Qətibə Vaqifqızı: Müznibin adı "Vahid Türk dövləti yaratmaq arzusunda olan bir şəxs” kimi qeyd edilmişdi

03.09.18

"Cümhuriyyət ədəbiyyatı” layihəsi çərçivəsində Səxavət Sahilin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, türkoloq Qətibə Vaqifqızı ilə şair, ədəbiyyatşünas, naşir, tərcüman Əliabbas Müznib haqqında müsahibəsini təqdim edir: 
 
  – Qətibə xanım, Əliabbas Müznib ədəbi fəaliyyətinə görə çar Rusiyası dövründə Sibirdə sürgündə olub. Müznibin Cümhuriyyətdən əvvəlki dövr fəaliyyətini necə dəyərləndirirsiniz?
   – 2003-cü ildə Əlyazmalar İnstitutunda işləməyə başladığım ilk günlərdə mərhum şöbə müdiri Mehri Məmmədova Əliabbas Müznibin arxivindəki materialları nəzərdən keçirməyi, maraqlı faktlar əsasında məqalə hazırlamağı məsləhət gördü. Arxivi nəzərdən keçirdikcə, maraqlı faktlar axtarmağın mənasız olduğunu gördüm. Çünki hər bir vərəqin altında böyük bir xəzinə yatırdı. Bu məlumatlar, faktlar, sənədlər, o qədər qiymətli idi ki, mən illər sonra da bu arxivin tədqiqini davam etdirəsi oldum. Əlabbas Müznibin Əlyazmalar İnstitutunda qorunan arxivində 387 saxlama vahidi altında, əsasən onun avtoqrafları olan əlyazma materialları saxlanılır. Bu materiallar içərisində onun tərcümeyi-halı, məktublar, şəxsiyyətinə aid sənədlər, əsərləri, müxtəlif illərdə və müxtəlif mətbu orqanlarda nəşr etdirdiyi, tədqiqat üçün topladığı əlyazmalar, ayrı-ayrı şəxslərin ona verdiyi kitablar, onun yazdığı və ona yazılan məktublar və fotoşəkillər vardır. Bu gün şair, naşir, ədəbiyyatşünas, türklük sevdalısı, "Cümhuriyyətin milli şair”i Əliabbas Müznibin şəxsi arxivinin təsviri kitabı nəşrə hazırlanır.
  Arxivdəki məlumatlardan, faktlardan aydın olur ki, bu il 135 illik yubileyi qeyd olunacaq Əliabbas Müznibi Azərbaycan ictimaiyyəti, elmi və ədəbi camiəsi həm tanıyır, həm də tanımır. Kimdir Əliabbas Müznib? 1883-cü ildə Bakıda yoxsul bir daşyonan ailəsində dünyaya göz açan Əliabbas Müznib, Azərbaycanın hüdudlarından çox uzaqlarda tanınan görkəmli ədəbiyyat, ictimai-fikir tariximizin önəmli simalarından biridir. Onu da qeyd etmədən keçmək olmaz ki, naşir, publisist, şair, tərcüman, ictimai xadim və tarixçi Əlabbas Müznibin Azərbaycan elmi ictimaiyyətinə, Azərbaycan ədəbi aləminə yenidən tanıdılmasında, onun, bəraət aldıqdan sonra milli-mədəni tariximizə yenidən qazandırılmasında görkəmli ədəbiyyatşünas alim İslam Ağayevin əvəzsiz xidməti olmuşdur.  
  Müznibin Azərbaycan Cümhuriyyətinə qədərki fəaliyyəti o qədər zəngin ştrixlərlə əhatələnir ki... Çoxşaxəli ədəbi və ictimai fəaliyyətə malik olan Müznib həm yazar, naşir, həm şərqşünas, tarixçi, həm ədəbi tənqidçi, həm də türkçülük, turançılıq ideologiyasını əməllərində və əsərlərində əks etdirən, əqidəsindən dönməyən millətsevərdir. Cümhuriyyətə qədər Müznib təkcə üsyankar ədəbi yaradıcılığına görə deyil, həm də fəal ictimai-siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunmuş, 1912-ci ildə milli azadlıq ideyalarını təbliğinə görə Sibirə sürgünə göndərilmiş, 1914-cü ildə dini fanatizmə qarşı mübarizə apardığı üçün haqqında ölüm hökmü qərarı verilmişdir. "Məcməüş-şüəra”da ədəbi fəaliyyəti və sıx dostluq əlaqələrində olduğu Məhəmmədəmin Rəsulzadənin yaratdığı "Müsəlman gənclər təşkilatı”nda başladığı ictimai fəaliyyəti, sonralar "Müsavat”da və digər mətbu orqanlarda ədəbi, siyasi-ictimai fikirlərinin formalaşması, dünyagörüşünün milli ideallar zəminində inkişafı ilə müxtəlif istiqamətlərə yönəlir. "Şərqi-Rus” qəzetindəki yazıları ilə publisistika və naşirlik yönümlü fəaliyyəti də genişlənməyə başlayır. "Füyüzat”, "Molla Nəsrəddin” onun ideoloji dünyagörüşünün enerji qaynağı olmuşdur. "Hilal”, "Şihabi-saqib”, "Dirilik”, "Babayi-Əmir” kimi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatının bütün sahələrinə təsir edən qəzet və jurnalların naşiri və redaktoru Əliabbas Müznibin necə bir türk sevdalısı, vətənin istiqlalı uğrunda mübarizədən çəkinməyən, xalqın birliyi, diriliyi və maariflənməsi yolunda əzmlə çarpışan bir millətpərvər olduğuna şahid oluruq. 
  – Əliabbas Müznibin ədəbi fəaliyyətində bir sıra janrlara müraciət edib. Yaradıcılığına nəzər salanda ictimai-siyasi, satirik şeirlər, qəzəllər, roman, xatirələr, tərcümələr və məqaləlilərini görə bilərik. Bu qədər yazı formalarına müraciət hansı zərurətdən yaranırdı?
  – Əliabbas Müznibin dünyagörüşü milli-vətənpərvər ideallarla əhatələnmirdi, onun fikir dünyasının əsas cizgilərini bütün insanlığın xoşbəxt yaşamını təmin edən, mənəvi və mədəni əsarətdən, cahillikdən, hüquqsuzluqdan, bərabərsizlikdən uzaq, mənəvi dəyərlərin ali olduğu, qanunun və bəşəri idealların hökm sürdüyü bir cəmiyyət, bir dünya təşkil edirdi. Bəzən bu, bir az utopik ştrixlərlə əsərlərində əks olunsa da, onun bütün yaradıcılığının ana xəttini müəyyən edirdi. Bütün bu nüanslar onun ədəbi irsini rəngarəng janr və növlərlə, fərqli üslubi çalarlarla, özünəməxsus dəst-xətlə zənginləşdirmişdir. Ədəbiyyatşünaslıq, publisistika və mütərcimlik sadəcə onun iş həyatının cizgilərini deyil, həm də ruhi aləminin, mənəvi dünyasının və ən mühümü, əqidə və məfkurəsinin də hüdudlarını müəyyənləşdirirdi. Bu sərhədlər Azərbaycanla məhdudlaşmırdı, bu cizginin içinə bütün Türk dünyası, türklük elmi, türklük sevdası sığışmışdı. Sibirin donvuran bucaqlarında da isti cənub şəhərində – Bakıda olduğu kimi qaynar və alovlu olan Müznib, ruhuna hakim kəsilən Turan sevdasından əl çəkmirdi. Bəzən romantik şair, bəzən siyasi-ictimai fikirlərini bəyan edən üsyankar şair-publisist, bəzən tarixin müxtəlif səhifələrinə nəzər salan obyektiv tarixçi, bəzən Şərqin böyük tarixi-ictimai hadisələrinə biganə qalmayan, İslamın mütərəqqi dəyərlərini sxolastika və fanatizmdən uzaqlaşdırmaq məqsədi daşıyan əsərlər yazan alim, bəzən cahilliyin, fanatizmin qırmancı altında inləyən bir cəmiyyətdə geriliyə kinayə ilə gülən satirik, bəzən də millətin, xalqın həyatında mühüm rolu ola biləcək əsərlərin tərcümanı kimi çıxış edirdi.
  – 1919-cu ildə Müznib Azərbaycan Cümhuriyyətinin bir illik yubileyi münasibəti ilə keçirilən şeir müsabiqəsində birinci yeri tutub. Ənvər Paşaya da şeir həsr edib. Onun şeirləri haqqında danışardınız...
  – Əliabbas Müznib söz demək, hər hansı bir janrda, növdə qələmini sınamaq xatirinə deyil, cəmiyyətdə gördüyü və görmək istədiklərini, idealları və arzularını, ağrı və həyəcanlarını müxtəlif örnəklərdə tərənnüm edərək, təcəssüm etdirərək şeirə, sənətə çevirirdi. Müznib romantik şeirdən başlayaraq ədəbiyyatın müxtəlif janr və növlərinə müraciət etmişdir. Bu müraciətlər Müznibin özünü bir şair kimi cəmiyyətdə tanıtmaq istəyindən daha çox, onun bir şəxsiyyət və vətəndaş olaraq özünüdərkinin bədii inikasıdır, mənəvi kimliyinin göstəricisidir. Onun, xalqın milli-mənlik şüurunu oyandırmaq, "Türk balalarına türklüyü bildirmək”, ictimai-siyasi fikirlərini bəyan etmək, vətənə və millətə sevdasını anlatmaq üçün əsas silahı şeir olmuşdur. Məhəmməd Füzulu adına Əlyazmalar İnstitutunda qorunan arxivində Müznibin müxtəlif məzmunlarda, formalarda qələmə aldığı yüzlərlə, bəlkə də minlərlə şeirləri vardır. Bu şeirlərdə klassik üslubun ənənəvi motivlərindən tutmuş, XX əsrin əvvəllərində vücuda gələn bir çox bəşəri ideyaları tərənnümü olan mövzular öz əksini tapmışdır. Şeirlərinin əksəriyyətini vətənpərvərlik mövzusu təşkil edən şairin 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin bir illik yubileyi münasibəti ilə keçirilən şeir müsabiqəsinə təqdim etdiyi "Azərbaycan” şeiri ədəbi sənətkarlıq baxımından daha çox, milli-mənəvi, vətənpərvərlik hisslərinin təcəssümü kimi dəyərlidir və məncə, elə bu mahiyyətinə görə də müsabiqənin birincilərindən olmuşdur. Sonralar məhz onun "Milli şair” ifadəsi ilə yad edilməsi də bu müsabiqənin nəticəsidir və şairin mənəvi qazanclarındandır. Müznibin arxivini araşdırdıqca qarşımıza çıxan şeirlər arasında onun Türk dünyasının böyük oğlu Atatürkə sevgi və minnətlə yazdığı şeirini, Türk ədəbiyyatının böyük simalarından olan Tofiq Fikrətə, gürcü şairi və milli azadlıq hərəkatının liderlərindən olan Akaki Sereteliyə, Qafqazda və Balkanlarda yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparan, Osmanlı hərbi və siyasi xadimi Nuru Paşaya, Bakını xilas edən İslam ordusunun sıralarında olan Ənvər Paşaya və Mehmet Tofiq bəyə, "Dildə, fikirdə, işdə birlik” şüari ilə Türk dünyasını milli ittifaqa dəvət edən İsmayıl bəy Qaspıralıya və başqalarına həsr etdiyi şeirlər vətənpərvərlik duyğuları ilə dolub-daşır. Müznib əsas silahı olan qələmi ilə müxtəlif məzmunlu şeirlərində, qəzəl və mənzumələrində, heca vəznli şeir nümunələrində siyasi-ictimai məsələlərə kəskin münasibət bildirir, vətənin, millətin taleyinə biganə qalmır, gənc nəslə vətən məhəbbəti hisslərini təlqin edir, doğruluğa, sədaqətli, ədalətli olmağa, milli dəyərlərə sahib çıxmağa dəvət edirdi.  
  – Müznib yaradıcılığının dil baxımından necə dəyərləndirmək olar: Klassik, modern, yoxsa?
  – Əliabbas Müznib XIX əsrin sonlarında dünyaya gələn və XX əsrin 30-cu illərinin sonlarına qədər ədəbi-ictimai fəaliyyət göstərən ədib, görkəmli ictimai xadimdir. Milli ideallar, türkçülük, turançılıq ideyaları ilə yaşayan Müznibin yaradıcılığını dil baxımından təhlil etsək, maraqlı bir mənzərə ilə qarşılaşarıq. Çoxşaxəli yaradıcılıq yoluna sahib olan Müznibin əsərlərinin dili məzmun və formadan, əxz etdiyi motivdən, hətta xitab etdiyi təbəqənin statusundan asılı olaraq dəyişir. Klassik üslubda yazdığı şeirlərinin bəzilərində klassik kitab dili hakimdir, bu üslubun bədii-texniki göstəricilərinə əməl edərək, ərəb-fars sözlərindən, tərkib və ifadələrdən kifayət qədər geniş istifadə etmişdir. Qeyd edək ki, Müznibin şeir dili nə qədər klassik kitab dilini özündə ehtiva edirsə də, nəsr dili bir o qədər sadə və rəvan, axıcı bir türkcədədir, özünün də dediyi kimi "farslaşıb... bərbad olan” dilimizin incəliklərinə "qaydasınca, tamam-kamal” bələd olan şairin yaradıcılığının dili özünəməxsus çalarlarla zəngindir. Müznibin məzmunca rəngarəng olan şeir yaradıcılığı formaca da müxtəlifdir. Qəzəl, rübai təxmis, nəzirə, mənzum hekayə, dördlüklər, heca vəznli müxtəlif şeirlər... Və bu formalardan hər birinin özünəməxsus dili və bədii ifadə tərzi var, fərdi dil xüsusiyyətləri ilə zəngin bir bədii irsə malikdir Müznib.
  – Əliabbas Müznibin fəaliyyətində publisistikanı unutmaq olmaz. Yazdığı məqalələrində istiqlalı və milli kimliyi təbliğ edən şair yorulmadan jurnalist və naşir kimi də fəaliyyət göstərib. Onun publisistikası və naşirlik fəaliyyətindən danışardınız?
  – Müznib "Şərqi-Rus” qəzetindəki yazıları ilə publisistika və naşirlik yönümlü fəaliyyətə başlayır. "Tazə həyat” qəzetindəki addımları, bu mühitdə olmağı onu həm bir publisist, həm də naşir kimi formalaşdırır. "Füyüzat”, "Molla Nəsrəddin” onun ideoloji dünyagörüşünün enerji qaynağı olur. "Hilal”, "Şihabi-saqib”, "Dirilik”, "Babayi-Əmir” kimi Azərbaycanın ictimai-siyasi, ədəbi-mədəni həyatının bütün sahələrinə təsir edən qəzet və jurnalların naşiri və redaktoru olan Müznib mətbuat səhifələrində müxtəlif imzalarla çıxış edir. Tədqiqatçılar doğru təsbit edir ki, XX əvvəllərində mətbu orqanlarda ən çox gizli imzalarla çıxış edən müəllif Müznib olmuşdur. Zənbur qəzetindən başlayaraq "Vaq-vaq cinani”, "Azər”, "Arıq”, "Lağər”, "Qəsim”, "Nəsim” və s. imzalar altında müxtəlif qəzet və jurnallarda öz fikir və görüşlərini yaymışdır. "Bəriqə”, "Saiqə”, "Yanğın” başlıqlı müxtəlif köşə yazıları ilə mətbu orqanlarda ardıcıl olaraq yazılarını çap etdirmişdir. Müznib bütün fəaliyyətində olduğu kimi publisistik yazılarında, naşirlik sahəsində etdiyi işlərində də vətənin taleyini, millətin rifahını ön planda saxlayır. Müznibin açıq və kəskin yazıları onun naşiri və ya redaktoru olduğu mətbu orqanların ömrünü qısa etsə də, şair heç vaxt öz əqidəsindən dönmür. Əslində, çox zəif vücuda sahib, xəstəhal olan, bir gözünü itirən Müznib öz fitrətində cəsur, qəhrəman, sözündən, amalından dönməyən bir vətən fədaisi yaşadırdı. Onun "Nə etməliyik” və "Məqsədimiz” adlı məqaləsində milli publisistikanın, yazarların, jurnalistlərin qarşısında duran vəzifələr, onların əsas amalları aydın dillə bəyan olunur. "Hər kəs bildiyini edir, xoşuna gələni yürüdür, düşündüyünü həqq-həqiqət sanır...” deyərək dövrünün mətbuatını əhəmiyyətsiz mövzulardan uzaqlaşıb, millətin dərdinə əlac olan, xalqı irəliləyişə aparan yazılar ortaya qoymağa təşviq edir. "Babayi-Əmir” jurnalının 1916-cı il, 16-cı sayında çap olunan "Rəqabəti-mətbuat” başlıqlı məqaləsində "Rəqabət yaşamağın böyük qüvvələrindən biri, bəlkə birincisidir. Rəqabətsiz irəliləmək, izzət ilə yaşamaq mümkün deyil...” deyərək mətbuatdakı rəqabətdən bəhs edir, saxta xəbərlərin, qara və çirkin fikirlərin həqiqət məqamına oturduğunu, beləliklə, mətbuata ehtiram və inam qalmadığını yazır. Çox təəssüf ki, bu məsələlər, bu ağrılı nüanslar bu gün də mətbuatımıza yad deyil, iftira, məsuliyyətsiz yazılar, kiməsə sataşmaq, kimisə gözdən salmaq məqsədi daşıyan yazılar dövrümüzdə də az deyil. "Rəqabət öylə deyildir. Rəqabət hər nədə olursa-olsun ciddiyyət və ləyaqətlə olar. Hakəza mətbuatını çoxlu işə vermək istəyən mündəricatına və nəfasəti-təbinə diqqət etməlidir, yazısını gözəlləşdirməlidir. Oxucuların rəğbətini qazanıb bollu əsərlər nəşr etməlidir. Yoxsa... əsər çoxalmaz, oxumaq tərəqqi etməz, mətbuat irəli getməz” deyir Müznib. Fikrimcə, bu cəhətlərə bu günün mətbuatı da diqqət yetirməlidir. 
  – Onun türk ədəbiyyatı, türk tarixi ilə bağlı araşdırma apardığı məlumdur. Xüsusən də qədim türk ədəbiyyatı haqqında yazdığı yazılar diqqəti çəkir. Müznibin Orxon Yenisey abidələri, Qədim türklər və türk dillərinin dialektləri haqqında araşdırmalarından danışardınız?
  – Ədibin yaradıcılıq yolunu təhlil edən İslam Ağayev onu "Milli keçmişimizin yorulmaz tədqiqatçısı” adlandırmışdır. Müznibin çoxşaxəli elmi, ədəbi və ictimai fəaliyyətinin mühüm bir hissəsini onun türkologiyaya, türk dillərinə, türk xalqlarının tarixinə dair yazdığı araşdırmaları, məqalələri tutur. Arxivdə Müznibin qədim türk tarixi, qədim türk ədəbiyyatının ilkin örnəkləri haqqında da əlyazmaları diqqət cəlb edir. Qədim türk ədəbiyyatının erkən dövrlərinin nümunələri hesab edilən Orxon-Yenisey abidələri haqqında məlumat verən, Kül Tigin abidəsini araşdıran Müznib ardıcıl olaraq qədim türk tayfaları, qədim türk yurdları, qədim yazılı abidələrimizin tədqiqi ilə maraqlanmış, bu barədə müxtəlif səpkili, yüksək elmi əhəmiyyəti olan məqalələr yazmışdır. Onun arixivini tədqiq edərkən qarşıma çıxan qiymətli sənədlərdən biri də Kül Tigin abidəsinin cənub hissəsinin qədim türk əlifbası ilə olan nüsxəsidir. Müznibin arxivində Kül Tigin abidəsinin cənub tərəfinin saralmış kağızın bir üzündə çap olunmuş tam variantı vardır. Üstündə latın qrafikalı Azərbaycan əlifbası ilə "VIII əsr Kül Tigin, Bakı” qeydi yazılmışdır. "Oğuz türkləri”, "Doqquz oğuzlar”, "Küp qəbirlər”, "Türkcə qəzəllər”, "Türk ulusu, oymaq birliyi”, "Türk imperatorluğu – Elxanlığı” adlı məqalələri xalqda milli özünüdərki təlqin edilir. Təəssüflə qeyd etmək lazımdır ki, Müznibin "Dirilik” jurnalının 1914-cü il, 16 sentyabr 1-ci sayında çap olunan "Məqsədimiz” adlı məqaləsində, qardaşı, repressiya qurbanı Əmin Abidlə məktublaşmalarında bəhs etdiyi "Türk tarixi” kitabı hələ də əldə edilməmişdir. Bir məqamı da qeyd etmək istərdim ki, Müznibin qardaşı Əmin Abid Gültəkinə məxsus olan çoxlu sayda əlyazmalar, sənədlər da qorunur. Arxivdə dil dərsləri üçün hazırladığı mühazirə mətnləri, planlar, dilin dialekt bölünməsi, dil normaları və yarusları, sosial linqvistika sahəsinə dair maraqlı və qiymətli faktlarla zəngin olan əlyazmaları vardır. 
  – Xalq Cümhuriyyəti devrildikdən sonra, 1926-cı ildə o, jurnalistika və ədəbi fəaliyyətindən uzaqlaşdırılır. Müznib kommunistlər üçün hansı təhlükəni törədirdi?
  – 1920-ci il 28 apreldə bolşeviklərin hücumu və içimizdə olan satqınların səyi nəticəsində süquta uğrayan milli hökumətin yerinə bolşeviklər gəldikdən sonra Müznib də bəzi əqidə dostları kimi sovet hakimiyyətinə ümidlərlə yaşadı. Əslində, ilk illər yeni quruluşdan imdad uman Müznib ciddi-cəhdlə xidmətlərini əsirgəmir, bir çox ictimai vəzifələrdə də çalışır, Qarabağ üzrə fövqəladə komissiyanın katibi kimi Şuşaya ezam olunur, mətbu orqanlarda redaktor kimi çalışır, "Kommunist” qəzetində fəal çıxış edir, Qubaya ezam edilərək, orada mətbuat işləri müdiri işləyir. Lakin zaman keçdikcə o da bütün ümidlərinin mənasız olduğunu, saxta sosial bərabərliyin arxasında istibdadın və şovinist istəklərin durduğunu anlayır. Elə 1926-cı ildə isə gözlənilmədən təqaüdə göndərilməsinin ilkin səbəbləri bir tərəfdən "Molla Nəsrəddin”, "Damğa”, "Kəndçi”, "Kommunist” qəzetlərində qələmə aldığı tənqidi xarakterli yazılar idisə, digər tərəfdən Cümhuriyyət dövründə göstərdiyi xidmətlərin gizli "mükafatı”, 1926-cı ildə Bakıda təşkil olunan I Türkoloji qurultayın keçirilməsində göstərdiyi əvəzsiz rolu idi. Bunun nəticəsi idi ki, Müznibin adı siyasi şöbənin sənədlərində "Vahid Türk dövləti yaratmaq arzusunda olan bir şəxs” kimi qeyd edilmişdi. Düzdür Cümhuriyyət devrildikdən sonra Müznib mətbuatdan demək olar ki, tamamilə uzaqlaşdırıldı, lakin o, öz qələmini yerə qoymadı. Alimin şəxsi arxivini nəzərdən keçirdikdə şahid oluruq ki, XX əsrin 20-ci illərindən sonra Müznibin ədəbi-ictimai fəaliyyətində yeni bir istiqamət açılır. Bu zaman Müznib əsasən Azərbaycan ədəbiyyatına, ədəbiyyatın nəzəri məsələlərinə, klassik dövrün nümayəndələrinə, az tanınan ədiblərin həyat və fəaliyyətinin araşdırılmasına aid qiymətli materiallar toplayır, bu sahədə tədqiqatlar aparmaqla ədəbiyyatşünas alim kimi mədəniyyət tarixinə öz töhfələrini verir. Onun hər bir əsəri cəmiyyəti mübarizəyə çağıran ideoloji bir silah idi totalitar rejim qarşı, bu mənada Müznibin bütün fəaliyyəti: həm ictimai, həm də ədəbi fəaliyyəti mövcud siyasi konyunktura üçün arzuolunmaz idi, təhlükə idi.
  – Bolşeviklər onun fəaliyyət istiqamətini dəyişdirməklə kifayətlənməyərək, həbs edib yenidən Sibirə göndərirlər. Onun həbsi üçün hansı səbəblər göstərilib?
  – Cümhuriyyət dövründə xüsusi bir vəzifə sahibi olmasa da, Məhəmmədəmin Rəsulzadənin ən yaxın mənəvi silahdaşı kimi milli hökumətin ideoloji təşviqat və dəstək komitələrində könüllü xidmət etmiş, özünün də yazdığı kimi: "Sevdiyim bir şey var isə ol da millət ləfzidir; Eylərəm ol ləfzə səcdə, parə–parə olsam da mən” deyərək istiqlalını itirmiş sevdalı bir vətən oğlu kimi ömrünün sonuna qədər şovinist siyasi rejimlə, torpağını, müstəqilliyini, hür yaşamını əlindən alan imperiya ilə mübarizəsini ya açıq, ya da gizli şəkildə davam etdirdi. Xalq Cümhuriyyəti devrildikdən sonra Müznibə qarşı təzyiqlər soyuq münasibətlərlə başlanır. Nəhayət, 1936-cı ilin 7 dekabrında Müznibə qarşı əksinqilabi təşkilatın üzvü olması ittihamı ilə cinayət işi qaldırılır. Evində axtarışlar aparılan və həbs edilən Əliabbas Müznibin istintaqı 1937-ci ildə başa çatır. Müznib burjua-millətçi qəzet və jurnallarda pantürkist, panislamist ideyalar təbliğ etməsinə, Türk qoşunlarının Bakıya gəlişini alqışlamasına və Türk millətinə ehtiramına, bolşeviklərə qarşı gizli və açıq iş aparmasına, əsərlərində Bakı kommunasına böhtan atmasına, türkçülüyü təbliğ etməsinə görə xalq düşməni kimi həbs edilir, səkkiz illik cəza ilə Sibirə sürgün edilir. 1958-ci ildə DTK-ya göndərilən arayışdan məlum olur ki, cəza müddəti başa çatmamış, yəni 1938-ci ilin 28 avqustunda Vladivostokda vəfat edir. 1955-ci il 24 fevralda Azərbaycan Ali Məhkəməsi tərəfindən göndərilən arayışda bəraət alması haqqında ailəsinə məlumat verilməsinə baxmayaraq, Müznib bir çox məfkurə, amal dostları kimi uzun illər diqqətdən, ictimaiyyətdən kənarda qalır. Ədəbi irsi, ictimai fəaliyyəti işıqlandırılmır, yaradıcılığının mühüm hissəsi, xüsusən də 1907-1936-cı illəri əhatə edən zəngin irsi məhv edilir, onun Azərbaycan mədəniyyəti, ədəbi, ictimai fikir tarixindəki xidmətləri layiqincə dəyərləndirilmir. 1962-ci ildə ilk dəfə olaraq İslam Ağayev onun haqqında öz dissertasiya işində məlumat verir. Sonralar onun yaradıcılığı, fəaliyyəti müxtəlif istiqamətlərdə tədqiqatlara cəlb olunsa da, arxivi sübut edir ki, hələ də Əliabbas Müznib haqqında yetərli söz deyilməyib, onun milli-mədəni tariximizdəki mövqeyi layiqli şəkildə işıqlandırılmayıb.

Kaspi qəzeti

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.