Nəsiminin dini-fəlsəfi görüşləri
28.06.19

Vüqar Əhməd

AME-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor

Seyid İmadəddin Nəsimi bütün yaradıcılığı boyu həyatımızın mənası, bəşəriyyətin inkişaf proqramı, hidayət qaynağı olan müqəddəs Qurani-Kərimdən bəhrələnib. Quranın mübarək ayələrindən qaynaqlanmaq dahi şairin yaradıcılığının ana xəttini təşkil edir. Sovet dövründə Nəsiminin “ənəlhəq” fəlsəfəsini ateizm ideologiyasının tələbləri əsasında tamamilə əks istiqamətə yönəldirdilər. Əlbəttə, quruluş özü ateizmə əsaslanırdı və bu səbəbdən də Nəsimisevər alimlərimiz böyük şairin yaradıcılığını məhz həmin istiqamətdən təhlil edirdilər. Əks təqdirdə onlar Nəsimini gələcək nəsillərə çatdıra bilməzdilər. Şübhəsiz ki, zaman keçdi, haqq öz yolunu tapdı, başqa sahələrdə olduğu kimi, elmi araşdırmalarda da qadağalar götürüldü, hər şey olduğu kimi görünməyə başlandı. Nəsimi haqqında yeni elmi tədqiqat əsərləri yazılmağa başlandı. Bu isə şairin bədii irsindəki kodların açılmasına xidmət göstərir. Nəsiminin poetik hünərinin əsasında şairin Allaha və onun qüdrətinə misilsiz, səmimi imanı və inamı dururdu. Onun təfəkkürünü işıqlandıran və aydınlaşdıran bu iman idi, Allaha hüdudsuz və şəriksiz bir sevgisi idi. Allah sevgisi Nəsimi üçün hər şeydir. Şair Allahdan və onun iqrarından başqa heç nə istəmir. Onun möcüzəyə oxşayan bəyan şeirləri xüsusi bir ruhi vəziyyətin əksidir: Allah sevgisi onun bütün varlığına hakim kəsilir, onun ağlını və ilhamını işıqlandırır, fikrini misilsiz dərəcədə itiləşdirirdi.

Nəsimi yaradıcılığının əsas qayəsi və ideyası isə yuxarıda qeyd edildiyi kimi, hikmət və möcüzələrlə zəngin müqəddəs Qurani-Kərimin mübarək ayələri ilə bağlıdır. Bu səbəbdən də öncə şairin “ənəlhəq” deyilən fəlsəfi baxışlarını təhlil etmək lazımdır. Məsələn, Quranın “Sad” surəsinin 84-cü ayəsinin tərcüməsi belədir: “Allah buyurdu: Haqq Məndədir və Mən Haqq söylərəm”. Nəsimi isə bunu Allahın adından, sadəcə, şeir dilinə çevirərək bəyan edir:

Bulmuşam həqqi, ənəlhəq söylərəm,

Həq mənəm, həq məndədir həq söylərəm!

Söz yox ki, Nəsimi də sələfləri Xaqani, Nizami və başqa qüdrətli şairlərimiz kimi müqəddəs Qurani-Kərimə Allahın ona bəxş etdiyi dərəcədə yiyələnmiş və bütün elmlərin qaynağı olan bu səmavi kitabın istər çətin, istərsə də tez anlaşılan mübarək ayələrini öz həyat şüarına çevirmişdi.

Quranın “Əş-Şüəra” surəsində deyilir: “Uca məqamdan eşitdiklərini onlara təlqin edərlər və əksəriyyəti yalançıdır. Peyğəmbər şair deyildir. Şairlərə yalnız azğınlar tabe olarlar. Məgər görmədizmi onlar hər bir vadidə dərbədərdilər?! Və onlar özləri etmədikləri şeyləri deyirlər?! Ancaq iman gətirib yaxşı işlər görən, Allaha çox zikr edən, zülmə uğradıqdan (Peyğəmbər və İslam dini əleyhinə həcv eşitdikdən) sonra (onlara cavab olaraq şeirlər yazmaqla) intiqam alanlardan başqa! Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. Ayələr nazil olandan sonra üç şair həzrət Məhəmmədin (s.ə.s.) yanına gəlib soruşur ki, “Allah bu ayələri nazil edəndə bizim də şair olduğumuzu bilirdi, bəs biz indi hansı növ şairlərdən sayılırıq?” Allahın rəsulu buyurdu: “İman etmiş olanlar və yaxşı əməllər edənlər müstəsnadır”.

O zaman, yəni cahiliyyət dövründə, hələ İslam dininin təzə ayaq açdığı zamanlarda müşrik şairlər şəhvət nümayiş etdirən, fitnə-fəsad törətməyi təbliğ eləyən və zatən pis əməllərə çağıran şeirlər yazırdılar. Belə ki, müşriklərin, yəni bütpərəstlərin əksəriyyəti müqəddəs Quranın mübarək ayələri nəzmlə nazil olduğuna, eyni zamanda, həzrət Məhəmmədin (s.ə.s.) Allah rəsulu olduğuna inanmadıqlarına görə, onu şair hesab edirdilər. Lakin həzrət Məhəmməd (s.ə.s.) şair deyildi, şair olmaqdan çox üstün idi. Uca Allah müqəddəs Qurani-Kərimin “Haqqə” (Haqq olan qiyamət) surəsində buyurur: “O şair sözü deyildir! Nə az inanırsınız! O kahin sözü də deyildir! Nə az düşünürsüz! O aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”

Lakin o dövrdə iman gətirən, Allaha və onun rəsuluna inanan, namaz qılıb zəkat verən, saleh işlər görən şairlər də var idi ki, onlar öz şeirlərini küfr üzərində quran üzdəniraq şairlərə cavab olaraq Allahı zikr edən gözəl şeirlər yazırdılar.

Şübhə yoxdur ki, bütün varlığı ilə Allaha, onun rəsuluna bağlı olan Nəsimi onun hər şeyə qadir olduğunu, mərhəmətinin və rəhmətinin sonsuzluğunu bəyan edirdi. Şairin yaradıcılığını izləyərkən onun ən ali məqsədinin bilavasitə Allahın intəhasız böyüklüyünü və bütün varlığı ehtiva etdiyini poetik cizgilərlə verməkdən ibarət olduğunu görürük:

Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövni-məkana sığmazam.

Şair “iki cahan” deyəndə şübhə yox ki, maddi və mənəvi aləmi nəzərdə tutur və istər maddi dünya, istərsə də axirət dünyası nə qədər böyük olsa da, Allahın heç bir dünyaya sığmayacağını vurğulayır. Materialistlərə görə, kainat üçün hər hansı başlanğıc və son yoxdur və kainat hərəkətsizdir. Lakin dövrümüzdəki müşahidələr kainatın başlanğıcının olmasını qətiyyətlə sübuta yetirir. Bundan əlavə, kainat hər an hərəkət edir, dəyişir və genişlənir. Yəni Allahdan başqa hər şeyin, hətta kainatın da bir başlanğıcı və sonu var. Quranın “Zariyat” (Sovrulub dağıdan küləklər) surəsində deyilir: “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”.

Onu da qeyd edək ki, müqəddəs Qurani-Kərimdə bir çox hallarda “səma” kəlməsi “kainat” və “kosmos” anlamına gəlir və bu da kainatın genişləndiyindən xəbər verir. XX əsrin əvvəllərində rus fiziki Aleksandr Fredman və belçikalı astrofizik George Lemaytr kainatın fasiləsiz hərəkətdə olduğunu və genişləndiyini nəzəri olaraq hesablayıblar və bu, 1929-cu ildə müşahidələrlə sübut edilib. Nəsimi isə yazmışdı:

Ərşlə fərşü, kafü nun, məndə bulundu cümlə çün,

Kəs sözünü və əbsəm ol, şərhü bəyana sığmazam!

Şair ərş deyəndə göyləri, fərş deyəndə isə Yer kürəsini nəzərdə tuturdu. Quranın “Nuh” surəsində deyilir: “Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü də dirildib oradan da) çıxardacaqdır. Allah yeri sizin üçün xali etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki, onun geniş yollarında gəzəsiniz”.

Nəsimi, həmçinin əhli-beyt şairi idi. Onun yaradıcılığında əhli-beytə olan sevgisi özünəməxsus ahəngi, poetik nizamı, xətasız düzümü, heyrətamiz axıcılığı ilə oxucunu başda həzrət Məhəmməd (s.ə.s.) olmaqla onun pak əhli-beytinin, eyni zamanda, onların nurlu övladlarının Allah yanındakı məqamını xarakterizə edir:

Ta əzəldən padişahımdır Həsən xülqi-riza,

Dünyavü üqbada sər-tacım Hüseyni-Kərbəla,

Nuri-çeşmimdir İmam Zeynul-ibad,

Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.

Nəsimi bir sıra əsərlərində “siratül-müstəqim”lə, yəni Allahın qoyduğu hidayət yolu ilə yaşadığını, iblisə uymadığını nəzərə çatdırır:

Xar içində bitən qönçə gülə minnət eyləməm,

Ərəbi, farsi bilməm, dilə minnət eyləməm.

Siratül-müstəqim üzrə gözətirim rəhimi,

İblisin təlim etdiyi yola minnət eyləməm.

Azərbaycan xalqı İslam dinini qəbul eləyəndən bəri ölənlərimizin ruhuna daim “Fatihə” verilir, salavat çevrilir və “Yə-Sin” oxunulur. “Fatihə” surəsi müqəddəs Quranın açarı adlanır və yeddi ayədən ibarətdir. Biz “Fatihə”nin ayələrini əsasən ən sadə şəkildə anlamış və həzrət Məhəmmədə (s.ə.s.) məhz ərəb dilində nazil olduğundan onu ərəbcə mənimsəmiş, eləcə də ilahiyyatçı alimlərimizin səyi nəticəsində Azərbaycan dilində tərcüməsini öyrənmişik. Biz onu sadə şəkildə anladığımıza görə onun fəlsəfi mahiyyətinə varmamış və niyə məhz “Fatihə” surəsinin Quranın açarı olduğu barədə düşünməmişik. Nəsimi isə bu mübarək surənin yeddi ayəsinin hikmətlərini, məna içində məna daşıdığını özünəməxsus şəkildə bəyan edir:

Yeddi yerdir, yeddi göydür, yeddi dərya, yeddi xət,

Yeddi müshəf, yeddi ayət, yəqi-beyzasi nədir?

Ədəbiyyatşünas alim Yaqub Babayev dahi şairin bu əsərindəki rəqəmlərə belə aydınlıq gətirir: “Filosof şairə görə, varlıq müstəvisində müəyyən rəqəmlər ifadə etdiyi həqiqətlər xaosa yox, məqsədli nizama, ciddi harmoniyaya xidmət edir. Bu rəqəmlərdən əsasən 1 - vücudi-küll, tövhid, 2 - iki cahan, maddi və mənəvi aləm, 4 - dörd ünsür, 6 - altı cəhət və dünyanın 6 gündə yaranması, 8 - behişt, 9 - fələk, 12 - bürc və ya on iki imam, 17 - on yeddi rükət namaz və s. mənaları bildirir. Lakin bəzən eyni rəqəm daha çox, yəni başqa anlamlarda işlədilir. Məsələn, 5-beş vaxt namaz, beş duyğu üzvü, 5 üsuli-din İslamın təməl prinsipi, şiələrdə 5 ali kimsənə və s”.

Qeyd etmək lazımdır ki, həm dünyəvi elmlərə, həm də ilahiyyat elmlərinə əsasən göyün yeddi qatı, yerin yeddi qatı və okeanların da yeddi qatı var. Uca Allah müqəddəs Qurani-Kərimin mübarək ayələrini yeddi hərflə nazil etmişdir və məhz Həzrət Məhəmməd (s.ə.s.) “Merac”a qalxarkən Allahın hökmü ilə “Sidrətül-Müntəha”ya yüksəlmiş, yəni onu Meraca aparan mələyin hətta qalxa bilmədiyi bir məqama yüksəltmiş və burada ona artıq mələksiz, yəni bilavasitə vəhy ilə “Fatihə” surəsi, eyni zamanda, “Kövsər”, “Əl-Bəqərə” surəsinin “Ayətül-kursi” adlanan 255-256-cı ayələri, “Amənə-Rəsulu” adlanan 286-cı ayəsi nazil olmuşdur.

Nəsimi sələflərindən aldığı dərslərə rəğmən heç vaxt şeirə xəyanət etməmiş, şeir xəzinəmizi daha da zənginləşdirməkdən ötrü bütün poetik fiqurlardan, bədii ifadə vasitələrindən olduqca məharətlə istifadə edib.

Müqəddəs Qurani-Kərimdən qaynaqlanan bəlağət, bədiyyat elmləri Azərbaycan klassik ədəbiyyatını olduqca zənginləşdirib. Azərbaycan şairlərinin elmi fəhmi, poetik təxəyyülü bilavasitə Quran ayələrinin təsiri ilə inanılmaz dərəcədə işıqlanıb və bütün bəşəriyyətə örnək olacaq səviyyədə olduqca möhtəşəm əsərlər yaratmağa yönəldib. Bu da öz növbəsində şairlərin ədəbi irsində bədii təsvir sisteminin qurulmasına müsbət təsir göstərib. Məsələn, Quranın bir sıra ayələri var ki, “əks” adlanan poetik qəlibə uyğun həm başdan, həm sonradan oxunarkən bir-birinin təkrarı olur. Nəsimi bu cür bədii təsvir üsullarından öz əsərlərində məharətlə istifadə edib. “Hüsni-təlillər”, “əkslər”, “təbdillər”, “tədvirlər”, eyni zamanda istər klassik, istərsə də müasir poeziyada ən çox işlənən “istiarələr”, “təkrirlər” onun şeirlərinin bəzəyidir:

Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,

Ağlamayım, neyləyim, çün gövdədən can ayrılır.

Ey sənəm, hicran əlindən naleyi-zar eylərəm,

Gözlərimdən sanasan, dəryayi-ümman ayrılır.

Ol səbəbdəndir ki, mən bimarü rəncur olmuşam,

Xəstə könlüm mərhəmi, şol dərdə dərman ayrılır.

Nəsimi əruz vəzninin bir çox bəhrlərində, xüsusən “həcəz” və “rəməl”də qəzəllər yazıb. Onun “Divan”ında həcəz bəhrində 70, rəməl bəhrində isə 96 şeir var. Lakin şair rəcəz, münsərih, müzare, xəfif, mütədarik və digər bəhrlərdə də əsərlər yaradıb. Onun qəzəllərinin bədii-emosional imkanları hüdudsuzdur. Şair Azərbaycan dilində qəzələ zəngin üslub çalarları gətirib. Onun milli şeirimiz qarşısında ən böyük xidmətlərindən biri xalq üslubunda yaratdığı qəzəllərdir. Bu şeirlər Nəsiminin ədəbi irsində çoxluq təşkil edir və əsasən əruz vəzninin oynaq bəhrlərində yazılmış səlis koloritli nümunələrdir və ürəyəyatımlı ahəngləri ilə nəğmə-təranə məqamındadır:

Mehri ruhun tabinə düşdü könül, yanədir?

Şəmə düşən narına yansa gərək ya nədir?

Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil

Şəminə gör canımı, kim necə pərvanədir.

Əruz vəzninin sirlərinə mükəmməl yiyələnmiş şairin qəzəlləri əlvan məcazlar silsiləsi ilə zinətlidir. Şair bədii fiqurlardan yaradıcı şəkildə istifadə etməklə, doğma xalqın lüğət fondu əsasında da bu silsiləni dolğunlaşdırıb.

Tarixi mənbələrə görə, Nəsimi, Nəimi Şah Fəzlullah ibn Əbu Məhəmməd Təbrizinin naibi olmuş və Nəimi hökmdar Əmir Teymurun oğlu Miranşahın əmri ilə qətlə yetiriləndən sonra hürufiliyi təbliğ etməyə başlamışdır. Nəimi tərəfindən yaradılan və Nəsiminin üzvü olduğu hürufilik müqəddəs Qurani-Kərimin hərflərinin dünyanın və kainatın sirlərini ehtiva eləməsini göstərən bir təriqət idi. Nəiminin yolunu davam etdirən Nəsimi yazırdı:

Sirri ənəlhəq söylərəm, aləmdə pünhan gəlmişəm,

Həm həq derəm, həq məndədir, həm xətmi-insan gəlmişəm.

Nəsimi bizə yol göstərir. O bizə Allahın həqiqətlərini, Quranı, həzrət Məhəmmədi (s.ə.s.), əhli-beyti, imamlarımızı, vətənimizi, torpağımızı, dilimizi, dinimizi, milli və dini dəyərlərimizi, elmimizi, ədəbiyyatımızı, adət-ənənələrimizi, əcdadımızı, soykökümüzü, sələflərimizi sevməyi anladır, böyüyə, ağsaqqala, ağbirçəyə hörmət etməyin nə qədər dəyərli olduğunu və bu dünyada halallıqla ömür sürməyin vacibliyini bəyan edir.

Dahi şairin əsərləri əslində bizlər üçün dərsdir, öyüd-nəsihətdir, tövsiyədir, ilk növbədə isə İslam hökmlərinin və əxlaqının bir aynasıdır. Bu səbəbdən də Nəsimini oxumaq, öyrənmək, yeni baxışlarla tədqiq və təhlil eləmək çox vacibdir. Nəsimi bir dünyadır, belə ki, biz bu dünyanın dərinliklərinə vara bilsək, həm özümüz, həm xalqımız üçün çox şeylər əldə edə bilərik. Nəsimi dünyasında heç bir xəta yoxdur, hər şey çox gözəl, çox pak və safdır. Çünki Nəsimi, Allahın kainatın, həyatın, varlığın, mövcudatın, məxluqatın tək yaradanı olduğunu, onun bəşər övladına bəxş etdiyi müqəddəs Qurani-Kərimin misilsizliyini, həzrət Məhəmmədin (s.ə.s.) bəşəriyyətin xilası üçün nicat gəmisi olduğunu incələnmiş, nəqşlənmiş, cilalanmış, heyrətamiz poetik qəliblərlə, bədii ifadə vasitələri ilə olduqca rəvan və aydın şəkildə nəzərimizə çatdırıb. /Azərtac/

Yenililklər
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.