Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19

Pakistanlı islam alimi, filosofu, şairi və ictimai xadimi Məhəmməd İqbalın “Zarb-i Kelim” əsəri urdu dilində yazılmış və 1936-cı ildə nəşr olunmuşdur. Mənzum şəkildə yazılmış əsər altı əsas bölmədən ibarətdir: “İslam və müsəlman”, “Təhsil və tədris”, “Qadın”, “Ədəbiyyat və incəsənət”, “Şərq və Qərb siyasəti”, “Hicaz ərməğanı”. Əsərin hər bir bölməsi ictimai-siyasi həyatın vacib məsələlərinə həsr olunmuş, ədəbi-mədəni, dini, fəlsəfi xüsusiyyətləri şərh edir. İqbalşünas alim Çişti belə hesab edir ki, bu əsərdə bütün məsələlər islami dəyərlər çərçivəsində incələndiyi üçün ən azından urdu və fars dilində bu səviyyədə əsər yoxdur.

“Zarb-i Kelim” əsəri M.İqbalın zamanın problemlərinə, ziddiyyətlərinə qarşı savaşıdır, buna görə də əsərin üslubu da digər kitablarına nistəbətdə daha kəskin və qətidir. Əsərin 2014-cü ildə nəşr olunmuş nümunəsinin girişində deyilir: “Bu Məhəmməd İqbalın siyasi görüşlərinin ifadəsi hesab etdiyi üçüncü şeir toplusudur. Əsər “Müasir dövrə qarşı döyüş bəyənnaməsi” adı ilə nəşr olunmuşdur. “Şərqin şairi” kimi də tanınan Məhəmməd İqbal müasir problemlərin, məzlum xalqların, xüsusən də Hindistan müsəlmanlarının işğalı və istismarı ilə qidalanan müasir sivilizasiyanın Allahsızlıq, materialism və ədalətsizlikdən qaynaqlandığını iddia edir”.

Əsərin türk dilinə tərcüməçisi Cəlal Soydan yazır: “İqbal “Musa vuruşu” adını bu əsərindən daha əvvəllər, xüsusilə də, fars dilli əsərlərində işlədiyi mövzuları daha sistemli bir vəziyyətə gətirərək hər birinə ayrıca başlıqlar verməklə oxuculara təqdim etmişdir. Lakin bu əsərdəki üslubu çox kəskin və qətidir. Çünki əsərin adına yaraşan şəkildə vuruşlar etmək istəməsi onun üslubunu kəskinləşdirmişdir”.

Filosof şairin özü də əsəri “Zamana qarşı savaş elanı” adlandırır:

 Azad yaradılışın durmaq vərdişi yoxdur,

Gəzib duran hava kimi bahar havası yarat.

Minlərcə qaynaq fışqırsın yolundakı daşlardan

Mənliyə gömülüb Musa vuruşu yarat.

 

“Zarb-iKelim” əsərinin bölümlərdən biri də qadın məsələsinə həsr olunmuş və “Qadın” adlanır. Burada “Avropa kişisi”, “Bir sual”, “Örtünmə”, “İnziva”, “Qadın”, “Qadınların azadlığı”, “Qadının qorunması”, “Qadın və təhsil” kimi yarım başlıqlarda qadınların cəmiyyətdəki yeri, təhsili, maddi və mənəvi inkişafı, Şərqvə Qərb dünyasında qadına münasibət kimi cəhətlər şərh olunur.  Bir sıra digər əsərlərində də mövzu seçdiyi qadın məsələsini şair həlli müşkül olduğu, lakin bunun qadınlardan deyil,  digər xüsusiyyətlərdən qaynaqlandığını dilə gətirir. “Avropa kişisi” şeirndə yazır:

 

Müdriklər minlərcə dəfə çözdülər, lakin

Qadın məsələsi olduğu yerdə qaldı.

 

Qadınlara hörmətlə yanaşan, onlara hər zaman həssalıqla baxan M.İqbal qadınların doğru yolda olduqlarını göstərmə küçün ay vəulduzların şahid olduğunu ifadə edir. Bununla filosof şair qadınların mükəmməl yaradılışına işarə edir, onları nmənəvi cəhətlərinə diqqəti yönəldir:

 

Bu məsələdə qadınların heç bir qüsuru yoxdur

Ay və ulduzonun dürüstlüyünə şahiddir.

          M.İqbal belə hesab edir ki, yaradılışın mükəmməl nümunəsi olan qadın Avropada problem halına gəlib çıxmışdır ki, bu da daha çox kişilərin qadına münasibətindən irəli gəlirdi:

             Fəsad Avropa cəmiyyətində ortaya çıxmışdır,

            Çünki kişisi saf və zavallıdır, qadınını tanıya bilmədi.

             Məlumdurki, XIX əsrin ikinci yarısından, xüsusilə də, yüzilliyin sonlarından etibarən mədəniyyət və ədəbiyyatda maarifçilik mərhələsini yaşayan Şərq dünyasında qadın məsələsi əsas müzakirə obyektlərindən biri idi. Maarifçilik mərhələsi ədəbiyyatda bir sıra digər möv­zu­lar kimi, qadın probleminin çözümündə də fərqli keyfiyyətlərdə tə­za­hür edir, qabaqcıl maarifçi mütəfəkkir və ədiblər mövzunun so­sial və ictimai tərəflərinə daha çox diqqət yetirirdilər. İctimai şüurun inkişafı, cəmiyyəti düşün­dü­rən müxtəlif məsələlərin bədii təfəkkürə inteqrasiyası qadın prob­le­mi­nin ifadəsində aparıcı mövqedə idi.

Qadın mövzusuna xüsusi diqqət yetirilməsi İslam mo­de­r­niz­­mi üçün də xarakterik idi. Ərəb cəmiyyətində qadınların hü­quq bə­rabərsizliyi islamın insanların bərabərliyi ideyasına ziddiy­yət təş­kil edirdi. Maarifçilər, ilk növbədə, həmin mövqeyi əsas­lan­dır­ma­­ğa çalışaraq, eyni zamanda, islami dünyagörüşün mü­tə­rəq­qili­yini təsdiq edirdilər. Müsəlman cəmiyyətində qadınla­rın sosial və mənəvi əsarəti tendensiyasına ən güclü cavab elə “Quran”ın qadına münasibətinin şərhi idi. Bu baxımdan çoxsaylı nü­mu­nələr göstərmək mümkündür. “Quran” da deyilir: “Allahın (mad­di, yaxud mənəvi cəhətdən) birinizi digərinizdən üstün tut­du­ğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüz) arzulamayın, ki­şi­lə­rin öz qazandıqlarından öz payı, qadınların da öz qazan­dıq­la­rın­dan öz payı vardır”. Allahın insana verdiyi təbii hüquqla­rın müasir cəmiyyətdə pozulması maarifçilərin əsas tənqid hə­də­finə çevrilmişdir ki, qadınların hüquq bərabərliyi məsələsi də bu­ra­da yer alırdı.

Qadın mövzusunun işlənməsində ən mühüm cəhətlərdən bi­ri qadınların təhsili ilə bağlı idi ki, İslam modernizminin nü­ma­yən­də­ləri d­in və elm probleminə diqqət yetirir, müasir elmi mə­sə­lə­lə­ri “Quran”ın teoloji xüsusiyyətləri əsasında şərh edirdilər. Bu cə­hət də çox vacib amillərlə əlaqədar olaraq islamın elmə zidd ol­ma­sı tendensiyasının ictimai və bədii şüurda güclü şəkildə ca­vab­lan­dırılması idi.

M.İqbalın ədəbi-fəlsəfi dünyagörüşü üçün də bu tendensiya xarakterik idi, bir islam alimi olaraq mütəfəkkir ədib qadın məsələsinə, ilk növbədə, islam düşüncəsi prizmasından baxırdı. “Qadın” şeirində ona verdiyi dəyəri belə ifadə edir:

 Qadının varlığı idi kainat rəsmindəki rəng

Onun ahəngiylədir həyatın iç yanğısı.

 

O bir ovuc torpaq, Ülkər ulduzundan daha nəcibdir

Çünki hər nəciblik mücəvvər qutusunda bir incidir!

 

M.İqbal qadına bir nəticə kimi deyil, daha çox səbəb kimi yanaşır. Qadının varlığı onun əməllərindən çox, yaradılış missiyasında, səbəb olduğu xeyirli əməllərdədir. Sözügedən fikri filosof şair özünəməxsus şəkildə ifadə edir:

 Əflatun dialoqları yaza bilmədi qadın, lakin

Onun alovu ilə alışdı Əflatun qığılcımı!

 M.İqbal bu misralardan da göründüyü kimi, qadını yer və göy arasında, torpaq və ulduz arasında dəyərli bir inciyə bənzədir, ikinci beytdə “mücəvvər qutusunda bir incidir!” deməklə isə başqa bir məsələyə, qadınların örtülməsi məsələsinə işarə edir. Filosof şair Avropada təhsil alsa da, Şərq qadınlarının, xüsusilə də Pakistan qadınlarının islam ənənələri çərçivəsində yaşaması mövqeyindən çıxış edirdi. Ədibin1929-1932-ci illər arasında yazdığı “Cavidnamə” mənzuməsində də həmin cəhətləri daha öncəki yaradıcılıq nümunəsində müşahidə edirik. Şair “Quran”a dönüşü və bütün yeni məsələlərin kökünü də onda aramağı vacib sayır:

 Müsəlmanlar kimi qəlbin varsa,

Öz içinə bax və bir də Qurana.

Onun ayətlərində yüzlərcə yeni dünya

Əsrlər dolanmış onun hər anına!

Onun bir dünyası çağımıza bədəl

Göksündə duyan könül varsa gəl!

 “Cavidnamə” əsərində “Quranın məqsəd və hədəfi başqa, Müsəlmanın adət və ənənəsi başqa” deməklə M.İqbal qadın məsələsində də Qərb təqlidini deyil, müsəlman dünyasının ənənələrini əsas götürməyin tərəfdarı kimi çıxış edir.

“Zarb-i Kelim” əsərininin “Qadın” bölməsində də filosof şair “Örtünmə” adlı ayrıca bir şeir təqdim etmişdir. Burada şair mövzuya fəlsəfi nöqteyi-nəzərdən yanaşmış, orijinal üslubdan istifadə edərək örtünməyi bir xarici forma görüntüsü kimi deyil, insanın bəsirət gözünün örtülü olması baxımından şərh etmişdir. İlk növbədə, M.İqbal deməyə çalışır ki, forma dəyişməsi, xarici təzahür mahiyyəti dəyişmir, əsrlər örtdükcə yeni təzahürlər meydana çıxsa da, o yalnız mahiyyətin bir pərdəsinə çevrilir, ona görə də, ziddiyyətlər, problemlər də yeni forma alır, çözülmür, həllini tapmır:

 Çox rəng dəyişmişdir bu göylər, amma

Ey Allahım bu dünya hər zaman eyni yerdədir.

 M.İqbal qadının üzərindəki örtüyü qaldırmaqdan daha çox, kişilərin, əslində isə bütün cəmiyyətin, insanlığın bəsirət gözü qarşısındakı pərdəni, örtüyü qaldırmağı daha vacib hesab edir:

Fərq görmədim kişi ilə qadın arasında

Bu da örtünməkdədir, o da örtünməkdədir.

 

Hələ də örtülər altındadır insan oğlu,

Kimsənin mənliyi ortaya çıxmamış.

 Qadınların təhsili və azadlığı məsələsinə də M.İqbal bir sıra əsərlərində olduğu kimi burada öz münasibətini ifadə edir. Qadınların cəmiyyətdəki mövqeyini şərh edərkən filosof şair, ilk növbədə, bunun kişilərin onlara münasibəti ilə bağlı olduğunu düşünür. Bu məsələyə böyük həssalıqla yanaşdığını “mənim sinəmdə canlı bir həqiqət gizlidir, Damarlarında soyuq qan dolaşan bunu anlamaz” misraları ilə ifadə edən M.İqbal “Qadının qorunması” şeirində yazır:

 Nə niqab, nə köhnə və ya yeni təhsil,

Qadının qadınlığın qoruyan yalnız kişidir.

 M.İqbal həmin fikrin milli inkişaf üçün çox önəmli olduğunu söyləməklə, bütövlükdə milli-mənəvi və ictimai inkişafda qadının roluna diqqət çəkməyə çalışır:

 Bu canlı həqiqəti bir millət anlaya bilməmişsə,

O millətin günəşi çox tez batmışdır.

 Qadınların azadlığı məsələsinə də M.İqbal ayrıca şeir həsr etmiş, bu mövzunu da orijinal düşüncə tərzi ilə dəyərləndirmişdir. “Qadınların azadlığı” adlı şeirdən də məlum olur ki, filosof şairin zamanında sözügedən mövzu çok aktual olmuş və onun fikirləri bir sıra məqamlarda qəbul edilməmiş, əks mövqe kimi qiymətləndirilmişdir:

 Bu mübahisədə heç bir qərara gələməm,

Gərçi birinin şəkər, digərinin də zəhər olduğunu bilirəm.

 

Danışıb daha çox düşmən qazanmaqda nə fayda,

Sivilizasiyanın uşaqları mənə zatən küskündürlər.

 M.İqbal qadın azadlığının tərəfdarı kimi çıxış edir, lakin şair bunu Avropanın təqlidi formasında qəbul etmir, “sivilizasiyanın uşaqları mənə zatən küskündürlər” dedikdə də sözügedən cəhəti nəzərdə tutur. M.İqbal qadın azadlığı məsələsinə də islam dini çərçivəsində yanaşır, qadınların forma dəyişməsini deyil, bəsirət gözünün açılmasını əsas hesab edir, eyni zamanda, qadınların öz təşəbbüslərini vacib sayır:

 Bu sirri yalnız qadının bəsirəti ifşa etsin,

Müdriklər bu mövzuda gücsüz və mazurdurlar

 

Hansı daha üstündür süs və dəyərdə?

Qadın özgürlüyümü, zümrüd boyunbağımı?

 M.İqbal mənəvi inkişafın, onun mühüm bir göstəricisi olan azadlığın, daxili təkamülün xarici bəzəklərdən, qiymətli daşlardan daha üstün olduğunu düşünərək bunu qadınların mühakiməsinə buraxır, bəsirətli qadın zəkasının bu işi həllə edə biləcəyinə inamını iafdə edir.

“Qadın və təhsil” şeirində M.İqbal mövzunu Şərq və Qərb konteksində təqdim edir. Burada sivilizasiya və din, yenilik və islam dini, Qərbin təqlidi və milli ənənələr kimi şairin dövrü üçün aktual olan məsələlər ərtafında M.İqbalın uzun illər düşündüyünü və bu şeirində daha kəskin formada dilə gətirdiyini müşahidə edirik. Çünki hələ daha öncə yazdığı “Cavidnamə” əsərində şair deyirdi:

 Bu yeni adətli çağın dininə bax,

Dinsizlik təhsilinin məhsuluna bax!

 Eyni fikirləri daha qəti şəkildə “Qadın və təhsil” şeirində görmək mümkündür. Filosof şair digər məsələlərdə olduğu kimi qadın mövzusunda da problemin həllində balansı qorumağı, ifratçılığa meyl etməməyi düzgün hesab edir. Çünki M.İqbal Qərbdə təhsil alan və Avropa həyatını dərindən bilən bir insan kimi, Şərq cəmiyyəti üçün önəmli olan dəyərlərin müasirlik adı ilə yox olması təhlükəsinə qarşı çıxırdı. Ona görə də şair qadının təhsilində müasir elmlərlə yanaşı, ənənəvi meylərin də davam etdirməsinin vacibliyini düşünürdü:

 Qərb mədəniyyəti əgər analığın ölümüdürsə,

O mədəniyyətin meyvəsi insanlığın ölümüdür!

 Burada M.İqbal qadınların insanlıq tarixindəki həlledici rolunu  önə çəkir, bu yolla da onlara verdiyi yüksək dəyəri ifadə etməyə çalışır.

Filosof şair qadınların varlığını mühafizə edən, onların özəlliklərini qoruyan elm və təhsilin tərəfdarı kimi çıxış edir:

 Bir elmin təsiri ilə qadın qadınlığından çıxırsa,

Bəsirət sahiblərinə görə o ilmə qadının ölümüdür.

 

Əgər qız məktəbləri dindən uzaq durursa,

O elm və sənət eşq və sevginin ölümüdür!

 M.İqbal bütün digər məsələlərdə olduğu kimi, qadının təhsili sahəsində də islam dininin düşüncə sistemindən çıxış edir. Şairin, eyni zamanda, qadının ilk və əsas missiyasının analıq olması fikrinə sahib olduğunu da bu və digər əsərlərindən müşahidə edirik. Bu cəhəti “Qadın” şeirində daha açıq şəkildə görürük.

Şeirdə M.İqbal qadınların yaradılış gücünə diqqəti yönəldir. Qadınların varlığının bu məqamda önə çıxması və dəyər qazanması, şairə görə, onun cəmiyyətdəki mövqeyini də müəyyənləşdirir:

 Məhz bu hərarətlə qatlandığı acı arsusu onun sirridir.

Yaratmaq zövqünün atəşiylədir onun varlığı.

 

Həyatın sirrləri məhz bu atəşlə ortaya çıxmaqdadır,

Yalnız bu atəşlə canlı olmaqdadır dünyanın varlığı.

 Ona görə də M.İqbal qadınları analıqdan məhrum edən Qərb tendensiyasını qəbul etmir, “Avropaya heyranlığın” müəyyən bir çərçivə içində həllini müzakirəyə gətirir. “Hind və yunanların heyran olduqları Avropa müdriklərindən biri soruşsun” misraları ilə başlayan “Bir sual” şeirində yazır:

 Budurmu mükəmməl cəmiyyət forması?

Kişisi avara, qadınının isə qucağı boş qalsın”.

 Qadın haqqındakı fəlsəfi şeirlərində M.İqbalın sufi düşüncələrinə də təsadüf edirik. Filosof şair müasiri olduğu dünyanın“özünü göstərmə həvəsi”dən şikayətlənir, “düşüncələri dağınıq və pozğun” hala gətirən ifrat meyllərdən uzaqlaşmağa çalışır, mənlik həqiqətlərini dərk etmək üçün inzivaya çəkilməyi vacib sayır:

 Mənlik özünü inzivada dərk edir, lakin

O inziva artıq nə bütxanədə, nə Hərəmdə var.

 Bu mövzu çərçivəsində filosof şair müasiri olduğu zaman üçün Şərq və Qərb dünyasındakı tendensiyalara öz münasibətini bildirir, ifrat meyllər və təqlidçiliyi kəskin şəkildə tənqid edir. İslam alimi olaraq M.İqbal bir çox digər məsələlərdə olduğu kimi, qadınla bağlı fikirlərdə də dini dünyagörüşünü mühafizə etmiş, adət-ənənələrin yeniliyə zidd olmadığı, islam düşüncəsinin müasirliyi mövqeyindən çıxış etmişdi. 

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.