Saday Budaqlı gənc ədiblərlə görüşdü
27.11.17

Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Gənclərin budəfəki qonağı yazıçı, tərcüməçi Saday Budaqlı olub.

Tədbiri “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, qonağı gənc ədiblərə təqdim edib. S.Hüseynli, yazıçını uzun zamandan bəri tanıyan qələm dostu kimi, S.Budaqlı haqqında fikirlərini bölüşmək üçün əvvəlcə şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə söz verib. Q.Ağsəs S.Budaqlının “Nisgil”, “Qoca”, “Firuzə qaşlı sırğa” hekayələri, “Çat” kitabı, “Master və Marqarita” tərcümələri fonunda həyatı və ədəbi yaradıcılığı haqqında düşüncələrini açıqlayıb. Onu Azərbaycan dilinin saflığını qoruyan, bu dildə ustalıqla yazan ən istedadlı nasirlərdən biri kimi dəyərləndirib. Deyib ki, Saday Budaqlı ana dilimizi nə qədər mükəmməl bilsə də, əsərlərində ilk baxışdan sadə, adi cümlələr yazır. Bu da həm özünü, həm də oxucunu yormamaq məqsədi daşıyır. Saday Budaqlının əsərlərini oxumağı gənc yazarlara məsləhət görən şair deyib ki, bu əsərlərlə necə yazmağın sirlərinə yiyələnmək olar. Şair onun tərcüməçi kimi fəaliyyətindən də söz açıb və qeyd edib ki, Saday Budaqlı tərcümə işinə də son dərəcə ciddi, məsuliyyətli yanaşır.

Tədbirin aparıcısı Seyfəddin Hüseynli də Saday Budaqlı haqqında düşüncələrini bölüşüb. O deyib ki, 1990-cı illərin əvvəllərində Saday Budaqlını cəmiyyətə təqdim edən, onun formalaşmasında, tanınmasında bilavasitə rol oynayan mühit, sistem dağıldığından, yazıçının yaradıcılığında bir müddət durğunluq yaşandı, ədəbiyyatdan uzaqlaşdı. Saday Budaqlı imzası ilə yaxından tanış olmaq istəyən gənclərə S.Hüseynli, ədibin öz əsərlərindən, müsahibələrindən əlavə, Xalq yazıçısı Elçinin, Fəxri Uğurlunun onun kitablarına ön sözlərini oxumağı tövsiyə edib. S.Hüseynlinin fikrincə, tənqidçi İradə Musayevanın S.Budaqlı haqda məqalələrini oxumaqla da yazıçının ədəbi şəxsiyyəti və yaradıcılığı barədə dolğun təəssürat almaq olar. S.Budaqlının əsərlərinin üslub-texnika keyfiyyətləri barədə də söz açan S.Hüseynli onun hekayə və povestlərinin, eləcə də “Zədə” romanının “fikir-düşüncə axını” tərzində yazılmış dəyərli nümunələr olduğunu deyib. S.Hüseynli yazıçının yaradıcılığının dünya ədəbiyyatındakı qaynaqlarına da toxunub, Azərbaycan nəsrinin bu günü və gələcəyi baxımından S.Budaqlının nəsrinin önəmini diqqətə çatdırıb. Qonağı usta və fədakar tərcüməçi kimi də təqdim edən S.Hüseynli onun tərcüməsində Bulqakovun “Master və Marqarita”, İşiquronun “O günlərdən qalanlar” romanlarının dəyərini xüsusi vurğulayıb.

Saday Budaqlı gənc ədiblərə özünün ədəbiyyata gəlişi, ilk qələm təcrübələri, təhsil aldığı və yazıçı kimi yetişdiyi mühit barədə ətraflı məlumat verib. Azərbaycan ədəbiyyatının dünya söz sənəti ilə bağlılığı, oxucu-yazıçı münasibətləri haqqında maraqlı fikirlər söyləyərək, gənclərə yaradıcı insanın ciddi, ardıcıl zəhmət sayəsində yetkinləşməsinə dair tutarlı örnəklər verib: “Yazıçı üçün ilkin şərtlərdən biri tək qalmağı bacarmasıdır. Bir mühüm cəhət də sözü hiss etmək, duymaq bacarığıdır. Söz özü əslində diridir. Şərt onun enerjisini, canlılığını hiss edə bilməkdir. Bu da zəhmətdən keçir. İşlədikcə insan dünyaya yuxarıdan aşağı baxmağı, müşahidə etməyi öyrənir, yazmaq, hadisələrə, əşyalara müxtəlif rakursdan baxmaq vərdişi qazanır. İmkan daxilində yazıçı eyni vaxtda, rejimlə yazmağa çalışmalıdır. Gənc qələm sahibi yazarkən heç zaman öz içindən keçənlərdən qorxmamalıdır. İnsan bütünlüklə yaxşı və ya pis ola bilməz. Yazıçı “bunu yazsam, cəmiyyət haqqımda nə düşünər?” - deyə fikirləşməməli, əvvəlcə özü ilə səmimi olmalı, öz içindən qaçmamalıdır”.

Özünün yazıçılıq təcrübələrindən çıxış edərək gənc ədiblərə məsləhətlər verən S.Budaqlı deyib: “Fasilə verəndə yazını elə yerdə saxlamaq lazımdır ki, gələn dəfə o yazıya qayıdanda qaldığın cümlədən sonra nə yazacağını biləsən. Mən həmişə yazılarımda ilk cümlənin nə olacağını bilirəm. Çox zaman son cümləni də bilsəm belə, bəzən yazı prosesində o cümlə dəyişə bilir. Birinci cümlə mütləq oxucuya hekayə və ya qəhrəman haqqında ilkin informasiya verməlidir. Hekayələrimdə adətən, qəhrəmanlara ad qoymuram. Çünki oxuculardan hər biri özünü o qəhrəmanda tapa bilər. Oxucu onu kim olaraq görürsə, deməli, o qəhrəman da odur”.

Yazıçı özünün “Sulu qar”, “Əclaf” hekayələri, “Fevral” povesti örnəyində əsərlərinin yaranması, yazı prosesi haqqında da danışıb.

Daha sonra gənc ədiblər onları maraqlandıran mövzularda qonağa suallar veriblər, görüş diskusiya şəklində davam edib.

Müasir ədəbiyyatımız haqqında sualı cavablandıran yazıçı deyib ki, hazırda ədəbi mühitdə bir canlanma var: “On-on beş il öncəyə qədər ictimai proseslərin təsiri ilə, iqtisadi səbəblər üzündən insanlar ədəbiyyatdan xeyli uzaqlaşmışdı. İndi isə yenidən ədəbiyyata qayıdış müşahidə olunur. Bizim dövrdə təkcə iki ədəbi jurnal, bir qəzet vardısa, indi fəaliyyətdə olan ədəbi portallar, qəzetlər, jurnallar gənclər üçün geniş imkanlar yaradır. İndi ədəbiyyata həvəs var, insanlar kitaba, mütaliəyə qayıdır”.

Görüşdə ədəbiyyatın insana, cəmiyyətə təsiri məsələsi də müzakirə olunub. Yazıçı qeyd edib ki, ədəbiyyat insanı və ya cəmiyyəti dəyişməyə borclu deyil, o sadəcə hisslərə təsir edə, insan öz içindəki suallara oradan cavab tapa bilər. Ədəbiyyat dünyanı gözəlləşdirmək, insanı tərbiyələndirmək missiyasına iddialı deyil. Oxuduğundan nəticə çıxarmaq, onu həyatına tətbiq edib-etməmək insanın öz seçimidir.

Sonda yazıçı gənc ədiblərdən Emin Süleymanov, Emin Akif, Ulucay Akif, Elnur Xəzrinin yeni şeirlərini dinləyib. /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.