Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
31.12.19

Müsahibimiz Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor, şairə Mahirə Nağıqızıdır. Müasir qadın şairləri sırasında özünəməxsus yeri və imzası olan Mahirə Nağıqızı 20-dən artıq şeirlər kitabının müəllifidir.
O, çağdaş ədəbiyyatımızda folklordan, canlı xalq danışıq dilindən qaynaqlanan ictimai və səmimi lirik şeirlər müəllifidir.
Sözün hikmətini, qüdrətini, aliliyini yüksək qiymətləndirən Mahirə Nağıqızı, sözü Tanrı dərgahına ucaldır. O, təkcə şeir yazmır, həm də yazdığı şeirlərini yaşayır. Özünün bir misrasında deyildiyi kimi "Haqqa qul olan" şairə haqsızlığa, ədalətsizliyə qarşı barışmazdır. Hər bir Vətən övladından narahat bir anatək isə sülh, barış istəyindədir.
"Mahirə, dərddi gülməli, Niyə dərdə gülən yoxdur", - deyən şairə həmçinin maraqlı məclis adamıdır, saatlarca onunla oturub söhbətlərini dinləsən yenə də yorulmazsan. Səmimi, mehriban, sənətinin, peşəsinin vurğunu şairənin qəlbi sanki zəngin xatirə kitabıdır. Onun şeirlərinin mayası səmimiyyətdən, ülvilikdən, saflıqdan, müqəddəslikdən yoğrulub. Bir sözlə, o ruh adamıdır.

Mahirə Nağıqızı ilə müsahibəmizi təqdim edirik.

- Mahirə xanım, ömrünüzün 59-cu payızını yaşasanız da üzünüzdə bir uşaq məsumluğu var. Ananız Nazlı xanımın bitib-tükənməyən nağılları, bayatıları ilə böyümüşsünüz. Maraqlıdır, nağıllara hələ də inanırsızımı?
- Elə başa düşürəm ki, təkcə mənim yox, yer üzündə bərqərar olan hamımızın həyatımızı stimullaşdıran nağıllar olub. Bunu belə də demək olar: hər bir insan ömrü bir nağıldır və əksər nağılların süjet xəttində olduğu kimi, o insanın ömrü də öz mübhəm “qırxıncı otağ”ına can atır, nə axtardığını, nəyə can atdığını da burada dərk edir. O artıq başqa mövzudur, gedib çatdığın “40-cı otaq”da bütöv bir ömür həsr etdiyin “nəyisə” tapırsanmı və həmin “nəsə” sənə yaşadığın bütün mərhumiyyətlərin cavabını verirmi?

- Xatırlayırsızsa, ilk şeirinizi nə zaman və hansı mövzuda yazmısınız?
- Təsəvvür etmirəm ki, şairlər deyil, hətta ara-sıra şeirlər yazmış kimsə ilk şeirini unutsun. Mən ilk şeirimi qış fəslinə həsr etmişəm:

Lopa-lopa yağdı qar,
Örtdü bəndi-bərəni.
Nə cür tapacaq quşlar
İndi, gəzdiyi dəni?

O da yadımdadır ki, həmin şeirimi Ağamdan (biz atamıza belə demişik) və evdəkilərdən xəbərsiz, demək olar ki, yaşıdlarımın hamısının abunəçisi olduğu “Azərbaycan pioneri” qəzetinə göndərdim. Təsəvvür etmək çətindir ki, təxminən 35-40 gündən sonra həmin qəzetə məxsus zərf evimizə gələrkən hansı həyəcanı yaşadım. Redaksiyanın blankında isə şeirin “yaxın vaxtlarda çap ediləcəyi” vəd eilirdi.

- Sizin şair kimi yetişməyinizdə ailənizin rolu olubmu?
- Mənim nəinki şeirlərimin, ruhumun mayası Nazlı xanımdır. Özümü biləndən nənənin (anama da hamımız belə demişik) bayatıları ilə yol yoldaşlığım başlayıb. Nənədən eşitdiyim o bayatıların hər birində bir insan ömrünün gücü yetməyəcək qəmin ağırlığını isə 7-8-ci siniflərdə duymuşam: o, qəribçiliyin hopdurduğu qəm idi; Dərələyəzdən kəndimizə gəlin köçmüş nənə, mənə elə gəlir ki, indi də həmin qəmi taleyində daşıyır, gəlinliyində keçirdiyi xiffəti yaşayır:

Kim çəkdi bura dağları,
Yan-yana sıra dağları.
Dondum, nəfəsin dəymədi,
Tutdu sırsıra dağları.

Bu, kədərli mənzərədir, başqa bir mahala gəlin gəlmiş, 17 yaşı tamam olmayan qız uşağının gözlərinə hopan dağ boyda çaşqınlığın cizgilər yaratdığını müşahidə edirsən. İllər gəlib keçir, övladlar olur, böyüyür, lakin bu, o cizgiləri silə bilmir. Həmin xiffətin nənənin üz-gözündə, taleyində buraxdığı naxışları sonralar şeirin dili ilə bu cür ifadə etmişəm:

Ocaq qurdu, yaşı neçə yaş idi,
Zəif çiyni nə yükləri daşıdı..!
Hərəmizdə bir arzusu yaşadı,
Özü isə zaman-zaman qocaldı.

Bir nazlanıb oynamadı telləri,
Od üstündə aldı, verdi illəri.
Gözümüzün qabağında əlləri
Qabar tutdu, əli yaman qocaldı.

Bulaq idi, qayım-qayım qaynayan,
Sısqalaşdı, oldu ürək dağlayan.
Həsən kimi qardaş verib ağlayan,
Vətən- deyib, nə zamannan qocaldı.

- Siz tanınmış nəslin nümayəndəsisiniz. Görkəmli dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm xadimi, professor, şair Həsən Mirzəyev sizin dayınız olub. Bildiyim qədəri ilə siz dayınıza bağlı insan olmusunuz, onu özünüzə ideal bilmisiniz. Mənə elə gəlir ki, müəllim, dilçi-alim olmağınız dayınıza olan sevginizdən qaynaqlanıb. Bu barədə danışmağınızı istəyərdim.
- Əlbəttə, Həsən Mirzəyevlə genetik bağlılığımla özümü biləndən qürur duymuşam, qaldı ki, ixtisas seçimimə, ola bilsin, haradasa o bağlılığın rolu olubdur. Filologiya fakültəsində təhsil aldığım, oranı fərqlənmə diplomu ilə bitirdiyim, pedaqoji və elmi fəaliyyətlə məşğul olduğum illərdə də Həsən Mirzəyevlə bağlı yaşadığım qürur hissinə başqa bir duyğu, məsuliyyət duyğusu qatıldı. Həyatımın hər bir addımında o duyğunun başlıca rolu olubdur və hesab edirəm ki, həmin duyğu ömrün özü qədər mənimlə olacaqdır. Şeirlərimin birində o hissləri belə ifadə edirəm:

Hələ qabaqdadır ömür yolları,
Yeri, ayaqlarım, nə dayanırsan?
Başa vurmamışıq sənlə ilqarı,
Yeri, ayaqlarım, nə dayanırsan?

Eşq ilə təpərin bir də tapılar,
Axtarsan dərmanın dərdə tapılar.
Göydə gəzdiklərin yerdə tapılar,
Yeri, ayaqlarım, nə dayanırsan?

İnandım qəlbimə, gücünə sənin,
Tanrı yazısına ömürdü zəmin.
Qoyduğu hədəf var Həsən Mirzənin,
Yeri, ayaqlarım, nə dayanırsan?!

- Mahirə xanım, müəllim, alim-şairə olmasa idiniz hansı sənəti seçərdiniz?

- Bu suala nəinki cavab vermək, hətta onu eşitmək mənim üçün çox gözlənilməzdir, ona görə ki, həyatımı başqa cür təsəvvür etməyim belə, mümkünsüz görünür. Sual mənə mərhum şairimiz Bəxtiyar Vahabzadənin bir beytini xatırlatdı:

Bir şair ömrünü yaşatmaq üçün,
Bir insan ömrünü girov qoymuşam.

- Şairliklə alimik, müəllimlik bir-biri ilə uyğunlaşa bilirmi?
- İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır.

- Mahirə xanım, şeirləriniz çox oxunaqlı, səmimi və təbii alınır. Məncə, bunun səbəblərindən biri də özünüzün olduqca səmimi olmağınızda, həmçinin şeirlərinizin canlı xalq danışıq dilinə yaxın olmasındadır. Yaradıcılığınızda tez-tez “qurbanın olum”, “qurbanı olduğum”, “olum gözlərin qurbanı”, “halal eylə” və s. ifadələrə rast gəlirik ki, bu da şeirlərimizin təbiiliyini, səmimiliyini, sadəliyini daha da artırır. Bu mənada sizin şeirlərinizi Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış Mikayıl Müşfiqin şeirləri ilə müqayisə etmək olar. Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq yaradıcılığında da belə təbiilik, səmimilik, xalq danışıq dilindən istifadə ön plandadır. Onun şeirlərində də  tez-tez “sənə qurban”, “qurban olduğum”, “gözünə qurban” və s. kimi ifadələr işlədilir ki, bu da şairin şeirlərini oxuculara daha çox sevdirir.
Necə ki, Müşfiqi uşaqlığından böyüdən nənəsi Qızqayıt xanımın söylədiyi nağıllar, atalar sözləri, bayatılar şairin zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynamışdır, eləcə də, ananız Nazlı xanımın söylədiyi nağıllar, bayatılar, atalar sözləri sizin zəngin xalq yaradıcılığı ilə yaxından tanış olmağınızda əhəmiyyətli rol oynayıb.
M.Müşfiq yaradıcılığı ilə sizin yaradıcılığınızda olan bu bənzərliyi özünüz hiss etmisinizmi?

- Müşfiq XX Azərbaycan poeziyasında yeni bir nəfəs olub və hesab edirəm ki, o, elə həmin nəfəsi ilə də orada əbədi olaraq qalacaq, amma daha çox ictimai ab-havası ilə bütün zamanların məhək daşına dönmüş Mikayıl Müşfiq insanlara ideoloji tabuların cəmiyyətdə ayaq verdiyi naqisliklərin qurbanı  kimi daha doğma olacaq. O, cəmi 30 il ömür yaşadı, lakin həmin ömrün tən yarısını həsr etdiyi poeziyada Müşfiq yaradıcılığında məhəbbətin bütün zamanların mövzusu olduğunu təsdiq etdi. O, adi, lap adi istəyini ümumiləşdirərək yaşanan duyğularını simfoniyasına çevirməyi bacarıb:

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.

Müşfiq ancaq məhəbbətin nə demək olduğunu, məhəbbətin çırağı ilə ilə işıqlanan ömrü yada salmır, o, oxucusunu tənha bir ağacın quruyan budaqlarının dərdinə ortaq edir, həmin dərdin tarixçəsini yol adamının yaddaşına həkk edir. Yeri gəlmişkən, mən özüm qırx beş ildir ki, onun təqdim etdiyi yalnız ağacın iztirabları ilə yaşayıram, bax, poeziya budur:

Yalnız ağac baхır bir dağ başından.
O hansı əyyamın iğtişaşından,
Hansı zəlzələdən olmuş müztərib?
Düşünür təкliкdə sanкi bir qərib.
Sarmış çеvrəsini inadlı bir çən,
Danışır haqqında hər gəlib кеçən.
Sanкi fələкlərin fırtınasından,
Bir yavru ayrılmış öz anasından.
O, yoхsa кimsəsiz bir çobanmıdır?

- Şeirlərinizin bir çoxu vətənpərvərlik mövzusundadır. Vətən dedikdə nəyi başa düşürsünüz və sizə görə Vətən sevgisi nədən başlayır?
- Vətən, mənim üçün, sadəcə, bir ovuc torpaq deyil. Vətən, mənim üçün, ancaq Abbas Səhhət demiş, “əcdadımızın mədfəni, övladımızın məskəni” də deyil,Vətən, mənim üçün Bayrağının kölgəsinə sığındığım güvənli bir Ana qucağıdır; Qardaşımın qollarıdır, oğlumun qoruduğu ocaqdır. Vətən, Himnini layla bildiyim beşikdir. Şerlərimin birində Vətənimin yaşadığı narahatlığı belə ifadə etmişəm:

Bu Vətən deyilən sehrdir, nədir,
Bir ovuc torpağı ürək göynədir.
Əl tuta bilmirəm gör neçə ildir,
Nə toyu boy verir, nə yası bağlı.

- Mahirə xanım, şeirlərinizdən birində belə bir misra var:
       
“Yarpaq – yarpaq umud verər,
Dünya, hər ağacın gözəl”

Şeirin başqa bəndində yazırsınız:

“Məni sevdamdan dara çək
Deyim, dar ağacın gözəl”

Belə bir fikir var ki, dünyanı gözəllik xilas edəcək.

Sizcə, dünyanı gözəllikmi, yoxsa dünyanın hər ağacını, hətta dar ağacını belə gözəl görən şairlərmi xilas edə bilər?

- Dünyanı pisliklərdən gözəlliklə nəfəs alan, həmin gözəlliklərin əbədiyyəti üçün o dar ağacını belə məqbul bilən insanlar xilas edəcək. Dünyanı idrak, insanın gələcək qarşısındakı məsuliyyət hissindən doğan missiyası xilas edəcək. Və qəbul edin ki, o missiyada Şeirin məxsusi yeri var.

- Necə düşünürsünüz, əsl şair hansı xüsusiyyətlərə malik olmalıdır?
- Şairin əsli, qəlpi olmur- o, ya şairdir, ya da deyil. Şairlərin xüsusiyyətimi? İyirmi-otuz il əvvəl Nazim Hikmətin bir şeirinin ruhu tutdu məni və həmin ruh ilə  yazdığım şeirdən nümunə çəkə bilərəm:

Bu dünyanın ağ üzündə,
Qara üzündə,
Qəlbi daşdan da bərk
Yer üzündə
Şairlər yolçuluq eliyir.
Dənizi dənizimmiş,
Buludu buludummuş...
Nə vaxtdandır, Ay Allah,
Atılmış, unudulmuş
Şairlər yolçuluq eliyir.

Bu yolçuluq min illərdir yeni, işıqlı fikirlərin yaranmasına və yayılmasına, insanın özünü tapmasına böyük təkan verib. O böyük yolçuluğun mahiyyətini Nəsimi belə görürdü:

Dünya duracaq yеr dеyil, еy can, səfər еylə!
Aldanma anın alına, andan həzər еylə!
Bir halə qərar еyləməz əyyam, kеçər ömr,
Еy əhli-nəzər, baхma bu halə, nəzər еylə!

- Oxucularınız üçün bütün şeirləriniz gözəldir. Bəs sizcə, ən gözəl şeiriniz hansıdır, onu yazmısınızmı?
- Ən gözəl... ən gözəl? Dünyanın ən gözəli nədir, onun ölçüsü, mizanı nədir? Hesab edək ki, bu sualın qoyuluşu mükəmml deyil, amma cavab vermək lazımdır. “Ən gözəl şeirim hansıdır?”- sualına cavab verməkdə ona görə çətinlik çəkirəm ki, dəfələrlə eşitdiyim həmin sual, məncə, oxucularıma ünvanlansaydı daha məntiqi olardı. Mənimsə cavabım 20-30 il əvvəl yazdığım şeirimdəki bir misra ola bilər: “Şeir övladdır, yaxşı çıxan, pis çıxan...”  Hə, bu belədir.
Yüzlərlə şeirin ağrılarını və həmin ağrılarla bərabər, onun zövqünü yaşamış insan üçün sual gözlənilməz olsa belə, “Göz yaşıdır, “Kərəmi”dir,- deyərəm. “Kərəmi”də anamın qəmi, Ağamın çırpıntıları və mənim görmək istədiyim həqiqətləri axtarmağa çalışmışam:

Yüz illərdir, ruhumuzla yol gəlir,
Nakam eşqə başdaşıdır “Kərəmi”.
Qoşulubdur karvanına kədərin,
Yorulmadı, qəm daşıdı “Kərəmi”.

Bu dünyanın hikmətini bilən az,
Bu dünyada ağlayan çox, gülən az.
Deyirlər ki, axar,axar, qurumaz,
Başdan-başa göz yaşıdır “Kərəmi”.

Onda itər, onda doğar gümanın,
Onda şatar haqq yanına üryanın.
Açılmayan tilsimidir dünyanın,
Göz yaşının yer daşıdır “Kərəmi”.

- Poeziya aləmində kumiriniz kimdir və niyə?
- Poeziyada başlıca kumirim möcüzə bayatılarımızın müəllifi olan xalqımdır və mənim özümün yaradıcılığımda bayatı janrının xüsusi çəkisi var. Onu xatırlatmağı lazım bilirəm ki, poeziyada hər kəsi heyrətləndirən nümunələr yaratmış şair Anna Axmatovanın və yazıçı Nikolay Qumilyovun ailəsində doğulubboya-başa çatan Lev Qumilyovun “böyük çöl mədəniyyətinin əsrarəngiz inciləri” adlandırdığı bayatılar qədər ədəbiyyatda dolğun janr nümunəsi, demək olar ki, yoxdur. Folklor ədəbiyyatının bu nümunəsində yazan şairlər isə, sözün birbaşa mənasında, təmənnasız insanlardır. Onlar, bilə-bilə ki, yazdıqları bayatıların müəllifi, əsrlər, illər deyil, həmin bayatılar yazılandan günlər belə keçməmiş bilinməyəcək, yazırlar. Kumirlərimin isə sonrakı siyahısını belə davam edə bilərik: Yunis İmrə, İmaməddin Nəsimi, Hüseyn Cavid, Yesenin, Nazim Hikmət, Əhməd Cəmil və Musa Yaqub.

- Mənə elə gəlir ki, şairlər xüsusi növ, yəni seçilmiş insanlardır. Sizin fikrinizcə necə bu belədirmi?
- Yox, yox, icazənizlə bu fikirlə razılaşmayım. Şairlər-ayrıca kateqoriya insanlar deyil, olsa- olsa, hansı andasa Allahın dərgahına qədər gedib çıxanlardır. Kursivlə qeyd edək: hansısa andasa...!
İnsan, ömrünün müəyyən anlarında şair olur. Bu belədir. Yadıma nə zamansa yaşadığım duyğuların kağıza köçürülməsi düşdü;

Mən gözəl oluram, şair olanda,
Müqəddəs oluram Şair olanda.
Ruhu sığallayan, ruhu oxşayan,
Həzin səs oluram şair olanda.

- Mahirə xanım, elə məqamlar varmı ki, hərdən təəssüf hissi ilə xatırlayırsınız?

- Hə, çox olub. Bəzən susmalı olmamağım lazım gələndə, təəssüf  də yox, sonralar xəcalət hissi çəkmişəm ki, susmaq lazım deyildi. Düzdür, özümə günahkarların əksəriyyəti kimi, bəraət üçün məqmlar da axtarıb tapmışam, amma yaxşı ki, yekun qənaətim belə olubdur: bəzən susqunluq belə, ağır günahdır.

- Həyatınızda sizi ən çox nə təsirləndirib?
- Hər vaxt güvən yeri bildiyim anamın tutduğum tərəddüdlü baxışları. Həmin baxışlarda bir insan ömrünün gəldiyi qənaətlərdən doğan sualları sezmək olur...

- Siz həm də nəğməkar şairsiniz. Bir çox şeirlərinizə mahnılar bəstələnib. Şeirlərinizə bəstələnən mahnıları oxuyan müğənnilərin ifası sizi qane edirmi?

- Bilirsiniz, o şeirlərin demək istədiyini nadir hallarda müğənni və ya xanəndə tam ifadə edə bilir.

- Sizcə, illər insanın daxili aləmini dəyişirmi?
- Dəyişməz ancaq orqanik olmayanlar ola bilər.

- Mahirə xanım nə zaman və ən çox nədən inciyir?

- Qeyri-səmimiliyi səmimi bildiyin insanlarda görərkən.

- Sizinlə dost olmaq asandırmı?
- Çox asandır və bunun üçün ancaq səmimi olmaq kifayət edər.

- Tanınmış alim, şair, professor, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı – Mahirə Nağıqızı özünü uğurlu qadın hesab edirmi?
- Hədəfini müəyyənləşdirən və o hədəfə gedən yolda uğur qazanmaq gücündə olan bütün insanlar kimi Mahirə Hüseynova da övlad, ana, bacı, filologiya elmləri doktoru və dekan olaraq müəyyən uğurlarını sadalaya bilər. Hesab edirəm ki, hər bir uğurun arxasında insan ömrünün artıq keçmişə dönən gün və illəri boylanır. Uğur kimi təqdim edilən, qəbul olunan hər bir maddi və mənəvi nəticələrə həmin illərin zəhməti hopub. Yadıma dünyanın unikal istedad yiyəsi olan alimlərindən birinin, Lomonosovun kəşfi ilə insanlara çatdırılan maddələrin itməməsi, maddə kütləsinin saxlanma qanunu düşür. Bu qanun ancaq kimyanı əhatə etmir...

- Müsahibəmizin sonuna yaxınlaşırıq, ürəyinizdə elə bir sual varmı ki, mən onu sizə vermədim?
-Yox, suallarınızı kifayət qədər peşəkarcasına hazırlamısınız və mənim “ürəyimdən keçən sual” da yoxdur. Sizə isə ona görə təşəkkür edirəm ki, suallarınızın hər biri ancaq şəxsi deyil, ictimai yük daşıyır və həmin yükü vətəndaş olaraq hər birimiz sosial mövqeyimizdən asılı olmayaraq hiss etməliyik. O ictimai yükün daha çox ağırlığını və məsuliyyətini isə biləvasitə gəncliyimizlə işləyən bizlər, ali məktəb müəllimləri paylaşır. Bizim hər birimiz müasir Azərbaycan dövlətinin vətəndaşı olan o gəncliyin sosial həyatımızın fəal üzvləri kimi formalaşması üçün əlimizdən gələnləri etməliyik.

- O zaman sonuncu sualımı vermək istəyirəm. Bilirsiniz ki, ən böyük sosial şəbəkələrdən biri olan facebook-da tez-tez sizin şeirlərinizi paylaşıram və paylaşacağım şeirləri həmişə özüm seçirəm. Bu dəfə o seçimi sizə vermək istəyirəm. Bu gün sizin hansı şeirinizi paylaşmağımı istəyərdiniz?

- Sağ olun və hesab edirəm ki, paylaşmaq istədiyiniz şeir Azərbaycan əsgərinə ünvünlanan “Son döyüşə hazır ol” şeiri ola bilər. Bu, ürəyində 30 illik 20 Yanvar ağrısını, Xocalı dəhşətlərini, torpağının 20 faizinin işğal xəcalətini çəkən Millətimizin Əsgərinə şair və ana çağırışıdır. Qəlbimdə kök salmış inamın səsləndirdiyi o çağırışın hər bir əsgər və zabitimizə çatmasını arzulayardım. Əlbəttə, ana olaraq, müharibə istəmirəm, bütün Azərbaycan anaları kimi mən də cənab Prezidentimizin münaqişənin sülh yolu ilə nizamlanması istiqamətindəki səylərini alqışlayıram, lakin siyasətin dalana dirəndiyi məqamda son sözü müharibə deyir.

Son döyüşə hazır ol

Azərbaycan əsgəri, yolun Şuşaya gedər,
O yürüşün naminə son döyüşə hazır ol!
İntizarda Laçındı, Zəngilandı, Kəlbəcər,
Bir görüşün naminə, son döyüşə hazır ol!

Hədəfin düşmən olsun, o silahlı yalquzaq
Get, yolun açıq olsun, xata-baladan uzaq.
Adına layiq olan şeir, mahnılar yazaq,
Uca işin naminə, son döyüşə hazır ol!

Bəxtəvər o anadır, yurdu üçün ər verə
Oğul doğa, böyüdə, vətənə əsgər verə.
Millətimin adına Tanrı bəxtəvər verə,
O alqışın naminə, son döyüşə hazır ol!

Artıq bizim səbrimiz doldu, komandan –dedin,
Baş komandan vur- dedi, oldu, komandan –dedin.
Siz göstərən yönüm- yön, yoldu komandan –dedin,
Dirənişin naminə, son döyüşə hazır ol!

Durdun, ayağa qalxdın, düşməni lal eylədin,
Əmdiyin ana südün özün halal eylədin.
Bayrağımın rəngini bir azda al eylədin,
Od -atəşin naminə, son döyüşə hazır ol!

Sən vətənin gücüsən, vətənin əsgər oğlu,
Vətən haya çağırmaz, haraylamaz hər oğlu.
Qızlar gül-çiçəyiylə süslər müzəffər oğlu,
O gəlişin naminə, son döyüşə hazır ol!

-Səmimi müsahibəyə görə sizə öz təşəkkürümü bildirirəm.

Müsahibəni aldı:  Aynurə Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.