Simran Qədim - Labirint
15.12.17
Hekayə
İndi yazacaqlarım mənim başıma lap çoxdan gəlib. O qədər uzun zaman keçib ki, yadımdan da çıxıb demək olar. Yarıyuxu, yarıgerçəklik kimi xatırlayıram. Adam yaddaşının dərinliklərinə enib, ən dibdəki xatirələrini çəkib çıxartmağa necə çətinlik çəkirsə, mən də elə. Söhbət lap əvvəldən, lap-lap əvvəldən, başlanğıc anından gedir... Mən özümə gələndə alaqaranlıq bir hücrədə idim. Gözlərimi açan kimi yan-yörəmə boylandım, bəlkə nə olduğunu deyən kimsə tapılardı. Amma heç kəs yox idi, ətrafı zülmət səssizlik bürümüşdü. Suallarla baş-başa qalıb öz-özümdən soruşdum: Burda nə gəzirəm? Kim atıb gedib məni bura? Ümumiyyətlə, kiməm ki mən?! Qəfildən qorxu sardı canımı, təlaş içində qalxıb cəld hücrənin dəmir qapısına atıldım. Hələ tam özümə gəlməmişdim; yuxulu kimi idim, başımda duman vardı. Gözlərimi qıyıb var gücümlə qapını açmağa çalışdım. Axır qapı tükürpərdən cırıltıyla aralandı, hücrədən çıxdım. Bura hücrəyə nisbətən işıqlı idi, üç-beş saniyə gözlərimin işığa alışmasına lazım oldu. Hara getdiyimi bilmədən dəhlizlə addımlamağa başladım. Ağlımda çoxlu suallar vardı, ən əsası isə sonumun necə olacağı idi. Təki burdan çıxım, təki qurtulum burdan. Bəs sonra? Lap burdan qurtulsam belə, hara düşəcəkdim ki mən? Söz yox, bu cür suallar üçün hələ tez idi. Çox tez!.. Dəhlizin sonunda qabağıma bomboz, soyuq bir divar çıxdı. İki yol vardı: mən ya sağa dönməliydim, ya da sola. Başımı çevirib arxaya baxdım, dalımca gələn yox idi. Heç kəs məni tələsdirmirdi, ancaq mən tələsirdim niyəsə. Təsadüfi seçim edib səndələyə-səndələyə sağa döndüm. Yenə uzun dəhliz, yenə dalan, yenə iki yol... Bu dəfə sola döndüm. Sonra növbəti bir dalan, sonra isə daha biri... Mən gah sağa, gah da sola dönə-dönə xeyli yol qət etdim. Hərlənib-fırlanmaqdan birtəhər olmuşdum; başım gicəllənir, ürəyim bulanırdı. Və... və gəlib bayaqkı hücrəyə çıxdım. Sən demə, eyni yerə qayıtmışdım. Şüurum yavaş-yavaş aydınlanmaqda idi, gözlərimdəki duman da çəkilmişdi artıq. Səbrimi basıb bir anlıq dayandım, sonra yenə dəhlizlə gedib həmin iki yola çıxdım. Bu dəfə isə tələsik qərar vermədim; fikirləşə-fikirləşə, həm də getdiyim yolu yadda saxlamağa çalışaraq sağa-sola, sola-sağa... döndüm. Bayaqkına nisbətən yolum uzun oldu. Amma... mən yenə hücrəmə qayıtmışdım. Labirintdə idim!.. Gözlərimi yumub təkrar-təkrar dərindən nəfəs aldım, özümü toplamağa çalışdım. “Sakitləş, sakitləş, sakitləş...” Mən labirintdə idim, özü də çıxılmaz bir labirintdə!.. Axır özümü ələ alıb, yenidən labirintin soyuq dəhlizlərində dolanmağa başladım. Ayrı çarə də yox idi. Bir tərəfdən dolanbacları yadda saxlamağa çalışırdım, bir tərəfdən də sağamı, solamı dönəcəyimə qərar verməyə. Beynimdə isə elə mənim kimi dolanıb-dolanıb eyni yerə gəlib çıxan suallar vardı. Axı kim atıb məni bura? Mən burda neyləməliyəm ki? Başqa kimsə də varmı? Ən əsası isə aqibətim necə olacaq? Uzun zaman labirintdə dolandım. Amma bu dəfə geriyə – hücrəmə dönmədim. Başqa bir hücrəyə gəlib çıxmışdım. Onun da ağır, dəmir qapısı vardı. Birtəhər açıb içəri girdim. Bu hücrə mənimkinə nisbətən geniş idi. Ortaya üst-üstə yığılmış qutular qoyulmuşdu, qutularda isə cürbəcür konservlər, su butulkaları. Sanki kimsə məni bura atıb, ölməməyim üçün şərait yaratmışdı. Bunlarla qidalanıb uzun zaman sağ qala bilərdim. Birdən labirintdə daha başqa hücrələrin ola biləcəyi fikri ağlıma gəldi. Sadəcə onları tapmaq lazım idi. Mən bu hücrədən də çıxıb yenə labirintdə dolaşmağa başladım. Fikrimdə yanılmamışdım, çox keçmədi, doğrudan da başqa-başqa hücrələr aşkara çıxardım. Bəzilərində bütün gözləri ərzaqla dolu rəflər vardı: cürbəcür içkilər, quru meyvələr, çərəzlər; çay, düyü, un, pendir... Hətta iri soyuducusu olan bir hücrəyə də rast gəldim. İçində də hər şey: meyvə-tərəvəzdən tutmuş, südə, yumurtaya, ətə, balığa kimi. Sonralar yaşamaq üçün gərəkli şeylərlə təchiz edilmiş neçə-neçə hücrələr tapdım. Sanki bunlar böyük bir evin ayrı-ayrı otaqları idi: vanna otağı, mətbəx, kinozal, camaşırxana... Hətta içi saysız kitablarla dolu bir neçə yanaşı hücrə də vardı. Hər hücrəyə ayrı janrdan kitablar qoyulmuşdu. Mən vaxtımın çoxunu elə kitab oxumaqla keçirirəm. Hələ arada həvəs edib nəsə yazıram da... ...Artıq bu hadisədən uzun illər ötüb. Labirintin demək olar, bütün dolanbaclarını əzbərləmişəm. Amma yenə də tez-tez onun daha gizlin, daha mürəkkəb keçidlərini tapıram, daim yeni-yeni hücrələr qabağıma çıxır. Buranın xəritəsini də hazırlamışam hətta. Son vaxtlar yeni bir şey öyrəndim. Deyəsən, mənim bu labirintimdən əlavə, daha başqa labirintlər də var. Onların sayı birdirmi, beşdirmi, bilmirəm. Amma nədənsə saylarının onlarla, yüzlərlə yox, minlərlə olduğu fikri başımda fırlanır. Bəs görəsən, oralarda da kimsə yaşayırmı? Bəlkə də hansındasa mənim kimi bir adam yaşayır, o da mənim kimi, başqa kiminsə olub-olmadığını tapmağa çalışır. Hər halda araşdırmamış bunu bilmək olmaz. Yaxın zamanlarda mən o biri labirintlərə səyahət etməyi planlaşdırıram. Kim bilir, bəlkə də, onların sayı düşündüyümdən daha çoxdur. Minlərlə, milyonlarla yox, hətta milyardlarla, trilyonlarla...
|