Yavuz Akpınar haqqında dəyərli kitab
14.01.19
Ankaranın “Bengü” nəşrlərı seriyasından olan “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis tərtibli kitabı nəşr edilib.
Nazim Muradov və Yılmaz Özkayanın redaktorluğu ilə təqdim olunan 840 səhifəlik kitab Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin araşdırılmasında öncülük etmiş, Mirzə Fətəli Axundzadənin komediyalarının, bir çox bədii əsərlərin Türkiyədə nəşrində və üniversitetlərdə tədqiq olunmasında böyük xidmətləri olan professor Yavuz Akpınarın həyat və yaradıçılıq yoluna işıq salır.
Kitabın redaktorlarından və tərtibçilərindən olan Egey Universitetinin dosenti Yılmaz Özkaya deyir ki, professor Ali Yavuz Akpınar türk dünyasında böyük bir nəslin yetişməsində, türkçülük ənənələrinin oyanış və formalaşmasında əvəzsiz xidmətləri olan ziyalıdır: “Bu kitabın hazırlanması da çoxdan planlaşdırılmışdı, nəhayət ki, ərsəyə gətirib, hörmətli və çox tələbkar müəllimimizin adına layiq şəkildə nəşrinə nail olduq. Kitab təkcə mənim yox, indi Quzey Kiprdə çalışan Nazim müəllimin, eləcə də onlarca məsləkdaşımızın, bizlərə təkcə elm yox, həm də həyat dərsləri vermiş ustadımızın adına bir ərmağandır”.
İllərdir, Türkiyədə Azərbaycan ədəbiyyatından, mətbuatından söz düşəndə ilk Yavuz Akpınarın adı dilə gəlir. O, Türkiyə ilə türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olub, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar İsa Həbibbəyli, Anar, Elçin, Kamil Vəli Nərimanoğlu, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadıq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi yazıçı və ziyalılarla dosluq əlaqələri qurub. Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o olub. Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında bir çox elmi araşdırmaların müəllifi olan professor bu istiqamətdə çoxsaylı elmi işlərə rəhbərlik edib.
Yavuz Akpınar Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur. Hələ Sovet dövründə müasir Azərbaycan ədəbiyyatının banisi olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə edib. Azərbaycanın təbliğində gördüyü işlər görə, 1989-cu ildə Dövlət Mükafatına, 2017-ci ildə “İlin elm adamı” mükafatına layiq görülüb. Onun mətbuat tariximizin araşdırılmasında, Türkiyəyə və türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. “Kaspi”nin rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan da o olub, qəzet rəhbərliyini səyləri ilə bu tarixi arxiv alınıb Azərbaycana gətirilib, rəqəmsal nüsxələr “Kaspi”nin elektron səhifəsində yerləşdirilib.
Türkiyədə Cənubi Azərbaycandan Səhəndin və Şəhriyarın şeirlərinin, bəzi ədəbi mətnlərin nəşri İranda qadağan edildiyindən, əlyazması şəklində əldən ələ gəzəndə, onların Türkiyədə çapına nail olan da, məşhur “Heydərbabaya salam” poemasını Türkiyədə təqdim edən də Yavuz Akpınar olub. Y.Akpınar universitet tələbələri üçün “Çağdaş türk ədəbiyyatları” (XIX-XX əsrlər) adlı iki cildliyin həm baş redaktoru olub, həm də bu əsərin giriş, Azərbaycan, Kırım, Tatar ədəbiyyatları hissələrinin müəllifidir.
İbrahim Bozyellə birlikdə nəşr etdirdikləri “Qardaş ədədiyyatlar” jurnalı türk dünyasının tanıdılmasında çox böyük işlər görüb. Professor müsahibələrinin birində bildirib ki, bu dərgi vasitəsilə Türkiyədəki ədəbiyyat adamlarını türk xalqlarının ədəbiyyatları ilə geniş bir şəkildə tanış edə bildik. Jurnal Türkiyədə və diğər türk ölkələrində gözlədiyimizdən də çox populyarlıq qazandı. Bu gün qürurla söyləyirəm ki, bu jurnal İrana, Çindəki uyğurlara, Kiprə, Balkanlara qədər gedib çıxırdı. Sovetlər Birliyi dağılandan sonra onun əhəmiyyəti daha da artdı. 45 sayı nəşr olunan jurnal Türkiyədə yalnız Azərbaycan ədəbiyyatını deyil, özbək, türkmən, tatar ədəbiyyatının da tanıdılmasında əvəzi olmayan xidmətlər göstərdi.
Geniş oxucu auditoriyasına təqdim olunan “Türkiyə ilə türk dünyası arasında bir körpü: Yavuz Akpınar ərmağanı” adlı nəfis kitabda Azərbaycan ziyalılarının tanınmış nümayəndələri olan İsa Həbibbəyli, Anar, Kamil Vəli Nərimanoğlu, Vilayət Quliyev, Egey Universitetinin professorları Aydın İbrahimov, Ürfər Nuriyevin və eləcə də türk dünyasının ünlü elm adamlarının Yavuz Akpınar haqqında səmimi qeydləri yer alır. /525.az/
|