Nobel mükafatının layiqli sahibləri, yoxsa bəxtləri üzlərinə gülənlər?
23.10.19

Bir neçə gün öncə 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı. Mükafat 2018-ci il üçün polşalı yazıçı Olqa Tokarçuka, 2019-cu il üçün avstriyalı yazıçı Peter Handkeyə verilib.
  Xatırladaq ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi mərasimi ləğv edilmişdi. Yaranan qalmaqal səbəbindən bir çox jüri üzvü istefa vermişdi.Mükafata layiq görülənlərin adları ədəbiyyatçılar arasında birmənalı qarşılanmayıb. Mükafatın verilməsini ədalətsiz hesab edənlərlə yanaşı, müəlliflərin nüfuzlu mükafatı haqq etdiklərini söyləyənlər də var.
 
  Qeyd edək ki, Ədəbiyyat üzrə Nobel  Mükafatı ədəbiyyat sahəsindəki nailiyyətlərə görə Komitənin hər il təqdim etdiyi ali mükafatdır. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası seçdiyi beş üzvdən ibarət komitə tərəfindən verilir. Alfred Nobelin vəsiyyətinə əsasən, mükafat "idealist tərzdə” yazan yazıçılara verilir. Ceyms Coys, Lev Tolstoy, Anton Çexov, Marsel Prust, Henrik İbsen və Henri Ceyms kimi kimi yazıçıların bu mükafata layiq görülmədiklərinin səbəbi kimi də məhz bu amil göstərilir.  
  Ədəbiyyat üzrə ilk Nobel mükafatı 1901-ci ildə Sülli Prüdoma təqdim edilib.
"Müzakirə”mizdə Nobel mükafatı ətrafında yaranan söz-söhbətlərə aydınlıq gətirmək istədik.
 
  Kifayət qədər tanınmırlar
 
  Yazıçı-publisist Nəriman Əbdürrəhmanlı "Bu ilin, daha doğrusu, son iki ilin Nobel mükafatçılarını tanıyıram” deyir: "Düzdü, Peter Handkenin yaradıcılığına kifayət qədər bələd deyiləm, rus dilində çıxan bəzi əsərlərini, bir də Mahir Qarayevin tərcüməsində bir hekayəsini oxumuşam. Olqa Tokarçukun yaradıcılığına isə kifayət qədər bələdəm. Hətta ötən il "Muker” mükafatının sahibi kimi, üç hekayəsini Azərbaycan dilinə çevirmişəm və "Xəzər” jurnalının 3-cü sayında çap olunub”. Yazıçı hesab edir ki, Nobel mükafatı olsa belə, hər bir mükafat subyektivdir, yalnız seçim heyətinə daxil olanların mövqeyini ifadə edir: "Belə vəziyyətdə, bizim o seçimə hörmət bəsləməkdən başqa əlacımız qalmır. Şübhəsiz ki, nominantlar arasında daha layiqli qələm sahibləri ola bilərdi. Amma Nobel Komitəsi bu yazıçıları layiq biliblərsə, biz də razılaşmalıyıq”. Mükafatçıların bizim oxucular tərəfindən tanınıb-tanınmamasına gəlincə, yazıçı hesab edir ki, hələ nəinki Azərbaycan oxucuları, eləcə də ədəbiyyatşünaslarımız və tərcüməçilərimiz belə, builki qalibləri kifayət qədər tanımırlar: "Əksəriyyət, adlarını bəlkə də birinci dəfə eşidirdi. Bundan sonra isə əsərləri tərcümə olunacaq, haqlarında yazılacaq. Bir sözlə, bəxtləri üzlərinə güldü”.
 
 

  Daha çox şəxsi əlaqələrin rolu
 
  "Bu il həm də 2018-ci ildə verilməyən Nobel mükafatı verildi” deyən şair Aqşin Yenisey xatırladır ki, keçən il mükafatın verilməməsinə səbəb Akademiya üzvlərindən birinin ərinin cinsi istismara görə məhkəməyə verilməsi və haqqında məhkəmə hökmü çıxarılması olmuşdu: "Həmin mükafat bu il polyak müəllif Olqa Tokarçuka verildi. 2019-cu ilin mükafatçısı Peter Handke isə daha çox dramaturq, ssenarist kimi tanınır. "Qapıçının penalti anındakı həyəcanı”, "Solaxay qadın” kimi romanlarının türkcəsi ilə tanışam. Ədəbiyyat çevrələrində Handke haqqında daha çox "həvəskar romançı” ifadəsinə rast gəlmək olur. Onu roman yazarı hesab edənlərin sayı etməyənlərdən xeyli azdır. Handke və Tokarçuk populyar müəlliflər hesab olunmur. Tokarçuk daha çox Polşa ədəbiyyatının məşhurudur və keçən il Nobellə yanaşı, "Man Booker” mükafatını da qazanmışdı. Lakin İsveç Akademiyasında baş verən cinsi təcavüz məsələsi onun Nobelini gecikdirdi”. Yazar hər iki müəllifə qarşı heç bir şəxsi fikrinin olmadığını deyir: "Məncə, hər iki müəllif tezliklə unudulan "Nobelçilər”in sırasına qatılacaqlar. Baxmayaraq ki, hər iki müəllifin türkçə kitabları tərcümə olunub, amma türk ədəbi çevrələrində bu müəlliflər haqqında "mütləq oxunmalıdır” tipli yazılara rast gəlməmişəm. Bizdə olduğu kimi, bütün dünyada da bu cür mükafatlarda daha çox şəxsi əlaqələr rol oynayır. Ciddi müəlliflər artıq bu cür mükafatlarla maraqlanmırlar. Nobellə bu gün daha çox üçüncü dünya ölkələri maraqlanır. Allahın gitaraçalan Bobu heç mükafatı almağa da gəlmək istəmirdi, yalvar-yaxarla gətirdilər ki, rüsvayçılıq olmasın”.
 
 

  Nobel Komitəsinin seçimi
 
  Yazar Səxavət Sahilin fikrincə, Nobel mükafatının ötənilki qalibinin də bu il açıqlanması onu göstərir ki, mükafat komissiyası nüfuzunu bərpa etmək istəyir. Belə ki, ötənilki məlum qalmaqaldan sonra belə bir adımın atılması gözlənilən idi: "Həm 2018-ci il, həm də 2019-cu ilin mükafatçıları Avropada və dünyada tanınmış ədəbiyyat simalardır. Olqa Tokarçuk bundan əvvəl "Buker” mükafatının qalibi olub. Aparıcı dillərə çevrilib, ciddi nəşriyyatların diqqətini cəlb edib və kifayət qədər kitabları satılıb. Bu kriteriyalar da Nobel mükafatı üçün yetərli hesab oluna bilər. Digər tərəfdən, daha ciddi və tanınan imzalar namizəd kimi göstərildiyi halda Olqa Tokarçukun bu mükafatı alması isə Nobel Komitəsinin seçimdir”. Yazar hesab edir ki, Azərbaycan oxucusuna Tokarçuka nisbətən daha çox tanış olan, mükafatın builki qalibi Avstriya yazıçısı Piter Handkedir. Belə ki, Handke də tanınmış və ciddi nəşriyyatların maraq dairəsində olan yazıçıdır: "Oxucularımız onu "Qapıçının penalti qorxusu” romanından tanıyırlar. Düşünürəm ki, hər iki müəllif bundan sonra yerli naşirlərin diqqətini daha çox cəlb edəcək”. S.Sahil mükafatın verilməsini ədalətli hesab edir: "Düşünürəm ki, Nobel komissiyasının işini şübhə altına almağın özü ədalətsizlikdir. Hətta mükafat Bob Dilana veriləndə, şübhələr daha son həddə çatdı. Görünür, komissiya Bob Dilanın fəaliyyətinə və yaradıcılığına da diqqət ayırmaqla o cür müəlliflərə qarşı həm diqqət artırılması, həm də münasibətin dəyişməsini istəyib. İstənilən halda Nobel Komitəsinin işini ədalətsiz hesab etmək, onu ciddi olmayan ədəbiyyata üstünlük verməkdə qınamaq düz deyil. Görünür, komitə müəyyən mənada balanslaşdırılmış siyasət yürüdür. Həm yüngül janrlara diqqət ayırır, həm də öz nüfuzunu bərpa edə bilir”. Yazarın fikrincə, Azərbaycan oxucuları demək olar ki, Nobel mükafatçılarını tanıyır: "150 cildlik dünya ədəbiyyatı” seriyasında ayrıca Nobel mükafatçıları sıralaması var. Orda tam əhatə olunmasa da, çox hissəsi çap olunub. Digər tərəfdən, bu mükafatın qaliblərinin əksəriyyəti mükafat almadan öncə tanınan imza olduğundan, onlar oxucularımıza tanışıdır. Azərbaycanca tərcümə olunmayan müəllifləri isə ən azından, türkcə və rusca oxumaq mümkünüdür”.
 
 

  Bizimkilər niyə almasın?
 
  Tənqidçi Əsəd Cahangir hesab edir ki, təkcə 2018 və 2019-cu illərin Nobel mükafatçıları deyil, ardıcıl olaraq bir neçə ildir ki, Nobel Komissiyasının üzvləri dünya oxucularını heyrətləndirməklə məşğuldurlar: "Bir var yaxşı mənada heyrətləndirmək, bir də var mənfi mənada. Hesab edirəm ki, bu mükafat artıq süquta doğru gedir. Keçən il komissiya daxilində baş verən münaqişə, həmin il mükafatın verilməməsi də bu konfliktin üzə çıxmasının əlaməti idi. Bu prosesdə böhran gedir. Səbəbini bilmirəm, ancaq bir məsələ məlumdur ki, ya dünya ədəbiyyatı bu qədər zəifləyib, artıq Nobeli verməyə adam tapmırlar, ya da Nobel Komissiyasının ədəbi meyarları qoyub başqa meyarlara üz tutması bunu məntiqi bir iflasa gətirib çıxarır. Mənə elə gəlir ki, Nobel almaq artıq qeyri-adi bir hadisə deyil. Xüsusən son mükafatçılar ki, Nobel aldılar, məndə belə bir qənaət yarandı ki, bu mükafatı almaq qeyri-adi bir şey deyil”. Ə.Cahangir əvvəllər bu mükafata əlçatmaz bir məqam kimi baxdığını deyir: "Məsələn, mən əvvəllər hesab edirdim ki, Nobeli almaq üçün Markes olmalısan. İndi isə ən adi statistik bir yazıçı da Nobeli ala bilər”. Tənqidçi son illərin tendensiyasından sonra artıq onda öz ədəbiyyatçılarımıza qarşı bir ümid də yarandığını deyir: "Bu adamlar alandan sonra azərbaycanlı yazıçılar niyə Nobel mükafatını almamalıdır? Artıq Azərbaycandan kimsə Nobel alsa, buna təəccüblənmərəm. Onda Kamal Abdullaya nə üçün vermədilər? Kəramət Böyükçölə Nobel mükafatı versələr, mən təəccüblənmərəm. Niyə də almasın, yaxşı statuslar yazır. Son illər verilən mükafatlara görə, mükafatlandırma haqqında qənaətim budur: bu mükafat mənim gözümdən düşdü”.
 
 

  Təranə Məhərrəmova, Kaspi qəzeti

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.