“Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı olub
18.10.18
Abdulla Şaiqin mənzil-muzeyində filologiya üzrə elmlər doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, qabaqcıl maarif xadimi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Baba Babayevin “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyasının təqdimatı keçirilib.
Muzeydən bildirilib ki, monoqrafiyada müəllif görkəmli ədib Abdulla Şaiqin nəsr yaradıcılığını, onun ədəbi irsini konseptual şəkildə araşdırıb. Kitabda nəsr əsərlərinin müxtəlif nəşrləri arasındakı fərqlər üzə çıxarılıb, janr, metod və digər sənətkarlıq məsələlərinə aydınlıq gətirilib. Bildirilib ki, “Abdulla Şaiqin nəsr yaradıcılığı” monoqrafiyası müəyyən əlavələrlə, 1999-cu il nəşri əsasında hazırlanaraq çap olunaraq elmi ictimaiyyətə təqdim edilib.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri, Azərbaycan Menecment və Turizm Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri iştirak ediblər.
Mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Abdulla Şaiq irsinin tədqiqatçıları, professorlar Təyyar Salamoğlu, Əlizadə Əsgərli, Alxan Bayramoğlu, İslam Qəribli, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva və başqaları Abdulla Şaiqin epik yaradıcılığını milli nəsr tariximizdə özünəməxsus mərhələ adlandıraraq, yazıçının epik irsini XX əsrin əvvəllərindən altmışıncı illərədək nəsrin bədii yaradıcılıq axtarışlarının inkişaf səciyyələri və istiqamətlərinin müəyyənləşməsi baxımından etibarlı məxəz kimi dəyərləndiriblər.
Tədbir bədii hissə ilə davam edib. Muzeyin könüllüsü Pərvin Niftəliyeva tədbir iştirakçıları üçün Abdulla Şaiqin “Köç” hekayəsindən “Məşğələlərim” parçasını səsləndirib.
Sonda Baba Babayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib. /Azərtac/
|