Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək
04.09.18

Sentyabrın 27-30-da Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və incəsənətin yaşadılması məqsədi daşıyan Festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Altı əsr əvvəl yaşamış böyük şair İmadəddin Nəsiminin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar məna qüvvəsi və kəsərli səmimiliyi ilə hər kəsi vücudun sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarına seyr etməyə çağırır.

Festival şairin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.

Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq. Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim ediblər. Festival çərçivəsində, həmçinin muğam və mənəviyyata səsləyən musiqilər ifa olunacaq.

Şamaxının Meysəri kəndində “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyalarının bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş libaslar nümayiş etdiriləcək.

Daha sonra AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Proqramda Sahib Paşazadə, İrşad Hüseyn (Azərbaycan), Ali Phi (İran), Sati Kazanova (Rusiya), Rabih Beaini (Livan/Almaniya), Abdel Karim ( Livan), "Hanoy" dueti: Nguen Le (Vyetnam/Fransa) və Ngo Hong Quang (Vyetnam), Görkem Şen (Türkiyə), “Ar Bərd” dueti (Fransa) iştirak edəcəklər.

Sentyabrın 28-də isə Bakıda, Heydər Əliyev Mərkəzində almaniyalı alim, tanınmış nəsimişünas Mixael Hessin (Michael Hess) “Nəsiminin müasir kontekstlərdə dərk edilməsi” mövzusunda mühazirəsi keçiriləcək.

Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş “Canlı həyat” (“Live Life”) sərgisi London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıda Heydər Əliyev Mərkəzində təqdim olunacaq. Sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır.

Heydər Əliyev Mərkəzində Birləşmiş Ərəb Əmirliklərinin Barcil İncəsənət Fondunun (Barjeel Foundation) təqdim etdiyi “Hürufiyyə” sərgisi isə 26 rəngkarlıq və qrafika əsərlərindən ibarət olacaq. Bu əsərlər bir sıra ərəb ölkələrində yaşayan, müasirlərimiz olan rəssamlara aiddir və “hürufiyyə” (hərflər, xəttatlıq üzərində qurulan təsvirlər) adlı, son 20 ildə geniş vüsət almış cərəyanı nümayiş etdirir. Ekspozisiyada, həmçinin Azərbaycanın Əməkdar rəssamı Tərlan Qorçunun bir neçə rəsm tablosu təqdim olunacaq.

Daha sonra proqram “ambient musiqi” janrının yaradıcısı, görkəmli britaniyalı bəstəkar Brayan İnonun (Brian Eno) “77 milyon rəsm” musiqi və video-art instalyasiyası ilə davam edəcək. Bu əsər indiyədək Tokio, London, Nyu-York, Buenos-Ayres, Barselona, Sidney, Mexiko, Keyptaun, Roma və digər şəhərlərdə nümayiş olunub.

Tədbirin rəsmi açılış mərasimi də Heydər Əliyev Mərkəzində keçiriləcək. Belə ki, sentyabrın 28-də axşam Mərkəzdəki konsert proqramında Nəsiminin şeirləri təqdim olunacaq, muğamlardan parçalar, XIII-XIV əsr görkəmli Azərbaycan musiqiçisi Əbdülqadir Marağayinin bəstələri üzərinə gənc və orta nəsil bəstəkarların Azərbaycan Milli Konservatoriyasının nəzdindəki “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı üçün yeni işləmələri, dahi bəstəkar Fikrət Əmirovun “Nəsimi haqqında Dastan” əsəri, Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın Nəsiminin sözlərinə bəstələdiyi “Dua” mahnısı səslənəcək. Konsertdə Azərbaycan əsilli, tanınmış britaniyalı müğənni Sami Yusif də çıxış edəcək.

Festivalın həmin günü Kamera və Orqan musiqisi zalında Azərbaycanın əməkdar artistləri Rain Sultanov və İsfar Sarabskinin mənəviyyat və əbədi dəyərləri vəsf edən “Silsilə” (“Cycle”) musiqi layihəsinin təqdimatı ilə başa çatacaq. Bu layihədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edəcək.

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində tanınmış yoqa ustası Nandan Qautam (Nandan Gautam) ilə “Bədii yoqa sessiyası” keçiriləcək. N.Qautamın keçirdiyi məşğələni özünün müəllifi olduğu musiqi müşayiət edəcək.

Sentyabrın 29-da, həmçinin Şirvanşahlar sarayında görkəmli alman bəstəkarı Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək. Bəstəkar əsərdə bir not belə yazmadan, öz vəzifəsini ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib etməkdə görüb. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə onlar həm müəllifdən, həm də bir-birinin ifasından ilhamlanmış olurlar. Musiqiçilərin eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı müxtəlif guşələrində yerləşdirilməsi sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni təcəssüm etdirir. Müasir kommunikasiya vasitələri ilə bu ayrı-ayrı musiqi ifaları birləşdirilib, internet vasitəsilə canlı yayımlanacaq. Layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər – Azərbaycandan əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və xarici ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato ( Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.

Sentyabrın 29-da, həmçinin Daş Salnamə Muzeyində dünyaşöhrətli amerikalı iqtisadçı Ceremi Rifkinin (Jeremy Rifkin) “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” adlı videomühazirəsi olacaq, ardınca isə sual-cavab sessiyası keçiriləcək.

Daş Salnamə Muzeyində, eyni zamanda, ölməz Nəsimidən ilhamlanaraq hazırlanmış “Bahariyyə” adlı musiqi layihəsi təqdim olunacaq. Səhnədə beş muğam ifaçısı ilə yanaşı, elektron musiqi ifaçısı da çıxış edəcək; Teyyub Aslanov (xanəndə), Əliağa Sədiyev (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (zurna və balaban), Kamran Kərimov (nağara), Fərhad Fərzəliyev (elektron musiqi və səs dizaynı).

Həmin gün, həmçinin Dənizkənarı Milli Parkda “DanceAbility” inklüziv metodu ilə rəqs edən qrupun çıxışı olacaq. “DanceAbility Azərbaycan” təşkilatının üçhəftəlik təlimləri nəticəsində ərsəyə gələcək bu çıxış zamanı həm sağlam, həm fiziki imkanları məhdud şəxslər bir araya gələrək rəqs və hərəkətlə özlərini ifadə etmək sevincini paylaşacaqlar. Bu rəqslər Bakı bulvarına Nəsiminin insanda ali və kamil bir məxluq görmək fəlsəfəsinin ruhunu gətirəcək.

Sentyabrın 30-da isə Bakının Qala qəsəbəsində istifadəsiz qalan sənaye anbarında “Açılan divar” ictimai incəsənət layihəsinin təqdimatı olacaq. Layihədə 10-dək yerli və xarici “urban art” (şəhər mühitində incəsənət) rəssamı iştirak edəcək, binanın divarları üzərində öz əsərlərini yaradacaqlar. Bunların arasında ABŞ, Cənubi Afrika, Braziliya, Belçika, İspaniya və Fransa rəssamları olacaq. Uşaq və yeniyetmələr əsərlərin yaradılması prosesini yaxından müşahidə edib, ustad rəssamların rəhbərliyi ilə rəsmlər çəkəcəklər. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri daha sonra həmin eskizləri binanın divarlarına böyük ölçüdə əks etdirəcəklər.

Həmin gün “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksində “Tullantıdan incəsənətə” sərgisi və “Daşın nəğməsi” layihəsi çərçivəsində yaradılmış əsərlərlə tanışlıq olacaq, Paraqvayın məşhur, uşaq və yeniyetmələrdən ibarət “Recycling” orkestrinin (tullantılardan təkrar emal olunmuş musiqi alətlərindən ibarət orkestr) konsert proqramı təqdim ediləcək.

Festival günlərində İçərişəhərin valehedici cazibəsi ilə incəsənətin qovuşması qonaqları qədim Bakıya səyahət etdirəcək. İçərişəhərdə sərgilər, instalyasiyalar, videoproyeksiyalar nümayiş olunacaq, poeziya nümunələri və musiqi səslənəcək, teatr tamaşaları təqdim ediləcək. Nəsiminin misralarına yazılmış nəzirələr İçərişəhərin dar küçə və dalanlarında qeyri-adi tərzdə – məsələn, divar üzərində xəttatlıq şəklində, yaxud səs yazısında, hətta “QR kod” texnologiyası əsasında hər hansı bir mənzərə üzərində “canlandırılaraq” izləyicinin qarşısına çıxacaq.

Festivalın sonunda Bakı Media Mərkəzində Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində İmadəddin Nəsiminin xatirəsinə həsr olunan şeir müsabiqəsinin qalibləri mükafatlandırılacaq.


Yenililklər
02.12.20
İntiqam Yaşarın Təbrizdə kitabı çap olunub
02.12.20
Günel Natiqin "Ədəbi talelər” kitabı çapdan çıxıb
02.12.20
Küyülü Nəccari Səid - Ah, Pikasso!
27.11.20
Elnarə Qaragözova- Kamal Abdullanın postmodern nəsrində oxşar obrazı
27.11.20
Vilayət Quliyev - Kəndimizin erməniləri
27.11.20
Təranə Vahid - Qorxu çiçəkləri
27.11.20
Mərahim Nəsib - Səni də dəyişən noyabr oldu
24.11.20
Qulu Ağsəs - Ağ alınlı qızılı atların vətəni
24.11.20
“Xaqani Şirvani həyatı və yaradıcılığı” kitabı çap olunub
17.11.20
Ermənilərin alban məbədlərinə iddialarının əsas səbəbləri nədir?
17.11.20
Professor Şamil Salmanovun seçilmiş əsərləri nəşr olunub
17.11.20
Hüseyn Cavidin “Knyaz” faciəsi ilk dəfə ayrıca kitab halında nəşr olunub
17.11.20
Beynəlxalq və yerli ekspertlər Şuşaya səfər edəcəklər
17.11.20
Mədəniyyət Nazirliyinin əməkdaşları işğaldan azad edilmiş torpaqlara təhkim olunub
17.11.20
Rocer Fritsin "Maqnit insanlar" kitabı Azərbaycanda nəşr edilib
16.11.20
Gülnar Səma -  Kəndimizin könüllü şəhidi
14.11.20
Türkiyədə mühacir yazıçı və jurnalist Məmməd Sadiq Aran haqqında kitab çap olunub
14.11.20
Nadir Əzhəri: “Uçan buludlar” hekayəsində modern baxışın izləri
14.11.20
Prezident təqaüdçüsü müharibə uşaqlarına kitab həsr etdi
14.11.20
Yohannes Keskinen: “O dönəmdə Moskva yönətimi "parçala və hökm sür" siyasətini fəal bir şəkildə həyata keçirirdi”
13.11.20
Musa Yaqubdan 50 yaşlı möhtəşəm Şuşa şeiri
13.11.20
“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap olunub
13.11.20
“Nobel qardaşlarının ilk uğuru” filmi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək
13.11.20
Bəstəkarlar İttifaqı “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi üzrə öz fəaliyyətini davam etdirir
13.11.20
TÜRKSOY-un Baş katibi: "Türk aləminin mədəniyyət xadimlərinin səsləri Şuşadan dünyaya yayılacaq"
13.11.20
Nailə Adilqızı - Ucalsın göylərə bu haqq səsimiz
12.11.20
Səadət Kərimi: “Biz birləşib, güclü və qətiyyətli olanda Tehranın da, Kremlin də polemikası dəyişir”
12.11.20
Şuşanın Tarixi Mərkəzi dünya irsi elan edilməsinə layiqdir
12.11.20
Azərbaycan ərazisində xristian dini mirasının qorunmasını daim diqqətdə saxlayacağıq
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.