Elçin Hüseynbəyli - Qayçı
26.04.18

Hekayə

Bir ağsaqqal həmkarımla İstanbula uluslararası konfransa dəvət almışdıq: "Türkdilli dövlətlərin ortaq mədəni irsi və araşdırmalar".

Getdik də, gəldik də. Konfrans sizinçün elə də maraqlı olmaz. Hamı bilir ki, türk arkadaşlarımız dildən pərgardırlar: uzun uzadı danışarlar, dürlü-dürlü qərarlar da qəbul edərlər, amma yerinə yetirməzlər. Hə, bir də, çoxlu şəkil çəkdirməyi xoşlayarlar. Bulağın başında, dağın döşündə, heykəlin... Nəsə.  Bütün bunlarla işim yox. Mən sizə səfərdən qayıdanda, Qacar demiş, babamın ərvahı haqqı, başımıza gələn elə bir əhvalat danışacağam ki, üzünüzdən təbəssüm, gözlərinizdən yaş əskik olmasın.

Beləliklə, getdik e...

İstanbul hava limanında rentgen yoxlamasından keçərkən gömrükçülər arkadaşımın əl çantasından şübhələndilər, təkrar-təkrar irəli-geri verib yoxladılar, sonra həmkarımı çantanı açmağa məcbur elədilər və ordan balaca bir qayçı çıxarıb kənara qoydular:

- Əfəndim, böylə şeylər yasaq, təyyarəyə kəsici, deşici olmaz.

- Necə yəni olmaz!? - deyə arkadaşım heyrətindən, az qala, qışqırdı.

- Olmaz, əfəndim, olmaz, kəsici, deşici olmaz.

- Bu, kəsici, deşici deyil e, dırnaq qayçısıdı, küçücük bir şeydi, - deyə həmkarım əllərilə, bir az da, əlacsız halda dedi.

Gömrük işçisi isə ayağını bir başmağa dirəyib durdu, hələ bir səsinin tonunu da qaldırdı:

- Olmaz, əfəndim, olmaz! Kəsici, deşici olmaz! Yasaq!!!

Həmkarım çox dilxor oldu, oxu daşa dəymiş sevgililər kimi saçları vız-vız dayandı:

- Bax, arkadaş, - dedi, - mən bunu Bakıdan gətirmişəm. Ordan keçəndə məni saxlamadılar. Yasaqdırsa, bəs niyə buraxırdılar?!

Gömrük işçisi bir az yumşalan kimi oldu, çiynini çəkdi:

- Mən bilməm, əfəndim, bizdə yasaq. Burası İstanbul!

Arxamızdakı adamlar narahat olmağa başladılar, çünki mübahisə uzanırdı, gömrükçünün də hövsələsi daralırdı:

- Dedim ki, olmaz, keçin gedin!

Bu yerdə həmkarım bir az da yazıqlaşdı, başqa varianta əl atdı:

- Bilirsiniz, bu elə belə qayçı deyil e, yoldaşımın (böyürdən pıçıldadım: eşimin), hə, hə, eşimin qayçısıdı, özü də cərrah qayçısıdı. Bundan heç yerdə yoxdu, - dedi və yazıq-yazıq növbədəkilərin üzünə baxdı, sanki onlardan imdad istədi. - Heyfdi e!

Növbəyə duranlar heç bir reaksiya vermədilər.

Gömrük işçisi:

- Bax, arkadaş, biz bunu burda saxlayırıq, bir arkadaşına de, gəlib alsın. İndi isə keçin, lütfən... gedin... yürü-yürü!

Dayanmağın yeri yoxuydu, xış kotana ilişmişdi. Mən həmkarıma dedim ki, burda dayanmağın mənası yoxdu, yaxşısı budur keçək gedək.

- Bəs evdə arvada nə deyim? Qayçı onundur e, gələndə vermirdi, bir təhər yalvarıb-yaxarıb almışam. Evdə bilsə, qanqaraçılıq olacaq.

Həmkarım "evdə qırğın olacaq" sözünü dilinə gətirməkdən utandı.

Burda sizə xəlvətcə deyim ki, həmkarım çox vasvası adamdı, qayçını da ona görə özüylə gəzdirir ki, lazım olanda dırnağını tutsun, bığını, birçəyini qayçılasın...

- Bilirsən, Bakıda belə qayçılardan var, nemetski, birin alarsan, qurtarıb gedər, bir qayçıdan ötrü təyyarəyə gecikməyəcəyik ki, - deyə onu ürəkləndirdim...

Təyyarəyə gecikmək məsələsi ortaya çıxanda həmkarım ayılan kimi oldu, əlini yellədi, yəni tüpürüm sizə də, o qayçıya da və deyinə-deyinə yoxlama məntəqəsindən keçdi.

Başqa bir növbəyə dayandıq. Bu dəfə yükümüzü yox, bizi yoxlayacaqdılar. Böyrümüzdə xeyli adam vardı. Həmkarım qayçı məsələsini heç cür unuda bilmirdi, türk arkadaşlarından yaman narazıydı. Ona görə də böyründəki birisindən qəfil soruşdu:

- Sən türksən?

Həmin adam bu qəfil və naqolay sualdan şaşırdı, gözləri kəlləsinə çıxdı:

- Əvət, türküm! - dedi və xoruz kimi həmkarımın üstünə gərildi.

Həmkarım özünü itirən kimi oldu, səhvini başa düşdü:

- O mənada soruşmuram e, sizin gömrükdə mənim qayçımı aldılar, dedilər ki, bunu təyyarəyə keçirmək olmaz.

- Qayçı nə?

- Qayçı də, dırnaq qayçısı, - həmkarım əli ilə qayçının cizgilərini cızdı, sanki müstəvidə həndəsi paralellər çəkirdi.

Türk arkadaşımız bir az duruxandan sonra başa düşdü:

- Makasmı?

- Hə, makas, makas, bax onu sizinkilər əlimdən aldılar. Dedilər ki, kəsici, deşici olmaz. Sən bilən, bu düzgündü?

- Mən bilməm, əfəndim, olmaz, deməli, olmaz: kəsici, deşici olmaz, yani.

Həmkarım ağzını qulağıma yapışdırıb bu sözləri dedi:

- Bunlar hamısı bir...

Mən dedim ki, özünü ələ alsın, bir qayçıdan ötrü qanını qaraltmasın.

Növbəmiz çatanda hamı kimi bizdən də ayaqqabılarımızı və kəmərlərimizi çıxarmağı istədilər. Həmkarım bu yeniliklə heç cür barışa bilmədi və onu bu işə məcbur edənə:

- Bilirsiniz, mən kəmərimi çıxara bilmərəm e, şalvarım yekədi, əynimdən düşə bilər, - dedi.

Nəzarətçi onun bu dediklərini ya başa düşmədi, ya da əhəmiyyət vermədi. Həmkarım deyinə-deyinə ayaqqabısını da, kəmərini də çıxardı və bir əli ilə şalvarının kəmərliyini tuta-tuta keçib getdi, hələ bir rentgen aparatında da əllərini göyə qaldırdı, incəvardan şalvarı düşmədi, yanbızlarına qədər sürüşüb dayandı.

Bu növbədən keçəndən sonra təyyarəyə mindik. "Ehtiyat çıxış" olan sırada oturduq. Əslində, mən özüm oranı istəmişdim, çünki ora genişdir, qarşında boşluqdur və ayaqlarını uzatmaq asandır.

Həmkarım yanımdakı cərgədəydi, ortamızda İstanbuldan Bakıya uçan bir sərnişin vardı. Təyyarə hələ havaya qalxmamış həmkarım ona oxşar sualı verdi. Əvvəlcə türk olub-olmamağını soruşdu, Bakıya niyə getməsiylə maraqlandı, sonra isə qayçı məsələsini, siyasətçilər demiş, gündəmə gətirdi:

- Mənim bir...

"Makas" sözünü tapmadığına görə mənim üzümə baxdı...

- Makas, - dedim.

- Hə, mənim bir makasım vardı, özü də elə beləsindən deyildi e, cərrah makasıydı, eşimin idi, zorla ondan almışdım. Amma təyyarəyə minəndə sizinkilər dedilər ki, bu yasakdır, təyyarəyə kəsici, deşici olmaz.

Yol yoldaşımız da çiynini çəkdi:

- Mən bilməm. Yasaq, deməli, yasaq.

- Yox, e, çox balacaydı, küçücük bir şey idi. Kəsici, deşici deyildi ha!

İstanbullu arkadaş yenə də çiynini çəkdi. Yol yoldaşının dərdinə şərik çıxmaması həmkarımı bərk qəzəbləndirdi. Narazı-narazı arxaya söykəndi.

Bir azdan sudan-şirədən gətirdilər.

- Sən nə içəssən? - həmkarım təcrübəli bir sərnişin kimi məndən soruşdu.

- Tomat şirəsi, - dedim.

Bələdçi qız  (stüardessa) yaxınlaşıb: "Əfəndim, çaymı, şirəmi?" soruşanda, "tomaytes" dedim.

Növbə həmkarıma çatdı:

- Mənə də bir tomates, - dedi.

Bələdçi qız təəssüfləndi ki, tomat şirəsi qurtarıb, amma ona başqa şirə təklif edə bilər, ya da bir az gözləsə, gedib gətirər.

Həmkarımın başına, elə bil, qaynar qazan boşaltdılar. Əsəbindən gözləri hədəqəsindən çıxdı.

- Heç nə istəmirəm! - dedi, - sonra da mənə tərəf dönüb, - sən öləsən, deyəsən, bunlar sözü bir yerə qoyublar, bu gün mənim ürəyimi partlatmaq istəyirlər!

- Keçib gedər, - deyə növbəti dəfə ona ürək-dirək vermək istədim.

Bələdçi qız pərt halda irəli gedib, başqa sərnişinlərdən nə içib-içməyəcəklərini soruşdu. Həmin vaxt baxdım ki, həmkarım nəsə qurdalanır, oturacağın söykəncəyini, türklər demiş, qoltuğunu arxaya itələmək istəyir, amma söykəncək  yerindən tərpənmir.

- Bu da xarab olub e, deyəsən!? - deyə öz-özünə deyinir.

- Xarab olmayıb, sadəcə ehtiyat çıxış olan sırada söykəncək arxaya getmir, - dedim.

Həmkarım mənim dediklərimə əhəmiyyət vermədi və bələdçi qızı çağırıb soruşdu ki, nə məsələdir, söykəncək arxaya getmir! Bələdçi qız da nəzakətlə cavab verdi ki, dincəlmək istəyirsə, ona başqa oturacaq təklif edə bilər.

Həmkarım daha da əsəbiləşdi. Qayçı məsələsi onu yaman göynədirdi:

- Hə, para ala bilirsiniz, - deyə barmaqlarını bir-birinə sürtdü, - mənim küçük bir makasımı gömrükdən buraxmırsınız, amma oturacağa gələndə dala çəkilirsiniz!? Mən öz haqqımı tələb edirəm! Dincəlmək də istəmirəm! Başınıza dəysin! Sonra ətrafdakılar eşidəcəyi səslə və inqilabi tonda dedi ki, onun xırda, küçücük bir makasını əlindən alıblar, hələ bu azmış kimi, indi də rahat oturmağa imkan vermirlər.

Bələdçi qız "başınıza dəysin" sözünü anlamadığına görə candərdi gülüb uzaqlaşdı.

Nəhayət, Bakıya çatdıq. Öz gömrük yoxlamamızdan keçdik. Bu zaman həmkarım qolumdan tutub məni saxladı:

- Sən canın, bircə dəyqə dayan, indi gəlirəm.

Bu sözləri deyəndən sonra o, bir gömrük zabitinə tərəf yüyürdü və əlinin işarəsindən başa düşdüm ki, makas məsələsini öyrənmək istəyir. Gömrükçü də cavabında ona nəsə dedi.

Həmkarım əllərini oynada-oynada, başını bulaya-bulaya, narazı halda qayıdıb gəldi və bunları dedi:

- Bu da onların tayıdı ki! Soruşuram, bəs qayçını biz tərəfdə niyə almadılar, orda aldılar? Nə desə yaxşıdı: "Yəqin onlarda yasaqdı da!"

Həmkarım söhbətini yağlı bir söyüşlə tamamladı...

Taksiyə mindik. Beş gün olardı ki, vətəndən çıxmışdıq. Həmkarım maraqlandı ki, bu beş gündə ölkədə nəsə qəribə, ya fövqəladə hadisə baş verməyib ki? Taksi sürücüsü də qayıtdı ki, heç nə dəyişməyib, yenə də hava limanında özbaşınalıqdı, yaşayış getdikcə çətinləşir və.s...

Bu yerdə həmkarım dözmədi, taksi sürücüsünün üstünə çəmkirdi:

- Nə danışırsan ə! Allah versin öz millətimizə, öz dövlətimizə, sən bir Türkiyəni görəydin, balaca bir qayçını gömrükdən keçirməyə qoymadılar e, özləri də adlarını qardaş qoyublar!

- Nə dedilər ki?

- Nə deyəcəklər, canlarına azar, dedilər ki, kəsici, deşici olmaz. Balaca bir qayçıya e, cıkqılı, özü də cərrah qayçısı. Sən öləsən! Həm də mənim deyildi e, arvadımın idi! Gəl indi onları başa sal...

Taksi sürücüsü:

- Ağsaqqal, niyə hirslənirsən, yəqin, doğrudan da yasaqdı da.

Həmkarım:

- Ə, burda saxla görüm! - deyə taksi sürücüsünün üstünə qışqırdı.

Hiss elədim ki, onun hövsələsi tamam daralıb, dərdinə və fikrinə şərik olmayanlara düşmən kimi baxır. Ona görə də həmkarımın qolundan ehmalca tutub sakitləşdirdim:

- Sakitləş, - dedim, - sabah mən sənə həmin qayçıdan taparam, evdə də qanqaraçılıq olmaz...

O, bir az sakitləşən kimi oldu və yolumuza davam elədik...

Danışdığımız kimi taksi əvvəlcə məni düşürdü, sonra onu aparası oldu. Maşının arxa qapısını örtəndə:

- Türklər o qayçıya nə deyirdilər? - deyə həmkarım xəbər aldı.

- Makas, - dedim, - makas.

Sağollaşdıq. O:

- Makas, makas, - deyə-deyə taksiylə birgə uzaqlaşdı. Sonra başını pəncərədən çıxardıb:

- Sən Allah, sabah yadınnan çıxmasın, ha! - deyə arxamca qışqırdı...

Avqust, 2016
Bakı

Yenililklər
15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
08.09.20
Elnura Cavadzadə - Eybəcərlər anası
08.09.20
Azərbaycan filmi Venesiya Film Festivalında nümayiş olunacaq
07.09.20
Kamal Abdullanın "Dədə Qorqud poetikasına giriş" kitabı Türkiyədə nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.