Regina Deriyeva - Uşaqlıq-xəzinəsidir gözyaşlarının
01.09.19
Regina Deriyeva (1949-2013)
Tanınmış rus şairəsi, 1990-cı ildə Sovet İttifaqından mühacirət edib, bir müddət İsraildə, sonra isə İsveçdə yaşayıb.
Apriori bilik
Uşaq olanda ağlamazdım, heç bir ağrı bunu edə bilməzdi. Qolumu necə bursalar da, necə cimdikləsələr də məni, qayışla necə döşənsələr canıma, başıma necə vursalar da bir damcı göz yaşı görünməzdi gözlərimdə. Sınmış qol, burxulmuş onurğa ilə xəndəyə atılsam da heç ağlamadım. Heç hönkürüb sızladığım olmadı. Uşaqlıq-xəzinəsidir gözyaşlarının, qocalanda sındırcaqsan o pulqabını.
Qara fikirlər
Divarından bir neçə fotoşəklin, çilçırağın asıldığı yarımqaranlıq dəhliz kimiyəm təxminən. İşıqdan asılı olaraq gah qara, gah ağ görünən nə qədər ziyarətçi keçib gedib məndən.
Tərcümə edən Səlim Babullaoğlu
|