İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Keşikçilər çəlimsiz və saqqallı qocanı zülmətə qərq olan zindan qapısından içəri atdıqları vaxt artıq axşam düşmüşdü. Qocanın saqqalı bəmbəyaz və iri idi, az qala özü boydaydı hətta. Qismən qaranlığa, qismən isə zülmətə bürünən kamerada onun saqqalından ətrafa zəif işıq dalğalarının yayılması digər məhbuslara müəyyən bir təəssürat bağışlayırdı. Gözləri zülmətə hələ alışmayan qoca bu "dəlik”də tək olub–olmadığını anlaya bilmədiyindən səsləndi: – Başqa kimsə var burada? Cavab olaraq qulağına hırıltılar və deyinmələr dəydi. Sonra türmənin ədəb–ərkanına uyğun şəkildə hər məhbus özünü ona təqdim elədi: Xırıltılı səslə biri dedi: – Rikkardon Marçello, zor tətbiqiylə soyğun. Sonrakı adam isə çəllək dibindən gələnə bənzəyən boğuq səslə dedi: – Beççeda Karmelo, fırıldaqçı–residivist. Sonra təqdimatın ardı gəldi: – Marfi Luçano, zorlama üstə. – Lavataro Maks, günahsız yerə. Bu sözlərin ardınca şux bir qəhqəhə qopdu. Zarafat hamının ürəyinə yağ kimi yayılmışdı: yoxsa əli onlarla qurbanın qanına bulaşan, quldur kimi ad çıxaran Lavataronu kim tanımırdı ki? – Espozito Enea, qatil, – deyən şəxsin səsində özgüvəni sezilirdi. Sonrakı adam təntənə ilə dedi: – Muttironi Vinçenço, ata qatiliyəm. Bəs sən, qoca kaftar, kimsən və nəçisən? Yeni məhbus karıxdı: – Mənmi?.. Əslinə qalanda, bu, heç özümə də bəlli deyil. Yolda məni saxlayıb, sənəd istədilər, mənim isə ömürbillah hər hansı sənədim olmayıb. Kimsə kinayə ilə: – Hə–ə! Deməli, veyillənirmişsən də, – dedi. – Bəs adın nədir ey sənin? – Mənim adım... Morrodur. Ləqəbim isə... e–e... Böyükdür. – Deməli, sən Böyük Morrosan. Heç də fəna səslənmir, vallah! – deyə qaranlığı yaran səs bunu təqdir elədi. – Bu cana–cəsədə görə adın hədsiz yekəxana səslənir, o ada sənin kimisinin onu sığar! Qoca üzüyola halda razılaşdı: – Haqlısınız, amma bunda mənim bir günahım yoxdur. Bu ləqəbi mənə sırf məzələnmək üçün qoymuşdular, sonra mən də buna alışmalı oldum. Hətta onu da deyim ki, bu ləqəbə görə başım dəfələrlə cəncələ də düşüb. Məsələn, bir dəfə... Amma bu, uzun əhvalatdır... Məhbuslardan biri kobud şəkildə qocanın üstünə çımxırdı: – Danış, görək, danış deyirəm! Onsuz da burada bizim boş vaxtdan başqa heç nəyimiz yoxdur. Kamera yoldaşları da onu dəstəklədilər. Axı, türmədə cansıxıcı keçən günlər üçün nəyləsə baş qatmaq – əsl bayramdır. Qoca razılaşdı: – Yaxşı, siz deyən olsun. Bir dəfə mən şəhərdə (adı vacib deyil) boş–bekar dolaşırdım. Bu vaxt iri bir saray gördüm, həyətdəki nökərlər ləziz taamlarla dolu məcməyiləri ora–bura daşıyırdılar. Düşündüm ki, yəqin burada böyük bir ziyafət veriləcək, ona görə də sədəqə istəməkdən ötrü oraya yaxınlaşdım. Amma heç ağzımı açmağa macal tapmamış boyu iki metrə çatan bir yekəpər yaxalığımdan yapışmaqla məni qamarladı və bağırmağa başladı: "Bu, həmin oğrudur, nəhayət, ələ keçdi! Ağamızın çulunu da dünən bu çırpışdırmışdı. Necə sırtılıbsa, təkrar bu qapıya gəlib! İndicə biz sənin qol–qabırğanı sındırarıq, onda görərsən!” Soruşdum: "Mənim qol–qabırğamı? Əgər mən dünən buralardan ən azı otuz mil uzaqlarda idimsə, onda sizin malınızı necə oğurlaya bilərdim?!” O, çığır–bağırla: "Səni mən öz gözlərimlə görmüşdüm. O çulu necə qamarlayıb qaçdığının canlı şahidiyəm”, – deyə məni həyətin tən ortasına sürütlədi. Qarşısında diz çöküb, yalvardım: "Vallah, dünən mən buralardan otuz mil uzaqdaydım. Bu, sizin şəhərə ilk gəlişimdir. Siz gəlin, Böyük Morronun səmimi and–amanına inanın”. Qarşımdakı adam heyrətdən lap gözlərini bərəldərək, soruşdu: "Necə, necə?” Təkrarlamalı oldum: "Böyük Morronun andına inanın”. Qəfildən onu gülmək tutdu: "Deməli, sənmişsən Böyük Morro? Ay camaat, gəlin, bu cındıra bir baxın, sən demə, bunun adı Böyük Morro imiş!” Sonra üzünü mənə tutub soruşdu: – Sən heç bilirsən Böyük Morro kimdir? – Yox, – dedim. – "Böyük Morro” ləqəbli başqa birisini tanımıram. O yekəpər mənə izah elədi: "Böyük Morro – bir başqası yox, məhz bizim möhtərəm ağamızdır. Səfil bir dilənçi ikən, sən onun adını necə daşıya bilərsən?! Odur ki, işin fırıqdır! Hə, odur, ağamız özü də buraya gəlir!” Həqiqətən də, ağa qopan səs–küyə sarayından çölə çıxmışdı. Görkəminə görə bu adam nəinki şəhərin, bəlkə də elə yer üzünün ən zəngin adamına bənzəyirdi. Yanaşıb, məni başdan–ayağa süzdü, bəzi suallar verdi və gülməyə başladı: hansısa lütün birinin onunla eyni adı daşımasına gülürdü o. Sonra buraxılmamı əmr elədi, məni sarayına apardı, qızıl, ləl–cavahirat saxladığı zirehli otağı mənə göstərdi, məni doyunca yedirib–içirməyi tapşırdı nökərlərə. Təkrar yanına gələndə dedi: "Ey ahıl dilənçi! Bu ad əhvalatında mənə qəribə gələn bir məqam var: vaxtilə Hindistana səfər etdiyimdə buna bənzər bir hadisə mənim də başıma gəlmişdi. Bir gün oradakı bazara satmaq üçün mal çıxartdım, satdığım malların əntiq və bahalı olduğunu görən xeyli insan maraqla başıma toplaşdı və mənim kim olduğumla, haradan gəldiyimlə maraqlanmağa başladı. Deyəndə ki: "Adım Böyük Morrodur”, onlar təəccüblə soruşdular: "Böyük Morro? Sənin harandadır o böyüklük, o əzəmət, ay tacir? İnsanın əzəməti – onun ağlındadır. "Böyük Morro” adında cəmi bir nəfər var, o da bizim şəhərin sakinidir. O, bütöv bir ölkənin fəxridir, sən isə, əlbət, fırıldaqçının birisən. İndicə gedib, o adın sahibi qarşısında üzrxahlıq eləməlisən”. Beləcə məni süpürləyib, əl–ayağımı bağladılar və o əsl Morro saydıqları və mənim varlığından bixəbər olduğum adamın yanına apardılar. O adam tanınmış alim, filosof, riyaziyyatçı, astronom və astroloq idi: camaat ona az qala bir Tanrı qədər sitayiş edirdi. Xoşbəxtlikdən o, məsələdə bir anlaşmazlıq olduğunu ilk andan sezdi, qəhqəhə çəkdi, əl–ayağımın açılmasını buyurdu və məni yanına salıb, iş otağını, rəsədxanasını, oradakı və özünün ixtirası olan əcaib alətləri mənə göstərdi. Sonra dedi: "Ey nəcib və yadelli tacir! Başına gələn bu əhvalatın ən maraqlı cəhəti odur ki, Levanta adasına səfərim əsnasında eynilə belə bir sərgüzəşti mən də yaşamışam. Payi–piyada bir vulkanın zirvəsinə yollanmışdım ki, onu tədqiq eləyim, amma bu vaxt zahiri görkəmindən yerli əhalidən olmadığımı anlayan bir dəstə döyüşçü məndən şübhələndi və kimliyimi öyrənmək istədi. Mən adımı dilimə gətirən kimi əl–qolumu qandallayıb, məni birbaşa şəhərə apardılar. Yolboyu soruşurdular: "Deməli, sən özünü "Böyük Morro” adlandırırsan, eləmi? Sənin kimi özündənrazı alim axı necə böyük və əzəmətli ola bilər?! Bütün yer üzündə vur–tut bircə dənə Böyük Morro var – o da bizim adanın sultanıdır, o, tarixdə öz qılıncıyla zəfərlər qazanan cəngavərlərin ən böyüyüdür. Sənin bu yekəxanalığını görən kimi o, heç şübhəsiz, başını üzməyi bizə əmr edəcək”. Onlar məni öz sultanlarının hüzuruna gətirdilər: bu adamın zəhmindən hər kəs tük salırdı. Bəxtim onda gətirdi ki, nə baş verdiyini ona yerli–yataqlı başa sala bildim, bu qəribə təsadüfü anlayan yenilməz cəngavər qəhqəhə çəkdi, qandallarımın açılmasını əmr elədi. Bahalı xələtlər bağışlayandan sonra məni öz sarayı ilə tanışlığa dəvət elədi ki, onun yaxın və uzaq adaların xalqları üzərindəki qələbələrini isbatlayan misilsiz qənimətləri göstərib, öyünə bilsin. Ayrılanda mənə bunları dedi: "Ey nüfuzlu alim, ey mənim adaşım! Bu hadisədə mənə heyrətamiz gələn o məqamdır ki, Avropa adlandırılan o uzaq ərazilərdə döyüşdüyüm vaxt başıma eynilə buna oxşar bir hadisə gəlib. Öz döyüşçülərimlə meşədə irəliləyərkən qəfildən qarşıma kor–kobud dağlılar çıxdılar və məndən soruşdular: "Sən kimsən ki, öz silahlarının cingiltisiylə bizim meşələrin şirin yuxusuna haram qatırsan?” Mən də: "Böyük Morroyam” dedim və düşündüm ki, bəlkə bu cavabla onların canına qorxu salım. Amma onlar istehza dolu təbəssümlə soruşdular: "Böyük Morro? Yəqin sən bizimlə məzələnirsən? Sənin kimi sərgərdan bir döyüşçü hansı böyüklükdən, əzəmətdən dəm vura bilər?! İnsanın əzəməti – onun nəfsinə hakim olmasında, ruhunun isə yüksəkliyindədir. Bu dünyada cəmi bir dənə Böyük Morro var və biz indi səni birbaşa onun yanına aparacağıq ki, əsl əzəmətin nədə olduğunu bəlkə aşkar anlayasan”. Bunun ardınca onlar məni kiçik bir dərəyə apardılar, oradakı amanabənd bir komada cır–cındırından cin ürkən, bəyaz saqqallı bir qocanı mənə göstərdilər. Deyilənlərə görə, o, bütün ömrünü təbiəti seyr edib, Tanrıya şükür eləməklə keçiribmiş. Düzü, o vaxta qədər mən Ondan daha hüzurlu, hər şeydən razı və yəqin ki, həm də bəxtəvər bir insan görməmişdim. Ancaq nə gizlədim, o yaşdan sonra həyat tərzimi dəyişməm mənə tamamilə imkansız görünürdü. Hansısa adanın sultanı müdrik bir alimə, alim də zəngin tacirə, həmin tacir isə onun qapısına dilənməyə gələn kasıb qocaya bax, bunları nağıl eləmişdi. Onların hamısının adı Morro imiş, həm də hər birisi bu və ya digər səbəblər üzündən "Böyük” ləqəbini qazanıblarmış. Qoca öz hekayətini tamamlayınca, qaranlıq kamerada digər məhbuslardan birinin səsi əks–səda verdi: – Əgər mənim zərrə qədər ağlım varsa, belə başa düşdüm ki, o küləş komada yaşayan lənətəgəlmiş ahıl və deməli, ən böyük Morro sən imişsən? Qoca bunu nə təsdiqlədi, nə də inkar elədi, eləcə mızıldanaraq dedi: – İndi nə deyim sizə, ay oğulbalalar? Özünüz də gördünüz ki, həyatda hər şey mümkün imiş! Bunun ardınca hamı bir ara susdu, çünki həyatdakı bəzi şeylər hətta ən islaholunmaz əclafları da dərin düşüncələrə qərq edə bilir. Dilimizə çevirdi: Azad Yaşar
/Artkaspi.az
|