Vüsal Bağırlı - Bir məktəb əhvalatı
05.03.18

Hekayə

Yol ayrıcında dik dayanmış binanın qatı kolgəsindəki skamyada əyləşib, tıxacda mürgüləyən avtomobillər qarşısında var-gəl edən qayğılı adamları müşahidə edirdim. Titrəyən insanlar zebr işarəli keçidin üzəri ilə hey o tərəf, bu tərəfə yellənir, sanki nərdivana dırmanırdılar.
Gilavarın səmum yeli kimi gətirdiyi qaynar isti və boğucu bürkü  qızmış asfalt üzərində buğumlanan qaynar havanı bumeranq effekti ilə boynubükük dayanmış kütlənin üzərinə çırpırdı. İzdiham, ayaqları altına atdığı zibil qalaqlarını, boş butulkaları, siqaret kötüklərini tapdalayır və tüpürürdü.
Başı çalmalı, uzun ətəkli qonaq-turistlər mərmər plitələrə tüpürür, qulaqcıq taxaraq bağıra-bağıra danışırdılar. Elə yerlilər də onlardan geri qalmayaraq, “evin sahibi kimdir?” sualına eyni tərzdə cavab verirdilər.
-    Hər yeri zibilləyir, tüpürür, söyüş söyürlər. Mərifət də yox, qanacaq da. Hər şeyi bağışlayardım, amma tüpürməyi əsla - deyə yolun kənarında dayanmış, arıq, alçaq boylu, çəlimsiz qoca başını bulayaraq deyindi.
Cavab vermək məcburiyyətindəydim:
-    Yəqin məcburiyyətdən tüpürürlər!? Bir baxın, hava avtomobillərin zəhərli qazı ilə necə dolub?  Axı zəhərli havadan kiminsə ağzı acılana da bilər !?”
Yaxınlaşıb yanımda oturdu.Yorğun olduğu, üstəlik də istinin əldən saldığı aşkarca görünürdü. Mənə bir əhvalat danışmaq istədiyini bildirdi. Susmağımı razılıq kimi qəbul edib, boğazını arıtladı və siqaret çəkməkdən kallaşmış bir səslə danışmağa başladı:  
“Bu lap çoxdan olub dostum, mən məktəbli olanda. Sıradan, elə bir fərqlənən, seçilən cəhəti olmayan əyalət məktəbində oxuyurdum. Özüm  əlaçı deyildim, anam isə oxuduğum məktəbdə müəllimə işləyirdi.
Bizim  kök, gödək, top kimi yumru “zavuç”umuz var idi. Əsl adını indi xatırlamasam da, tarix dərsliyindəki məşhur monqol xanına çox bənzədiyindən ona Batıxan deyirdik. Məktəb dəhlizində yorulmadan ora-bura diyirlənən bu pivə boçkası, hər yerdə, bufetdə, zalda,  dəhlizlərdə, hətta tualetdə də bizdən əl çəkmirdi.
Günlərin bir günü, bütün sinif, sözü bir yerə qoyaraq həmişəki qaydada dərsdən qaçdıq. Səhərisi gün, məktəbə daxil olub ayağımızın ucunda, oğrun-oğrun yuxarı mərtəbəyə dırmaşmaq istərkən, Batıxan arxadan bizi haqladı:
-    Ay dəyyuslar,  artıq yığımısınız boğaza. İndi baxın halınıza !?
Qarşımızı kəsib, örüşdən qaytarılmış keçi sürüsü kimi,  üzümüzü döndərdi direktorun birinci mərtəbədəki otağına sarı.
Burada, məktəbimizin rəhbəri barədə də bir- iki kəlmə də əlavə etmək zərurəti yaranır.  Bu, burnu, bədəni, ayağı, bir sözlə, hər yeri əyri adam, direktorluqdan əlavə, həm də tamadalıqla məşğul olurdu. O, toylarda vurub yaxşıca keflənməyi xoşlayırdı.
Onun bədənində, sanki, iki ayrı-ayrı insanın ruhu qeyri-adi şəkildə birləşmişdi. Əgər  “şəxsiyyət ikiləşməsi”  ayıqkən qəddar, təkəbbürlü, yekəxana formada qabarırdısa, “dəm” halı onu mehriban, üzügülər, mərhəmətli qiyafədə təqdim edirdi. Bu cür tapmaca xasiyyət, direktoru tanıyanları son dərəcə ehtiyatlı olmağa vadar edirdi. Öz təsərrüfatını bir firon ədası, tiran hökmüylə idarə etdiyindən, bütün məktəbin əhli-rəiyyəti onun qarşısında zağ-zağ əsirdi.
Direktorun kabinetinə qədər olan məsafə qət edilərkən, sinif yoldaşlarım tez-tez mənə baxır və astadan danışırdılar. Söhbətin nədən getdiyini yalnız, sinif yoldaşım Mehmanın  pıçıltıyla onlara kömək etməli olduğumu xahiş edəndə bildim. Plana görə,  mənim “müəllim övladı”  statusum,  direktorun kabinetində ehtimal olunan axtarış tədbirlərindən kənarda qalmağıma kömək edəcəkdi.
Otağın qarşısına çatanda,  direktorun əllərini arxadan çarpazlayaraq  bir gestapo zabiti kimi dayanması  işlərin fənalığından xəbər verirdi. Boynunu qısaraq onun bizi çəp-çəp süzməsi və üzündən- yağan  qaşqabaqlı, zəhrimar ifadə, səhərdən dilinə heç nə dəymədiyinə işarəydi. Qorxudan canımıza vic-vicə düşmüşdü.
Ehtiyatla içəri girib,  boy sırası ilə masa ilə üzbəüz divarın yanında düzüldük. Boyum balaca olduğundan, mən sonuncu dayanmışdım. O, içəridə var-gəl edib, sanki hiyləmizi əvvəlcədən duyan bir səslə dilləndi:
-     Ey cüvəllağılar, cibinizdə nə var haydı  masaya !
Qorxuyla bir- birimizə baxdıq. Hər kəs  üzərində nə var, səliqəylə  qarşıdakı müstəviyə düzdü. İndi masanın üstü əsl Aşxabad bazarına bənzəyirdi - qırıq qələm, pozan,  dəmir qəpiklər , diş çöpü, kirli burun dəsmalı, toyuq budu, qoz qabığı, alma cecəyi, dişlənmiş kişmişli bulka və sair.
Lakin, müsadirə olunan əmlakın içərisində  bizə cəza verməyə əsas verəcək dəyərli bir  sübut  görünmürdü.  Direktor  təslim olub, əlləriylə çıxıb getməyimizi işarə etdi. Vəziyyətin bu cür yüngül şəkildə bitməsinə sevinərək, bir- birimizi itələyə-itələyə çıxışa tərəf yönəldik.  
Batıxan isə bərk dilxor olmuşdu. Bayaqdan bəri gözünü üzümüzdən çəkməyən “zavuç” heç cür təslim olmaq istəmirdi. Beləliklə, xata-bala sovuşmaq üzrəykən  o,   kəskin şəkildə çevrilərək öz gödək, kök barmağını mənə tuşladı:
-    “Evrika”, cənab direktor, tapdım. Bütün işlərin başında bax o, durur.
Direktor elə bil yuxudan ayıldı və yalnız indi, mənim bütün bu yoxlama-axtarış prosesindən kənarda qaldığımı anladı.
-    O nədi ə, doldurmusan ora. Düdük boyda boyunla bizə tırış gəlirsən!? Haydı boşalt xəzinəni...!?
Başqa  yolum yox idi. Çar-naçar,  tərəkəmə motalına dönmüş ciblərimi boşaltmağa başladım. Orada atom bombasından başqa hər şey var idi:  müxtəlif xarici və yerli siqaretlər,  cürbəcür alışqanlar, qumar üçün nəzərdə tutulmuş oyun kartları,  fəqət, bu da hələ son deyildi. Kriminal mənzərəni tamamlamaq üçün, buraya həmçinin, altı qatlama bıçağı,  üç beşbarmağı, bir əldəqayırma tapançanı və içərisinə uyuşdurucu doldurulmuş bir neçə kibrit qutusunu da əlavə etmək lazım gəlirdi.
Batıxan isə dəhşətli qətl hadisəsinin üstünü açmış xəfiyyə kimi əllərini bir- birinə sürtərək hırıldayır, hoppanıb düşürdü.
-    Cənab direktor, bu əsl Al Kapone imiş ki !?
Direktor asta yerişlə  bizim divar boyu düzülmüş sıramıza yaxınlaşdı.  Əvvəlcə,  onun yağlı, ağır  şapalağı sırada birinci  dayanan oğlanı silkələdi.
-    Tfu...
Bu minvalla,  şillə və üzətüpürmə əməliyyatı məndən başqa bütün sinif yoldaşlarıma bir-bir tətbiq olunmağa başladı. Qorxudan cınqırımızı belə çıxarmırdıq.
Düzdür,  bütün bu baş verənlər məni psixoloji olaraq hər cür  fiziki cəzaya  hazırlamışdı, amma,  “üz tüpürcəyi” işlərin  məntiqi axarını tamamilə dəyişirdi. Bu təhqiri heç vaxt qəbul edə bilməzdim.
Növbə mənə çatanda, dayanıb tərəddüd edirmiş kimi üzümə baxdı,  sanki beynində çox vacib bir şeyi götür qoy-edirdi. Deyəsən, daxilində iki  “mən”in gərgin mübarizəsi başlamışdı. Hadisələrin sonrakı gedişi, orada kimin qalib gəlməyindən asılı idi. Mənim isə əsla gözləyəcək halım qalmamışdı.
Birdən ağıl və dərrakə ilə deyil, yeniyetmə insanın hələ formalaşmamış,  bərkə-boşa düşməmiş hüdudsuz emosiya sunamisi ilə idarə olunan səbr kasası  bu iyrənc və alçaq rəftara dözməyərək aşıb-daşdı.
İrəli atılıb direktorun  yaxasından yapışdım. Gözlənilməz hücümdan özünü itirən kişi, əvvəl geriyə addımlayaraq səndələdi.  Biz hətta içəridə bir müddət dala-qabağa gedərək süpürləşdik də. O,  azacıq müqavimət göstərməyə cəhd etdi, amma, müvazinətini itirdi və kökündən qoparılmış gilas ağacı tək bütün ağırlığı ilə “qənimət”lər masasının üzərinə aşdı.  
Hadisələr ildırımsürəti ilə baş verdiyindən, heç kəs  nə olduğunu qətiyyən anlamırdı.  Heç kəs ağzından süd iyi gələn bir gədənin “firon”a, “tiran”a qarşı çıxacağını gözləmirdi. Sonra mən, “aradan çıxma” instinktlərimə tabe olaraq qapıya tərəf tullandım.
Burada,   azca gecikdim və Batıxan paltarımdan yapışmağa macal tapdı. O, həyəcanla kəkələyirdi:
-    Qooymayın qaaçsın, o-o onu, da-da dayandırın..
Parçalanmış atom nüvəsi kimi elə bir enerjiyə malik idim ki, məni heç bir qüvvə saxlaya bilməzdi. Qanadlı quşa dönmüşdüm. Köynəyim cırılması bahasına da olsa onun caynağından qurtulub, hara qaçdığımı, necə qaçdığımı bilmədən götürüldüm.
Özümə gəlib dayananda şəhər parkında olduğumu anladım. Axşama qədər dolaşdığım çiskinli payız küçələri məni ayıltdı və əsəblərimi sakitləşdirdi. Valideynlərimlə üz-üzə gəlmək nə qədər çətin olsa da, özümdə  cəsarət toplayaraq evə gəldim.
Evdə məni gözlədiyimdən yumşaq qarşıladılar. Yüngülvari danlaq və məzəmmət, “sabah mütləq dərsə getməlisən” şərtinə çevirildi.  Bu isə işin ən çətin tərəfi idi.
Səhərisi gün sinifimizin dayandığı yerə çatanda bütün məktəb əhli çevrilib mənə baxırdı. Dünənki əhvalat məni məşhuri-ismə, bir Hollivud ulduzuna çevirmişdi.
Giriş qapısının yanında dayanmış direktorun başının zavuçla söhbətə qarışdığını görüb, oğrunca içəriyə sivişdim.  Biz yuxarı qalxıb, sinif otağının qarşısında daynaraq, fənn müəllimimizi gözləməyə başladıq.
Sinif yoldaşlarımla söhbətləşir, deyir-gülür, zarafatlaşırdım.  Canımın məngənədən belə asanlıqla qurtarması kefimi əməllicə kökəltmişdi. Qəflətən ani sükut çökdü, sanki qurbağa gölünə daş atdılar. Hamı üzərlərinə soyuq su tökülübmüş kimi, kənara tullandı.
Başımı qaldıranda, direktorun  qarşımda farağat dayanaraq, zəhmlə mənə baxdığını gördüm.
Bütün diqqətlər hadisənin mərkəzinə, mənimlə direktorun üzərində cəmləşmişdi. Birdən, direktorun əsəbdən və nevrozdan əyilmiş  üzü, bədəni, əzaları, hətta ayaqları da mülayim, həlim bir forma alaraq düppədüz oldu.
O, - Oğlum, dünənki hadisəyə görə sizdən və bütün məktəbdən üzr istəyirəm, müəllimə yaraşmayan bir iş tutdum. Mümkünsə məni bağışlayın -  deyərək əlimi dostcasına sıxdı və çıxıb  getdi.
Özündən sonra isə şokolad və konyakın  hamar, üzüyola  ətri qaldı. Bu əhvalat məni məktəbin həqiqi qəhrəmanına, “Robun Qud”una çevirdi. Sonra isə, hər şey kimi bu da unudulub, yaddaşlardan silindi.”

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.