Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20

Bəsirə Əzizəli,
Filologiya üzrə fəlsəfə doktoru

Mən bir zərrəyəm, lakin günəş mənim içimdədir,
Köksümdə yüzlərcə səhər vardır...


Məhəmməd İqbalın yaradıcılığının və dünyagörüşünün əsasında ilahi eşq, kamil insan, müsəlman birliyi və milli tərəqqi ideyaları dayanır. Mütəfəkkir şairə görə, kamil insan səviyyəsinə yüksələn yaradıcı şəxsiyyətlər insanlara həqiqətin yolunu göstərirlər. “Peyam-i Meşrik” əsərində yazır: “Şairliyin kəmalı aydın, açıq söz söyləməkdir. Sirrlərə vaqif olan ariflər yalnız rəmz və eyhamla danışarlar. Sabahlara qədər fəryad, yüzlərlə bəlalı sabah, yüzlərcə atəşli ah! Nəticəsi bir gözəl şeir”.

Kamil insan və Yaradan arasındakı əlaqələr, Allahın insandakı təcəllisi M.İqbalın kamil insan konsepsiyasında ön plandadır. Özünü dərk etməklə qəflət pərdəsini qaldıran insanlar ilahi yaradılışın mahiyyətini də dərk edirlər. “Peyam-i Meşrik” əsərində söyləyir: “Kimi arayırsan? Çünki o bütün zühuruyla meydanda, sən örtük altında gizlisən. Onu ararsan özündən başqasını görə bilməzsən, özünü ararsan ondan başqasını tapa bilməzsən”. 

Gözündən pərdəni qaldıran insanın yeganə yolu Eşqi-Mütləqə qovuşmaqdır, “Esrar ve Rumuz” əsərində şairə görə, “atəşi sönən eşq Kəbədə doğulub bütxanədə ölər”.

“İslamda dini düşüncənin yenidən doğuşu” əsərində M.İqbal insanı Allahın yaratdığı bütün varlıqlar içərisində yaradıcı həyata şüurulu bir şəkildə daxil olmağa layiq və qadir olan yeganə varlıq kimi qiymətləndirir və insanın yaradıcı ilahi gücün qəlbində yer tutduğunu söyləyir. “Cavidnamə” əsərində şair yaradıcı insanları belə dəyərləndirir: “Qalib, yaradıcı, bacarıqlı və təsir gücünə malikdir. Torpaqdandır, lakin nurlu varlıqların təbiəti ilə, quldur, lakin Mövlanənin sifətiylə. Onun qəlbi hər iki aləmdən ehtiyacsızdır; ümidləri az, qayələri böyükdür. Onun adətləri ürəkaçan, onun gözü sehrbaz, danışıqda mülayim, arayışda atəşli, təmiz qəlbli və munsifdir”.

Məlumdur ki, təsəvvüf və islama söykənən Şərq fəlsəfi poeziyasında ölüm yenidən doğuşa bir vasitə kimi dəyərləndirilir. Fani dünyanın buxovlarından xilas olaraq kamillik yolunu tutmuş insanlar üçün ölüm həqiqətin üzərindəki pərdəni qaldırmaq, ilahi başlanğıca qovuşmaq anlamında dərk olunur. Bu düşüncələri davam etdirən M.İqbal fani və gerçək dünyaya doğulmağı çox mənalı və obrazlı şəkildə müqayisə edir, ikisi arasındakı fərqi diqqətə çatdırır. “Cavidnamə” əsərində yazır: “Sən ey yaxşı adam, doğulmaq yolundan bu dörd cəhətli dünyaya gəldin. Yenə doğulmaq sifətiylə bayıra çıxa bilərsən, bəndləri qıra bilərsən! Bu ikinci doğuş su və torpaqdan deyil, onu sahib dil olan bilir! O doğum məcburidir, bu öz ixtiyarına görə; o pərdələrdə gizlidir, bu aşikardır. O doğum ağlamaqla olur, bu gülməklə, yəni o arayandır, bu bulan. O kainatda mövcuddur və seyr etməkdədir, bu tamamilə cəhətlərdən bayırda dolaşmaqdadır. O gündüz və gecələrə möhtacdır, o biri üçün gündüz və gecə yalnız minikdir. Uşağın doğulması qarnın parçalanmasındandır, ərənlərin doğulması aləmin çatlamasındandır”.

M.İqbal insan və Yaradan münasibətində cüz və küll nöqteyi-nəzərindən çıxış edirsə də, orjinal tərzini və dünyadərkini kölgədə qoymur. “Esrar-ı Hodi” əsərində deyir: “Mən bir zərrəyəm, lakin günəş mənim içimdədir. Köksümdə yüzlərcə səhər vardır”.

M.İqbalın eşq konsepsiyasının mərkəzində Allah sevgisi dayanır, şair və filosof belə hesab edir ki, Allahı sevən hər kəs bütün insanlığı da, varlıqları da sevər. Bu fikri “Cavidnamə” əsərində də müşahidə edirik:
Haqqın camalına sevdalanan hər kişi
Bütün varlıqların əfəndisi olar, şübhəsiz.

M.İqbal Allaha yaxınlaşmağın üç mərhələsindən bəhs edir, şair bunu özünəməxsus şəkildə Mövlananın sözləriylə üç şahid kimi təqdim edir. M.İqbala görə, ilk şahid insanın öz şüurudur, insan öz nuru ilə, ilk növbədə, özünü dərk etməlidir. İkinci şahid, başqasının şüuru, başqasının nuru ilə özünü görməkdir. Üçüncü şaid isə zati-Haqqın şüurudur, insanın öz mənliyini Haqq nuruyla tanıması, dərk etməsidir. M.İqbal belə hesab edir ki, həyatın məqsədi, məhz, bu sonuncu Mənlik məqamına yetişməkdir:
Mənlik məqamına yetişməkdir həyat
Haqq zatını pərdəsiz görməkdir həyat.
Mömün sifətlərə bağlanıb qalıb
Mustafa razı olmadı qeyrisinə.
Nədir merac? Şahid olmaq arzusu.
Şahidlə üz-üzə bir imtahan faktı.

“Cavidnamə” əsərində M.İqbal Mənlik məqamına qovuşmaq üçün meraca yüksəlməyi, üç şahid mərhələsindən keçməyi vacib sayır. Əsərdə birinci şahid Zinderud adı ilə təqdim edilən müəllif, ikinci şahid Mövlana Rumi, üçüncü şahid isə Haqqdır.

Rumi M.İqbalın mənəvi mürşidi olmuşdur. Əslində üç şahid fikrinin ideya mənbəyi həm də Mövlananın digər sözləridir. Hələ əsərin əvvəlində “Mövlana” bölümü təqdim olunarkən M.İqbal dahi şairin sözlərindən nümunə ilə başlayır:
İnsan gözdür, gerisi dəri
Göz dediyin dostu görməli
Görmə bacarığında ərit bütün bədənini
Görməyi bil, görməyi bil, görməyi”.

Burada üç dəfə təkrar olunan “görməyi bil” sözünün ifadə etdiyi mənanı M.İqbal “Cavidnamə” əsərində üç şahid kimi təqdim etmişdir. Ona görə də İqbal “Göz bəsirətli isə hər şey görülməyə dəyər, Göz tərəzisində dartılmağa dəyər, Rumi haraya aparsa, get, bir müddət ondan basqasını unut deyir”. Əsərdə İqbal “Ariflərin dini nədir” sualına da “Görməkdir” deyə cavab verir.

Eşq M.İqbal fəlsəfəsinin əsasında dayanır. M.İqbal “eşq kamilləşəndə insan belə yarada bilər” düşüncəsinə sahib filosof şairdir. Eşq, İqbala görə, həm dünyanın dərki, həm Allaha gedən yol, həm də həyat tərzidir. İslam alimi və mütəsəvvif olaraq M.İqbal ilahi eşqi uca tutduğu kimi, çağdaşı olduğu zamanın həyat tərzində də eşqin, sevginin rolunu yüksək qiymətləndirir. “Cavidnamə” əsərində mütəfəkkir şairə görə, eşq qərblinin fikrində yaşam sistemi, şərqlinin nəzərində isə kainatın sirridir. Şair eşq və ağlın vəhdətini qəbul edir, ona görə ağıl, məhz, eşq sayəsində Haqqı tanıyır, eşq ağılla birlikdə olarsa, yeni bir aləm yaradar. Şair qəlbi eşqlə zəngin insanların öz təsirini gücləndirmək üçün bir ağıl gücünə də ehtiyacı olduğunu irəli sürür. İnsanın ucalığını ifadə edərkən də İqbal eşqə sahib insanı yüksək məqamdan dəyərləndirir. “Cavidnamə” əsərində yazır:
Dünya insanoğlunun içinə sığar amma
İnsanoğlu sığmaz bu dünyaya.
Burada dahi Azərbaycan şairi Nəsimin təsiri aydın şəkildə duyulur:
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Görünür ki, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri kimi Azərbaycan şairlərinin əsərlərindən bəhrələnən M.İqbal Nəsimi yaradıcılığına da bələd olmuşdur.

M.İqbalın yaradıcılığında ictimai-siyasi görüşləri, milləti və müsəlman dünyası haqqındakı fikirləri də önəmli yer tutur. İslam xalqları ədəbiyyatında müsəlman birliyi, müsəlman cəmiyyətinin inkişafı uğrunda mücadilə aparan mütəfəkkir ədiblərdən biri də M.İqbal olmuşdur. Əsərlərini və fəaliyyətini müsəlmanların elmi, mədəni, sosial və siyasi müstəvidə inkişafına həsr etmiş M.İqbal ədəbi-fəlsəfi fikirlərində islam dininin ucalığını göstərməyə çalışırdısa, ictimai fəaliyyəti ilə müsəlmanların və millətinin dünya xalqları arasında layiqli yer tutması uğrunda mübarizə aparırdı.

M.İqbal, ilk növbədə, Allaha üz tuturdu: “Ya rəbb, sən can və təni yaradansan! Bu pərişan dərdlinin sənə iki cüt sözü var. Bu əski dünyada fitnələr görürəm. Bu fitnələr mənim içimdə də var, cəmiyyətdə də! Aləm sənin əmr və hökmünlə cızdığın tale yolundan ayrılmadan dünyaya gəldimi, yoxsa onu başqa Allah yaratdımı?” Bu bağlamada M.İqbal türk millətinə də öz münasibətini bildirmişdir. Şairə görə, müsəlman millətlər arasında müasiri olduğu dövr üçün doqmatik yuxudan oyanıb özünü dərk etmiş yeganə millət türklərdir. Şair türklər haqqında yazır: “Türklərə qapalı qapılar açıldı. Misirlilərin binası möhkəm quruldu. Sən də mənliyin ətəyinə yapış. Onsuz kimsəyə nə mülk, nə də din verilir. Taleyini öz əli ilə yazan millətə Allah ululuq verir”. 

Müsəlman xalqları arasında türklər, onların milli-mənəvi dəyərləri, Osmanlı dövlətinin islama və milli mədəniyyətə əsaslanan siyasəti hər zaman M.İqbalın diqqət mərkəzində olmuşdur. M.İqbal dini ehkamları fəaliyyətsizliyin səbəblərindən olan “tale” bəhanəsinə əsas gətirilməsini qəbul etmir. Şair müsəlmanlığı millət uğrunda çalışmaqda, mübarizədə görür.

Çanaqqala savaşı  dövründə Məhəmməd peyğəmbəri yuxusunda görən İqbal peyğəmbərin “Mənə nə gətirdin?” sualına belə cavab verir: “Bir şüşə qan ki, bərabəri yoxdur, namusdur, vicdandır, Buyurun, bu, Çanaqqala şəhidinin qanıdır”.

 İqbal “İslamda dini düşüncənin yenidən inşası” adlı əsərində müasiri olduğu dövrdə müsəlman xalqları arasında yalnız türklərin yeni inkişaf yoluna qədəm qoyduğunu dilə gətirmiş və dəyərləndirmişdir: “Həqiqət budur ki, günümüzdəki müsəlman millətlər arasında yalnız Türkiyə doqmatik yuxudan silkələnmiş və mənlik şüurunu qazanmışdır. Yalnız o intelektual azadlıq haqqına sahiblənmişdir; yalnız o ideal olandan gerçək olana keçmişdir. Bu keçid kəskin bir intelektual və əxlaq mücadiləsi tələb edir... Müsəlman ölkələri köhnə dəyərləri mexaniki olaraq təkrar etməkdədir, bunun əksinə olaraq türklər yeni dəyərlər yaratmaq yolundadırlar. Onlar özlərinin dərindəki mənliklərini dərk edən böyük təcrübəni yaşayıb bu günə gəlmişlər”.

İqbal Mustafa Kamal Atatürkə də şeir yazmış, onun türk millətinin müsəlman dünyasındakı rolunu yüksək dəyərləndirmişdir. “M.Kamal Paşaya (Allah ona yardım etsin)” şeirində İqbal yazır:
Atatürk və türklərin ağlı və hikməti sayəsində biz
İlahi təqdirin gizli sirlərinə yetişmişik.
Sönmüş bir qığılcım olduğu halda müsəlman
Mustafa Kamalın bir baxışı ilə
Bir günəş olduq ki, düşmənə yaman.
Eşqi öyrətdi bizə də, qurtulduq kölə olmaqdan.

M.İqbal dini və ictimai fikirlərinin ortaq müstəvisində çox əhəmiyyətli məsələləri ortaya qoymuşdur. Şairə görə, milli inkişaf üçün müstəqil mücadilə həlledici amildir. “Kəndlisi başqası hesabına əkin əkən millətlə Allah məşğul olmaz” deyən M.İqbal ilahi qüvvə və ağıl münasibətlərinə aydınlıq gətirmişdir: “Ənəlhəqq ilahiyyət məqamından başqa bir şey deyil. Ona layiq olan vardırmı, yoxdurmu? Əgər bunu bir fərd söyləyərsə, ona xitab edilər. Əgər bunu bir millət söylərsə, yersiz deyildir. Ənəlhəqq sözü hər budağın üzərində, qanında şeh damcıları olan bir millətə layiqdir. Belə millətlərin millətlər arasında məqamı yüksəkdir. İki dünyada lider o millətdir ki, yaratmaq işindən bir an dayanmaz, ona yuxu və yorğunluq haramdır”.

 Şair müsəlmanlığı millət uğrunda çalışmaqda, mübarizədə görür. M.İqbal Avropa dövlətlərinin Şərqdəki müstəmləkə siyasətinə qarşı çıxır, bu yolda özünəməxsus şəkildə türklərdən örnək almağa çalışır: “Osmanlı türklərinin sözü yaxşı anladıqlarını eşitdim, kim onlara mənim bu qərib şeirimi çatdıracaq?

M.İqbalın milli məsələləri daim diqqətdə saxlaması, eləcə də bütün bunları dini münasibətlərlə birlikdə şərh etməsi təsadüfi deyildir. Dövrün ümumi ictimai-siyasi vəziyyəti sözügedən tendensiyanı aktuallaşdırırdı. İngilislərin yanında çalışan, ingilis tərbiyyəsini görən hind müsəlmanları Qərbin islam dini haqqındakı anlayışsızlığı qarşısında islam mədəniyyətini müdafiəyə çalışaraq müəslmanlıqda islahatlar etməyə qalxmışdılar. M.İqbal da XIX əsrin əvvəllərindən etibarən fəal şəkildə müşahidə edilən bu prosesin yeni mərhələdiki davamçılarından idi. Təsadüfi deyil ki, o Cəmaləddin Əfqaninin “Milli birlik” düşüncəsindən təsirlənən gənc müsəlman qrupun üzvlərindən idi. Eyni zamanda, M.İqbal türk ictimai fikrində mühüm rol oynamış M.A.Ersoy, P.S.Halim Paşa, Ziya Gökalp kimi şəxsiyyətlərin fikirlərindən də bəhrələnmişdir. 

   M.İqbal müsəlmanları köləlikdən xilas olmağa, öz azadlığı uğrunda mübarizə aparmağa çağırır. “Bal-i Cibril” əsərində yazır: “Ey islam milləti, yüksəklik istəyirsənsə, yüksək mübarizəyə başla, bu dünyada üstünlük şahin kimi yüksəklərə yönəlməkdədir, bil!” Filosof şair əsərdə müsəlmanlara müraciət edərək, digər xalqlar kimi, öz müqədəratı uğrunda çalışmağın zəruriyyətini söyləyirdi.

    M.İqbal millət uğrunda, azadlıq naminə şərəfli ölümə hazır olduğunu da şeirlərində ifadə etmişdir:  “Aləmdə erkəklər kimi yaşamaq mümkün deyilsə, ərlər kimi can vermək əsl həyata qovuşmaqdır.

    M.İqbal zəngin həyat və yaradıcılıq yoluna malik mütəfəkkir ədib, ictimai-siyasi xadim olmuşdur. M.İqbal həm ədəbi, fəlsəfi, dini və elmi-ictimai əsərləri, həm də milləti və bütövlükdə, müsəlman dünyası uğrunda apardığı mübarizəsi ilə Şərq dünyasının böyük simalarından biridir. Klassik Şərq ədəbiyyatı, yeni dövr maarifçilik düşüncəsi, İslam modernizminin layiqli davamçısı olan M.İqbal XX əsrdə Şərq və Qərb dünyasında islam dini və müsəlman dünyagörüşünü yeni təmayüllərlə vəhdətdə ifadə edərək yaratdığı əsərləri ilə mühüm tarixi missiyasını həyata keçirmişdir.

Avanqard.net

Yenililklər
13.04.21
Təranə Vahid - Qasırğa
10.04.21
Xəzər Universitetində Fransız dili bayramı
06.04.21
“Hədəf Nəşrləri” müəllif tenderi elan edir
30.03.21
Tanınmış kinoşünas Aydın Kazımzadənin yeni kitabı işıq üzü görüb
30.03.21
“Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə sənəd qəbulu başa çatıb
30.03.21
Təranə Vahidin “Qarışqa təqvimi” Türkiyədə çap olunub
30.03.21
Qalib Şəfahətin "hekayələr kitabı Türkiyədə işıq üzü görüb
11.03.21

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olundu

09.03.21
Emil Rasimoğlu -  Tor qurub işıq dirəklərinə Tanrı...
08.03.21
Qadınlarımızı bəşəri sevgi ilə şərəfləndirən 8 Mart ucalığı
08.03.21
Erməni generalını boğan şəhid haqqında roman - İlk hissə
05.03.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Mоzalanbəyin səyahətnaməsi” əsərinin ifşaedici gücü
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.