Küyüylü Nəccari Səid - Aslan Əmi
26.06.20

Hekayə

Aslan əmidən bir gilə siqaret aldım. Həmişəki kimi, siqareti alışdırmaq üçün ondan alışqan istədim. Aslan əmi qırmızı bir alışqan mənə sarı uzatdı.
Gülümsünərək, "yeni alışqan almısan, Aslan əmi?! Mübarəkdir!" dedim.
"Yox, varım idi. Çoxdankıdır," dedi.
"Axı mən bunu görməmişdim. Yoxsa məxsus müştərilər üçündür?!"
"Demək olar!" deyib dodağı qaçdı.
Gülümsünərək, "deyəsən bu işin içində bir iş var!" dedim.
"Yox,...hən!"
“Mənə de, Aslan əmi. Heç kimə demərəm. Artıq, bir ildir məni tanıyırsan."
Əlimi alışqanı almağa uzatdım, ancaq özü onu yandırıb siqaretimi alışdırdı.
"Hələ siqaretini çək, sənə açıqlayaram. Ancaq öz aramızda qalsın," dedi.
"Yaxşı! Arxayın ol," deyib, siqaretimi çəkməyə başladım.
Gülümsünərək, "keçən bir ildə səni yoxlayırdım,” dedi.
"Yoxlayırdınmı?!" deyib gözlərinə baxdım.
"Hə də. Yeni gələn hər bir müştərimi yoxlayıram."
"Necə yoxlayırsan?!"
"Bir yeni gələn müştərilər var, bir bəyindiyim müştərilər var, bir də bəyənmədiklərim."
"Necə yəni?!"
"Hər yeni müştəri gələndə onu bir müddət göz altında saxlayıram. Davranışını izləyirəm," deyib mənə baxdı.
"Çox maraqlıdır! Məsələ bir az qəlizləşdi! Siqaret satmağı sadə bir iş sanırdım."
"Bəlkə də başqa siqaret satanlar üçün sadə bir işdir, amma mənim üçün belə deyil."
"İndi bu alışqanların fəlsəfəsi nədir?!"
Aslan əmi, köynəyinin cibindən bir gilə siqaret götürdü, dodaqlarının sol tərəfinin arasına yerləşdirdi, sonra qırmızı alışqanı yeşikdən çıxardıb onu alışdırdı. Siqaretini bir udumluq sümürüb, tüstüsünü tüstülük borusundan çıxan kimi havaya püflədi. Mən də siqaretimə bir qullab vurub, siqaretçi əminin püflədiyi tərəfə püflədim. Tüstülər birbirinə qarışdı. Aslan əmi gülümsündü.  
"Hə, deyirdim, bir müddətdən sonra əxlaqını, davranışını bəyəndiyim müştərilərimə siqareti alışdırmaq üçün bu qırmızı alışqanı verirəm. Yeni gələn müştərilərimə ağ, bəyənmədiyim müştərilərə də sarı alışqan verirəm."
"Maraqlıdır! Bu alışqanı başqa alışqanlardan ayıran nədir?!"
"Bu, uzun bir hekayə!"
Yeşiyin arxasından bir kətil çıxardıb, mənə doğru itələdi.
"Otur! Ayaq üstə yorularsan."
Ayaq üstə onu dinləmək istədiyimi demək istəyirdim, ancaq yoxlanıldığım müddətin yeni bitdiyinə görə, dəvətini geri çevirməkdən çəkindim.
Əlindəki siqaretə son qullabı vurub, onun kötüyünü külqabıya basdı. Mən də onun ardınca siqaretimi külqabıda söndürdüm. Külqabıda iki siqaret kötüyü daha var idi. Bəlkə məndən qabaq ayrı bir qonağı da olmuşdu.
Bu arada başqa bir müştəri də gəldi. İki gilə siqaret aldı. Başını yırğalayaraq Aslan əmiylə salamlaşdı, sonra siqaretini Aslan əminin verdiyi sarı alışqanla alışdırıb getdi. Aslan əmi onun gedişini izlədi. Alışqan fəlsəfəsinə görə, Aslan əmi bu kişini bəyənməmiş olmalıydı, o üzdən ona, sarı alışqan vermişdi.
O kişi uzaqlaşandan sonra Aslan əmi öz-özünə mırıldandı. Sonra mənə sarı dönüb onun haqqında nəsə demək istədi, ancaq sözünü ağzından qaytardı.
"Çox siqaret çəkərsən?!" deyib mənə baxdı.
"Yox, gündə elə bir-iki gilə çəkərəm."
"Hə, yaxşıdır."
"Bir gün burda sənin yanında qalsam, məhəllədə kimi bəyənib, kimi bəyənmədiyini yaxşıca öyrənərəm!" deyib güldüm.
Aslan əmi də mənimlə birlikdə gülməyə başladı. Gülmək səsimizi eşidən yoldan keçən bir gənc qadın dönüb bizə sarı baxdı.
"Evdə bir çox alışqanım var, illər boyu toplamışam. Evim alışqan muzeyinə bənzəyir!"
"Nə gözəl! Onda gərək bir gün sizə gəlib, alışqanlarını yaxından görəm."
"Hə, gəl. Oturub bir çay da içərik."
"Öncə çay, ardından siqaret, sonra yenə də çay!"
İkimiz də qaqqıltıyla güldük.
"Bəs necə siqaret satan oldun?"
"Gənc yaşlarımdan siqaret çəkməyə başladım, məktəbi bitirdiyim ildən. Əsgərlikdən sonra işə getdim. Bir şirkətdə işə başladım, Altay'la da elə orda tanış oldum. Çox yaxşı, canayaxın bir oğlan idi. Bir özəlliyi var idi, ayda bir qıza vurulurdu!" deyib hıqqıldadı.
Aslan əmi sözlərinə ara verdi. Yeşiyinin alt qatından çıxartdığı kiçik qumqumadan iki stəkan çay süzdü.
"Şirkət batdı, bizi də işdən çaxartdılar. İşdən qovulduqdan sonra bir neçə yerə getdim, amma işə götürmədilər, ya da götürdülər, ancaq bir müddətdən sonra işi bəyənməyib özüm çıxdım."
Stəkanı götürüb bir qurtum çay içdi. "Çayın soyumasın," deyib içməyə başladı.
Mən də çayımı qurtumlamağa başladım, içində qızılgül var idi.
"Altay'ın atası kiçik bir dükanda siqaret satırdı. Altay axşam üstüləri gedib dükanda qalırdı, mən də hərdən onun yanına gedirdim. Siqaret satmağın yolunu da elə orda öyrəndim."
"Bəs, Altay nə oldu?"
"Altay universitetə getdi, mənsə giriş imtahanından geçə bilmədim. Elə bu peşədə qalmağa qərar verdim."
Aslan əmi stəkanını dağ su ilə yaxaladı. Yeşiyin önündə bir motorsiklet dayandı. Motorsikletçi enib bir qutu siqaret aldı. Qutunu açıb, bir gilə çıxardıb dodaqlarının arasına taxdı. Alışqan istədi. Aslan əmi ona ağ alışqanı verdi.  
Kişi siqaretini alışdırıb, “sağ ol, əmi," deyib motora minib uzaqlaşdı.
Aslan əmiyə maraqla baxıb, onun iş fəlsəfəsini yaxşı anladığımı bilmək üçün, "yeni bir müştəri! Düzdürmü?!" deyə soruşdum.
"Düzdür. Yepyeni bir müştəri! Birinci dəfədir görürəm onu," deyərək güldü. "Bax, səndən yaxşı şagird çıxar, çox tez öyrənirsən!"
"Gərək gündə bir saat gəlib burda sənin yanında qalam!"
"Hə, gəl!"
Başqa bir müştəri tələsik gəldi. Bir gilə siqaret aldı, pulu ödəyib, siqareti alışdırmadan çıxıb getdi. Bu kişinin hansı alışqan qrupunda yerləşdirildiyini öyrənə bilmədim. Aslan əmi də bir şey demədi.
"Bağışla! Müştəri gəldi, sözüm para qaldı. Nə başını ağrıdım, siqaretçi oğlu Altay mühəndis oldu, mən də onun atasının peşəsini götürdüm, yol qırağında, yeşik arxasında!"
Aslan əminin son cümləsi qulağımda bir az satirik səsləndi.
"İndi bu işdən razısanmı?!"
"Artıq, yaşımın  bu çağında razılığın ya da narazılığın bir anlamı yoxdur. Keçinirik, elə bu görər."
"Bəli."
"O qırmızı alışqanın da özünə görə bir macərası var. Qısaca sənə deyirəm. Onu Altay verib mənə."
"Onda bəs bir yadigarlıqdır."
"Yenidən hədiyyə verilmiş bir hədiyyədir. Altay'ın bir sevgilisi var idi, burda olanda sonuncu sevgilisiydi. Altay'la tanış olan gündən onun siqaret çəkməsindən xoşlanmırmış. Altay'dan siqareti tərgitməsini istəyirmiş. Altay da tərgidəcəyini deyirmiş, amma birdən yox, yavaş-yavaş. Eşitdiyimə görə qız Altay'ı çox sevirmiş, ona görə necə olursa olsun, Altay'ın siqareti buraxmasını istəyirmiş. Qızın ata-anası isə Altay'ı istəmirmiş, o üzdən qızlarının bu oğlanı buraxması üçün bəhanələr axtarırmışlar. Bu arada Altay'ın siqaret çəkməsi də onun əleyhinə yaxşı girəvə ələ vermiş. Çox çəkiş-bərkişdən sonra, qız Altay'ı tərgitdirə bilməmiş. Bala-bala aralarında söz çıxmış, küskünlük yaranmış."
Aslan əmi susdu. Bir siqaret götürüb alışdırdı. Bir-iki qullab vurandan sonra, mənim həyəcanımı görüncə sözünə davam etdi.
"Onların son görüşməsində, Altay qıza bir odekolon vermiş, qız da ona bir qırmızı alışqan. Qız odekolon hədiyə almağı çox sevirmiş, ona görə də Altay ona bahalı bir odekolon hədiyə etmiş. Qız da siqareti tərgitdirə bilmədiyinə görə, Altay'a alışqan hədiyə vermiş, hətta oturub Altay'la bir siqaret də çəkmiş!"
"Alışqan hədiyəsi! Vida siqareti çəkmək! Çox qəribə! Bu qırmızı alışqan elə o alışqandır ?!"
"Hə."
"Sənə necə gəlib çatıb?!"
"O qızdan ayrıldıqdan sonra, Altay burda çox qalmadı. Burdan Avropa'ya, ordan da təhsilinin qalanını bitirmək üçün Amerika'ya çıxıb getdi. Getməmişdən neçə gün qabaq bir görüşümüz oldu. Qızı unutmaq, ondan qalan hər nəyi özündən uzaqlaşdırmaq istədiyini dedi. Bu arada alışqanı da mənə çatdı."
"Bəs, belə! O biri alışqanlar necə?"
"Hər yerdə yeni, gözəl alışqan görmüşəm, gedib almışam, əvvəldə elə təkcə bu qırmızı alışqan var idi, sonra ağ ilə sarını da bu işə qatdım. Bəzisini də dost-tanış mənə hədiyyə verib."
Ayağa qalxdım.
"Yaxşı, mən getməliyəm, Aslan əmi. Bu əhvalatı mənə danışdığına görə çox sağ ol. Bundan sonra yanına tez-tez gələcəyəm."
"Hə, gəl, yenə oturub danışarıq.”
"Hələlik."
"Gülə-gülə."
Yola düzəldim. Aslan əmidən bir az uzaqlaşdıqdan sonra qanrılıb ona baxdım.
"Alışqan muzeyini də görmək üçün bir gün evinizə gələcəyəm,” deyib güldüm.
"Mütləq gəl. Gözləyirəm."
Uzaqlaşarkən, Aslan əmiyə ayrı bir müştəri gəldiyini gördüm. Siqaretini hansı alışqanla alışdırdığını görə bilmədim. Arxası mənə sarı idi. Ancaq dönərkən, cibinə kibirit qutusunu qoyduğunu gördüm.

Yenililklər
21.03.23
Azad Qaradərəli - Şeirimizin Tərlanı
20.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu türk dünyasını təbrik etdi
15.03.23
"Türkiye cocuklarına sevgi ile" adlı beynəlxalq sənət aksiyasına start verilib
14.03.23
Rza Nuri - Səsim azad sulara dağılan adalar
14.03.23
Xalq yazıçısı Rüstəm İbrahimbəyova həsr olunmuş jurnal nəşr edilib
14.03.23
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
14.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın Litvada görüşləri davam edir
14.03.23
Yaponiyanın ədəbiyyat üzrə Nobel mükafatçısı vəfat edib
13.03.23
İradə Musayeva - Qorxumuzun 80 yaşı
13.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Litvaya səfər edib
10.03.23
“Ustad”ın yubiley sayı nəşr edilib
10.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas Günü”nü keçirib
07.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Taalatbek Masadıkovilə görüşüb
04.03.23
Məhəmməd Baharlının 75 illik yubileyi qeyd ediləcək
03.03.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Kubanıçbek Ömüraliyev ilə görüşüb
03.03.23
Bədirxan Əhmədli - Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki
03.03.23
I Lənkəran Kitab Sərgisi keçiriləcək
02.03.23
Günay Əfəndiyeva Kanat Tumışla görüşüb
27.02.23
"Özbəkcə-Azərbaycanca frazeologizimlər lüğəti"nin təqdimatı
24.02.23
Qətibə Vaqifqızı - “Saz götürüb dastan yazan” Aşıq Şakir
24.02.23

Qardaş Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri bir araya gəlib

17.02.23
“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsi çap olunub
17.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Manas” dastanına həsr olunan nəşri işıq üzü görüb
10.02.23
Günay Əfəndiyeva Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini ziyarət edib
08.02.23
Cavanşir Yusifli - Tale kimi doğulan mətnlər
08.02.23
Kino Məktəbinin tələbələrinə diplomlar təqdim olunub
08.02.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda bayraqlar yarıya endirildi
08.02.23
Xətai Sənət Mərkəzində “Hisslər və rəsmlər” adlı sərgi açılacaq
06.02.23
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Gülnar Səma alimlik dərəcəsi alıb
31.01.23
“Eurovision 2023” beynəlxalq mahnı müsabiqəsinin loqo və şüarı təqdim olunub
31.01.23
Günay Əfəndiyeva türk dövlətlərinin gənc şair və yazarları ilə görüşüb
31.01.23
Kinoteatrlarda “Qarabağ hekayələri: Dünən, bu gün, sabah” kinoalmanaxının nümayişinə başlanacaq
30.01.23
Bakı Atatürk Mərkəzində “Türkologiyanın aktual problemləri” mövzusunda elmi-praktik seminar keçirilib
30.01.23
Günay Əfəndiyeva “2023-cü il Avropanın Mədəniyyət Paytaxtı” Veszpremdə keçirilən rəsmi açılış mərasimində iştirak edib
30.01.23
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasından yeni kitab nəşr edilib
27.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı
27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.