Seymur Baycan - Sakit və mədəni it
01.11.17

(təbiəti sevənlər üçün hekayə)

Hər fəslin əlamətlərini gözlərimlə görməsəm, fəslin gəlib-getdiyini canımda hiss etmirəm. Bu, yalnız təqvim dəyişkənliyi olur. Gərək üç günlük, bir həftəlik də olsa, təbiətin hüzuruna gedəm, fəslin əlamətlərini öz gözlərimlə görəm, mövsümə uyğun yeməklər yeyəm. Paytaxtda oturub qarı gözləyirdim. Təbiətə getməyə macal tapmamışdım. Məşğul idim, həm də heç maddi vəziyyət də qaydasında deyildi. Az pulla rayona getmək istəmirdim. Qorxa-qorxa gəzməyi xoşlamıram. Qar isə görünmürdü. Fəslin bitməyinə az qalmışdı. Qorxdum, qış bitər və mən qar görmərəm. Özüm təbiətin hüzuruna getmək qərarına gəldim. Həqiqi oxucumla əlaqə saxladım. Ona dedim:

- Xahiş edirəm, məni dağlara apar. Qar görmək istəyirəm.

Elə düşünməyin, həqiqi oxucu səni bir müəllif kimi dayanmadan tərifləyir, yazdıqlarını əzbərdən deyir, hekayələrinin, romanlarının süjetini ən xırda detallarına qədər danışır. Xeyr. Həqiqi oxucu, sadəcə, lazım olan, bir növ parol missiyasını yerinə yetirən cümləni deyir və bununla da söhbət bitir. Səninlə onun arasında bir anda ruhi bağlılıq yaranır. Bir dəfə ovqatım heç yerində deyildi. Elə bil, bütün dünya üstümə çökmüşdü. Bu vaxt o zəng etdi. Halımı soruşdu. Dedim, çox pisəm. İnanılmaz dərəcədə pisəm. Ölümcül dərəcədə kədərliyəm. Dedi ki, hardasan, gəlim bir az düşükləyim, kefin açılsın. Bu, son vaxtlar eşitdiyim ən pozitiv söz idi. O, nədən danışırsa danışsın, üzünə baxanda istirahət eləyirsən. Onun üzünə havayı baxmağa adam utanır. İstəyirsən, bu qıza bir yaxşılıq eləyəsən. Elə bil, ona vergi verilib. Özünü insanlara sevdirmək vergisi. Ayağa durub “vaxtdır, getməliyəm” deyəndə adamın qəlbinə elə ağırlıq çökür ki, ondansa adamın ətini sümüyündən ayırsalar, yaxşıdır. Qara uzun qaşları, qara uzun saçları, incə beli onu şərq qəzəllərində təriflənən gözəllərə bənzədirdi.  

Biz vaxt təyin etdik. Avtovağzalda görüşdük. Avtobusla, yoxsa taksiylə gedəcəyimizi xeyli müzakirə etdik. Axırda avtobusla getməyə qərar verdik.

Yolboyu gördüyüm mənzərələrin birini də qaçırmamağa çalışırdım. Hər dəqiqə dəyişən, bir-birini əvəz edən mənzərələrdən doymaq olmurdu. Dayanmaq, hər mənzərəyə bir-bir baxmaq istənilirdi. Gördüyüm mənzərələr yaddaşımı, fantaziyamı qıcıqlandırır və mənə yaradıcılıq impulsları verirdi. Bir-birinin çiynindən baxan təpələrin təmkinindən mənə də pay düşür, ürəyim toxtayırdı. Kəndlər, yana əyilmiş elektrik dirəkləri, sallanmış tellər üzərində oturmuş quşlar, çöllərə səpələnmiş inəklər… Bütün bu görünənlər çox yaxın, doğma, təfərrüatına qədər tanış mənzərələr idi və eyni zamanda ilk dəfə görürəmmiş kimi məni heyrətləndirirdi. Bu yol deyilən sözdə nə qəribə, nə gözəl, nə cəzbedici qüvvə var! Məsafələr düşüncələrə təkan verir. Yol gedərkən çox şey haqqında yenidən düşünməyə vaxt olur. Tolstoya görə, yolun birinci yarısında adam qoyub gəldikləri, ikinci yarısında isə getdiyi yerdə onu nə gözlədiyi haqqında düşünür. Nə yaxşı paytaxtda oturmadım. Bu mənzərələri görməsəydim, ətalət məni basacaqdı. Depressiyaya düşəcəkdim. Hava soyuq olsa da, artıq təbiətdə canlanma hiss olunurdu. Adamlar həyətlərdə ora-bura gəzişir, yaz işlərinə hazırlıq görürdülər. Onlar yazdan ötrü darıxmışdılar. Bu canlanmanı görmək nə qədər xoş olsa da, digər tərəfdən qarı görəcəyimə ümidimi itirirdim. Qorxurdum, gedib dağlarda bir ovuc qara rast gələm. Lakin paytaxtdan uzaqlaşdıqca, dağlara yaxınlaşdıqca gün tutmayan yerlərdə qarlar görünməyə başladı. Getdikcə qar daha tez-tez gözə dəyirdi. O zaman qorxum yavaş-yavaş itdi. Bildim ki, dağlar hələ də qışı tutub saxlayıb. Qar görmək istəyənlər üçün orda hələ qış olduğu kimi qalıb.

Dağlara saat dörddə çatdıq. Hər tərəf qar idi. Qar elə gözəl, elə təmiz idi ki, adam onu ayaqlamağa qıymırdı. Rayonun yuxarı hissəsində yerləşən oteldə otaqlar tutduq. Qiyməti cibimizə uyğun hesab etmək olardı. Otelin sahibəsi başı əsən bir qadın idi, özü də ağır eşidirdi. Gərək bağıra-bağıra danışaydın ki, bir söz anlaya bilsin. Elə otellər var ki, orda hər cür dələduzlar olur, bura sakitlik idi. Acmışdım. Biz otelin kafesində borş və kotlet yedik. Kirpikləri tökülmüş, uzunsov, yöndəmsiz sifətə malik aşpaz mətbəxdən çıxıb öz zəhlətökən sualları ilə məni dəng etməsəydi, borş və kotlet mənə daha çox ləzzət verərdi. Xoşbəxtlikdən, yaxam tezliklə onun əlindən qurtardı. Çünki yemək salonuna bir rus turist girdi və aşpaz az əvvəl mənə verdiyi sualları eyni ardıcıllıqla onun üstünə yağdırmağa başladı. Mən belə başa düşdüm ki, bu aşpazın onun bişirdiyi yeməkləri yeyən adamların yanında oturub onlara suallar vermək xasiyyəti vardır.

Yemək yeyib, adama bir stəkan qara çay içib gəzməyə çıxdıq. Təbiətdən ötrü çox darıxmışdım. Bunu ora gedəndə hiss etdim. O qədər gəzdik ki, təkrar acdıq. Bir taksiyə oturub sürücüdən bizi qiymətləri münasib, yeməkləri dadlı  bir restorana aparmasını xahiş etdik. Sürücü bizi bir restorana apardı, amma ora  xoşumuza gəlmədi. Özümüz restoran axtarıb tapmaq qərarına gəldik. Taksinin pulunu verib yola saldıq. Təkrar gəzməyə başladıq. Nəhayət zövqümüzə uyğun bir restoran tapdıq. Gur işıqlandırılmış zalda masalardan bəzilərinin üstünə ağ, bəzilərinin üstünə isə sarı örtük salınmışdı. Bunun nə məna daşıdığını bilməsək də, üstünə sarı örtük salınmış masanı seçdik. Zal kabab iyi, papiros tüstüsü, adamlardan qalxan spirt buxarı ilə dolmuşdu. Ofisiant yaxınlaşdı. Onun qəşəng nazik burnu, qara gözləri vardı. Qolsuz qara donunun altından şiddətlə irəli çıxan qabarıq döşləri əlimi özünə tərəf çəkirdi. Özümü güclə saxlayırdım. Qoy axırı nə olursa olsun, əlimi atıb onun qabarıq döşlərini sıxmaq istəyirdim. Özümə nəzarəti itirirdim. Biabır olmamaq üçün əlimi cibimə soxdum. Çoxlu yemək sifariş verdik. Ofisiant sifarişləri krandaş qırığı ilə qara balaca bloknota yazdı. Bizdən savayı restoranda xeyli adam vardı. Bir dəstə gəncin səs-küyü aləmi bürümüşdü. Başqa bir masada isə bir dəstə qadın-kişi dayanmadan gülürdülər və onların əcaib görünüşləri adamda qəribə fikirlər yaradırdı. Elə bil, onlar tələsiyə düşüb əllərini, başlarını, ayaqlarını səhv salmışdılar. Zalda oturanlardan bəziləri sakitcə söhbət edir, bəziləri heç danışmadan yeməklərini yeyirdilər. Qonşu masada yekəqarın bir kişi yekəqarın bir qadını qucaqlayır və öpürdü. Kişi çox şıq geyinmişdi. Barmaqlarına iri qaşlı üzüklər taxmışdı. Saçı çox axmaqcasına daranmışdı. Gözlərini piy basmışdı.  Üzünün sol tərəfində dodağının qırağından tutmuş qulağının dibinə kimi dərin bir çapıq yeri var idi. Bu çapıq kişinin ağzını azca əyib onun sifətinə xəstə bir ifadə verirdi. Masaların arasıyla mavi rəngli don geyinmiş, oyuncaq dovşanın ayağından yapışmış qız dolaşırdı. Onun saçları sapsarı idi. Hərdənbir oyuncaq dovşanla müştərilərdən birini vururdu.  Mən restorandakı adamlara baxıb onların xasiyyətləri, hansı peşənin sahibi olduqları, həyat tərzləri haqda təxminlərimi deyirdim. Bu zaman həqiqi oxucum sual verdi:

- Burdan, bu səfərdən sənin yadında nə qalacaq?

Maraqlı sual idi. Dedim, indi heç nə deyə bilmərəm. Bu, sonra bilinəcək. Mənim nə bu günüm var, nə də sabahım. Mənim ancaq dünənim var.  

Bu suala o vaxt dəqiq cavab verə bilməzdim, amma indi dəqiq cavab verə bilərəm. Qaldığımız otel rayonun yuxarı başında yerləşirdi. Oteldən sonra düzənlik başlayırdı. Düzənlikdən sonra meşə. Qar yağırdı. Hardasa sürüşən uşaqların səsi gəlirdi. Onlar görünmürdülər. Ətrafı qatı duman bürümüşdü. Biz qarda gəzirdik. Qar örtüyü adamı üzəri ilə meşəyə doğru getməyə çağırırdı. Mən çətinliklə də olsa, meşəyə tərəf addımladım. Bu zaman bir neçə atlı meşədən çıxdı, səssiz-səssiz kəndə doğru getdilər. Heç kim danışmırdı. Bu çox gözəl və adamın ürəyini şairanə, şirin qüssə ilə dolduran bir mənzərə idi. Bu mənzərə mənə o qədər ləzzət elədi ki, gözlərim belə yaşardı.

Restoranda xeyli içdik. Çoxlu yedik. Masanın üstündə qalan yeməklərdən bəzilərini özümüzlə götürdük. Gecə acacağımdan qorxurdum. Restorandan çıxanda qar yağırdı. Yolumuz uzaq olsa da, otelə piyada getmək həvəsimiz vardı. Qarnımız tox. Əynimiz qalın. Hava təmiz. Tez-tələsik gedib otağa girməyin nə mənası var? Yolboyu danışırdıq. Təbiət dilimi açmışdı. Elə şeylərdən danışırdım ki, başqa vaxt o şeylərdən danışmağa həvəsim olmazdı. Hələ indiyədək heç kəs mənə belə diqqətlə qulaq asmamışdı. O, sözümü kəsmir, yalnız arada “Sənin başında nə əcaib fikirlər dolaşır” deyirdi. Elə həmin anlar hiss etdim ki, bir daha həyatımda ürəyimə bu qədər yaxın bir adama rast gəlməyəcəm.

Azmışdıq. Amma heç bir qram da həyəcanlı deyildik. Onu deyə bilmərəm, şəxsən mən azmağımıza sevinmişdim. Bir neçə dəfə dövrə vursaq da, otelə doğru gedən yolu tapa bilmirdik. Küçənin ortasında dayanmışdıq. Hansı tərəfə gedəcəyimizi, otelə gedən yolun hansı tərəfdə ola biləcəyini müəyyən etmək istəyirdik. Biz yeganə küçə lampasının altında dayanmışdıq. Lampanın işığı yalnız küçənin kiçik bir qismini qaranlığın əlindən ala bilirdi.  Qarşı tərəf zil qaranlıq idi. Mən deyirdim qabağa getmək lazımdır. O deyirdi, biz çox irəli getmişik, geriyə qayıtmalıyıq. Hər birimiz fikrini gördüyü, yadında qalan işarələrlə isbat etməyə çalışırdı. Mən deyirdim, otelə gedən yolumuzun üstündə aptek vardı. Hanı o aptek? Yoxdur. Deməli, biz bir az da qabağa getməliyik. O deyirdi:

- Aptek başqa yerdə idi. Otelə gedən yolun əvvəlində ikimərtəbəli qırmızı ev vardı. Evi tapa bilsək, otelə gedən yolu da tapa bilərik.

İkimiz də birdən susduq. Küçə elə sakit idi ki, sanki sehirlənmişdi. İşıq zolağından keçəndə aydın görünən qar dənəcikləri səmada hey uçuşurdu.  Bu zaman qaranlıqdan bizə doğru bir canlının gəldiyini hiss etdik. Canlı işıqlığa çıxdı. Bu, orta boylu bir it idi. İt gəlib yanımızda dayandı. Başını qaldırıb üzümüzə baxdı. Onun çox mehriban baxışı vardı.

Adamda inam yaradırdı. Restorandan götürdüyümüz yeməkləri bir-bir itə yedizdirdim. O yedikcə mən özümü çox rahat hiss edirdim. Yeməklərin hamısını itə verdim. O, hər şeyi yeyib yoluna davam etdi. Necə sakitcə qaranlıqdan çıxmışdısa, eləcə də sakitcə qaranlığa girdi. Qaranlıq onu uddu. Tezliklə biz oteli tapdıq və  gecə mən çox rahat yatdım.  Həmin gecə mənim üçün məftunedici nağıla çevrildi.

Kultura.az

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.