YUXULAR HAQQINDA YUXULARAntonio Tabukki (1943 - 2012)
(Antonio Tabucchi, Sogni di sogni, Sellerio editore Palermo,1992)
İtalyan dilindən tərcümə edən:
Cəmşid CƏMŞİDOV
Antonio Tabukkinin
kiçik şedevrlər kimi qiymətləndirilmiş“
Yuxular haqqında yuxular” esselər toplusu (əsərin orijinalında: “
Sogni di sogni” – “Yuxuların yuxuları”) öz məzmununa və quruluşuna görə bənzərziz bir əsərdir. Kitab qədim dövrlərdən XX əsrin ortalarına qədər müəllifin iyirmi ən sevimli şəxsiyyətinin, ilk növbədə şair və yazıçıların, sənət və elm adamlarının ehtimal olunan yuxuları haqqında uydurduğu iyirmi yuxudan ibarətdir. Əsərin qəhrəmanları Dedalos, Ovidius, Apuleyus, Ancolyeri, Viyon, Rable, Karavacco, Qoya, Kolric, Leopardi, Kollodi, Stevenson, Rembo, Çexov, Debüssi, Tuluz-Lotrek, Pessoa, Mayakovski, Lorka və Freyddir. Yazıçı bu məşhur “obrazlarla” bağlı əsatiri, tarixi və bioqrafik məqamlara müraciət etməklə, personajları özünün düşündüyü olaylardan keçirərək, onların orijinal yuxu - fantaziyalarını yaratmışdır.
TərcüməçiSəhifələrində bu kitabın yaranış tapdığı
dəftəri mənə hədiyyə etmiş qızım Terezaya
* * *
Sənin xanımının badam ağacı altında,
avqustda doğmuş təzə ay
boylanırkən evin arxasından,
sənin də, tanrılar gülərsə üzünə,
yuxuna girər bir başqasının yuxusu.
Qədim Çin nəğməsi
Müəllifin qeydi Sevmiş olduğum sənət adamlarının hansı yuxular gördüyünü bilmək arzusu məni həmişə həyəcanlandırmışdır.Təəssüflər olsun ki, bu kitabda bəhs etdiklərim öz ruhlarının gecə gəzintiləri barədə bizə məlumat saxlamamışlar.Vəziyyəti bərpa etmək həvəsi müəyyən mənada böyükdür, əlbəttə ədəbiyyata müraciət etmək şərti ilə ki, itirilmişlərin yerini doldursun. Ancaq, hiss edirəm ki, naməlum yuxuların həsrətində olan birisinin təsvir etməyə can atdığı bu yenidənqurma hekayətlər yalnlz miskin ehtimallar, solğun gümanlar və mənasız saxtalıqlardır. Qoy onlar elə, belə də oxunsunlar, - qoy mənim personajlarımın indi O Dünyada yuxular görən ruhları da öz bədbəxt övladına qarşı mərhəmətli olsunlar.
A.T Şair və antifaşist Federiko Qarsia Lorkanın yuxusu 1936-cı ilin avqust gecəsi, Granadadakı evində, şair və antifaşist Federiko Qarsia Lorka yuxu gördü. Gördü ki, öz balaca, səyyar teatrının səhnəsində idi və fortepianonun müşaiyyəti ilə qaraçı mahnıları oxuyurdu. O, frak geymiş, ancaq başına geniş ətəkli mazantini şlyapası qoymuşdu. Cəmiyyət ona heyranlıqla qulaq asan qara geyimli, kürəkləri mantilyalı qoca qadınlardı. Zaldan gələn bir səs ondan hansısa bir mahnını istədi və Federiko Qarsia Lorka həmin mahnını ifa etməyə başladı. Bu duellərdən, narıncı bağlarından, ehtiraslardan və ölümdən bəhs edən bir mahnı idi. Oxuyub qurtardıqdan sonra Federiko Qarsia Lorka ayağa qalxıb, tamaşaçılarını salamladı. Pərdə salındı və yalnız bu vaxt o, baxıb gördü ki, fortepyanodan o tərəfə, səhnə arxası deyilən şeydən əsər-əlamət qalmayıb, teatr da boş bir çöllüyə açılır. Gecə idi, ay çıxmışdı. Federiko Qarsia Lorka pərdənin layları arasından baxdı və gördü ki, sanki hansısa bir möcüzə nəticəsində teatr boşalmışdı, zal bütünlüklə bom-boş idi, işıqlar da sönürdü. Elə bu vaxt o, bir zingilti eşitdi və arxasında, sanki onu gözləyən balaca, qara bir it gördü. Federiko Qarsia Lorka hiss etdi ki, itin dalınca düşməlidir və irəli bir addım atdı. İt də, sanki razılaşdırılmış bir işarə ilə, özünə yol açaraq, yavaş-yavaş səkə-səkə qaçmağa başladı. Balaca qara it, məni hara aparırsan? – deyə Federiko Qarsiya Lorka soruşdu. İt niskilli-niskilli zingildədi və Federiko Qarsia Lorkanın tükləri ürpəndi. Çevrilib arxaya baxdı və gördü ki, teatrının kətan və taxta divarları yoxa çıxıb. Ay işığında yalnız boşalmış parter qalmışdı, dillərində sanki görünməz barmaqların gəzişdiyi fortepiano isə qədim bir mahnını ifa edirdi. Çöllük bir divarla iki yerə bölünmüşdü: arxasında başqa bir çöllüyün göründüyü gərəksiz, uzun ağ divarla. İt dayanıb yenidən zingildədi, Federiko Qarsia Lorka da ayaq saxladı. Elə bu vaxt, divarın arxasından çıxan əsgərlər onu qəhqəhə ilə dövrəyə aldılar. Əynlərində qəhvəyi köynəklər, başlarında üçbucaq papaqlar vardı. Bir əllərində tüfəng, o biri əllərində şərab şüşəsi tutmuşdular. Başçıları, qafasını ur basmış eybəcər bir cırtdan idi. Sən satqınsan, - cırtdan dedi, - biz isə sənin cəlladlarınıq. Əsgərlər Federiko Qarsia Lorkadan yapışıb, onu tərpənməyə qoymayanda o, çevrilib, cırtdanın üzünə tüpürdü. Cırtdan ədəbsizcəsinə irişərək əsgərlərin üstünə çəmkirdı ki, Federiko Qarsia Lorkanın şalvarını çıxartsınlar. Sən arvadsan, - o, dedi, - arvadlar isə şalvar geyməməlidirlər, evlərinə qaxılıb, başlarına mantilya örtməlidirlər. Cırtdanın bir işarəsi ilə əsgərlər şairin şalvarını çıxarıb, başına şal bağladılar. Kişi paltarı geyən murdar arvad, - cırtdan bağırdı, - sənin Müqəddəs Bakirəyə dua etmək vaxtın çatıb. Federiko Qarsia Lorca yenə onun üzünə tüpürdü, cırtan hırtıldaya-hırtıldaya üzünü sildi. Sonra cibindən tapançasını çıxardıb, lüləsini onun ağzına soxdu. Çöllərdə fortepianonun melodiyası eşidilirdi. İt zingildədi. Federiko Qarsia Lorka səs eşitdi və yatağında dik atıldı. Qranadadakı evinin qapısını tüfəngin qundağı ilə döyürdülər.
________________________________
FEDERİKO QARSİA LORKA. 1898-cı ildə Qranada əyalətində doğulmuş, Madriddə təhsil almış, müasirləri olan böyük sənətkarların hamısı ilə dostluq etmişdir. Şair, eyni zamanda musiqiçi, rəssam və dramaturq idi. 1932 – ci ildə İspaniya Respublikasının hökuməti ona insanlara klassikanı bəxş edə biləcək bir teatr truppası yaratmağı həvalə etmişdi. Beləcə, Lorkanın bütün İspaniyanı gəzib dolaşdığı, Carro di Tespinin bir növü olan “La Barraka” yarandı. 1936 - da antifaşist intellektuallar assosiasiyasıni təsis etmişdi. “Kante Xonto”da, bəlkə də bütün poeziyasında Əndəlis qaraçılarının ənənəsini, onların nəğmələrini, ehtiraslarını vəsv edirdi. 1936-cı ildə Qranada yaxınlığında frankoçu jandarmlar tərəfindən qətlə yetirilmişdir.
Başqalarının yuxularını yozan doktor Ziqmund Freydin yuxusu 1939-cu ilin iyirmi ikisi sentyabr gecəsi, ölümündən bir gün qabaq, başqalarının yuxularını yozan doktor Ziqmund Freyd yuxu gördü.
Gördü ki, Doraya çevrilmişdi və bombalanmış Vyanadan keçib gedirdi. Şəhər dağılmışdı, binaların qalıqları altından toz və tüstü qalxırdı.
Necə ola bilərdi ki, bu şəhər bu cür xarabalığa çevriləydi ? –deyə doktor Freyd özü - özünə sual verərək, sinəsindəki saxta döşlərini düz saxlamağa çalışırdı. Ancaq, elə bu an o, Rathausştrassedə, qarşısında tutduğu “Neue Frei Presse”lə irəliləyən Frau Marta ilə rastlaşdı.
Ah, əzizim Dora, elə indicə qəzetdə oxuyurdum ki, doktor Freyd Parisdən Vyanaya qayıdıb və elə burada, Rathausştrasse 7 –də yaşayır, zənnimcə özünüzü ona göstərmək sizinçün heç də pis olmazdı. O, bunu söyləyə-söyləyə yerdəki əsgər cəsədini ayağı ilə kənara itələdi.
Doktor Freyd həddən artıq xəcalət duydu və vualını aşağı saldı. Mən başa düşə bilmirəm niyə, - deyə o, utana-utana söylədi.
Əzizim Dora, ona görə ki, sizin bir çox problemləriniz var, - Frau Marta dedi, - bəli, bir çox problemləriniz, elə bizim hamımız kimi və sizin kiməsə etiraf etməyiniz gərəkdir, etiraf üçünsə, - mənə inanın, - doktor Freyddən yaxşısı yoxdur, o bütün qadınları tanıyır, o dərəcədə onların roluna girməyi bacarır ki, bəzən deyərsən elə əsil xanımdır.
Doktor Freyd nəzakətlə, ancaq tələsik vidalaşıb yenidən yoluna düzəldi. Bir qədər irəlidə qəssabın şagirdi ilə rastlaşdı.Qəssabın şagirdi Freydi israrla nəzərdən keçirib, ona kobud bir kompliment atdı. Doktor Freyd ayaq saxladı, çünki ona yaxşıca bir yumruq ilişdirmək istəyirdi, ancaq qəssabın şagirdi onun ayaqlarına baxaraq dedi: Dora, sənə öz xəyallarına vurulmaqdansa, əsil bir kişi lazımdır.
Doktor Freyd yenə qəzəblə ayaq saxladı.Sən bunu haradan bilirsən? - deyə ondan soruşdu.
Bunu bütün Vyana bilir, - qəssabın sağırdı dedi, - səndə həddindən artıq seksual fantaziyalar var, bunu doktor Freyd aşkar edib.
Doktor Freyd yumruqlarını qaldırdı. İndi bu həqiqətən də həddindən artıq idi. Onun, doktor Freydun seksual fantaziyaları var! Bu fantaziyalar, gəlib ona ürəklərini açan başqalarında vardı. O, mənəviyyatı bütöv insan idi, bu tip fantaziyalar isə ya uşaqların, ya da ruhi rahatsızlığı olanların problemi idi.
Özünü gicliyə qoyma,- deyə, qəssabın şagirdi hırıldayıb, onun yanağına bir çimdik atdı.
Doktor Freyd həyəcanlandı. Hər şeydən əlavə, qəssabın dəliqanlı şagirdi tərəfindən belə təklifsiz davranış görməyin özü də gözəl idi, bir də ki, axı o, iyrənc problemləri olan Dora idi.
O, Rathausştrasse ilə irəliləməyinə davam edərək, gəlib evinin qabağına çıxdı. Onun evi, onun gözəl evi, o artıq yox idi, o top atəşi ilə dağıdılmışdı. Ancaq hələ də salamat qalan kiçik bağçasında bir divanı vardı. Və bu divanda ayağında taxta sabo, köynəyi şalvardan bayırda, tərbiyəsizin, küstaxın biri uzanıb xoruldayırdı.
Doktor Freyd yaxınlaşıb onu oyatdı. Sən burada nə edirsən? – deyə ondan soruşdu.
Küstax bərəlmiş gözlərini ona zillədi. Doktor Freydi axtarıram, - dedi.
Doktor Freyd mənəm, - deyə Doktor Freyd başa saldı.
Məni güldürməyin, xanım – deyə küstax cavab verdi.
Yaxşı, - doktor Freyd dedi, - bunu sizə etiraf edərəm, - bu gün mən xəstələrimdən birinin xarici görünüşünü qəbul etməyə qərara vermışdım; və elə ona görədir ki, belə geyinmişəm, mən - Dorayam.
Dora, - deyə küstax dilləndi, - amma mən səni sevirəm. O, bunu söyləyib, doktoru qucaqladı. Doktor Freyd böyük çaşqınlıq hissi keçirib divana sərələndi. Elə bu vaxt da yuxudan oyandı. Bu onun son gecəsi idi, ancaq o, bunu bilmirdi.
__________________________________________
ZİQMUND FREYD. Frayberq, 1856 – London, 1939. Nevroloq idi. Öncə Şarkonun isteriyasını və hipnotizmini öyrənmişdi. Sonra, insanları rahatsız edən bədbəxtçiliklərdən qurtarmaq niyyəti ilə, yuxuları yozmaqla məşğul olmuşdu (Yuxuların interpretasiyası, 1900). İddia edirdi ki, insanın daxilində Şüursuzluq deyilən qaranlıq bir nöqtə var. Onun Klinika hadisələri dahi romanlar kimi oxuna bilər. Bu, Mən və Super - Mən - onun Üçlüyüdür. Olsun ki, həmçinin bizim də.
S O N İtalyan dilindən tərcümə:
Cəmşid CƏMŞİDOV