Əjdər Tağıoğlunun “Moisey Xorenatsi anonim keşiş müəllifdir” kitabı çap olunub
01.11.18
Türkiyədə “Doğu Kütüphanesi”nin nəşriyyatında Turan Araşdırma Mərkəzi İctimai Birliyinin sədri, filoloq-tarixçi, ictimai-siyasi xadim, türkçü alim professor Əjdər Tağıoğlunun (İsmayılovun) “Erməni xalqının saxta “tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından erməni “tarixşünaslığı”nın şah damarını kəsən əsəri, “Moisey Xorenatsi anonim keşiş müəllifdir” adlı kitabı türk dilində “Sahte ermeni tarihi ve sahte keşiş yazar Movses Horenatsi” adı ilə çapdan çıxıb.
Əsərin tərcüməçisi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı Nargis, redaktor, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlu, baş redaktor tanınmış yazıçı, naşir, jurnalist, tarixçi və tədqiqatçı Erol Cihangirdir.
Xatırladaq ki, Azərbaycan oxucularına 2016-cı ildə təqdim edilən bu elmi əsər kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən “erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin “erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş “Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları “qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir. /Azərtac/
|