Bədirxan Əhmədov - Özünü yenən adam...
24.10.17

Onun 60 yaşı tamam olur; sakit, səssiz və səmirsiz. Hərçənd sait səslər üstünlük təşkil etməliydi.

Onun keçdiyi həyat yolunun özü səsli, bir qədər də ziqzaqlı olub. Gördüyü işin əvəzində heç nə ummayıb, mümkün olduğu qədər (bəlkə daha artıq!) vətəndaşlıq mövqeyi, hədsiz prinsipiallıq göstərib, hər yerdə doğrunun yanında dayanıb. Azərbaycan reallığında hər zaman bu cür formada, bu cür mövqedə olmaq olmur. “Çənlibel” dərnəyinin yaradıcısı kimi milli hərəkatın əsas fiqurlarından biri  olub. Tələbə qəbulunda bu gün də mövcudluğunu qoruyub saxlayan bir sistem yaradılmasında fəal iştirak edib...

Mənə elə gəlir ki, yaşanan ömrün müddəti əsas deyil, əsas olan ömrü necə yaşamaq və gördüyün iş, yazdığın əsərlərdir. Bu cəhətdən Vurğun Əyyub əlini ürəyinin üstünə qoyub rahatlıqla geridə qalan həyatı ilə öyünə bilər.  Bu həyatın təxminən yarım əsrə qədəri mənim gözlərim qarşısında keçib. Bilirəm ki, Azərbaycanın görkəmli ziyalısı müharibə görmüş Əliş müəllimin ailəsində tərbiyə alıb. Bütün müsbət keyfiyyətləri, elmi, savadı, maksimal vətəndaşlığına görə özünü ona borclu hesab edib. Hələ orta məktəbdə oxuyarkən dünya ədəbiyyatının dilimizə tərcümə edilən bütün əsərlərini oxuyub başa çıxıb. Sonra ali təhsil illəri... 1973-cü ildə Pedaqoji İnstitutun (indiki Azərbaycan Pedaqoji Universiteti) tələbələri arasında  bizdən iki-üç yaş kiçik (bu səbəbdən də o, altmışını tələbə yoldaşlarından iki-üç il gec qarşılayır) Vurğun da var idi. Onun titrək, cingiltili, boğuq səsində çox iddialı hökmlər səslənirdi. Dövrün hadisələrinə baxışında və dəyərləndirməsində mövcud sistemin meyarları ilə yox, milli, demokratik (o zaman bu söz hələ dəbdə deyildi) mövqe ortaya qoyurdu. Bu fikirlərin onun qafasından çıxmasına çoxları təəccüblənirdi. Ədəbi tənqid və elmə marağı da o vaxtdan yaranmış, tələbə yoldaşlarını xeyli qabaqlamışdı. O zamanlar görkəmli filosof, tənqidçi Asif Əfəndiyevin “Estetika” klubunun ən gənc və fəal üzvlərindən idi. Yadıma gəlir ki, hələ üçüncü kursda oxuyarkən biz yataqxanada yaşayan tələbə yoldaşları onun məruzəsini dinləməyə getmişdik. Məruzə Bakı Dövlət Universitetinin Akt zalında edilirdi. Ağzınacan professor, müəllim və tələbə heyəti ilə dolu bir zalda gənc Vurğun M.Füzulinin “Leyli və Məcnun” əsərində məcnunluq problemini dəyərləndirirdi. Kürsüdən azca yuxarı çıxan boyu ilə məruzəsindəki fikirlər salonu heyrətləndirirdi. Çoxları o gün yeni bir Füzuli və yeni bir Vurğunla rastlaşdı. Hər halda Asif Əfəndiyevin tənqid məktəbinin yetirməsi kimi Vurğunun bu fikirləri bizdə tamamilə yeni bir əhvali-ruhiyyə yaratmış və uzun müddət onun təsirindən çıxa bilməmişdik...

Yetmişlərin sonu səksənlərin əvvəllərinə təsadüf edən müəllimliyimiz də bir rayonda keçib, ikimiz də təyinatla Sabirabad rayonunda əmək fəaliyyətinə başlamışıq; o Qalağayında, mən isə Abdulyan (indi Abdulabad) kəndində. Vurğun burada da boş dayanmır; rayonun ədəbi-mədəni həyatında yaxından iştirak edirdi. Mütaliəsini davam etdirməklə yanaşı, rayon mədəniyyət mərkəzində dram dərnəyinin işində iştirak edir, kiçik tənqidi məqalələr yazır, çıxışlar edir, bir sözlə, potensial imkanlarını bu mikromühitdə reallaşdırmağa çalışırdı. Əslində isə bu mühitə sığmır, özünə yeni, daha geniş fəaliyyət meydanı axtarırdı. Onun bu fəaliyyəti rayonun başçısı Sosialist Əməyi Qəhrəmanı Məmməd Məmmədova da gedib çatmışdı. M.Məmmədov Tovuzdan idi və böyük nüfuzu vardı; olsun ki, yerli olmalarına görə Vurğun Əyyuba Kommunist partiyasına keçmək təklif olunmuşdu. Yəqin ki, təklif ondan gəlmişdi. O zaman müəllimin partiyaya belə asanlıqla keçməsi mümkünsüzdü. Lakin ən maraqlı cəhət Vurğun Əyyubun etiraz şəklində partiyaya keçməkdən imtina etməsi və onun gələcəyi ilə bağlı pessimist fikirlər səsləndirməsi olmuşdu. Halbuki məktəb müəllimləri, ziyalılar illərlə bu partiyaya keçmək üçün vaxt və fürsət gözləyirdi. Onun bu hərəkəti rayonda iş yoldaşları və dostları arasında, hətta ailədə böyük təəccüblə qarşılanmışdı. Atası bunun səbəbini soruşduqda, “əgər Kommunist partiyası yaxşıdırsa, sən özün orda niyə yoxsan?” cavabını vermiş və bununla da müzakirə bitmişdi.

Aspirantura illəri, Axundov adına kitabxana Vurğunun qarşısında yeni üfüqlər açdı, fəaliyyət dairəsi və sferası genişləndi. Onun həyat, mövcud cəmiyyətlə bağlı fikirləri getdikcə öz dairəsini genişləndirdi. Cəmiyyətdəki nüfuzu, ictimai proseslərə marağı və milli etnogenezislə bağlı fikirləri onu “Çənlibel” dərnəyini yaratmasına gətirib çıxardı. Azərbaycanda milli hərəkatın formalaşmasında böyük rolu olan bu dərnəyin yaradılması və proqramının müəyyən edilməsi onun adı ilə bağlıdır. İclaslara sədrlik etmək, mövzuları müəyyənləşdirmək, ona yön və istiqamət vermək Vurğunun üzərinə düşürdü. Özünün sonrakı taleyini də “Çənlibel”dən başlanan yol müəyyən etdi.  80-ci illərin ortalarında “Azərnəşr”in toplantı salonunda keçirilən bir iclasında Sabir Mustafanın o günün reallığında fantastik görünən, bu günün həqiqətini səsləndirdiyi bir fikrinə görə sovet sisteminin qorxu xofundan zalın yarısı gözlərim qarşısında boşalmışdı. İclasa sədrlik edən Vurğun isə bunlardan qorxmur, siyasi, ədəbi-mədəni maarifçilik işini görürdü. Hərçənd, dövrün reallığında bunu etmək çox çətin idi. İctimai-siyasi proseslər onu yavaş-yavaş özünə daha çox cəlb edirdi. Bununla belə, ədəbiyyatşünaslığa aid yazdığı məqalələri problemin qoyuluşu və sanbalı ilə seçilirdi. Nə qədər çətin olsa da, dissertasiya mövzusunu vaxtında tamamladı və uğurla nüdafiə etdi. “Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaşlıq lirikası (1905-1920-ci illər)” mövzusunda yazdığı dissertasiya işi elmi mühitdə böyük səs-küy yaratmışdı. Bu tədqiqat işi romantizmə yeni baxış idi. Tədqiqatçı Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində yazıçının mövqeyini, romantizmin vətəndaşlıq məzmunu və keyfiyyətini meydana çıxarırdı. V.Əyyubun bu mərhələdə yazdığı “Vurğunun romantikası”, “Satirikin romantikası” və s. elmi məqalələri də problemin qoyuluşu və həlli baxımından peşəkar bir ədəbiyyatşünas və tənqidçinin ədəbi prosesə, elmə gəldiyini ifadə edirdi.  O zaman  görkəmli alimlər də gənc Vurğunun elmə böyük iddialarla gəldiyinə dair fikirlər səsləndirmişdilər. Lakin elə bu zaman biz Vurğun Əyyubu 80-ci illərin ortalarında başlayan milli hərəkatın mərkəzində görürük. Özünün milli mövqeyi, obyektivliyi, gerçəkçi düşüncəsi ilə hərəkat, düşünürəm ki, Vurğunun simasında qazanmışdı. Vurğun Əyyub hərəkat içində elmi dərəcəsi olan tək-tük ziyalılardan idi...

Fikrimcə, hər bir insanın həyatı və fəaliyyətində bir zirvə anı olur; Vurğunun bu zirvə nöqtəsi yeni yaranan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bir il rəhbərlik etməsi oldu. Aydın məsələdir ki, bu qurumun yaradılması və fəaliyyəti müstəqil Azərbaycanın ən böyük uğurlarından biridir. Qələbənin müəllifi çox olar deyiblər. Keçən müddət ərzində çoxları bu qurumun yaradılmasını şəxsi uğuru kimi qiymətləndirib. Ali məktəbdə rüşvəti aradan götürməyə və ədalətli qəbul prinsipinə dayanan bu qurumun sağlam özüllə yaradılması əsas şərtlərdən idi. Sovetlərdən yenicə ayrılmış Azərbaycan reallığında bunu etmək mümkünsüz görünsə də, Vurğun Əyyubun prinsipiallığı, saflığı və təmizliyi bu qurumun əsasını, sağlam şəkildə qoyulmasına imkan verdi. Bu, böyük bir inqilab idi; illərlə qəbula qalan müəllimlərin (böyük bir qüvvənin!) qarşısında duruş gətirmək, onların cəmiyyətdəki nüfuzuna qarşı getmək demək idi. Nə yazıq ki, gələcəyi görməyən, ancaq özünü düşünən, onun bu işindən narazı qalanlar, ardınca danışanlar, “çörəyimizi kəsdi”, - deyib lənətləyənlər də oldu. Əslində isə o, Azərbaycan müəlliminin təmiz adını özünə qaytarmış, sovet sistemində dərin kök salmış rüşvət mexanizminin kökünü birdəfəlik kəsmişdi. Hətta uzun müddət cəmiyyətdəki bəzi qüvvələr bu qurumun varlığı ilə barışa bilmir, C.Məmmədquluzadə qəhrəmanlarının “bəlkə də qaytardılar” prinsipi ilə keçmişin qaytarılacağına ümid edirdilər. Burada iki məsələni deməmək olmaz. Birincisi, Vurğun Əyyub bu vəzifədən çıxdıqdan sonra həmişə bir təhsil eksperti kimi Tələbə Qəbulu Dövlət Komissiyasını birmənalı şəkildə müdafiə edib. Bəzən tənqidçilərin haqlı olduğu məqamlarda da qurumu müdafiə etməkdə əsas məqsədi sistemin qorunması və saxlanması olub. Doğrudan da, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müstəqillik dövrümüzün ən təmiz və uzunmüddətli qurumu olaraq cəmiyyət tərəfindən həmişə dəstəklənib. Vurğun Əyyubun da cəmiyyətdəki nüfuzu ən çox buradan qaynaqlanır. İkincisi, bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dosenti olaraq gedən və vəzifədə olarkən də burada dərs deyən Vurğun Əyyubun vəzifədən çıxdıqdan sonra  işsiz qalmasıdır. Bu doğma kollektivin  ona qarşı əsası olmayan incikliyinin təzahürü idi. Vurğun Əyyub buranı bitirmiş, aspiranturada oxumuş, buranın müəllimi idi, ona görə də doğma kollektiv ona sahib çıxmalı idi...

Bundan sonra Vurğun Əyyubun həyatında yeni mərhələ başlayır; hərçənd onun yenidən elmə gəlməsi üçün yaxşı şərait yaranmışdı. Mahiyyət etibarilə onun ziyalılığı, siyasi iddiasının olmaması, elmə, ədəbiyyata vurğunluğu da buna imkan verirdi. Ancaq mənim israrlarıma rəğmən Vurğun Əyyub siyasi prosesləri üstün tutdu. Doğrusu, onu siyasi həyatda da yenə öz ampluasında gördüm; təmiz, saf, obyektiv, gerçəkçi, prinsipial. Cəmiyyətdə gedən partiyalaşma institutunun yaradılmasında onun da böyük əməyi oldu. Bu proseslərə savadı, intellekti, prinsipiallığı ilə böyük bir ömür həsr etdi. Gecə-gündüz çalışdı. Lakin mənə elə gəlir ki, Vurğun Əyyub buradan istədiyini əldə edə bilmədi. Onun təmizlik, saflıq anlayışı burada özünü doğrultmadı. Mənsub olduğu partiyanın üzvlüyündən çıxarılması isə siyasətin ona amansızcasına bir istehzası idi...

Yaxşı ki, Vurğun Əyyub paralel olaraq elmi fəaliyyətini də davam etdirdi; 90-cı illərin sonlarından başlayaraq ədəbi prosesə və ayrı-ayrı şair və yazıçılara aid məqalələr yazdı. Hüseyn Cavid, Məmməd Araz, Vaqif Səmədoğlu, Kamal Abdulla və gənclərin yaradıcılığı haqqında yazdığı məqalələrdə ədəbi prosesdəki bir çox məqamlara aydınlıq gətirdi, bütün səhvlərinə rəğmən gəncləri müdafiə etdi. Tanınmış ekspert kimi həmişə təhsildə təmizliyin və obyektivliyin keşiyində durdu, məqalələri, müsahibələri ilə bugünkü və gələcək təhsilin konturlarını müəyyənləşdirməyə çalışdı.

İşsizlik və siyasi həyatın dönüklüyü Vurğun Əyyubu Türkiyənin Qars Qafqaz Universitetinə aparıb çıxardı və burada iki il çalışdı, azərbaycançı öyrəncilər yetişdirdi. Bu gün o tələbələr hər yerdə Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ edir, yaşadır. Bu iki ilin bir ilini biz bir yerdə çalışdıq. Deyim ki, Vurğun Əyyub bu işindən böyük bir zövq alırdı, öyrənciləri onu, o da öyrəncilərini çox sevirdi. Universitetin professor və müəllim heyəti arasında böyük bir nüfuzu vardı.  Az bir zaman içərisində Azərbaycan dili və ədəbiyyatı bölümü universitetin ən böyük bölümü oldu, bölüm öyrəncisi universitet birincisi oldu, bölümə magistratura pilləsi verildi. Orada gördüyü iş, keçirdiyi tədbirlər Azərbaycanı tanıtmaq adına bir konsulun gördüyü iş həcmində idi. Orada qalıb işləyə də bilərdi, ancaq o bütün varlığı ilə vətəninə bağlı idi, onun elmində, təhsilində, ictimai həyatında yaxından iştirak etmək istəyi onu yenidən vətənə gətirdi.

Müəyyən fasilədən sonra iyirmi ilə yaxındır ki, Vurğun Əyyubun ədəbi prosesdəki çalışmaları davam edir, yüzdən çox məqaləsi və bir monoqrafiyası dərc edilib. Hələ nə qədər çap olunmamış tədqiqatları da öz nəşrini gözləyir. Müstəqil aparılan bu tədqiqatlarda Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının müxtəlif problemləri və şəxsiyyətləri araşdırılır. Lakin iki problem üzrə araşdırmaları ədəbiyyatşünaslığımızda yeni bir istiqamətin əsasını qoyub. Vurğun Əyyubun Azərbaycan şeiri (H.Cavid, A.Səhhət, C.Cabbarlı və b.) və hekayələri (N.Əbdülrəhmanlı, A.Şərif və b.) üzərində apardığı nəzəri təhlillər milli ədəbiyyatşünaslığımızda yeni təhlil metodologiyasından xəbər verir. Ədəbiyyatşünasın ayrı-ayrı şeir və hekayələri mövzu, problematika, ideya, süjet xətləri və sənətkarlıq baxımından təhlilləri yeni olmaqla yanaşı, peşəkar yanaşmanı əks etdirir.

Mən burada Vurğun Əyyubun  tərcümeyi-halının bəzi məqamları üzərində dayana bildim. Cəmiyyətimiz üçün aydın portretinə inanmıram ki, yeni ştrixlər əlavə etdim. Çünki cəmiyyət onun portretini yaxşı tanıyır. Bu obraz heç vaxt onların yaddaşından silinməyəcək. Apardığı dövlət işinə kölgə sala bilər deyə bacısını qəbul imtahanı vermək üçün sənəd verməyə qoymayan (hərçənd, Vurğun o zaman bacısına haqsızlıq etmişdir) Vurğun Əyyub böyük bir vətəndaşlıq missiyası həyata keçirib, təhsil sistemində öz imzasını qoyub. İdeyaları və idealları uğrunda nəfsinə, özünə qalib gəlmək və özünü yenmək hər adama nəsib olmur. Məncə, Vətəndaşlıq da elə burdan başlayır... /525.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.