanmasında və idarə olunmasında roluna, gizli və aşkar təsirlərinə hazırkı dövrün tarixçiləri, Azərbaycan və Türkiyənin hakimiyyət dairələri tərəfindən ciddi diqqət yetirilməmişdir. Heç şübhəsiz, belə demək olar ki, elə hazırkı zamanda da İran İslam Respublikasının ermənilərlə İran daxilində və Ermənistan Respublikası ilə ticari və gizli əlaqələrinin, onların Qarabağ kimi məsələlərdə təsir gücünün və Osmanlı dövləti tərəfindən ermənilərin “genosidi” kimi uydurma iddialarının  araşdırılmasına nə o zaman, nə  də indiki dövrdə türk dövlətlərinin hakimiyyət orqanların tərəfindən əsla diqqət yetirilməmişdir.


Qaynaq:
Qədyani Abbas, 2002, Tarix-e ədyan və məzaheb-e İran
Qanun-e Əsasi-ye Comhuri-ye Eslami-ye İran
Sərşomari-ye oumi-ye nofus və məskən, 2011
Nəşriyye-ye Dadgər, sal-e həftom, payiz-e 93, № 23
Zəbihulla Şəban, Sərdari dər Tələb pəri xiş Yeprem xan, 2020, a likonline.ir
Dohəfteneme-ye “Hevis”, № 77, 1389; səh. 12
Ruzname-ye “Azq”, № 93, 2010
Sayt-e İnterneti-ye Radio “Fərda”, 1398
Sayt-e İnterneti-ye Radio “İRNA”, 4 Azər 1398, kod-e xəbər 83569040

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.