“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
13.03.20

Bilmirəm Leş Əlidənmi, Tarixdənmi, yoxsa Taledənmi başayım? Əslində, Aqşinin özündən başlamaq istəyirəm. O Aqşin ki, ədəbiyyatımızda qəfil peyda olmadı, adı təsadüfən az qala partlayış törədən romanların imza yerində görünmədi. Belə də təsadüf olar? Bir də ki, ciddi ədəbiyyatda təsadüf deyə bir şey yoxdur. Ya yazıçı olursan, ya da heç olmursan. Yazıçı Aqşin Yeniseyin doğuluşunda “get bunları de, bunları söylə” fitrəti var, bu şübhəsizdir (adətən belə İnsanlar çox yaşamırlar). Oxuduğum “Göləqarğısancan” və “Tarix və Tale” romanlarının az qala hər səhifəsində buna daha çox inandım. Sovetdənqalma zəhləm gedən iki  ifadə var:  ilham pərisi və oxucu! Bəri başdan deyim ki, Aqşinin ilham pərisi zadı (onun ilham pərisi elə özüdür), nə də oxucusu yoxdur. Aqşinin, ümumilikdə, ciddi yazıçının, samballı şairin öz alıcıları var ki, bu alıcılar sevdikləri imzaların əsərlərini dənizin dibində axtarmaq da olsa ərinmədən axtarır, qanı bahasına əldə etmək məqamında belə lap doğmaca balasının da  boğazından kəsib həmin əsərləri pulla alırlar (özü də zəmanənin belə bic vədəsində). Oxucu kütləvi zövqü ifadə edən bir anlayışdır, böyük və ciddi əsərlər isə heç vaxt kütlə üçün deyil! Əsərlərində fantasitik yumor hissinə (elə anlar olur ki, gözündən su gələnə qədər gülürsən) malik olan Aqşin Yeniseyin özünün bizə çatdırmaq istədiyi bütün nəsnələrin içində əslində əbədi bir faciə, dünyəvi bir dərd var. Aqşinlə üzün gülür, amma için qan ağlayır sadəcə.

Nədənsə mənə elə gəlir ki, Aqşinin kişi obrazları bütün komponentlərdə özünün qadın obrazlarından bir yox, bir neçə milyon addım qabaqdadır, öndədir. İstər Leş Əli öz arvadından, istərsə də “Tarix” kişi öz arvadı “Tale” xaladan. Hər iki əsərdə romanın meydanına “əlisilahlı”, kinli, ənənəvi qadın hikkəsi, nəfsi, məişət siyasəti və pinti dünyagörüşü ilə atılan bu iki qadın ibtidai icma quruluşundan ta üzü bəri formalaşan dişi arxetipini təsdiqləyir. Razılaşmadığım məqamlar da  var ki, bunu da qeyd etməliyəm. Yazıçı, ümumiyyətlə, ədəbiyyatdakı (öz qələmindəki) qadınlara sanki amansız mövqedədir. Kifayət qədər haqlı olduğu, obyektiv yanaşma, tam qiymətləndirmə güncündə olan Aqşin Yenisey “Tarix və Tale” əsərində “Tale” obrazına da az “zülm etməyib”. Əsərdə bu qadının şəxsi xarakteri öz evinə, ailəsinə, “birtəhər” yaşadığı  cəmiyyətinə, ümumilikdə ideal qadın tipinə yanaşma tərzində bəs qədər şikəst olsa da yazıçının bəzi məqamlarda həddən artıq ifrata vardığı məqamlar da diqqətdən qaçmır. Əzizim Aqşin, elə məqamlar var ki, orda böyük yazıçı olmaq azdır… Amma bir şeylə təsəlli tapdım ki, “Tale xala” öz cahil prinsiplərini, sürüşkən meyillərini, öz əndirabadi piryomlarını, “milli dilxorçuluğunu”, əri “Tarix” və oğlu “Azadlıq”la olan barışmaz cəngini ictimailəşdirə bilmədi. Öz xislətinin bəhrəsi nə  oldusa, nə yaşandısa hamısı o qara damın altında qaldı, elə həmin evdəcə dəfn edildi. “Tale” nə əlinə şüar-plakat alıb meydanlara çıxdı, nə öz içində yaratdığı azadolma eşqi ilə  inqilab edib “Azadlıq” deyə bağırdı, nə də loru dildə desək, “pis yola düşüb” evə çirkli, “namussuz pullar” gətirdi. Hətta o, bu tale ilə necə oldu ki, zindana düşmədi, bunu bir özü bilir, bir də müəllif!

Romanda beynimi ömürlük zədələyərək  yaddaşımda  qalacaq, romanın ən kiçik yerini “zəbt eləmiş”, ən mikroepizod – Ümid adlı bir dustağın güllələnməyə getdiyi səhnə var. İnsanoğlu ölümə də bir belə ümidlə gedərmi? Adı Ümid olan kəs nəyi ümid edib bilə-bilə, həm də gülümsəyə-gülümsəyə gedir bu ölümə?! Şəxsi mülahizəmdə bircə bu qaldı: Ümidin dustaqlıq həyatında bircə dəfə üzü güldü, zindanın qaranlığında üzünə işıq gəldi, ümidləri cücərdi – o da güllələnməyə gedəndə. Amma kameralardan digər dustlaq yoldaşlarının “Allah sənə rəhmət eləsin, Ümid (ümid) – səsləri məni qəfil tərs şapalaq kimi haqladı. “Ümid sonda ölər” kimi ümid etdiyimiz Ümid dünyasının, Ümid xəyalının başına dalbadal neçə güllə sıxdı müəllif… Ölən Ümid adlı dustaq idimi, yoxsa “Ümid sonda ölər” – deyib min illərdir ayaqlayın-başıaçıq, acqarına  dalınca qaçdığımız İnsanoğlunun ümidə söykənən inancı idimi? Burda müəllif hamını dünyaqarışıq torpağa basdırdı, işini bitirəndən sonra da ürəyi soyumadı,  hələ də buğu qalxan bu məzara lombası ilə tüpürüb çıxıb getdi… Bilmirsən, müəllifi Ümidin yerinə qoyasan, yoxsa bu qəbirdən çıxıb əlini sıxasan…

“Tarix və Tale” əsərini müəyyən bir çərçivəyə salan, onu balaca bir məkana sürgün edən nüans  romanda hadisələrin baş verdiyi məkanın, şəhərin adının çəkilməsidir. Məncə, bu əsərdə baş verən hadisələr, inqilab və meydan olayları, dini qarşıdurmalar, insan əsarəti, əbədi soyuq və gizli (lap elə açıq-aşkar) qadın-kişi mübarizəsi, zindanlarda sağ qalmaq, burdan alnıaçıq çıxmaq uğrunda amansız mübarizə, haqsızlıq, işgəncə, təcavüz, zorakılıq dünyanın bütün ölkələrində, bütün məkanlarında baş verən bəlkə də ən normal YAŞAMAQ və sağ qala bilmək yöntəmidir. Neyləmək olar, dünya yaradılışdan belədir. Zənnimcə, bu əsərdə müəllif heç bir məkanın adını çəkməsəydi, bu gün “Tarix və Tale” romanını ürəklə  dünyanın, bəşəriyyətin “şəxsiyyət vəsiqəsi” adlandırmaq olardı. Əsərdə tavandələn, göydeşən anlar bəs qədərdir. Amma seçim etmək imkanım olsaydı mən “Göləqarğıcansan”ı seçərdim. Zənnimcə, Leş Əli hələ ki, Aqşin Yeniseyin ən saf, ən təmənnasız, ən əzabkeş qəhrəmanıdır. “Tarix” isə  nisbətən təhlükəli obrazdır, çünki o, susmağı bacaran qoca qurddur. Üzü üzlər görmüş Tarixin bütün gücü susmağında, təmkinində, elmli olmağında, baş verən bütün prossesləri acgözlükə izləməyindədir. Leş Əlinin gücü isə Dərdində, tənhalığında və bu Dərdin, bu tənhalığın ona öyrətdiyi gizli müdrikliyində idi… şair var 20 şeir kitabının müəllifidir, amma ömründə bircə dəfə də olsun şairlik halını yaşaya bilməyib. Kitabsız şair də var ki, hər halında təpədən-dırnağa şairdir, ömrü boyu. Leş Əli özünü qəbir evinə qədər  “şair halında” gəzdirən Əlidir.

“Tarix və Tale”nin  zəhmi bəlkə də onun dil və üslubundadır?! Hazırkı cəmiyyətin insanı – adi mobil telefonundan bütün dünyanın hər “gedişatına” rahatlıqla baş vura bilən gənc oğlan və qızların, habelə problemli, hər türlü qayğı və dərd Yüklü adamların yazıçının  yetmiş-səksən söz işlətdiyi bir cümləsini oxumağa, bəlkə də, səbri və yaxud savadı çatmaz? Savadı çatmırsa ali məktəbi neçə bitirib, ixtisasartırma kurslarına nə deyib gedib, elmi işini necə müdafiə edib, bərqvuran elmi dərəcələri necə əldə edib, ən azından əlindəki ən müasir mürəkkəb proqramlarla işləyən bu telefona necə hökmü çatır bəs bu insanların? Deməli, məsələ savadda deyil. Problem səbrdədir, hövsələdədir. Aqşini olduğu kimi qəbul etməyin bircə yolu var – onu səbrlə oxumaq. İlk baxışdan çətin, yorucu və qaranlıq görünən irihəcmli cümlələrin, fikirlərin üstündən bayram tonqalının üzərindən atılıb keçdiyimiz kimi keçməmək gərəkir. Kütlədə də səbr, hövsələ nə gəzir? Tonqal yandısa, demək, üstündən tullanmaq lazımdır. Nəyimizə lazımdır, kim yandı, kim ütüldü prinsipi bizi hər şeydən uzaqlaşdırıb onsuz da.

Düzdür, əsər (Aqşinin öz dili) “ağırtonajlı” yük maşınını xatırladır. Buna baxmayaraq üstün cəhət kimi qeyd etməli vacib bir detalım da var ki, müəllif ən gərgin, ən dramatik  irihəcmili motivin süjet xəttini itimədən sona qədər uğurla daşıya bilir. Bu “daşınmada” onu oxuyan söz alıcısı gərginlikdə qalsa da əsas odur ki,  çaş-baş qalmır. Çünki əsərdə cərəyan edən hadisələrin “uğurlu daşınma axını” kitabı oxuyanları özü öz axınında istədiyi yerə sərbəst gətirib çıxara bilir. Bunu  da, əlbəttə hər yazıçının ünvanına söyləyəmkdə çətinlik çəkirəm. Bu təbii ki, sırf peşəkarlığın göstəricisidir. Əsərdə dialoq anlarının, roman sakinlərinin nadir hallarda ünsiyyəti ənənəvi, geninə-boluna söhbətləşmə anlarının az olması da müəllifin müasir ədəbiyyatın tələblərinə uyğun prinsipə “adaptasiyasıdır”. Aqşin gözəl anlayır ki, əsl söz alıcısına obrazların uzun-uzadı istənilən mövzuda hap-gopları yox, əsərin məqsədi və sonda çatdırılması lazım olan əsas ideyası lazımdır.

Aqşinin “Tarix və Tale” romanını oxuyun. Mütləq oxuyun! Oxuyun ona görə ki, Tarixin və Talenin bu amansız, əliqılınclı vədəsində öz tarixinizin və öz taleyinizin heç olmasa, heç olmasa, yarısını özünüz yazıb, özünüz həll edə biləsiniz! Yaxşı ki, ədəbiyyatımızın Aqşini var!

Gündüz Sevindik
/kultur.az/

Yenililklər
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.