Xaricdə təhsil alan azərbaycanlı: "Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu" - MÜSAHİBƏ
03.03.20

"Xaricdə oxuyan azərbaycanlılar”rubrikasının növbəti qonağı Türkiyənin Qazi Universitetində "Təhsilin idarə olunması” ixtisası üzrə doktorantura təhsili alan Şəhla Aslandır.


Azərbaycanda aldığınız təhsildən danışardınız...

Azərbaycanda pedaqoji sahədə üç dövlət universiteti bitirmişəm. Bakalavr, magistr pillərini mövcud təhsil sistemində almışam. İntəhası, hər dəfə əynimə məzun paltarını geyinəndə təəssüf hissi keçirmişəm. Ki, arzuladığım, ehtiyac duyduğum təhsili almadan diplom verilib. Mənimsə universitetlərin verdiyi diploma yox, keyfiyyətli təhsilə ehtiyacım vardı. Fərqindəydim ki, bu ehtiyacı hazırki təhsil sistemi qarşılaya bilməyəcək. Sahibləndiyim ixtisasdan dərs demək üçün yenə də məsələn, məntiq suallarını cavablandırmalı olacam. İmtahanın ikinci mərhələsində ya filankəsin qohumu olmalı, ya da aidiati adamları "görməli” olacağam. Mənsə, bu gərəksiz mərhələlərdə vaxt itirməkdənsə, bakalavr zamanından başlayaraq müxtəlif qəzetlərdə yazılar yazmağa, kitablar redaktə etməyə başladım. Maddi ehtiyacları qarşılaya bilmək üçün eyni zamanda bir neçə yerdə çalışmaq gərəkirdi. Təsəllim yaradıcı işlərlə məşğul olmağım idi. Sonraki dövrlərdə (2010-cu ildən başlayaraq) jurnalistika sahəsində fəaliyyət göstərməyə başladım.Aktiv jurnalistika fəaliyyəti zamanı maddiyyat məsələsində çox əziyyət çəkməyi tələb etsə də, sonraki illər üçün faydalı təcrübə oldu, eyni zamanda həm ölkə daxildə, həm də xaricdə özümə mənəvi xəzinə hesab etdiyim çox sayda dostlar qazandırdı.

Məhz təhsil sahəsində mütəxəssisləşmə istəyi illər ərzində məni rahat buraxmadı. Hər zaman dünyada keyfiyyət baxımından öndə olan univeristetləri araşdırır, qəbul qaydalarıyla maraqlanırdım. Təəssüf ki, maddi imkansızlıq təhsil almaq sərhədimi Azərbaycanla çərçivələmişdi. Eyni zamanda oxumalı və işləməli idim. Beləcə, magistratura təhsilimi də Azərbaycanda almalı oldum. Yoldaşlar şahiddir, bu məsələdə çox əzab çəkirdim. Dünyada gedən yeniliklərdən xəbərin var, xalqın gələcək taleyi səni düşündürür, ehtiraz edirsən, düşüncələrin dəyişməsini istəyirsən, amma səsin eşidilmir. Bu baxımdan, təhsil sistemində dünya standartlarının tətbiq olunması üçün məhz xaricdə təhsil almış istedadlı, bilikli, bacarıqlı gənclərimizin idarəciliyə cəlb edilməsinin hər zaman tərəfdarı olmuşam.Eyni zamanda özüm də xaricdə təhsil almaq arzusunda olmuşam. Bir çox universitetlərin qəbul şərtlərini ödəyə bilirdim, bircə təhsil haqqından başqa! Bax, bu madiyyat sıxıntısı illər ərzində istədiyim yerdə təhsil almağıma əngəl olmuşdu. Və bir gün...


Türkiyəyə yol göründü?

Bəli, 2017-ci ildə magistratura təhsili üçün Türkiyənin Mərmərə Universitetinə müraciət etdim, jurnalistika ixtisasına qəbul oldum. Madiyyata görə qəbuldan imtina etməyə məcbur oldum. 2019-cu ildə dostların tövsiyəsiylə doktorantura təhsili almaq üçün müraciət etdim. Bu dəfə istədiyim şəhərdə, istədiyim universitetdə və istədiyim ixtisasa qəbul oldum. İmtina etmədim, çünki dövlətin təqaüd proqramını da qazanmışdım.


Niyə Ankara?

Ankara paytaxt şəhərdi. Türkiyə dövlətini idarə edilməsində önəmli hesab olunan bütün qurumlar bu şəhərdədir. Müxtəlif sahələrdə əhəmiyyətli qərarlar məhz bu şəhərdən verilir, eyni zamanda çox sayda universitetlər burada yerləşir, təhsil sahəsində mühüm konfranslar, seminarlar mərkəzdə həyata keçirilir. Dolayısıyla sən bütün bunların iştirakçısı olursan. Məsələn, bu yaxında Türkiyənin dövlət başçısının iştirakı ilə ölkənin ən böyük kitabxanasının açılışına şahid olduq. Bunlardan əlavə, təhsil sahəsində Türkiyədə ilk 10-luqda olan Qazi universiteti də məhz Ankarada yerləşir. Ən önəmlisi, təhsil aldığım ixtisas (Təhsilin idarə olunması) Qazi Universitetində yüksək səviyyədə tədris olunur. Bu ixtisasdan məzun olan çox sayda insan hazırda Türkiyənin təhsil siyasətini həyata keçirən insanlardı. Türkiyənin hazırki Təhsil naziri də məhz bu bölümdən məzun olub. Öncə, bu səbəblərdən Ankarada təhsil almağı seçdim. Sonradan çox sayda önəmli səbəblər də yarandı. Ankaranı sevdik, bağlandıq, ikinci vətənimiz oldu. Ümumiyyətlə, paytaxt şəhərdə yaşamağın avantajları çoxdur.


Məişət qayğılarınızı necə həll edirsiniz?

Sağ olsun, Türkiyə dövləti, xarici tələbələrə bu məsələrdə təqaüd vastitəsiylə dəstək olur. Dövlət tətbiq etdiyi təqaüd proqramıylaölkəsində qonaq olan xarici tələbələrin məişət qayğılarından uzaqlaşıb, rahat beyinlə dərs oxuya bilməsi, fürsətləri dəyərləndirə bilməsi üçün bir sıra imkanlar yaradır. Bundan əlavə, burada tələbələrə çox sahələrdə güzəştlər tətbiq edilir; Yeməkdə, ictimai nəqliyyatda, kinoda, teatrda, kitabxanada və s. Biz də dövlətin bizlərə yaratdığı imkanlardan yararlanaraq, daim minnətdarlıq hissiylə xəyalında olduğumuz təhsili alıb, tələbə həyatımızı yaşayırıq. Bu gün Ankaradayıq, gələcəkdə fürsət yaranacaqsa, akademik araşdırmalar aparmağa başqa dövlətlərə də gedərik. Məqsəd təhsilin idarə fedilməsi sahəsində mütəxəssis olmaqdır.


Türkiyə təhsil sistemində oxumaqda hər hansı çətinlik varmı?

Bu sistemdə təhsil almaq ilk günlər bir az çətin görsənsə də, sonrakı həftələr bu qayğının yerini böyük bir məmnunluq hissi aldı. Sonradan fərqinə vardım ki, ilk günlər məni sıxan, düşüncəmi məşğul edən o hissin adı darıxmaq imiş. Ailəndən, doğmalarından, dostlarından, alışqanlıqlardan uzaqlaşıb yeni bir şəhərdə fərqli bir mühitdə yaşamağa başlayırsan. Bu sənin hər zaman arzuladığın bir şey olsa da, adaptasiya müddəti zaman alır.

Türkiyə bizə qardaş ölkədir. Təhsil sahəsini müqayisə etmək gərəkirsə, çox fərqliliklər görərik. Son illər Türkiyədə təhsil çox inkişaf edib.Bu gün Türkiyə ali məktəbləri dünyanın nüfuzlu ali məktəbləri ilə rəqabət aparır. Ciddi təhsil layihələri həyata keçirilir. İstər keyfiyyətin yüksəldilməsi, istərsə də tələbəni məmnun etmə yolunda çox uğurlu addımlar atır. Universitet müəllimləri öz şəxsi inkişaflarına çox əmək sərf ediblər. Dərs aldığım professorların xarici dövlətlərdə pedaqoji təcrübələri var, bir neçə xarici dil bilirlər. Mürəkkəb şeyləri belə sadə dillə izah edirlər.Təhsil sahəsində dünyada baş verən bütün yeniliklərdən xəbərləri var. Haqqında cildlərlə yazılan şeyləri onlar bir neçə cümləylə izah edə bilirlər. Tədris zamanı fərqli üsullardan istifadə edirlər. Vacib məsələ bax, budur.Xarici tələbələrə xüsusi həssaslıqla yanaşırlar. Bütün bunların nəticəsidir ki,2018-2019-cu tədris ilində Türkiyədə tam olaraq 154.505 xarici tələbə təhsil alıb. Beləcə, Türkiyə dövləti tələbəyə arzu olunan təhsil verməklə yanaşı, dilini, mədəniyyətini dünyaya tanıtmış olur. Belə olan təqdirdə nə üçün Azərbaycan təhsili qardaş dediyi, ərazi baxımından da uzaq olmayan Türkiyə təhsili ilə bütün parametrlərdə unifikasiya olunmasın?!


Türkiyənin yerli televiziyası olan KonTV-də çalışırsınız. Bu işə necə başladınız, layihəniz özünü doğrulda bilirmi?

Türkiyəyə gəldiyim ilk günlərdən media sahəsindəki dostlarımız vəsiləsiylə bir çox yerlərdən iş təklifləri almışdım.Bunu bir az gecikdirmə səbəbim, daha çox dərslərə vaxt ayırmağımla bağlı oldu. Düşündüm, ilk semestr bitsin, imtanların nəticələrinə görə qərar verim; Bəlkə bu sistemdə oxumaq mənə çox ağır olacaq, davam edə bilməyəcəyəm?! İlk semestr bitdi, nəticələr çox yaxşı oldu. Müəllimlərimiz də razı qaldılar. Yanvar tətilində KonTV-dən gələn təklifi qəbul etdim. Burada yeni verilişə başladıq. Verlişin formatınının məhz belə olması mənim istəyimlə oldu. Sağ olsun, kanal rəhbərliyi razılaşdı. Yeni başlamağımıza baxmayaraq, uğur işartıları görünür. Lahiyəmiz vasitəsiylə xarici tələbələrə türk dilli televiziyada, canlı yayımda çıxış etmə təcrübəsi qazandırmış oluruq, eyni zamanda Türkiyəyə dair fikirlərini paylaşırıq. Hazırda veriliş xaricilər və yerli əhali tərəfindən maraqla qarşılanır. Davamlı olması üçün çalışırıq.


Verilişinizdə Türkiyəni tanıdırsınız. Bəs, Azərbaycanla bağlı TV-də nəsə bir iş, layihə nəzərdə tutulurmu?

KonTV-də hər həftə canlı yayımlanan "Dünya Gözündə Türkiyə” verilişinin məqsədi məhz Türkiyənin burada yaşayan xarici vətəndaşlar tərəfindən tanıdılmasıdır. Yəqin ki, tanıyanlar bu faktı təsdiqləyər, fəaliyyətim zamanı həmişə Azərbaycanın tarixinə, taleyinə həsas yanaşmışam və hazırda da vətəndaşlıq missiyasını layiqli bir şəkildə yerinə yetirməyə çalışıram. Verlişimizə gəldikdə, növbəti buraxılışın Xocalı faciəsinə həsr edilməsi üçün rəhbərliyə müraciət etdim, sağ olsunlar, qəbul etdilər. Azərbaycanlı qonağımla Azərbaycan tarixindən danışdıq. Türkiyənin, ümumən, dünyanın tariximizə münasibətini müzakirə etdik. İndiki halda bunları etmə imkanım var. Gələcək vaxtlarda Azərbaycan naminə hansı işləri görə biləcəyəm, bunu qabaqcadan demək çətindir. Fürsətim olacaqsa, dəyərləndirəcəyəm.


-Həm TV, həm də təhsil; İkisi bir arada çətinlik yaratmır?

Zamandan düzgün şəkildə istifadə edə bilsən, çətinlik yaşanmır. Fərqindəyəm ki,Qazi universitetində və Təhsilin idarə olunması ixtisasında doktorantura təhsili almaq asan deyilmiş. Hər həftə bu sahənin mütəxəssisləri olan professor müəllimlərimiz dərs vəsaitlərindən əlavə, uzmanlaşacağımız sahəyə aid çox sayda kitablar oxumaq tövsiyə edir, eyni zamanda seminarlar, konfranslar, özünü inkişaf proqramlarında iştirak, dil bilgilərimizi zənginləşdirmək vacib şərtlərdən hesab edirlər. Hər həftə canlı yayıma veriliş hazırlamaq da zaman alır. Çalışırıq, öhdəmizə düşən işləri layiqli bir şəkildə yerinə yetirək.Bütün bunlar sevgiylə edilərsə, yorulmursan və ya yorğunluğu hiss etmirsən. Daha çox hiss etdiyin sevdiyin işləri yerinə yetirməkdən aldığın həzz olur.


Türkiyə ilə millət olaraq eyni olsaq da, fərqliliklər mütləq vardır...

Azərbaycan və Türkiyə - hər iki ölkənin xalqlarının böyük əksəriyyəti türklərin Oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıq Türkiyənin Azərbaycanla yaxın dialoq qurmasını asanlaşdırır, amma akademik dil çox fərqlidir.Bir çox sahələrdə fərqliliklər də vardır. Təhsil, səhiyyə, sığorta, ictimai nəqliyyat, turizm sahəsi də Azərbaycanla müqayisədə xeyli inkişaf edib.


-Türkiyə siyasəti Azərbaycanda həmişə müzakirə obyekti olub. Xüsusən, son seçkilər. Ərdoğan, İmamoğlu, İncə... Burda da insanların fikir ayrılığına səbəb olur...

Bu çox normal durumdur. Türkiyənin gündəmi Azərbaycan üçün hər zaman vacib mövzu olub. Eyni zamanda, Türkiyə Cümhuriyyəti də Azərbaycanı hər vaxt xüsusi bir maraqla müşahidə edib.Bu gün Türkiyənin Azərbaycanla əlaqələri yüksək strateji səviyyədədir. Hər iki ölkədə prezident seçilən dövlət başçısının birinci olaraq qardaş respublikaya getməsi ənənəvi hal alıb və simvolik əhəmiyyət daşıyır. Türkiyə - Azərbaycan əlaqələri strateji ortaqlıqanlayışını tam mənasıyla daşıyır. Son illərdə iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının bir göstəricisidir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Təsadüfi deyil ki, Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir.


-Burdan baxanda Türkiyədəkilərin hamsını az qala özümüzə qardaş bilirik. Onların gözündə biz necəyik?

"Bir millət, iki dövlət” olaraq səciyyələndirilən Türkiyə və Azərbaycan dövlətləri arasındakı qarşılıqlı münasibətlər dərin tarixi köklər üzərində yüksəlir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.Bildiyiniz kimi Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır.Burada yaşadığım müddətdə şəxsən qarşılaşdığım münasibətlərə əsaslanıb deyə bilərəm ki,Türkiyə əhalisi tərəfindən iki dost və qardaş ölkə arasında siyasi, mədəni, ictimai-iqtisadi əlaqələr çox yaxşı səviyyədə seyr edilməkdə və dəyərləndirilməkdədir.Türkiyə əhalisindən azərbaycanlı tələbələrə münasibətdə ən çox eşitdiyim, "Sizlər burada bizlərə əmanətsiniz, sizləri sağ-salamat oxudub, ailələrinizə təhfil vermək bizim vəzifəmizdir” fikridir. Türkiyədə özümü evimdə olduğu kimi rahat və təhlükəsiz hesab edirəm.


Bir ara Azərbaycanda ədəbiyyat saytı işlədirdiniz...

Manera.az artıq 5 ildir ki, fasiləsiz də fəaliyyət göstərir, hər gün yeni materilarla yenilənir. Yenə diqqətim üzərindədir, amma daha çox redaktorumuz məşğul olur.


Həm də ədəbiyyat adamısınız. Son zamanlar bu sahə sizdə ikinci plana düşmüş kimi görünür. Bu tükənməkdir, özünü tapmamaqdır, ya hansısa başqa səbəb?

Ədəbiyyatın ikinci plana düşməsi münkün deyil. Hər gün ədəbiyyat adına nələrsə oxuyuram. Bu oxuma indiyə qədərki oxumaqdan tamamiylə fərqlidir. Qazi (müəllimlərimiz) bizə eyni zamanda nəyi necə oxumağı peşəkar şəkildə öyrədir.İndiyə qədər bizə heç bir zaman faydalı olmayacaq bilgilərlə beynimizi çox məşğul edirmişik. Əslində, əsl oxunası kitablarlardan xəbərsizmişik. Tam məsuliyyətimlə deyirəm, Azərbaycanda bizim ədəbiyyat adına yazdıqlarımız o "cızma-qara”ları dostlarımızdan başqa heç kim oxumur. Böyük yazıçılarımızı belə burada çox az adam tanıyır. Demək, haradasa səhv edirik, oxunmuruq, tanınmırıq. Buradakı çox saylı zəngin kitabxanaları, kitab kafelərindəki insanların kitaba münasibətini görəndə adam həqiqəti dərk edir. Həftə sonları valideynlər kiçik yaşlı uşaqları ilə kitab almağa gedirlər. Artıq bu vərdiş halını alıb. Evə yemək üçün ərzaq alındığı kimi, burada ailələr eləcə kitab alırlar. Bu bir ehtiyacdır, artıq. Bizdə o ehtiyac çox az insanda hiss oluna bilər. Kitab oxumaqdan ləzzət almırsansa, bu sənə lazım deyil. Bu məsələdə Ankarada iki dəfə çox təccübləndim; Bir kitab sərgisində yazarların imza mərasiminə gələn insanların müəllifə kitab imzalatdırmaq üçün saatlarla sırada durduğunu görəndə, bir də meyvə-tərəvəz bazarının bir hissəsində kitab satışınında təşkil edildiyini gördük də.Bazarda bir müddət müşahidə etdim; yaşlı bir kişi gəldi, bir qədər kartof-soğan aldı, sonra kitab masasına yaxınlaşdı bir neçə kitab alıb yoluna davam etdi. Bəli, bu oxumaq ehtiyacıdır.Qazidə müəllimin olan Prof. Dr. Necati Cemaloğlunun ildə bir neçə kitabı yüksək tirajla azı on dəfə çapa gedir. Çapdan bir həftə sonra kitab dükkanlarında o kitabı tapmaq olmur, hamısı satılıb artıq. Eləcə də digər yazarların kitabları. Demək istəyirəm ki, bütün bunları gördükdən sonra adam utanır deməyə ki, mənim də 300 nüsxəlik hekayələr kitabım çap olunub və ya çap olunmağa yenə materialım var. Hazırki prosesdə daha çox oxumağa üstünlük verirəm, ola bilər ki, yazmağa hazır olanda burada çap edərik.


Söhbətləşdi: Emin Piri
/adalet.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.