Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20

Avanqard.net Ceylan Mumoğlunun Cəlil Cavanşirin "Azğın" romanı haqqında yazdığı "Dəliliyin azğınlığı" yazısını təqdim edir.

Mənə ağlı başında bir insan göstərin, sizin üçün onu sağaldım.
(Karl Qustav Yunq)

“Dəlilik” mövzusu dünya ədəbiyyatında mərkəzi mövzulardan biridir. Bu mövzu həmişə müxtəlif ədəbi məktəb və cərəyana aid yazıçıların diqqətində olub. “Dəlilik” mövzusuna dünya ədəbiyyatının bir sıra məşhur nümayəndələri zaman-zaman üz tutub: V.Şekspir, M.Servantes, A.Qriboyedov, N.Qoqol, F.Dostoyevski, A.P.Çexov, J.P.Sartr, N.Hikmət, R.Bredberi, U.Eko... Milli ədəbiyyatımız da bu cəhətdən istisna deyil: “Koroğlu”, N.Gəncəvi, M.Füzuli, Ə.Haqverdiyev, M.Cəlil, İ.Əfəndiyev, Elçin, İ.Muğanna...

Dəlilik nədir? Ağır zehni pozğunluq? Tibbi, hüquqi və ya mədəni termin? Bəlkə, azadlıq və yaxud ruhun hər tərəfdən yırtıldığı, parçalandığı iztirab təcrübəsidir? Bu təcrübəni kim və hansı dillə daha dəqiq ifadə etməyə qadirdir? Fransız postmodernist filosof Mişel Fuko bəşər tarixini, az qala, dəliliyin tarixi kimi nəzərdən keçirdiyi “Dəliliyin tarixi” əsərində onun nə olduğu sualına tam olaraq cavab tapa bilibmi? Niyə zaman-zaman dahi dediyimiz insanlar özləri də dəlilik haqqında bizi heyrətləndirən fikirlər söyləyiblər? Məsələn, Höte, “Bəzən planetimiz mənə kainatın dəlixanası kimi gəlir” deyib, yaxud Frensis Bekon, “İnsanın təbiətində ağıllılıqdan çox dəlilik var” nəticəsinə gəlib.

Dəlilik anlayışı haqqında elmi araşdırmaları kənara qoyub, ədəbi əsərlərə üz tutsaq, bu anlayış haqqında daha dolğun cavab tapmış olarıqmı? Bəlkə də... Ancaq hər əsərə görə oxucunun tapacağı cavab da fərqli ola bilər. Buna görə də, dəlilik haqqında əsərləri oxuyub anlamaq nə qədər çətin və ağırdırsa, həmin əsərlər haqqında yazmaq da bir o qədər çətindir. Bu mənada rumın dramaturqu Ejen İoneskonun sözləri ilə desək, “Həyatın amansızlığını çatdırmaq üçün ədəbiyyat min qat daha amansız olmalıdır”.

Bu yaxınlarda oxuduğum, yazıçı Cəlil Cavanşirin yeni nəşr olunmuş “Azğın” romanını da mövzusu ağır romanlar siyahısına əlavə etdim. Dəlilik mövzusunun işləkliyi Azərbaycan ədəbiyyatında ta qədimlərdən başlayır. “Dədə Qorqud” dastanının boylarında çılğın qəhrəmanlarla (Dəli Domrul, Dəli Qarcar) qarşılaşırıq. Düşünürəm ki, “Azğın” romanının müəllifi baş qəhrəmanı Dəli Qorqud adlandırması da təsadüfi deyil. Bununla dəlilik mövzusunun tarixi keçmişini xatırlamağa və bu mövzunun hər zaman canlı olduğuna işarə edib. “... Hə, lap yadımdan çıxmışdı. Mənim adım Qorquddur. Toylara gedəndə uşaqlar arxamca düşüb “Dəli Qorqud”, “Dəli Qorqud” deyib çağırırdılar. Adım Qorquddur, siz Dəli Qorqud deyin. Dədə Qorqud yox ha, Dəli Qorqud!”

Dünya ədəbiyyatında yaradılmış dəli obrazları müəyyən xüsusiyyətlərinə görə bir-birinə bənzəyir. Onlar təkcə yaşadıqları dövr, yeni və müasir olan mühitə görə fərqlənir. Qalan hallarda yeni nəsə yoxdur, ədəbiyyat tarixində hər şey deyilib, hər şey yazılıb. Bu mənada Cəlil Cavanşirin də yaratdığı dəli obrazı klassik mətnlərdən gələn dəlilik obrazı – müəllifin şəxsi özünütəhlil, yaşadığı dövr və mühitin işığında görünən irəliləməsidir.

“Azğın” romanı çox maraqlı müqayisə ilə başlayır. Əsərin baş dəli obrazı özünü milçəklə müqayisə edir. O, eyni zamanda yazıçıdır: cəmiyyətlə uyuşmayan, dəlilik sərhəddində olan, dərin psixoloji sarsıntılar içərisində yaşamağa çalışan, yadlaşmış, tənhalığını, anlaşılmama duyğusunu, təcridolunma hissini çatdırmağa çalışan ziyalı. O, artıq şüuraltında öz sonunun qərarını verib. Ancaq yenə də: “Görəsən, dünənki milçək hələ də yaşayırmı? Xatirələrimi aydınlaşdırmaq, bir-birindən seçib-ayırmaq, başladığım nöqtəyə, geriyə doğru səyahət etmək istəyirəm. Bu yoldan, yaşadıqlarımı yazaraq, xatirələrə dalaraq bir daha keçmək istəyirəm. Həyatlarımızda utanılacaq şeylər olmasaydı, özümüzü necə mühakimə edərdik?” – deyir.


Romanın qəhrəmanı güzgülərə baxa bilmir. Çünki orda uşaqlıq şəkillərinə oxşayan balaca əclafı görür. Üstəlik, onu dəli hesab etməsinlər deyə, bu barədə heç kimə danışmır. Müəllif romanda əksolunma simvolundan məharətlə istifadə edib. Güzgü şüurla şüuraltı arasında astana funksiyasını simvolizə edir, insan ona baxmaqla şüuraltının dərinliklərinə boylana bilir...

Güzgünün yaratdığı təsvir simvolik olub, hər iki aləmi – şüur və şüuraltını anladır. Romanın qəhrəmanı ziddiyyətli xarakterdədir, güzgüdəki uşaqlıq şəkillərinə oxşayan əksindən qorxur, qaçır, onu öldürmək istəsə də, öldürə bilmir, onun qarşısında gücsüzdür. Eyni zamanda da, zaman-zaman cəsarət nümayiş etdirir. Bir gün o öz qorxularının üstünə gedərək balaca əclaf əksi ilə danışır:


“– Öz güzgü dünyanın içindən məni dəli eləmək üçün gəlmisən.

– Sən nə vaxtdan qara qüvvələrə inanan olmusan?

– O ifritə gedəndən, – övladlarımı və məni tərk edən arvadımı yadıma saldıqca əhvalım pozulurdu. Bu, yüz faiz onun düşündüyü oyunlardan biridir. Yəqin, getməklə ürəyi soyumayıb”.

Gördüyümüz kimi, qəhrəmanın bu nöqtədən sonra düşdüyü depressiv vəziyyətin səbəbkarı kimi başqalarını günahlandırması da başlayır. O cümlədən, oxucu güzgüdəki balaca əclafın qəhrəmanın xəyal dünyasına niyə gəldiyini öyrənmiş olur. Balaca əclaf niyə ağlını itirdiyini, nə üçün səfil günə düşdüyünü, nəyə görə dəli olduğunu özünün yetkin yaşlı qəhrəmanına başa salacaq.

Roman boyu irəlilədikcə qəhrəmanın şüurlatına səyahət edirik. Qarşımızda iyirmi il əvvəlki mənzərə açılır: qəhrəmanın ailəsi – atası, anası, nənəsi, kənd camaatı, sinif yoldaşları, dostları və s. Onun ilk dəfə dəliliklə tanış olması səhnəsi xüsusilə maraqlıdır. Cəmo adlı dəli obrazının simasında öz dəliliyini də tanıyan qəhrəman ilk travmasını almış olur və hər iki obrazın bənzər taleləri yaşaması romanı təsirli edən məqamlardan biridir.

Diqqətimi çəkən məsələlərdən biri də romanda müəllifin yaratdığı dəli obrazlarının sayca çoxluğu və onlara qarşı cəmiyyətin müxtəlif təbəqələrinin fərqli münasibəti idi. Sanki yazıçı qəsdən cəmiyyətin daxilindəki anlaşılmazlıqları, fərdlə mühitin yadlaşmasını, psixi nasazlığın və daxili ikiləşmənin çoxalması fonunda göstərməyə çalışır. Bu da təbiidir, çünki əksər ədəbiyyatşünaslara görə, ümumən ikili qəhrəmanın ortaya çıxması cəmiyyətin keçid dövrləri üçün səciyyəvidir. Uşaqlıqları “Sovetin dağıldığı, müharibənin canlar aldığı, təhsil sisteminin iflic olduğu, işsizliyin tüğyan etdiyi bahalıq və yoxluq illərinə düşmüş” insanlara dövrün mürəkkəb təzadları təsirsiz keçə bilməzdi. Çökmüş sistemin dağıntıları altında qalmaq azmış kimi, şəxsi həyatda olan əngəllər, natamamlıqlar, uğursuzluqlar da personajların özündən çıxmasına səbəb olur.

Bütün bu özündən çıxmış dəlilərin içərisində baş qəhrəman özünün də dəli olacağından qorxur. Çünki dəliliyə gətirib çıxaran səbəblər hələ bitməyib. Əzablar, dərdlər, həyat şərtləri əlbir olub onun beynini məngənədə sıxır, düşüncələri getdikcə qaranlıqlaşır. Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman özünü təhlil edə-edə nə qədər xəyanətə uğradığının fərqinə varır. Atası, ilk sevdiyi qız Gülçin, müəlliməsi Gültən, onu atıb gedən həyat yoldaşı, həyatında olan bütün qadınlardan daha çox sevdiyi narsis sevgilisindən aldığı zərbələr yığın-yığın Dəli Qorqudun başına tökülür. Bu məqamda qəhrəmanın özündən çıxmaması mümkünsüz hala çevrilir.

Əsər nikbin sonluqla bitməsə də, insanın dəlilik təbiətini anlamaq üçün, sanki oxucuya bələdçilik edir. Ruhu silkələyən təsirli səhnələr və obrazlarla yadda qalır. Yaxşı bilirik ki, “dəlilik” mövzusu yazıçıdan cəsarət tələb edir. Obrazın psixi patologiyasını, çılğınlığını, ruhi sarsıntılarını çatdırmaq heç də asan deyil. İnsanın gerçəyi haqqında onun normal təbiətindən daha çox dəlilik təbiəti danışdığını unutmayaq.

“Azğın” romanı ilə ədəbiyyat tariximizdə olan dəli obrazlarının siyahısına biri də əlavə edildi. Müəllif Cəlil Cavanşirə yeni yaradıcılıq uğurları arzulayıram!

/Kulis.az/

Yenililklər
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.